Dağlara tamarzı şair

Dağlara tamarzı şair

Kökü min illərin o üzündə dayanan, qan yaddaşımıza söykənən, şerləri sanki İlahi verginin pıçıldadıqlarını poeziyaya çevirən ulu bir insanın sinəsindən süzülüb gəlir. Əvəz Lələdağın mayası sazla, sözlə, nağıl, bayatı ilə yoğrulub. O, hər üç ədəbi növdə qələmini sınamışdır, ancaq Əvəz əllim ilk növbədə lirik şairdir. Şeirlərinin əksəriyyəti heca vəznində, qoşma, təcnis, gəraylı, bayatı janrlarında yazılmışdır. Ona görə də bu şeirlər aydın, axıcı, ahəngdardır və xalq ruhuna, xalq dilinə yaxın bir ruhdadır. Şair cinas qafiyələrdən ustalıqla istifadə etmişdir.

Gücüm haqdan ola yara yağını
Yedirəm gözümün yara, yağını
Qoya sinəm üstə yar ayağını
Qurtara canımı ay ala-ala.

        Şairin şeirlərinin mövzusu müxtəlifdir. Vətən həsrəti, yurd yanğısı, torpaq harayı bu şeirlərin əsas mövzüsü-mayası hesab oluna bilər. Tarix boyu yurdumuzun başı çox bəlalar çəkib. Şairin şeirləri Qılıncyalın, Əriməzin, Zəngəzurun keçmişini danışır, bugünkü faciəsini açıb göstərir. Şairin «Tale məni buludlara qoşaydı» arzusu oxucunu da ağuşuna alır, Ağbabanı, Göyçəni, Dərələyəzi gəzdirir. Oxucunu şairin, bütünlükdə isə xalqımızın dərdinə şərik olmağa səsləyir:

Hanı ata yurdda odum, ocağım,
Görən kim dərdimi varaqlar mənim?!
       
«Kasıbları sağıb, varlılara sığal çəkən dünya»nın əzablı yollarında xeyirlə şərin, mərdlə namərdin, qananla qanmazın mübarizəsi min illərdir ki davam edir. Digər sənətkarlarımız kimi Əvəz əllim də bu mövzudan uzaq dura bilməmişdir. Şair özünəməxsus ifadələrlə, deyimlərlə tariximizi, milli-mənəvi dəyərlərimizi açıb göstərir. Biz gəncləri bu dəyərlərdən uzaqlaşmamağa, onları yaşatmağa çağırır:

Xeyir qatdıyammır şərin qəddini,
Biclik, dələduzluq aşıb həddini,
Ağsaqqallar kimə desin dərdini?
Nəsihət eyləyir, lağa qoyurlar.
       
        Şair şeirlərində, poema və pyeslərində bədii sözün gücündən istifadə edərək bu günümüzün, dünənimizin ağır dərdlərini, xalqımızın mənəvi dəyərlərini, Xocalı faciəsini, işğalçı erməni quldurlarının törətdikləri vəhşilikləri qələmə almışdır. «Xocalı harayı», «Yurd yanğısı» poemaları, «Qorxaq», «Tələ», «Dağlarda tufan» «Batmanla gələn dərd» pyesləri məhz bu mövzuya həsr olunmuşdur.
       
Şairin şeirlərinin bir hissəsi də təbiət mövzusundadır. Doğulub boya-başa çatdığı torpağın əsrarəngiz təbiəti onu öz ağuşuna alıb, sehrli tilsimləri ilə tilsimləyib. Şair bu bağlantıdan heç vaxt və heç cürə ayrıla bilmir. Təbiət sevgisi şairin qəlbində hələ uşaqlıq illərindən baş qaldıran ilk sevgilərdən biridir. Şairin ilk şeirlərindən olan «Kəklik» şeiri də təbiət mövzusundadır:

Ürkək-ürkək mənə baxır
Nə səkirsən yana, kəklik?
Təbiətin özü yaxıb
Ayağına xına, kəklik

        Şairin şeirlərindəki təbiət təsvirləri erməni işğalına məruz qalmış Qərbi Azərbaycanın, xüsusilə doğulub boya-başa çatdığı Zəngəzur mahalının sözlə çəkilən, ancaq olduqca canlı olan bədii lövhəsidir. Bu regionun təbiət-dağları, çayları, yaylaqları, çəmənləri şairin şeirlərində bədii lövhələrdə öz əksini tapmışdır. Təbiətin gözəlliyindən süzülüb gələn saflıq, məna dərinliyi şairin qəlbindən onun minlərlə oxucusunun qəlbinə köçmüşdür. Bu şeirlərdə hiss olunur ki, şair Dədə Ələsgərdən, Dirili Qurbanidən, Vaqifdən və başqa sələflərindən güc almış, onların seçdiyi ədəbi yolla addımlamış, həmin şairlərin istifadə etdikləri klassik obrazlara-dağa, yaylağa, bənövşəyə, durnaya və s. müraciət etmişdir. Bu yolla şair həm poeziya aləmini zənginləşdirmişdir, həm də itirilmiş torpaqlarımızın təbiətinin gözəlliyini yaddaşlarımızda əbədiləşdirmişdir. Şairin şeirlərində doğma yurdun başı qarlı dağları, güllü-çiçəkli yaylaqları, bulaqları, laləli-nərgizli yamacları, quşları, otlaqları, heyvanları yüksək bədiiliklə canlandırılır. Bu şeirlərdə təbiət insanın ilk məskəni-anası və beşiyi kimi mənalandırılır. Şair dağ, dərə, gül, çiçək, ot və s. təbiət predmetlərini bilavasitə insanla vəhdətdə poetikləşdirir. Eyni zamanda, şairin təbiət mövzusunda yazılmış şeirlərində bir vətən nisgili, yurd həsrəti var. Şair təbiətdən danışanda da mütləq vətən nisgili, yurd həsrətini xatırlayır; ondan ayrıla bilmir. Çeşmə saflığını, bulaq qaynarlığını, çiçək zərifliyini yurd həsrəti ilə əlaqələndirməklə təbiət mənzərələrinin füsünkarlığını daha da artırır. İtirilmiş torpaqlarımızın təbiətinin gözəlliyini bütün cazibədarlığı ilə duymağa və xəyalımızda yaşatmağa imkan verir:

İşıqlıdağ, qurban olum daşına
Qayalıqda bircə salın olaydım
Şux gözəllər dolananda başına
Gül-çiçəkli yastı yalın olaydım.

        Doğulduğu, lakin taleyin oyunu ilə ayrı düşdüyü yurd yerinin hər gülünü, çiçəyini daşını, bulağını, yaylağını böyük bir məhəbbətlə tərənnüm edən şairin təbiət mövzusunda yazdığı şeirlərin içində dağ obrazı ayrıca yer tutur. Bunun, yəqin ki, bir səbəbi var: Şair dünyaya dağlar qoynunda göz açıb, ömrünün bahar fəslini dağlarla əhatə olunmuş bir yerdə keçirib. Şair yayda dağların gülünü, çiçəyini dərib, soyuq bulaqlarından içib, qışda zirvəsinə baxıb təmizlik və əzəmət görüb. Bu təmizlik və əzəmət şairin qəlbinə ordan da şeirlərinə köçmüşdür. Şairin ilk məhəbbəti, ilk eşqi də bu dağlarda olmuşdur:
               
Başı qarlı uca dağlar,
Dağlar, sizdə nəyim qaldı?!
İlk eşqimin yadigarı,
Yan tütəyim, neyim qaldı

Şairin şeirlərində təsvir olunan dağlar həm süsən-sünbül, lalə-nərgiz, gözəllik timsalı, həm də əzəmət, vüqar timsalıdır. Dağlara həsr olunan şeirlərin bir çoxunda güclü bir nisgil, təəssüf, qubar əhval-ruhiyyəsi var. Dağlar yada düşəndə şairin ürəyi qubarlanır, qoynunda keçirdiyi çal-çağırlı günləri, sazlı-sözlü elləri, toy-düyünlü dəmləri yadına düşür. Onu incidən, qəlbini ağrıdan əsas məsələ igidlər, ərənlər məskəni olan dağların indi düşmənə qismət olmasıdır. İndi dağların qoynunda ağır məclislər qurulmur, gözəlləri nazlanmır, bulaması buğlanmır, el yaylaqlara çəkilmir. Ancaq «Mən dağları hər üzünə görmüşəm» de yən şairin qəlbində o dağlara qayıdacağına böyük inam, ümid var:

Vaxt olar ki, bağlı yolu açılır,
Qırışığı, əli, qolu açılar
Əvəzin də şirin dili açılar
Gedər görüşünə ulu dağların!

        Biz də şairə onun minlərlə oxucusunun adından uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Qoy qadir Allah şairə ulu dağlarla görüşməyi, onu vəsf eləməyi bir də qismət eləsin! Amin!

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal