Az ömür, mənalı ömür
Az ömür, mənalı
ömür
Dəyərli
dostum yazıçı Famil Qaracallı ilə çox yerlərə səfər etmişik, oxucularla
görüşlər keçirmişik. O, həmişə fərəhlə, fəxr ilə deyərdi:
-Qubadlı rayonlarının 40 evli Qaracallı kəndindən 4
nəfər elmlər doktoru, 12 nəfər elmlər namizədi, bir nəfər yazıçı, bir nəfər də
böyük şair çıxıb. Məni maraq götürərdi:
-Deyək ki, yazışı Famil özüdür, bəs şair kimdir?
Bir dəfə söhbət əsnasında soruşdum:
-Famil Qaracallı, yazıçını bildim ki, sənsən, fəxr
ilə dediyin şair kimdir?
Onun bir mənalı baxışı vardı, məni başdan ayağa
süzdü, gülümsədi:
-Əli Ağa Aslan! Sonra başladı şairi tərifləməyə,
şeirlərindən nümunələr deməyə.
Mən çox təəssüfləndim ki niyə indiyə qədər şair Əli
Ağa Aslanı tanımamışam?
Imkan tapdım Əli Ağa Aslanın kitablarından əldə elədim,
oxudum şeirlərini. Şeirlərin hənirtisi içimi göynətdi, sinəmi dağladı.
Yaramın qaysağını qopardan şeirlər, Əli Ağa Aslanın
doğulub boya-başa çatdığı ellərin niskili, ağrı-acısı, Vətən həsrəti, yurd
yanğısı, torpaq harayı, el adət-ənənələrindən doğan, zəhmətlə, qeyrətlə, məhəbbətlə,
vicdanı paklıqla yoğurulan, hikmətlərdən ibarətdir.
Şeirləri oxuduqca xəyal biləyimdən tutub məni Zəngəzur
dağlarına çıxardır, dağ ucalığından açılan doğma mənzərələr ürəyimi riqqətə gətirdikcə
nələr itirdiyimi dərk edirəm, qeyrət ucalığından itirdiklərimi-Üçağızı, Üçtəpəni,
Yantəpəni, Qılıncyalı, Göbəkdaşı, Calbayırı, Bərguşadı, Həkərini tapmağa çalışıram!
Əli Ağa Aslanın şeirlərində ilkinlik, kəndçilik, kəndçi
vüqarı, yurda hərislik etirazı qabarıq şəkildə diqqəti cəlb edir. Şeirləri ilə
tanışlıqdan sonra şairinin özü ilə görüşmək qərarına gəldim. Onun oxucularla,
şagirdlərlə görüşünü təşkil etmək fikrinə düşdüm. Istədiyimə nail ola bildim.
Olduqca sadə, mehriban, mülayim təbiətli, ləngər yerişli, təvazökar, dodağında
təbəssüm yurd salan şairlə- Əli Ağa Aslanla üz-üzə dayandım, həmsöhbət oldum
onunla. Bütün suallara çox qısa cavab verməklə kifayətlənirdi. Sumqayıt şəhər
25 №-li məktəbdə şairlə görüş baş tutdu. Şagirdlərin ifasında onun dəyərli
şeirləri səsləndi. Bu maraqlı görüşdə şairin qələm dostu, şair, publisist
Qafqaz Əvəzoğlu da iştirak edirdi. Mənə
elə gəldi ki, Əli Ağa Aslanla Qafqaz Əvəzoğlu
həm də yaxın dostlar. Zəndim məni aldatmamışdı, elə də varımış.
Sonralar Qafqaz Əvəzoğlu tez-tez məktəbə gələrdi, görüşün təəssüratlarından
söhbət açardıq. Əli Ağa Aslanın qoltuğa qısılmağı, əyilməyi sevməyən, mərd,
gözü-könlü tox insan olduğundan ağız dolusu danışardı Qafqaz Əvəzoğlu. Çox təəssüflər olsun ki, Əli Ağa
Aslanı- istedadlı şairimizi vaxtsız itirdik.
Bu gün şairin yarımçıq qalan arzularını onun sədaqətli
dostu Qafqaz Əvəzoğlu tamamlamağa can
atır. Əli Ağa Aslanın işıq üzü görməyən əlyazmalarını araşdırır, üzə çıxardır,
qəzet və kitablar vasitəsi ilə oxuculara təqdim edir.
Əli Ağa Aslanın istedadı qarşısında baş əyirəm. O,
ölməyən, ölməzliyə qovuşan əbədiyaşar şairdi. Az ömür, lakin mənalı ömür yaşadı
Əli Ağa Aslan! Ruhu şad olsun!
Комментарии
Отправить комментарий