Neyləyim


Neyləyim

Dağlar məndən üz döndərib inciyib,
İncisə gedəmmirəm, neyləyim.
Dərdə dərman buz göndərib, neyləyim
İncisə gedəmmirəm, neyləyim.

Yadlar məndən torpaq adlı ov umdu,
Şair könlüm dözə-dözə ovundu.
Ceyran, cüyür oylağından qovuldu,
İncisə gedəmmirəm, neyləyim.

Əlim çatmır yalmanlıyam Ağyolu,
Viran qaldı bağça yolu, bağ yolu,
Qəribsəyən dağ cığırı, dağ yolu,
İncisə gedəmmirəm, neyləyim.

Bu gərdişdə namərd tutub mərd yeri,
Peyda olur gündə neçə dərd yeri.
Yetim qalan ocaq daşı, yurd yeri,
İncisə gedəmmirəm, neyləyim.


Ürəyində kin yaşadan başçılar,
Arxamızda dayanmayıb qaçdılar.
Əllərimlə sığallanan daş-divar,
İncisə gedəmmirəm, neyləyim.

Öz odumla özüm yandım içimdə,
Kədər olmaz bu ölçüdə, biçimdə,
Gədiklərdə azıb qalan köçüm ,
İncisə gedəmmirəm, neyləyim.

Mənim sazım qəm üstündə köhlənib,
Yaralarım qaysaqlanıb köhlənib.
Ələsgərin arzuları təklənib,
İncisə gedəmmirəm, neyləyim.

Ulu dağlar sağalmaz dağ görübdü,
Hansı cəllad bu fərmanı veribdi.
Məzar daşı öz elində qəribdi,
İncisə gedəmmirəm, neyləyim.

Gecə yuxum o yerlərə yollanır,
Arzubulaq dodağımda ballanır.
Gözgörəti oba yanır, el yanır,
İncisə gedəmmirəm, neyləyim.

Qanlı canın hər yerində izim var,
Üçtəpənin laləsində  közüm var.
Hacalıya deyiləsi sözüm var,
İncisə gedəmmirəm, neyləyim.

Ürəyimdə oyalanır bir arzu,
Köhnə arxla gəlib bir axar su.
Mən dağlara, dağlar mənə tamarzı,
İncisə gedəmmirəm, neyləyim.

Yazıq Əvəz, əlin eldən üzüldü,
Bu ayrılıq elə bil ki, yüz ildi.
İşıqlının qol-qanadı əzildi,
İncisə gedəmmirəm, neyləyim.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri