İşıqlıdağ


İşıqlıdağ

Sən bu dağa hörmət ilə qədəm bas,
Anaların laylası var bu dağda.
Kəkliklərin nəğməsinə qulaq as,
Gözəlliyin mənası var bu dağda.

Əzəl gündən oğlu, qızı vəfalı,
Yahıl donlu yaylaqları səfalı.
Cincilimli, baldırğanı şəfalı,
Hər bir dərdin davası var bu yerdə.

Qənşərə çıx qılınc kimi yala bax,
Gədikləri qucaqlayan yola bax.
Qoyun-quzu halqalayan gölə bax,
Yantutəyin sədası var bu dağda.
 
Bulaqları gözəllərin gözəli,
Dərələri igidlərin diz yeri.
Qayaları Koroğlunun şeşpəri,
Qartalların yuvası var bu yerdə.

Duman gələr, çən sürünər qaşına,
Şahin uçar, laçın qonar daşına.
Əvəz çıxıb Ağbulağın başına,
Onun şirin butası var bu dağda.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri