Mən dağları hər üzünə görmüşəm
Mən dağları hər
üzünə görmüşəm
Dağlar dağımdı mənim,
Qəm oylağımdı mənim.
Dindirməyin, dərdliyəm,
Yaman çağımdı mənim.
Burnumun ucu
göynəyir, ürəyim nanə yarpağı tək əsir-durnagözlü bulaqlar, allı-güllü
yaylaqlar, yarpızlı dərələr, laləli düzlər, başı ağ çalmalı dağlar, zümrüd
yamaclar üçün
Bu gərdişdə
namərd tutur mərd yeri,
Peydah olur gündə neçə dərd yeri.
Yetim qalan ocaq daşı, yurd yeri,
Incisə də gedəmmirəm, neyləyim.
Qızılboğaz
yaylağında Xanlar taxtasında dəryazla ot çalırdım. Gün günorta yerinə
qalxmışdı. Dağ ətəyi yaman isti olur. Günəş adamı yandırıb çızdağını
çıxardırdı. Artıq ot vəğənimişdi. Babam deyirdi:
-Otu
şehli-şehli biçməsən, kilkəsi ələ gəlməz. Ona görə də yığışıb getmək istəyirdim.
Dəryazı (kərəntini) layın altına qoydum, kərənti daşını, çaxmağı, yiyəni də
gizlətdim. Yola düzəlmək istəyirdim, mənə tərəf ağır-ağır addımla ləngərliyə-ləngərliyə
gələn bir adam gördüm. Tez bir xorum ot bükdüm, bir az qəlbi yerə
qoydum. Gələn adam rahat otursun. O, biçdiyim sahəyə çatdı, salam verdi, əl
tutduq, görüşdük. Sonra o, əllərini arxasında daraqladı, dağlara baxa-baxa
dedi:
-Siz yaman
qaçaq adamlarsuz. Dəryazla bu xantara otu çalırsuz. Igid adamlarsuz.
Mən bükdüyüm
xorumu ona göstərdim.
-Əmi, buyurun
əyləşin, görək nə var nə yox? Ayıb olmasın, hansı obadansınız? Elə bil buralara
ilk gəlişindi, dağlara tamarzı adam kimi baxırsınız.
O keçib
xorumun ustundə oturdu, yerini rahatladı.
-Oğul, mənim
adım Xanalıdır. 40 ildir bu dağlara həsrətəm.
-Yəgin aranda
qalıb əkin-biçinlə məşğul olmusunuz?
-Xeyir oğul,
elə döyül. Bu gördüyün dağlarda o qədər gəzmişəm. Yeniyetməliyim, coşqun
cavanlığım bu dağlarda, buz bulaqların üstündə keçib. Bu dağların hər bəndi, hər
bərəsi, yarpızlı dərəsi, baldırğanlı gözəsi, bulağı, çeşməsi, dibəyi mənə əzizdir.
Bu yaylaqların hər yerində izim var.
Onun
baxışları acgözlüklə Əriməzi, Əyriqarı, Qızılboğazı, Çaldağı, Beşbulağı bir də
dolandı. Köksünü ötürdü, heyif o günlərdən.
-Aranlı-yaylaqlı
olub obalarımız. Yazın burnu qanayanda allı-güllü, buz bulaqlı, sərin çeşməli
yaylaqlara hazırlaşırdı camaatımız. Bizlərə tərəkəmə deyərdilər. Köç əyri-üyrü
dağ cığırları ilə yaylaqlara qalxardı. Atların-dəvələrin yükü fərməşlər, keçə, çubuq, çətən və bir də
qab-qacaq olardı. Yurd yerinə çatan kimi dəvələrin yüklərini boşaldıb alaçıq
çubuqlarını yerə sancıb, baş hissələrini samı bağı ilə bağlayardıq, üstünə keçə
qəlib atardıq. Dövrəsinə çətən çəkərdik, qapı
qoyardıq. Yan-yörəsinə lağım açardıq, yağan yağış alaçığın içərisinə
dolmasın. Alaçığın bir küncündə nəmi düzəldərdik. Nəminin də qabağı çətənlə
bağlanardı. Orada mis teştlərdə sərilmiş süd, qatıq, qaymaq, yağ, pendir, dələmə,
bulama, kətəməz saxlanılardı. Qatığın və südün üzünü eymlərə yığıb eymə daşının
üstünə qoyardıq. Gün aşırı, həftədə eymənin mürtünü təmizləyərdilər. Eymə
dolandan sonra nehrələri yuyub çatmadan asardılar. Nehrə çalxıyardılar.
Sap-sarı yağ çıxardı nehrədən. Ayranı çürüdüb şor düzəldərdilər. Motal tutanda
şoru pendirə qarışdırıb dəriyə yığardılar. Yel
qanadlı kəhər atlarımız vardı. Atların belinə yəhərin altından tərlik
qoyardıq ki, yəhər atın belini vurmasın. Bəzi adamlar ərinib tərlik
qoymurdular. Atın beli cidov olurdu. Yəhəri atın belinə qoyandan sonra əvvəlcə
quşqununu bərkidərdik, tapkırını çəkərdik. Yəhərin üstündən yapağı yunundan
toxunmuş qotazlı çul salardıq. Çulun rəngbərəng qotazları atın yalından muncuq
kimi sallanardı. Cilovu başına çevirib qantarğasını bağlayardıq, ağzına gəm
vurardıq, ayağımızı üzəngiyə qoyub quş kimi qonardıq atın belinə. Tərkinə
naxışlı xurcun bağlayıb gedərdik bazara. Minkənddə həftəbazar olardı. Bazardan
qayıdan kimi yəhəri alıb atı çulluyardıq ki çərləməsin. Sonra yançıdar edib
buraxardıq ota, ya da aparıb xamın qırağında hörükləyərdik. At muraddı, oğul,
Koroğlu əbəs yerə demirdi ki, Həmzə, atı yaxşı saxla, at igidin qardaşıdır. Tərəkəmələrin
ikinci nəqliyyat vasitəsi dəvə idi. Maya dəvələr vardı, vallah qoltuğunda nər
gizlənərdi. Bu obada bir Sayalı arvad vardı, o yaxşı oxuyardı.
Nərgizlər,
Bənövşələr, nərgizlər,
Nər budlu maya gördüm,
Qoltuğunda nər gizlər.
Bu damaqda,
Bu kefdə, bu damaqda.
Maya nər sevdasında,
Nər qanqal
budamaqda.
Dəvənin
ovsarı, nuarı çulu olardı. Quyruq doğan kimi dəvələr ağzı arana yatardılar.
Maydan atlardan yaxşı qulun, dayça, day əmələ gələrdi.
Atlılar atın çapar,
Dayçalı sən də.
deyərdilər.
Elə ayğır
atlar vardı, ilxının həndəvərinə bir ini-cinni buraxmazdı.
Eh! Ay oğul!
Danışdıqca ürəyim soğan kimi soyulur. Mən dağların hər üzünü görmüşəm.
Vaxt olub ki, gün döşünü dağlayıb,
Vaxt olub ki, buludları ağlayıb.
Vaxt olub ki, sel-suları çağlayıb,
Vaxt olub sellənib seli dağların.
Vaxt olub ki, el dağlara sazlanıb,
Vaxt olub ki, gözəlləri nazlanıb
Vaxt olub ki, çiçəkləri tozlanıb,
Vaxt olub süzülüb balı dağların.
Vaxt olub ki, üzlü motal tutulub,
Vaxt olub ki, qoç qoyuna qatılıb,
Vaxt olub ki, azmanları satılıb,
Vaxt olub dəyişib halı dağların.
Vaxt olub ki, güneyləri yağlanıb,
Vaxt olub ki, bulaması buğlanıb,
Vaxt olub ki, bərxanası bağlanıb,
Vaxt olub yüklənib kəli dağların.
Vaxt olub ki, qaş-qabağı tökülüb,
Vaxt olub ki, alaçığı sökülüb,
Vaxt olub ki, el yaylaqdan çəkilib,
Boşalıb sinəsi dolu dağların.
Indi bu
yaylaqlardan elat camaatının ayağı kəsilib, qız-gəlin qəhqəhəsi ilə xumarlanan
buz bulaqlar için-için ağlayırlar. ərkən oğlanların nərəsindən dağ-daş lərzəyə
gələrdi. Indi qu deyirsən qulaq tutulur. Yetim qalıb ocaq daşı, yurd yeri.
Cıdıra çıxardı ərgənlərimiz, bax bu Xanlar taxtasında. Atların ayağından
qığılcım çıxardı. At çapmaq, küştü tutmaq, bəlgə davası öyrənərdi igidlərimiz.
Qurban, Ramazan bayramlarında aşıq gələrdi, saz tutub, söz qoşardı. Iki, üç gün
halva umacı hazırlanırdı. Qalaylı mis teştlərdə halva çalardı ahıl nənələrimiz,
maya bud gəlinlərimiz. Toylarımız olardı allı-güllü yaylaqlarda, otuz-qırx öyəc
kəsərdilər bir yalağa, 7 gün 7 gecə toy çaldırardılar. Şiş paylayardılar yaxın
obalara.
Heyf, cavanlığı verdim küləyə,
Hanı nənəm toy ununu ələyə
Qara zurna “Mirzeyini” mələyə,
Sındıram, a dağlar, süzəm, a dağlar.
Yaşım 90-nı
haqlayıb, oğul. Dustaqlıq çəkməsəydim, qocalığı boynuna götürməzdim. Buralar
hamısı bizim yaylaqlar idi. Yay
yaylaqda, qış qışlaqda olardıq. Qızılboğaz, Qarnıyarıq, Pəriçınqılı,
Gödəkdərə, Şükürbəyli, Xəlfəli, Hocalmuradlı, Gəlinqayası, Qiyamadınlı. Bu
yaylaqlarda dədə-babadan hərənin öz yurd yeri vardı. Niyazdüşən, Göyərçinlik, Tərxanlı,
Dədəkişi, Qarakişi yurdları bu gördüyün yaylaqlar idi. Buralarda çox at
oynatmışam. Qoyun sürüsü, dəvə qatarı, at ilxısı, mal-qara naxırını tutmurdu bu
yaylaqlar. Qarış-qarış gəzmişəm bu yaylaqları.
Hər çeşmədən su içmişəm,
Mən bu dağlarda, dağlarda.
Gözəllərə gül seçmişəm.
Mən bu dağlarda, dağlarda.
Hə, oğul,
Şura gələndə adamları çox incitdilər. Varını, dövlətini əlindən aldılar.
Günahsız insanlara qolçomaq, mülkədar, xalq düşməni damğası vurdular. Biz məcbur
olub obanı köçürdük Arazın o tayına, köçdük İrana. Bizim camaat Muğana bələd
olduğu üçün gəlib sürü ilə qoyun, naxırla mal, ilxı ilə at, qatarla dəvə
apardılar. Çox şuluqluq saldılar. Bəlkə o da təxribat idi. Şura hökuməti İran
hökumətinə nota verdi. Ya mənim vətəndaşlarımı qaytar, ya da çapalçılığın
qarşısını al. Iran hökuməti bizi Iranın cənubuna köçürmək qərarını verdi. Biz də
fikirləşdik ki, gedib qürbətdə ölüncə evə bir adamın tutulmasına razı olaq,
qayıdıb Vətənə, torpağa qismət olaq. Bir gecə karvanı çəkdik Muğana. Üç qardaş
idik üçümüzü də tutub qatdılar qazamata.
Üç ay Bayıl həbsxanasında saxladılar. Həbsxananın işçilərinin çoxu ermənilər
idilər. Onlar buzə işgəncə verir, sitəm edirdilər. Üç aydan sonra bizi yatab elədilər.
Hansı həbs düşərgəsi idi bilmirəm, dedilər burada 3 min siyasi dustaq var. Biz bir küncdə qısılıb
oturmuşduq. Bir nəfər bizə yaxınlaşıb Azərbaycan dilində dedi:
-Qardaşlar,
görürəm təzə gəlmisiniz. Üstünüzdə qiymətli əşya, pul varsa, tanış-bilişə
verin, saxlasınlar. Dustağın özündən 10 nəfər talançı əmələ gəlib sizi
soyacaqlar.
Mən dilləndim:
-Məgər biz
yatacuyux ki, bizi soyalar?
Həmin adam məsum
baxışla:
-Siz yatsanız
da, oyaq qalsanız da sizi soyacaqlar. Indidən başınıza çarə qılın, yoxsa...
Bizə məlumat
verən adam çıxıb getdi. Mən durub qapıçıya yaxınlaşdım. Ona 3 manat verib xahiş
etdim ki, 3 bel sapı gətirsin. Onda iki bel sapı oldu. Bir az keçdi yenə qapıya
yaxınlaşdım. Qapıçı yerində yox idi. Gözümə samı yoğunluğunda, metrə yarım
uzunluğunda bir dəmir dəydi. Onu da götürdüm, qoydum yanıma. Qardaşlarıma
dedim:
-Siz təslim
olsanız da, mən tabe olmayacağam.
Elə bu heyndə
həbsxananın o biri başında bir vənəfsə qopdu. Ağlayan kim, yalvaran kim,
eşitdiyim sözlər belə idi: qardaş, insafın olsun, ayaqqabımı aldın, şalvarımı
niyə soyundurursan?
On nəfər
quldur pal-paltarla dolu iki böyük bardanı sürüyə-sürüyə gəlib çatdılar bizə.
Biri əlində par-par parıldayan bıçağı göstərib dedi:
-Tez olun,
soyunun görüm, nəyiniz var, verin.
Mən qabağa
yeriyib yazıqcasına:
-Uşaqlar, biz
beş ay Bayılda yatmışıq, nəyimiz var, əlimizdən gedib, bizə toxunmayın, çıxın
gedin.
Əlində bıçaq
oynadan:
-Ara,
Zavencan, bunda lezvu yeş (dilinə bax) e, sonra üzünü mənə çevirib, -indi bu
bıçağı dürtərəm qarnına, bağırsaqların tökülər qabağına, bilərsən nə var, nə
yox.
Biz çoxdan idi
ki, bəlgə davası görmürdük. Mən cəld pencəyi soyunub doladım qoluma, dəmir samını qapdım qardaşlarıma qıy vurdum:
-Ədə,
sağdan-soldan vurun, köpək uşağını.
Samı hansına
dəyirdisə, çul kimi sərilirdi yerə. Quldurlar işi belə görüb qapını
sındırdılar. Onlardan biri ermənicə dedi:
-Ara, dığerq
paxenq, (adə, uşaqlar qaçın).
Onlar
qaçdılar. Bunu görən dustaqlar bizi dövrəyə aldılar. Samı əlimdə bir qəlbi yerə çıxdım qışqırdım:-
Hamınızı qıracağam qorxaqlar. Siz üç min nəfər, onlar on nəfər.
Dustaqlar başlarını
aşağı saldılar:- Birini bilirsiniz, birini bilmirsiniz. Onlara yuxarıdan qəyyumluq
olmasa, siz deyən olar. Buradakı dustaqların yarısı azəri türklərdi. Başçımız
isə Artuyunovdur. Quldurlar da onun adamlarıdır.
Bir azdan həbsxana
rəisi gəldi:
-Əlinizə
qurban olum, qəhrəmanlıq etmisiniz. Onlara hökumətin də zoru çatmır.
Bir həftə keçdi, quldurların elçiləri gəldi, bizim
şefimiz olsunlar, bizə böyükçəlik etsinlər.
Mən razı
olmadım. Bir aydan sonra qərar çıxdı, biz qardaşları bir-birimizdən ayırdlılar. Həmin vaxtdan bir-birimizi görmürük. Bundan
belə də guman yoxdur.
Mən düşdüyüm
həbs düşərgəsində 100 metrə dərinlikdə kanal qazılırdı Volqa-Don kanalı. Hər
bir dustağa norma 100 çanaq torpağı qazıb aparıb kənara tökmək idi. Kim axşama
normanı yerinə yetirə bilmirdisə, güllələyirdilər. Dustağın dizində taqət yox idi. Ona görə də bəziləri
oradan çıxa bilmirdilər. Elə çanaq qucağında gözlərini əbədi yumurdu. Dustağa
qarşı amansızlıq, təhqir, haqsızlıq həddini aşmışdı həmin illər dustaqların bir
çoxu cəzalarını o dünyada çəkib qurtardılar. Xəstəlik, qarın yatalağı dustağı əldən
salmışdı. Burada ölüm əjdaha kimi ağzını açıb insanları udurdu. Əcəl dəyirmanında
insan üyüdülürdü, əcəl dəryazı ilə insan bəşər övladı biçilirdi. Buranın əjdahası
da, dəyirmançısı da, dəryazçısı da cəllad, o Koba-Stalin idi. Qamvoyların çoxu
daşnak ermənilər, şovinist ruslardan idi. Bizlərdən tək-tük adam vəzifə başında
görünərdi. Bir gün mənə Muğandan bir az pendir gətirmişdilər. O pendir məni
ölümün pencəsindən aldı. Pendiri aparıb rəisin evinə verdim. Iki gündən sonra o
məni çağıtdırdı yanına və dedi:
-Dustaq,
çayçı işləyə bilərsən?
-Canla-başla,
yoldaş rəis.
Həmin gündən
məni dustaqların baraklarından ayırdılar. Bir adamlıq barakda yaşadım. Bir müddət
çayçı işlədim, özümə gəldim. Mənə gələn pay-puruşu rəisin evinə verirdim. El
oğlanlarıma gücüm çatan yaxşılığı edə bilirdim. Çoxuna təmkin dururdum. Kefimin
durulan vaxtı rəis məni çağırdı və dedi:
-Dustaq, təzə
qərar çıxıb, bizə təlimat göndəriblər ki, hardasa dustaqlar çaydan zəhərləniblər.
Ona görə də dustaqdan çayçı olmaz. Indi görüm sənə nə iş fikirləşirəm. Hələlik
mən bir qərara gələnə qədər buralarda gözə görünmə.
Bir həftə keçdi.bir səhər ertə mən əvvəl
yaşadığım barakın dustaqların sıraya düzdülər. Mən də həmin cərgədə dayandım. Rəis
taxtadan düzəlmiş stol kiminin üzərinə çıxdı. Dustaqlar, normanı yerinə yetirə
bilməyəndən 18 nəfər güllələnib. Bu gün də 3 nəfər sizin gözlərinizin önündə
güllələnəcək. Ona görə də normanı yerinə yetirməyənlərə aman yoxdur.
Bu gün
palkovnik yoldaş Arakilov Edik bizim qonağımızdır. Alqışlayın, Arakilovu!
Sağında-solunda, arxasında əli silahlı əsgərlərin müşaiyyəti ilə yekəpər bir
adam taxtın üstünə çıxdı. Sıraya düzülmüş dustaqları iti, qəddar baxışı ilə
süzdü. Dustaqlar, siz Şura hökumətini istəməyən adamlarsınız. Hamınızın belində
“xalq düşməni” damğası var, ləkəlisiniz. Təkcə siz yox, sizin bütün nəsliniz ləkələnib.
Onlar da ciddi nəzarətə götürülüb. Bir qismi vətən dəyişikliyi olunub,
Qazaxıstana, Sibirə göndərilib, onlar siz hüquqlu dustaq deyillər. Ancaq az fərqiniz
var. Sizlərdən bəziləriniz həmişəlik dustaqasınız, ona görə də təmizə çıxmaq
istəyirsinizsə, özünüzü nümunəvi
aparmalısınız, biz də sizin “delonuza” yaxşı sözlər yazaq. Bu gün sizdən 3 nəfər
“xalq düşməni” normanı yerinə yetirə bilmədikləri üçün güllələnəcək. Onları şəxsən
özüm güllələyəcəyəm. Güllələnməyə məhkum olanları gətirin, deyə elə bağırdı ki,
dustaqlar dik atıldılar. Dustaqların üçü
də azəri türkləri idilər. Yoldaş Arakilov əlindəki onaçılan mahuzerlə
onların hərəsinə 3 güllə vurdu və irişə-irişə bir güllə də “zapaz” qalsın dedi.
1953-cü ildə
cəllad Stalinin ölünü dustaqların vəziyyətlərini az da olsa babatlaşdırdı. Qərar
çıxdı ki, siyasi dustaqlar azad olunurlar. Ancaq öz vətənlərinə yox, başqa yerlərə
getsinlər. Mən də əlacsız qalıb üz tutdum Aşqabada. Bir müddət orada çobançılıq
etdim. Sonra Fatma adlı bir qadınla ailə qurdum. Doğma vətənə əlim çatmadı,
ünüm yetmədi. 60-cı ildə bir az pul topladım. Gizlincə gəldim vətənə. Təzəcə evə
çatmışdım ki, dedilər iki əsgər bizə tərəf gəlir. Anam cəld tərpəndi. Yükü
uçurdub tökdü üstümə, guya evdə yır-yığış edir.əsgərlər evi ələk-vələk elədilər.üstümdə
bir cecim qaldı, məni görmədilər. Mən həmin gecə geri qayıtdım. Düz 40 ildir bu
dağlara tamarzıyam. Indi ömrün qürub
çağında dağların ziyarətinə gəlmişəm.
Xanalı kişi yerindın durdu, onun həsrət dolu baxışları bir də dağları dolandı. Kim bilir, o hansı hisləri keçirirdi.
Комментарии
Отправить комментарий