Pənah Allaha
Pənah Allaha
Əzizim, gəl daşı tök ətəyindən,
Sən körpə deyilsən, uşaq deyilsən.
Dərdini çəkməkdən üzülmüşəm mən,
Könlümə yaxınsan, uzaq deyilsən.
Mənim ki, gümanım sənə qalıbdı,
Dözdün əzabıma, əziyyətimə.
Gözlərim nurunu səndən alıbdı,
Niyə inanmırsan xoş niyyətimə.
Nazlanmaq hər yerdə yerinə düşmür,
Məhəbbət quluyam, nökərəm sənə.
Üzmək bacarmayan dərinə düşmür.
Sən niyə işgəncə verirsən mənə.
Sevgi olan yerdə məni danlama,
Eşqin çırağını söndürmə, gülüm.
Dumanı danlama, çəni danlama,
Arzumu göylərdən endirmə, gülüm.
Dərdli ürəyimi yaxma odlara,
Acı loxmamı da şirin kimi dad.
Gülüm, gəl eyləmə günümü qara,
Onsuzda bezdirib məni bu həyat..
Eşqin atəşində çırpınır ürək,
Məhəbbət oduyla nə qədər yanım.
Gözümün qurdunu öldürdü fələk,
İndi damarımda coşmayır qanım.
Sinəm körükdürsə, ürəyim kürə,
Bağrımı elə yar, ağrımasın can.
Tale verən ömrü vermə hədərə,
Sən mənim gözümdə daim cavansan.
Nəimə gərəkdir sənsiz bu canım,
Həsrətin əlində qalıbdı yaxam.
Sənin tək gözələ halaldır canım,
Allah göz veribdi gözələ baxam.
Sevgi olan yerdə nədir ibadət,
Vüsal aman verməz həddimi aşım.
Könül sındırmağı etməyim adət,
Söylə, öz bəxtimlə necə dalaşım?
Sanma ki, gücsüzəm, zəifəm daha,
Meylimi salmışam saza, neyləyim.
Hələ ümidliyəm, pənah allaha,
Hələlik qailəm aza, neyləyim.
2009
Комментарии
Отправить комментарий