Ana duası, könül dünyası.


Ana duası, könül dünyası.


Ağzı dualıydı ağbirçək anam,
Hər sözü, söhbəti gül-çiçək anam.
Tövhə gətirərdi könül bağından,
Ləl-gövhər axardı gül dodağından,
Gülabla doluydu nağıl dünyası,
Mənən zəngin idi ağıl dünyası.
Bayatı hopmuşdu onun canına,
Nəvələr gələrdi tez-tez yanına.
Sözlə fəth etsə də bütün aləmi,
Üzündən getməzdi kədəri, gəmi.
Məni oxşayardı, əzizləyərdi,
Girib qılığıma belə deyərdi:
-Oğlum, qaç bulaqdan sərin su gətir,
Şad xəbər, saf dilək, xoş arzu gətir.
Bulağın gözündən doldur bardağı,
Sağalmır sinəmin çal-çarpaz dağı.
Gözüm yolda qalıb, qulağım səsdə,
Həsrətin əlindən olmuşam xəstə.
Bala, kirpiyimlə od götürmüşəm,
Gedib o dünyanı görüb gəlmişəm.
Bir tufan başladı otuz yeddidə,
Bizə qənim çıxdı otuz yeddi də.
Kəsdilər qapını quduz cəlladlar,
Onlarda nə insaf, nə də, mürvət var.
Nə qədər ailənin ocağı söndü,
Yurdu talan oldu, çırağı söndü,
Qədarlar özünü yaman öyürdü,
Bir zalım müstəntiq belə deyirdi:
-Bir türk məhbusunu cəzalandırdım
Qızğınla döşünü çarpaz dağladım.
Ağzından, burnundan qan şoralandı,
Mənə elə gəldi gəlbi dayandı,
Çəkməmin üstünə töküldü qanı.
Baxdım ki ağzından çıxmayıb canı.
Dedim:-ayağımın üstünü yala,
Gördüm ki o düşdü bir başqa hala.
Dedi ki, gullənlə ölərəm, ancaq,
Türk ayaq yalamaz, şərəfsiz, alçaq
-Yadında saxla sən, amansız düşmən,
Erməni ayağı yalamaram mən…
Elə oğullara gurbandı canım,
Ölsəm el yolunda halaldır qanım.
Gözündə ucaldı elin nə qədər,
Nifrəti sönmədi ölənə qədər.
Gəldi üstümüzə qirxbir savaşı,
Yaxşı tez əzildi yağının başı.
Gedən igidlərim dönmədi geri,
Bala, qız qocaldı qonşumuz Pəri,
Kişi işlərini qızlar  gördülər,
Şələ götürdülər, divar hördülər.
Bənnalıq eylədi gəlin Sərfinaz,
Aslanın erkəyi, dişişi olmaz.
Üç günün gəlini gərdəkdə qaldı,
Namusla, geyrətlə eldə ucaldı.
Gözümün işıqı, sən uşaq edin,
Mehriban, mülayim, yumuşaq idin.
Hücuma keçmişdi aclıq, xəstəlik,
Yanacaq qıt idi hələ üstəlik.
Mənim gördüyümü sən görmə, oğul,
Könlünün bağından qəm dərmə, oğul.
Köçhaköç başladı əlli tarixdə,
O, köç də bəllidir, bəlli, tarixdə.
İndi də başladı bir ayrı savaş,
Mən də yaşdaşıram ta yavaş-yavaş.
Namərd qonşuların namərdliyindən,
Yerimdən, yurdumdan didəginəm mən.
Qəlbimə damıbdı,ömrüm az qalıb,
İçimdə gəm-kədər yurd-yuva salıb.
Məni kəndimizə bacar tez apar,
Bu gündən sabaha yoxdur etibar.
Apar məni gedim çölləri görüm,
Tumanım ilişən kolları görüm.
Doyunca seyr edim dağları barı,
Əmliklər oynaşan o yamacları.
Bizim o yerlərin hardadı tayı,
Orda nə var idi kefdən savayı?
Hanı o yerlərin loğman pencəri,
Xəstəyə can verən dərman pencəri.
Qırxbuğum, əvəlik, şomu, baldırğan,
Süsənim, sünbülüm oldu bağrı qan.
Daşaltıgicirtkan, turşəng,quzqulaq
Cincilım, mərəvcə, yarpız, bozqulaq.
Çaşırın, çirişin faydası vardı,
Yemliyin ləzzəti nədə olardı?
Quşəppəyi hanı, yolotu hanı,
Sağlam sağlayardı onlar insanı.
Təbiət geyərdi atlaz, zərxara,
Sürülər galxardı göy yaylaqlara.
Necə gözəl idi dağı dərəsi,
Çeşməsi bulaği, bağı, bərəsi,
Ürəyə məlhəmdi səhərin mehi,
Hər dərdə dərmandı mirvari şehi.
Küləyi güllərə sıgal çəkərdi,
Arılar çiçəkdən hey bal çəkərdi.
Uzun ömürlüydü orda insanlar
Vaxtında gələrdi yurda ilk bahar.
Ya Rabbim, bilmirəm bu necə andı,
Namərd əhdi pozdu, ilqarı dandı.
İçimdə pas atıb arzular min-min,
Çarəsi tapılmır hələ dərdimin.
Axır gözlərimdən axır qanlı su,
Nələr törətmədi elin qanlısı.
Nə qədər dərd olar bircə ömürdə,
Ürək tab edərmi bir belə dərdə.
Enişi enirəm, yoxuş qurtarmır,
Buludlar seyrəlir, yaxış qurtarmır.
Gecələr sübhədək oyaq qalıram,
Dərd-qəmin icində oyalanıram.
Həsrətə hicrana dözüm galmayıb
Bayatım tükənib, sözüm galmayıb.
Biraz daşıyıram aranı, dağa,
Tamarzı qalmışam əkdiyim bağa.

                   ***
Dəmir dırnaqlarımla ələmişdim torpağı,
Ürəyimin qanıyla dırçəltmişdim o  bağı.
Sübhün çırağı yancaq galxardım yatağımdan,
Ulduzlar sayrışanda ayrılardım bağımdan.
Gözlərimin yağını əritmişdim torpağa,
Vaxt olurdu, dərdimi danışırdım o bağa .
Bəzən olub yatmışam, çiçəklərin tacında,
Bəzən olub yanmışam fələklərin sacında.
Bala, bir gün əlvida etməliyəm dünyadan
Ömür sona yetəndə getməliyəm dünyadan.
Günəş yenə yanacaq, öz qırmızı tacında,
Ulduzlar sayrışacaq səmanın göy sacında.
Dəyişəck yerini yenə gözəl fəsillər,
Yenə qrov düşəcək, göyərəcək xəsillər.
Sel-sular çağlayacaq, çaylar daşacaq, yenə,
Durnalar qaqıldaşıb yaldan aşacaq yenə.
Otlar sırqa taxacaq göylərin göz yaşından,
Güllər sirab olacaq səmanın qaş-daşından.
Şirin yemlik, əvəlik yenə çıxacaq üzə,
Yarpız qaş-göz atacaq,sularda üzə-üzə.
Daşaltı gicitkanı əsdirəcək sərin meh,
Quzqulağın tacında oynayacaq inci şeh.
Tənəklər əl-qol atıb çardaqdan asılacaq,
Yarıçiçək qoralar budağa gısılacaq.
Sürülər yaylaqların döşünə yayılacaq,
Dələmə torbaları tərtəmiz yuyulacaq.
Şəlalə uzadacaq sacaq-sacaq telini,
Bulağa toplaşacaq elin qızı,gəlini,
Yenə sübhün çırağı nurlanacaq, yanacaq,
Məndən sonra bilmirəm məni kimlər anacaq?


                   ***
Anam qəm üyudub kədər yeyirdi,
Dərgaha üz tutub şükür deyirdi.
Ağzı dualıydı ağbirçək anam,
Hər sözü, söhbəti gül-çiçək anam.
Allah dərgahına əl galdırardı,
Onda din də vardı, iman da vardı.
Haqqa səsləyərdi anlayan kəsi,
Mənasız olmazdı bircə kəlməsi.
Oruc, namazını ötürməzdi o,
Kimsənin minnətin götürməzdi o,
Dini vergiləri özü verərdi,
Halal zəhmətiylə ömür surərdi.
O,vətən yolunda keçərdi candan,
Kimsə inciməzdi, küsməzdi ondan.
Getdiyi qapıda qan bağlanardı,
Qaranlıq evlər də işıqlanardı.
Kin-küdrət bilməz, ədavət bilməz
Yöndəmsiz danışmaz, mənasız gülməz.
Aydan arı idi, sulardan duru,
Oduna yanmazdı nə yaş, nə quru.
Əyrilik olmazdı onun əlində,
Yalan yurd salmazdı şirin dilində.
Ağbirçəkliyini müdam saxlardı,
Qohumu, qardaşı özü yoxlardı.
Qoymazdı arada söz-söhbət ola,
Qıymazdı kimsəyə əziyyət ola.
Anamın həniri duyulan yerdə,
Mütləq asılardı abırdan pərdə...


                   ***
Ağzı dualıydı ağbirçək anam,
Hər sözü söhbəti gül-çiçək anam.
Yanına çağırdı günorta məni,
Bir də seyr elədi çölü çəməni.
Hərənin həyatda öz boxçasi var,
Ömür boxçası var,  söz boxçası var,
Anamın sinəsi sözlə doluydu,
Qəlbinin ocağı közlə doluydu:
-Oğul, sözlərimə yaxşı qulaq as,
Sənə dediklərim faydasız olmaz.
Ağzımdan çıxan söz, oğul, bişmişdi,
Bizdən əvvəlkilər bunu demişdi,
“Seçəndə yaxşı seç dostu düşməni.
Həmişə, hər yerdə sevindir məni,”
Mən məkan yoluna çıxmışam indi,
Əcəl köynəyini sıxmışam indi.
Yerimə gor dolur, od-alov dolur
Əhvalım dəyişir, pərişan olur.
Həsrətə, hicrana dözüm galmayıb
Bayatım tükənib sözüm galmayıb.
Əlini telimdə yenə gəzdirdi
Yenə çözəələndi Qarabağ dərdi.
-Mənə elə gəlir gücsüzdü yağı,
Gərək azad olsun Vətən torpağı.
İndi biz atlıyıq, düşmən  piyada,
Hec vədə sirrini söyləmə yada,
“Zəhərli ağacı becərsən də sən,
Ondan dadlı meyvə dərə bilmərsən.”
Özündən gücluylə vuruşsan əgər,
Hamı sənə gülər, ağılsız deyər.
Şirin mağarası təhlükəlidir,
Ora girən adam bilki dəlidir,
Timsahla bir yerdə suda üzən kəs,
Canını timsahdan qurtara bilməz,
Var dövlət hərisi olma , əbəsdir,
Qismətin nədirsə o sənə bəsdir,
Yığdığı qaş-daşı dövləti,varı,
Kim görüb özüylə aparanları,
İgid qılınc çalar, iqid at çapar,
Oğul Fərhad kimi qaya, dağ çapar,
Mərd adam mərdliyi heç vədə atmaz,
Yolunu azan kəs mənzilə çatmaz.
Torpağa xor baxsan əlin boş olar
Balaca səhv etsən cibin boşalar,
“Dağdan hey götürüb desən ki, çoxdur
Bir də görərsənki dağ özü yoxdur”
Əməkdi insanı ucaldan, qardaş
Əməyə həmdəm ol, zəhmətə sirdaş.
Zəhmətlə hər tərəf olar gülüstan,
Qayğısın çəkməsən, solar gülüstan.
“Bostancı bostanda olmasa əgər
Yolcular bostanı talan eyləyər.”
Eşqinin bulağı car olan zaman,
Şəhvətdə sərçəyə oxşama, aman.
Adına deyərlər  arvad düşgünü
Allah göstərməsin sənə o günü.
“Bir xoruz uyarsa bir özgəsinə
Xoruzluq edəmməz öz fərəsinə.”
Hərə öz atını çapsa dördnala
Burda ala qarğa çıxartmaz bala
Mənim yaradandan bir diləyim var
Qırılsın zəncirlər, açılsın yollar.
Düşsün doğma yurda güzarım mənim
Ağdüzdə qazılsın məzarım mənim.
Ağırlıq bilmərəm üstümdə dağı,
Olsa bir zərrəsi Vətən torpağı.
Sizə gurban olum, igid ərlərim,
Çiçək nəvələrim, gül nəvələrim.
Dağılıb getməyin o yan bu yana,
Pir deyib yapışın Azərbaycana!
Yollara baxmaqdan gəlmişəm zara
Düşsəm də çorğuna, borana, qara,
Vallah o yerlərə dönəsiyəm mən,
Axı bulaqların dəlisiyəm mən.
Üzümə dağların mehi dəyəndə,
Doğma yurd deyəndə, ocaq deyəndə
Dodağım yüz yerdən catlayır mənim,
Hirsimdən ürəyim partlayır mənim.
Yurda gayıtmasam gülən deyiləm,
Burda can versəm də ölən deyiləm.

                   ***

Anam bu dunyadan intizar getdi,
Yazığın dilində min qabar getdi.
Vətən deyə-deyə köçdü Vətəndən,
Ya Rabbim, gör necə şirindi Vətən.
Mən sənin bir parçan, sən mənim canım,
Sənsiz bir kimsəyə gaynamır qanım.
Xeyli vaxtdır səsin sorağın gəlmir,
Xeyli vaxtdır əziz qonağın gəlmir.
Naləmin sədası düşüb cahana,
Dünya bir yanadır sən də bir yana.
Niyə gözlərimi nəmə öyrətdin,
Niyə ürəyimi gəmə öyrətdin.
Gecəni sübhədək fikirləşirəm,
Oturub dərdimlə hey dərdləşirəm.
Səni soruşuram ulduzdan, aydan,
Çeşmədən, bulaqdan, gözədən, çaydan.
Axı darıxırdın o dağlar üçün
Üstü qız-gəlinli bulaqlar üçün
Sən getdin elə bil göy silkələndi,
Günəşin istisi yerə ələndi.
Bilmirəm mən kimdən soruşum səni?
Niyə göymətməyir duruşum səni
Gözünün işigı gözümdə yanır,
Könlüm səni anır, hey səni anır.
Sinəmdə sönməyən bir ocağım var,
İçimi göynədən hicran dağım var
Səni axtarıram, hardasan,ana,
Dünya bir yanadır sən də bir yana!

                   ***
Mən kiməm Ya Rabbim, fərman sənindir,
Dərdə şəfa verən dərman sənindir.
Sənin əlindədir ömrün sukanı,
Əcəldən canını qurtaran hanı?
Sənsən xəlq eyləyən gecə-gündüzü,
Dərəni, təpəni, yoxuşu, düzü.
Mən sənin qarşında gulam, nökərəm,
Elin dərd yükünü özüm çəkərəm.
Kəsilib yurdumun Qarabağ qolu,
Göstər nicat yolu, həqiqət yolu.
Ümidlə durmuşam ibadətinə,
İlahi, sən qoyma düşəm çətinə.
Xəyanət görməsəm yaxından, yardan,
Mənə xata gəlməz, inan,kənardan.
Qəlbim Xəzər kimi fırtınalıdır,
Görən qohum-qardaş, bundan halıdır.
Sinəmə sancılıb hicran oxları,
Cavanlıq çağımda itirdim yarı.
Qaraldı gözümdə sübhün çırağı,
Kor oldum görmədim o boyda dağı.
Kəsərsiz qılınca dönmüşəm indi,
Qırmızı köz idim, sönmüşəm indi.
Bir daha qayıtmaz o gözəl anlar
Getdi bu dünyadan can alan canlar.
İnsanda əbədi qalan vugardır,
İnsan əyilməsə vüqarı vardır.
Hər kimdə cəsarət hünər azdısa,
Dili gödək olar, mənzili qısa.
Yolunu azmasa düz yolla gedən,
Bir kimsə inciməz ədalətindən,
Yataqdan qalxıram dan sökülməmiş,
Gülün ləçəyindən seh tökülməmiş,
Gəlir qulağıma quşların səsi,
Oyanır içimdə gənclik həvəsi.
Gün çatmaz fərəhlə ötüşən günə,
Sevdiyin gözələ yetişən günə.
Mənim Yaradandan bir diləyim var
Coşğun gəncliyimi qaytaraydılar.
Eşqin göylərində uçaydım yenə,
O qızla dənizə qaçaydım yenə.
Yenidən qalxaydım köhlən belinə
Həvəslə cumaydım eşqin gölünə
Gövhər mücrüsünə açar salaydım,
Sevdiyim gözəldən bir kam alaydım.
Alma yanaqları alov saçardı,
Külək yaylığını alıb qaçardı.
Müşk-ənbər axaydı gül dodağından.
Tər çiçək dərədim könül bağından,
Çiçək də o zaman əsli çiçəkdi,
Şaxəsi üstündə ləçək-ləçəkdi.
Dördnala çapaydım səkil kəhəri,
Üzümə güləydi vüsal səhəri.
O ulu göylərin nazlı gəlini,
Səpəydi üstümə qızıl telini...
Dünəni bu günə qaytaran hanı,
Ulular gəzdiyi dağ, aran hanı?
Məni də haqlayıb ahıllıq çağı,
Sinəmi göynədir Qarabağ dağı.
Uşaqlıqım getdi, gəncliyim getdi,
Yurdum əldən çıxdı, dincliyim getdi.
Mən nəyə gadirəm, bilmirəm nəyə?
Mənim haqqım varmı deyib gülməyə.
Məni bağışlamaz Dədə Ələsgər,
Məni bağışlamaz açılan səhər.
Ulu Zəngəzurum hələ dardadı
Anamın ruhu, intizardadı.
Canımı verəcəm yüzünə gurban.
Yaxın gəl el oğlu, gözünə qurban,
Əsgər toqqasını bir az da bərkit
Vətəni, torpağı, namusu dərk et.
Götür tüfəngini döyüşə gedək,
Natavan Xanımla görüşə gedək.
Hoydu, igidlərim, düşmənə garşı,
Vətən torpağının bircə garışı
Yağı tapdağında olmasın gərək
O yerlər gavura galmasın gərək.

                   ***
Analı dünyamı qaytar, a dünya,
Anasız əzabım artar, a dünya.
Fərqi yox, nə yaşda olsam da belə,
Ana qayğısına möhtacam hələ.
Mənə bu dünyada yoxdu yer, anam,
İnsan vətənində toxtuyar, anam.
Dinməyəni dindirərdi bir zaman,
Gülməyəni güldürərdi bir zaman.
Bağrı catlayardı deyib gülməsə,
Narahat olardı bizə gəlməsə.
Onun saf qəlbində insaf olardı,
Bulanlıq su görsə, su durulardı.
Biganə sanmazdım özümü ona,
Xəlvətçə deyərdim sözümü ona.
İndi aldığımı ucuz satıram,
Dərdimin qoynunda dərdlə yatıram.
Mənəm bu dünyada sənsiz bəxtikəm,
Sinəmdə yurd salıb, köç eyləmir qəm.
Ey fələk, gəlmişəm cana əlindən,
Nəvaziş istərəm ana əlindən.
Fərqi yox, nə yaşda olsam da belə,
Ana qayğısına möhtacam hələ.
Analı dünyamı qaytar, a dünya,
Anasız əzabım artar, a dünya!



Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

«Vağzalı»nı bir də çal