Ayrı düşmüsən


Ayrı düşmüsən

                     Aslan Bayramovun 60 illiyi
                münasibəti ilə

60 ilin on səkkizin vətəndən,
Doğma yurddan, eldən ayrı düşmüsən.
Çəmən-çəmən bəslədiyin çiçəkdən,
Ətir saçan güldən ayrı düşmüsən.

60 yaşın səs-sorağı çatıbdı,
Ömrün-günün bu növrağı çatıbdı.
Qocalığın cavan çağı çatıbdı,
Xoşməramlı ildən ayrı düşmə, sən.

Gərdiş səni ələyində ələdi,
Bu düşdüyün kim qurduğu tələdi?
«Qoşabulaq» gendən durub əl edir,
O çeşmədən, göldən ayrı düşmüsən.

Yuxularda seyr edirsən kəndini,
Bizə dəyən bu daş görən indimi?
Yadlar tutub tutulmayan bəndimi,
Bəndlər yaran seldən ayrı düşmüsən.

Təpəköyün baldırğanı, yarpızı,
Sığalladın bənövşəni, nərgizi,
Çalmalıqda ovsunladın bir qızı,
Şəvə kimi teldən ayrı düşmüsən.

Xəyal bizi ənginlikdə gəzdirir,
Vətən dərdi səni, məni bezdirir.
Nəmərd gəlib haqq yolunu azdırır,
Haqqa gedən yoldan ayrı düşmüsən.

«Yersiz gəldi»-yerli tərpən arana,
Tufan  qonub, zirvədəki qara nə?
Aynabəndli evlər qaldı viranə,
Ocaqdakı küldən ayrı düşmüsən.

Qismət ola el yenidən yüklənə,
Yağı düşmən qıvraqlana, təklənə.
Mənim sazım «Sarı tel»də köklənə
Sazdan, sözdən, dildən ayrı düşmüsən.

Məclis qura, dastan deyə İsgəndər,
Qəlbimizi incitməyə qəm-kədər.
Yadlar ola yurdumuzdan dərbədər,
Yaşıl donlu çöldən ayrı düşmüsən.

Dərdə dərd calandı Qarabağ dərdi,
Qardaş bu dərd bütün dərddən betərdi.
Mənfur qonşu gərək ölüb-itərdi,
Neçə ildir ləldən ayrı düşmüsən. 

Vətən, torpaq, oba necə şirindi,
Yağlı tikə tülkünün yox, şirindi.
Qalxa yerdən şir biləkli Şir indi,
Sağda durub soldan ayrı düşmüsən.

Mənim əhdim çin-çin ola çinlənə,
Boz sürülər yalyuxarı yellənə.
Yantütək də həzin-həzin dillənə,
Dağdan əsən yeldən ayrı düşmüsən.

Əmək dostun olub, zəhmət sirdaşın,
Tədqiqatın əvəzsizdir, qardaşım.
Qoşundaşın, Göbəkdaşın, Kardaşın
Üstə bitən koldan ayrı düşmüsən.

Köhnə yaram necə vardı elədi,
Zalım fələk gülşənimi kələdi.
Neyləməli hökmü zaman belədi,
Əvəz kimi quldan ayrı düşmüsən.


                                    Əvəz Mahmud Lələdağ

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal