Elə bilirəm


Elə bilirəm

Elə bilirəm ki, bu saat, bu dəm
Dərd yükü boynuma yüklənib yenə.
İlahi, gör necə qarışıb aləm,
Mənim arzularım təklənib yenə.

Ürəyim atlanır Vətənə sarı,
Yollar ayazımır dumandan, çəndən.
Azalmır içimin azar, bezarı,
Allahım, nə qədər dözməliyəm mən.

Mən də intizaram, yurd da intizar,
Yaylaqlar həsrətlə yolumu gözlər.
Məndə  lövbər salıb, köçmür ahı-zar,
Qəmdən azad olmur bu nəmli gözlər.

Kimsəsiz qalıbdı sərin gözələr,
Gözləri yol çəkir Surcaqdaşın da.
Nə vaxt nazlanacaq nazlı gözəllər,
 «Çəənbə günündə, çeşmə başında».

Yolum düşəcəkmi buz bulaqlara,
Haçan düzələcək dünyanın işi.
Nəvəm görmədiyi bizim dağlara ,
Nə vaxt boylanacaq bahar günəşi.

Bilmirəm göydəyəm, yoxsa yerdəyəm,
Varımdan, yoxumdan əlim çıxıbdı.
Anasız böyüyən məsum körpəyəm,
Azımdan, çoxumdan əlim çıxıbdı.

Komamın çardağın yadlar yıxıbdı,
Gedişsiz, gəlişsiz qalıb yolağa.
Gülşənin sehrinə qarğa çıxıbdı
Bülbül inciyibdi, üz tutmur bağa.

Özümdə cəsarət tapa bilmirəm,
Qeyrətdən, qüdrətdən uzağam, Allah.
Gedib ismətimə çata bilmirəm,
Niyə ağürəyəm, qorxağam, Allah!

Torpaqdan dikələn sərv ağacı da,
Başını müqəddəs torpağa əyər.
Torpaq qucaqlayar qızıl tacı da,
Bəndə umacağın torpağa deyər.

Mən tikan üstündə oturmuşam ki,
Bir də div yuxusu tutmasın məni.
Hər yerdə səsimi ucaltmışam ki,
Ziyarət eyləyəm doğma Vətəni.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri