Allah, bu millətin neçə dərdi var


Allah, bu millətin neçə dərdi var

On səkkizin dərdi, doxsanın dərdi,
Qırılıb-qıpılan çox sanın dərdi,
Sərkərdə buraxan nöqsanın dərdi,
Allah, bu millətin neçə dərdi var.

Sağalmaz dərd olub, Qarabağ dərdi
Qoyub gəldiyimiz baxça-bağ dərdi
Ulular uyuyan o torpaq dərdi,
Allah, bu millətin neçə dərdi var.

Gəldi Şuşa dərdi, Kəlbəcər dərdi
Yazıq Xocalının körpəcə dərdi
Görən kim arayar, kim seçər dərdi,
Allah, bu millətin neçə dərdi var.

Bir az çadır dərdi, bir az çöl dərdi,
Bir az oba dərdi, bir az el dərdi
Şimaldan boylanan qara yel dərdi
Allah, bu millətin neçə dərdi var.

Didərginlik dərdi, qaçqınlıq dərdi,
Bizi əldən salıb çaşqınlıq dərdi,
Bir azdan gələcək qanlı qış dərdi,
Allah, bu millətin neçə dərdi var.

Dərdi sağaltmağa dərman gərəkdi,
Dərmanı verməyə loğman gərəkdi
Qayğısız olmağa dövran gərəkdi,
Allah, bu millətin neçə dərdi var.

Qanlıdır günahsız qan tökən əllər,
Olub yer-yurdundan didərgin ellər,
Düşmən gülləsiylə «öldü» heykəllər,
Allah, bu millətin neçə dərdi var.

Yediyim, içdiyim zəhərdi, zəhər,
Gərək üzümüzə gülməyə səhər
Cəllad əlindədi Dədə Ələsgər
Allah, bu millətin neçə dərdi var.

Namus, ləyaqətin alçalmaq dərdi,
Namərdin sevinib əl çalmaq dərdi
Dərd çəkən insanın qocalmaq dərdi,
Allah, bu millətin neçə dərdi var.

Vətən görüşünə gəlmək istərəm
Dərdini, sərini bilmək istərəm,
Qalıb qucağında ölmək istərəm,
Allah, bu millətin neçə dərdi var.

Hər kəsin dağ boyda məncə dərdi var,
Gündüz intizarı, gecə dərdi var
Ağbaba, Zəngəzur, Göyçə dərdi var,
Allah, bu millətin neçə dərdi var.

Niyə qılıncını qoyub qınına?
Mənim ulu babam, Koroğlu babam,
Niyə «dəliləri» yığmır yanına
Dağıldı yurd-yuvam, talandı obam.

Gəlsin şir biləkli Dəmirçioğlu,
Zəncir toqqasını belindən açsın
Torpaq satanları, kənd satanları,
Zatı qırıqları dilindən assın.

Səni çağırıram, ay İsabalı,
Torpaq işğaldadı, ana əsirdi
Özünü tez yetir, ay Dəli Həsən
Sındır tilisimi gör bu sirdi

Hanı Çənlibelin igid ərləri,
Cənginin ənərəsi qulaq batırmır.
Deyin, Geridönməz qayıtsın geri,
Bu dərdin çarəsi niyə tapılmır?

Səni çağırıram, ay Dəli Mehtər
Ağlını çidarla ağılsızların.
Bu qədər dözmüşük bəsdir ta, yetər
Ağzına yüyən vur o qansızların.

Səni çağırıram, ay Halaypozan
Köhnə dəyirmana təzə dən gəlir.
Səni çağırıram, ay Yuxuyozan,
Gedən qara bulud təzədən gəlir.

Aşıq Cunun hanı, telli saz hanı?
Niyə seçəmmirik baharı, qışı?
Yurdumu bəzəyən faraş yaz hanı?
Kim bizə qarğıyıb belə qarğışı.

Kənarda dayanma Tanrıtanımaz,
Sən bu obanın, elin oğlusan
Vətən itirənin Vətəni olmaz
Aranın, yaylağın, çölün oğlusan.

Qıratın cilovun tutub Həmzə,
Canla qorunubdu, Canla bu torpaq
«Üç yüz altmış altı» qəsd etdi bizə
Qanla yoğruldu, qanla bu torpaq.

Harda ilişmisən, ay Toxmaqvuran
Gəl yağı başını əz toxmağınla
İgidlər igidi, ay Tüpdağıdan,
Düşməni qovala öz çombağınla.

İtlə dostluq elə deyib atalar,
Çombağı əlindən yerə qoyma sən,
Sənə halal olmaz ananın südü
Yağı kürəyini yerə qoymasan.

O Giziroğlunun odlu şeşpəri,
Düşmən ürəyinə sancılmır niyə?
Könlüm qan ağlayır illərdən bəri
Qarabağ düyünü açılmır niyə?

Döyünən ürəyim, danışan dilim
Eşqimin sultanı Qarabağdadır.
Laləli çəmənim, çiçəyim, gülüm,
Dərdimin dərmanı Qarabağdadır.

Qarabağ günəşim, ulduzum, ayım
İlkin sevgi payım, məhəbbət payım
Qılıncım, qalxanım, kamanım, yayım
İgidlər meydanı Qarabağdadır.

Qarabağ anamdır, bacımdır mənim
Qarabağ şirinim, acımdır mənim
Qarabağ əlçatmaz tacımdır mənim,
Allahın «Quran»ı Qarabağdadır.

Çəkil Qarabağdan sən ey qəsbkar,
Səndə namus var, qeyrət, ar
Mənimdir düzdünya, gördüyün var,
Musiqimin xanı Qarabağdadır.

Babamın babası yaşayıb burda,
Fərhad qaya çapıb, daş oyub burda.
Çiynidə el yükü daşıyıb burda,
Yurdun mərd insanı Qarabağdadır.

Mənnən Qarabağı dedim çox umma,
Dayanıb kənardan bir bax, umma!
Ona yaxın durma, ona toxunma,
Şair Xurşudbanu Qarabağdadır.

Hər kəsin dağ boyda məncə dərdi var,
Gündüz intizarı, gecə dərdi var
Ağbaba, Zəngəzur, Göyçə dərdi var,
Allah, bu millətin neçə dərdi var.

Əvəz Mahmud Lələdağ


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal