Aşıq Ələsgər 190




Ələsgər poeziyasının qüdrəti

Zəndin itiymiş ay Dədə sənin,
Göyçə başdan başa sən deyən oldu.
Düz sözün hədəfə dəyəndə sənin,
Səndən küsən oldu, inciyən oldu.

Alındıq araya üzük qaşı tək,
Nadanlar ulaşdı çöl bayquşu tək.
Atıldıq ay Dədə, sapand daşı tək,
Bizə dar ayaqda el həyan oldu.

Hər daşı əlimdə isinən divar,
Qaldı həyət-bacam, qaldı intizar.
Quldurlar talayıb apardı var,
dindirən oldu, deyən oldu.

El qovuldu, məzar qaldı səhrada,
Göy ağladı yerdə qopan fəryada.
Dolu qablar qismət oldu xoryada,
Əvəz, sənə qalan boş ləyən oldu.

Gərdişin ictimai-siyasi hadisələrini dərindən dərk edən, tərəqqinin, tənəzzümün kamançasını zamanın ruhuna uyğun həm bəmdə, həm zildə çalan, yazdıqlarını pozan, pozduqlarını yenidən nizama salmağa can atan, fani dünyanın gəlişini-gedişini şair həssaslığı ilə duyan ustad sənətkar dağların dağ boyda dağını, dərdi-qəmini lap çoxdan duyub hiss etmişdi. Kimsəsiz qalan yaylaqlar, axşam-sabah qız-gəlin qəhqəhəsi ilə xumarlanan buz bulaqlar, yollara boylanan yurd yerləri gərdişin günahları deyilmi?

Hanı mən gördüyüm qurğu-büsatlar,
Dərdiməndlər görsə tez bağrı çatlar.
Mələşmir sürülər, kişnəmir atlar.
Niyə pərişandı halların, dağlar.


Qısa arayış.
Ustad aşıq Göyçə mahalında Ağkilsə kəndində 1821-ci ildə mart ayının 22- Novruz bayramı günü dünyaya göz açmışdır. Aşıq Ələsgərin atası Alməmməd kişi mahalda sayılıb seçilən, sözü keçən, küsülüləri barışdıran, düşmənçiliyi dostluğa çevirən el ağsaqqallarından biriymiş. Alməmməd kişi 4 oğul:-Ələsgər, Salah, Xəlil Məhəmməd 2 qız:- Fatma Gülxanımın - atasıymış. Onun əsas məşğulliyyəti əkinçilik imiş. Lakin əlindən dülgərlik gəlirmiş. Səkkiz nəfər külfəti dolandırmaq üçün əkindən-biçindən vaxt tapan kimi qonşu Kəlbəcərə gedərmiş, oradan ağac gətirib taxta, oxlov, kürək, şana, vəl, samı, boyunduruq düzəldib satmaqla ailənin dolanışığını, güzaranını babatlaşdırarmış. Sonralar Alməmməd kişi camaatın dəyirman sarıdan çətinlik çəkdiyini görüb bir dəyirman tikmiş həm camaatın, həm öz külfətinin dolanışığını yaxşılaşdıra bilmişdir, Araba düzəldib  camaatın dadına çatmışdır. Ələsgər ailənin ilk övladı idi. Onun fərasəti, əməksevərliyi, hər sahəyə diqqət yetirməsi atasının diqqətindən yayınmırdı. Ailəsinin yükünü yüngülləşdirmək üçün atası onu Ağkilsə kəndində yaşayan Kərbalayı Qurban adlı bir varlı adama nökər verir. O vaxt Ələsgərin 14 yaşı vardı.
Ələsgərin üzüyola, qayğıkeş, qənaətcil olduğunu görən Kərbəlayı onunla son dərəjə xoş rəftar edir. Yerigəlmişkən deyilənlərə görə Kərbəlayı Qurbanın gözünün ağı-qarası Səhnəbanı adlı bir qız övladı varmış. O qızını Ələsgərə vermək fikrinə düşür, lakin Kərbəlayının qardaşı Səhnəbanını zorla öz oğlu Mustafaya alır. Ələsgərin bu sahədə bəxti gətirmir. Onun necə deyərlər ilk oxu daşa dəyir. Bundan  sonra gənc aşıq öz uğursuz eşqinə qoşmalar yazır uzun müddət bəlkə ömrünün sonuna qədər ilk məhəbbətin ağrı-acısını duya-duya öz nakəm sevgisinə yas saxlamışdır.
  Çox güman ki, bu həsrətin oduyla yana-yana 40 yaşına qədər evlənməkdən vaz keçmişdir. 40 yaşında Kəlbəjərin Yanşaq kəndindən Nəbi adlı  bir kəndlinin Anaxanım adlı qızı ilə ailə qurmuş, oğul-qız sahibi olmuşdur.
Ustad aşığın yaradıcılığının əsas mayasını qoşma təşkil edir. Hazırda əlimizdə olan 200-dən çox şeirin əksəriyyəti qoşmalardır. Ustad aşığın yazdığı qoşmaların çoxu məhəbbət lirikasıdır. Onun lirik qoşmalarında ürək döyüntüləri, hisslər, həyəcanlar ifadə olunur. Deməliyəm ki, məhəbbət lirikası Dədə Ələsgərin yaradıcılığının şah xəttinin qüvvətli qolunu təşkil edir. O, gözəl qızı, ləyaqətli gəlini müqəddəs sayır, onu ziyarətgah hesab edir.

Güləbatın qıyı tər sinən üstə,
gözəl yaraşır, qız, köynəyinə.
Sinən Kəbə, köynək Kəbə örtüyü,
İzin versən, sürtəm üz köynəyinə.

«Gözəllik ondur, doqquzu dondur» xalq deyimi Ələsgər qələmindən necə gözəl süzülür.
çit dizlik geyib köbəsi ala,
Gör necə çinləyib qabağa, dala.
Əndamın quyruqdu, asta çalxala,
Aldı, məndə dini iman qoymadı.

Gözəllik vurğunu olan aşıq əsil azərbaycanlı kişisinə xas olan keyfiyyətləri özündə yaşadır. Namus, qeyrət, ar ustadın qəlbində, canında, qanında yaşayan ülvi hisslərdir. Gəlin onun «Düşdü» rədifli qoşmasına diqqət yetirək.
Elin gözəl qız-gəlini bulaq üstə, çeşmə başına yığışar, zümzümə ilə axan suları qəhqəhələri ilə xumarlandırardılar.
Aşıq Ələsgərin çeşmə başında bir gözələ gözü düşür.

Çərşənbə günündə, çeşmə başında,
Gözüm bir ala göz xanıma düşdü.

Ələsgərin göz-qaş ilə işarə eyləməsindən gözəlin başını bulayıb gözündən gülməsi onun etirasını bir az da coşdurur. Lakin «nişanlıyam, özgə malıyam» ifadəsini eşidəndə təəssüflənir, özgə malına kəm baxmağın bağışlanmaz olduğunu duyur   «sındı qol-qanadım yanıma düşdü» deyir.
Aşıq insanların canını alan Əzrayıla da «haqq» qazandırır, onun günahını belə yuyur:

Ələsgərəm, bir gözələ mehmanam,
Ölməyincə çətin dönəm, usanam.
Əzrayılı qanlı tutmasın anam,
Məni bir kirpiyi peykan öldürür.

Məhəbbət yolunda yorulub usanmayan aşıq ölümünün səbəbkarı «kirpiyin peykanını bilir» məhəbbət yolarının çətin, bəzən uğursuz olduğunu məhəbbət dastanlarından çox oxumuşuq. Belə uğursuz sevgi məcarası Aşıq Ələsgərə  cavan çağlarında urcah olub. O uzun müddət kədərlənmişdi, lakin içində çəkdiklərini biruzə vermək istəməyib bu uğursuzluğun səbəbini müxənnət zamanədə görüb.

Müxənnət zamana, bimürvət fələk,
Şamı sübhə, sübhü şama çəkirsən.
Ləhzədə açırsan min cürə kələk,
Gah pozursan, gah nizama çəkirsən.

Bununla belə Aşıq Ələsgər məhəbbət lirikasının ölməz nümunələrini yaratmışdır. Onun qoşmalarından Aşıq Ələsgərin gözəllik vurğunu olduğu açıq-aşkar hiss olunur. O tərif etdiyi Azərbayjan qızlarının şuxluğunu, incəliyini, gəlinlərimizin ləyaqətini nəcibliyini xüsusi ustalıqla oxujuya çatdıra bilmişdir.

Cilvələnib qarşımda durubsan,
Anam sənə qurban, ay sarı köynək.
Mələksən, çıxmısan cənnət bağından,
Heç kim olmaz sənə tay, sarı köynək.

Azərbaycanlı qızına, onun gözəlliyinə, mərifətinə, oturuşunu-duruşuna dünyada tay tapılmaz.
Ələsgərin ustadlığı ondadır ki, o böyük hadisələri çox yığjam şəkildə oxucuya çatdıra bilir.

Qəza insanatı tənabdan asar,
Leylü nahar-muşdur, cəhd edər kəsər.
Əcdaha ayaqdan çəkər sərasər,
Əlləşər barmağı bala yetişməz.

         Görün, bir bənddə neçə sərrast ifadə edilib bu əhvalat:
Qızmış nərdən xilas olmaq istəyən adam quyunun üstünə əyilmiş budaqdan yapışıb quyuya sallanmağa məcbur olur. Aşağı baxanda görür ki, ayaqlarını dörd ilanın başına qoyub. Quyunun dibinə nəzər salanda görür ki, bir əjdaha ağzını açıb onun düşməyini gözləyir. Yuxarı baxdıqda görür ki, qara sıçanlar ara vermədən yapışdığı budağın kökünü gəmirib yerə tökürlər. Bu çətin vəziyyətdən xilas olmaq yollarını axtararkən, gözü bir arı yuvasına sataşır. O barmağını bala batırır balın şirinliyi onun dəhşətli halını yaddan çıxarır. Dünya malı şirin olar,- deyiblər.
Biz aşığın ustadnamələrini, qıfılbəndlərini dərindən təhlil edəndə dərin fəlsəfi fikirlər burulğanına düşürük. Biz onun ustadnamələrində həyat, sənət, dostluq, igidlik, mərdlik hiss edirik.

Can deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.

         O oxucunu, gənc nəsli mərifətli olmağa çağırır. Məclis-mərəkədə yaxşı oturub-durmağı tələb edir:

Arif məclisində bir söz söylərəm,
həydan, çaşqın, qələt olmaz.
Yaxud

Doğru söylə, sözün çıxmasın qələt.

         Aşığın dili olduqca zəngin, bədii səlistdir. Onun şeirləri demək olar ki, xalq dili ilə yoğrulub. O klassik poeziyamızdan qidalanıb, onun qəlbi çox kövrəkdir.

Könlümün şişəsi saqın ki, sınar,
Toxunarsa ayna daşa dayanmaz.

         Ona görə ustad aşığın qoşmalarını həyacansız oxumaq olmur.
Oxujunu dərhal valeh edir, öz əlinə alır, onu şerin sonuna qədər çəkib aparır. Aşığın leksikonunda söz ehtiyatı çoxdur. O canlı xalq dilindən istifadə etdiyi kimi, ərəb fars tərkibli sözlərdən məharətlə istifadə edir. Öz mühitinə görə dərin bilik mühakiməyə sahib olan müxtəlif mürəkkəb şer formalarına hakim kəsilən çətin sözlərdən, qəliz ifadələrdən qaçan, ərəb-fars tərkibli sözlərdən yerində istifadə edə bilən ustad sənətkar aşıq poeziyamızı elə bir zirvəyə qaldırıb ki, istər ondan əvvəl yaşayan, istərsə ondan sonra yazıb-yaradanlar hələ o zirvəni fəth edə bilməyiblər. Ələsgər klassik aşıq poeziyamızın ənənələrini xüsusiyyətlərini dərindən öyrənmiş zənginləşdirmişdir. O hazır havaları mahnıları çalıb-oxuyan bir ifaçı deyildir. O ustad bir aşıq lirikanın ölməz nümunələrini yaratmış, qüdrətli bir söz sərrafı, el sənətkarıdır. Bədii dilə hakim olması söz üzərində yorulmadan çalışması, onun məna ahəng qüdrətindən maksimum surətdə istifadə etmək cəhətdən, sənətkarlıq baxımından nəinki tanınmış aşıqlarımız, hətta məşhur şairlərimiz , aşıq Ələsgər yaradıcılığına dönə-dönə müraciət etməli öyrənməlidirlər.
Aşıq ələsgərin böyüklüyü ondadır ki, dünyada baş verən hadisələri nəzərdən qaçırmırdı.
Necoldu Selbiya, Çornuqornuya,
Əl-ayaq altında itdi İtalya.
German bir bomb atdı, qan oldu dərya,
Qırıldı dünyada insan qalmadı.

Ustad aşıq müharibənin fəsadlarını, onun fəlakət faciələrini çox ustalıqla xalqa çatdıra bilmişdi. Müharibə aclıq, xəstəlik, dağıntı gətirməklə bərabər həm imanı olanları imansız, yorğanı olanları yorğansız, samanı olanları samansız qoyur. Aşıq Ələsgər bunların böyük dərd olduğunu bildirir. Köhnə həyat tərzi, ailə mənşəyi tərzi, əxlaq normaları aşıqın qoşmalarında ciddi tənqid olunmuşdur.

Qərib-qürbət eldə qız sevən oğlan,
Yaxın qonşusundan soruş halını.
Yaxud
Zibilin çıxıbdı dizə,
Külündən xəbərin varmı?
Yaxud
Bədəsildən hərgiz olmaz heç əsil,
Lənət sənə gəlsin pis soy, pis nəsil.


         Lakin, bu gün işğal altında olan torpaqlarımızda Göyçədə, Kəlbəcərdə, Qaraqoyunluda, Zəngəzurda, qədim Azərbayjan torpaqlarında onun ruhu qərib-qərib dolaşır. Ulu məzarlarımızın, tarixi abidələrimizin, müqəddəs ocaqlarımızın, pirlərimizin yağı düşmən tərəfindən dağıdılıb, yerlə yeksan edilməsi Ələsgər böyüklüyünə hörmətsizlikdir. Lakin ölməz sənətkar elin-obanın qəlbində yaşayır. Aşıq Ələsgərin qəbrinə yad nəfəsinin toxunmasından sarsıldım

Gözlərim yuxuda, xəyalım kəştdə,
Üstümdən gör nələr keçdi, ay Dədə.
Bir naşı ovçunun naşı gülləsi,
Odladı köksümü deşdi, ay Dədə.

Kim yazdı gərdişin dərd əsərini,
Kimi qurban verdi dərdə sərini.
Kimi bu dünyanın dərdi-sərini,
Kimi sevincini seçdi, ay Dədə.

Üzün qara deyil haqqın yanında,
İblislər var imiş mələk donunda.
O ulu məzarın əsrin sonunda,
Didərgin qəlblərə köçdü, ay Dədə.

Bu dərdin yükünü mən necə çəkim,
Yarası sağalmaz bu vaxtsız köçün.
Yandım için-için, əridi içim,
Sonalar Göyçədən uçdu, ay Dədə.


Əvəz Mahmud Lələdağ

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri