Bir elin harayı
Bir elin harayı
Bu qəflətdən ayılmayıb
çoxumuz,
Yaman gözə bata bilmir
oxumuz.
Nə müddətdir ərşə çıxıb
yuxumuz
Qan ağlayır ocaq daşı,
yurd yeri.
Qan ağlayan təkcə ocaq daşı, yurd yeridirmi? Bəs o
torpaqda kimsəsiz, köməksiz qoyub gəldiyimiz babalarımızın, nənələrimizin ruhu
necə? O dağları, daşları dolaşan ruhlar
qan ağlamırmı? Bəs yarpızlı dərələr,
başı qız-gəlin yığnaqlı bulaqlar, yiyəsiz bağlar, obasız yaylaqlar, yağı
tapdağında qalan torpaqlar fəryad etmirmi? Bəs zəncirdə bağlı qalan itlər,
ayağı çıdarlı kişnər atlar, diri-diri yandırılan kömürə dönən körpə balaların
ah-naləsi?
Zəngəzurun, Göyçənin, Ağbabanın, Vedibasarın, Zəngibasarın,
Qaraqoyunlu dərəsinin, Dərələyəzin harayı, Ələsgər sazının sədası, Qıratın
cilovu, Bozatın yuyəni insanlar kimi Sumqayıta pənah gətirib, Sumqayıt şəhərinin
tarix muzeyində isinişinlər. Buradakı
eksponatlarla ikinci görüşümdü mənim. O səksəkəli illər, qorxulu günlərdən
uzaqlaşdıqca eksponatlar da öz yerlərinin rahatlayır, insanlarla daha sıx
ünsiyyət bağlayırlar. Lakin Vətən həsrəti, yurd dərdi, məsum körpə kimi
baxışlarından duyulur onların. Üz-üzə, göz-gözə dayanan, “Lələ köçüb, yurdu
qalan” dağların əl-ətəyini gözləyən çöl çiçəklərinin qərib-qərib yollara
boylanması, dağdağan ağacına qonmuş sığırçınların qəfil açılan güllə səsindən
diksinmələri, sinəsi boyu şırımlanmış, yetim qalmış dağlarımızın harayı, dədələrimizin
diz qatladığı müqəddəs torpaqlarda babalarımızın incidilmiş ruhları dolaşan o yerlərdən xəbər
verir bu əşyalar. Yadıma düşür əl çatmaz, ünyetməz çağlar. Babam bir pencə dərzi
ulağa yükləyib qatardı qabağıma, sonra da bərk-bərk tapşırardı: “Gördün yük əyilir,
yükün yüngül tərəfinə daş qoyarsan ki,
yük tarazlansın”. Tez-tez eşitdiyim sözü
də deyərdi: “Daş da qərib düşər yük əyiləndə”. Onda daşın qərib düşməsini, didərgin
olmasını anlamırdım. Lakin muzeydəki kirkirə daşını, dibək daşını, su daşını
görəndə babamın: -“Daş da qərib olar yük əyiləndə” – kəlamını burada təsdiqlədim,
dərk etdim.
Uşaqlıq və gənclikdə kotana getdiyim, zəmi biçdiyim,
başaq elədiyim, ot çaldığım, bafa bağladığım, dərz heşanladığım, vəl sürüb
taxıl döydüyüm, sovruq atdığım, taxıl tığladığım, vəl dəjdədiyim, samı düzəltdiyim,
samı bağı toxuduğum, çalğı bağladığım, ələyi aparıb xəlbiri, xəlbiri qaytarıb
daşkiri, şadaranı gətirdiyim, dibəkdə duz döydüyüm, kirkirədə qovut, yarma,
bulqur çəkdiyim, zollanmış göndən şirvanı, qızqaytaran çarıq tikdiyim,
qotazlı çarıqbağı hördüyüm illərə qayıtdım. Eksponatlarla ikinci dəfə görüşəndə
həm də sinəsi dərdlə, bayatı ilə, rəvayətlə dolu Fatı qarını kəşf etdim. Ilahi!
Erməni quldurlarından dönə-dönə dağ görmüş bu müdrik ağbirçəkdə elin mənəvi sərvəti-
bayatı, nağıl, dastan necə güclüdür. Həm
də folklorumuzda olan bağlamalar, qıfılbəndlər, qoşmalar, gəraylılar xəzinədarıdır
Fatı qarı. Ömrünün 77 sinnini yola salıb. Dediyinə görə bu, onun həyatında
ikinci didərginlikdir. Həmsöhbət oldum onunla. Dərdli dərdlini tapar deyiblər.
Yanıqlı-yanıqlı danışdı Fatı nənə.
Ay oğul, yurd dağıdanın yurdu dağılsın. O günləri
yada salanda bu günümüzə, şükür deyirəm. Çox çətinliklərdən sonra arzumun bəzisinə
çatmışam. Bir ana kimi əzablarım da az olmayıb. Bəxşeyişi yeddilər üstündə
tapmışam. Onu kövrək, bənizi solğun görəndə
dünyam dağılıb elə bil. Atalar sözü var, ay bala. “Bir oğulluynan, bir
öküzlünün ürəyində yağ olmaz”,-deyiblər. Erməninin birinci davasında atamın şələsində
dağlar aşmışam. Rəhmətlik həmişə deyərdi: “A qızım, səni göydə Allah, yerdə mən
saxlamışam. Dağda borana düşdük, zirvəni şələ ilə aşmaq çox da asan deyildi. Dizlərimin
taqəti tükənirdi. Məni belə vəziyyətdə görəndə anan dedi:-“Fatını at qalsın!”.
“Atmaram”,-dedim. Ölsək də, qalsaq da bir yerdə olmalıyıq”. Bəlkə də Allah
üzümüzə baxdı, hava sakitləşdi, yol-iriz göründü, dağı aşıb Naxçıvan torpağına
çatdıq”.
Mən aşıq didər gənə,
Yaxamı didər gənə.
Bundan çox zülüm olmaz
Yurdundan didərginə.
Bu dəfəki qaçqınlığı bu yaşımda görsüm.
Aşıq diyarbadiyar,
Halım diyarbadiyar.
Bizi sapand daşı tək
Atdılar diyarbadiyar.
Fatı qarının yorulduğunu görüb bir az mövzunu dəyişdim.
-Fatı nənə, eşitmişəm siz tərəflərdə qaçaq Nuruş
olub. Onun həyat yoldaşı qoçaq Göhər, Həcər kimi öz yarına vəfalı çıxıb. Bəlkə
onlardan bir az danışasan. Bəli, qadan alım, olub. Qaçaq Nuruşdan ermənilər
sağ-sağ əsirdi. Amma elə o vaxt da satqın vardı. Qaçaq Nuruşu xəyanətlə
öldürüblər özümüzünkülər.
Lakin sözdən söz
götürən arif adamlar
vardı. Bir dəfə Nuruşu öldürən Nuruşun qaynı ilə həmin dərədən keçəndə
belə bir bayatı deyir:
Ara yerdə,
Aşıq qan ara yerdə.
Burda bir igid öldü,
Batdı qan ara yerdə.
Nuruşun qaynı bilir ki, Nuruşun qatili bu adamdı. Həmin
adamı vurur və başının
üstündə dayanıb deyir:
Arxa suvar,
Su olub arxa suvar.
Sən öldürən igidin
Mən boyda arxası var.
Bu zəngin xəzinəni çözələdikcə çözələnirdi:
-Deyirdilər Qubadlının Qəzyan kəndində bir qazı Məmərdən
gəlmiş bir gözələ vurulur və
yanında oturana deyir:
Mən aşıq Qəzyandı,
Hal, Məmər, Qəzyandı.
Məmərə bir od düşdü,
Içində qazı yandı.
Yanında oturan işarəni başa düşür, cavab olaraq
qazıya deyir:
Mən aşıq Qəzyandı,
Hal, Məmər, Qəzyandı.
Sənin tutduğun bu iş,
Imanına ziyandı.
Mən Fatı qarını
dinlədikcə bildim ki, muzeydəki eksponatların yığılmasında oğlu Bəxşeyişdə
bu həvəsi o oyadıb. Muzeyi gəzdikcə adam gözlərinə inanmır. 300-dən çox
eksponat ulularımızdan xəbər verir bizə.
Taleyinə didərginlik yazılmış Bəxşeyiş müəllimin
özü də mənim bu fikrimi təsdiqlədi və böyük şairimiz S. Vurğunun aşağıdakı
misraları ilə sözə başladı:
Kim bilir, necədir
dünyanın yaşı,
Tarixin nə qədər yazısı
vardır.
Hər saxsı parçası, hər məzar
daşı,
Nəsildən-nəslə bir
yadigardır.
-Mən ulu tariximizdən soraq verən bu materialları toplayanda ağlıma da gəlməzdi
ki, onlar Sumqayıtın tarix muzeyində məskunlaşacaqlar. Bir də düşünmürdüm ki,
bunlar üçün kimsə məni tərifləyəcək, yaxud mükafatlandıracaq. Məni bu səmtə çəkib
aparan ulu tariximizin, bu tarixi yaradan babalarımızın müqəddəs ruhu, bir də
anamın bayatıları olmuşdur. Doğulduğum Hacəti kəndinin tarixi qədimdir. Hər dəfə
onun tarixi abidələrini görəndə düşünürdüm:
-Görən bu abidələrin yaranma tarixini, onların üzərlərindəki
yazıları oxuyub öyrənə biləcəyəmmi? Əmək fəaliyyətinə başlayandan sonra
babalarımızın tarix yaddaşı olan bu eksponatları toplaya bildim. Zəngəzurlu
el-el, oba-oba gəzmişəm. Bunları toplayanda, 1988-ci il hadisələri kürkümə bit
salmışdı, canıma vəlvələ. Nankor qonşularımızın murdar əməlləri uzun illər çəkdiyim
zəhməti əlimdə qoyardı, babalarımızın ruhu, tariximizin yaddaşı olan bu
etnoqrafik materialları əlimdən çıxara bilərdilər.
Eksponatlar Qafan rayonundakı Müsəlləm kənd məktəbinin
ikinci mərtəbəsindəki otaqlardan birində yerləşmişdi. Pəncərələrdən birinin
işkilini əvvəlcə açıq qoymuşdum. Od tutanda qurunun oduna yaş da yanır,- deyiblər.
Qonşumuz sürücü Səlvər fikrimə şərik çıxdı, mənə qoşulmaq üçün cəsarətə gəldi.
O, ziyalı sözünə inanırdı, milləti yaşadan qeyrət, cəsarət, mədəniyyət kimi keyfiyyətlərə vurğun idi. Erməni
quldurları gecələr kəndləri talan edir, adamları qətlə yetirirdilər. Biz də
odun-alobun içinə düşməli olduq. Dəhşətli və qorxulu cəbhə yarmalı idik. Bizi görsəydilər ya öldürəcəkdilər,
ya da tutub oğru damğası vuracaqdılar. Canımızı dişimizə tutduq, ölümümüzü
gözümüzün qabağına gətirdik və tariximizi, milli sərvətimizi yükləyib aradan
çıxara bildik. Bundan sonra xeyli rahatlandım. Lakin burada maşından boşaldanda
adıma qaraçı, qalayçı deyənlər də oldu.
Gördüyünüz bu əşyaların üstündə əsim-əsim əsmişəm.
Açığını deyim ki, sərhədlər açılandan sonra eşidəndə ki, misi, alüminiumu
daşıyıb ölkələrə satmağa aparırlar, gecələr yuxum ərşə çəkilirdi. Deyirdim birdən
Allah eləməsin mis qazanları, mis səhəngi, mis məcməyiləri, mis parçları, mis sərnicləri,
mis satılları, mis sapılçaları oğurlayıb aparıb satarlar. Ona görə də gecə səhərə
qədər yuxumu qarışdırırdım. Sağ olsun səbəbkarları. Sumqayıt tarix muzeyində
yer ayırdılar, gördüyünüz tarix-diyarşunaslıq bölməsini yaratdılar. Səliqə ilə
düzülmüş hər eksponatın öz taleyi, öz yazısı.
Onlara baxanda neçə min illik ömür yaşayırsan.
Bir-birinə qısılmış fağır-fağır baxan “qəriblərin” sehri əlimdən tutub uşaqlıq
illərinə qaytarır məni. Bu da cırcır cəhrə.
Nənəm yadıma düşdü, səsi qulağıma gəldi elə bil. Yazıq arvad əvvəlcə onun
qulağını yağlayardı, tağaları iyə taxardı, sonra da əlçimi iyin burnuna tutub
fırladardı cəhrəni. Dükcə ilə sarıldıqca dərdi əriyib gedərdi nənəmin. Dərdini
zümzüməyə çevirərdi:
Mənim cəhrəm payıldı,
Yarım hey, yarım hey.
Əlçimlərim qalıbdı,
Balam hey, balam hey.
Dükçədən yumaq, yumaqdan kələf düzəldərdi nənəm. Iki yumağı bükdürərdi, üşələyərdi,
sonra kırtızlayıb corab, əlcək toxuyardı. Neçə-neçə gəbənin, xalçanın, kilimin,
cecimin, palazın, çulun, heybənin, xurcunun, örkənin, sicimin, samıbağının
ipini, ərişini, arğacını əyirib nənəm bu cəhrədə. Uşaqlar toxunanda cəhrənin
iyi əyilərdi, əlçim yedəyə yaxşı getməzdi. Aparar iyi Məşək xala düzəldərdi. Ip
keyfiyyətsiz əyriləndə günahı gah cəhrədə, gah da iydə görərdilər. Deyərdilər:
Iydə varsa cəhrədə də
var,
Onu əyirən qəhbə də var.
Kiminsə haqqında qeybət edənlərin sirri açılanda bir-birinə irad
tutub,-
Ərişini sən qoydun, arcağını mən-deyərdilər.
Ərişi arcağa bab elə,
Görən desin habelə.
Birinin başına hadisə gələndə-kələfin ucunu itirib-deyərdilər.
Bu da daş dibək. Əsrlərlə əlimizdən tutub bu dibək.
Onda duz əzmişik, çəltik döymüşük. Səsi-sorağı dastanlarımıza çatıb, qoşmalarımıza
hopub dibəyin:
Dibəkdə döyərlər duzu,
Göydə sanarlar ulduzu.
Hər ikiniz əmi qızı,
Sən də gözəl, o çox gözəl.
Bir vaxtlar qulac-qulac hörüklərini səhəng bağı edən,
kuzələrdə, çurdəklərdə, bardaqlarda bulaqalardan, kəhrizlərdən, çeşmələrdən buz
kimi su gətirən qızlar oğlanların ürəyinə od salardılar.
Gah çiynində gəzən, gah
da kürəkdə
Qızların həmdəmi səhəngə
bir bax.
Orda yaba da var, bel də,
kerək də,
Dəryazın böyrünə
qısılıb oraq.
Kərə yağının dadı damağımda qalan ay dombagöz nehrə, xoş gəlib səfa gətirmisən
bu muzeyə. Yağın dürməyindən süzülə-süzülə quzunun qabağına getdiyim günlər
yadıma düşdü. Çatmamızdan, damın atmasından, tirindən asardı nənəm səni. Kəndimizdə
ayı oynadan qaraçı deyərdi:
Nənəmin dombagöz palıd
nehrəsi,
Üç qılça çatmada yellənir
hələ.
Qonşumuz Yetərin cır-cır
cəhrəsi,
Dünyanın özü tək fırlanır
hələ.
Yay, toxmaq, kiriş yadıma saldı hallacları. Yayı
qoz ağacından düzəldərdilər. Hallacların iş alətləri yay, toxmaq, ox, karxana,
yaba və sicimdən ibarət olardı. Qoyun iki dəfə qırxılardı. Birinci qırxım
yununa yapağı, ikinci qırxılan yuna güzəm deyirdilər. Yayın kirişini qoyunun
bağarsığından düzəldirdilər. Qoyunun bağarsığı
qırx arşındı. Onun möhkəmliyi dastanlarımıza süzülüb. “Şah İsmayıl və
Gülzar” dastanında belə bir yer var.
-“ Daha nəyə gücün çatmaz?
-Öz yay-oxumun kirişinə gücüm çatmaz”.
Hallacların istehsal etdikləri keçə, qəlib, yanqəlib,
yanaltı, nəmənd olardı. Qəlibdən alaçıqda, keçədən yerə salmaqda, nəmənddən
taxtın üstünə açmaqda, yanaltıdan bir küncdə oturmaqdan ötrü istifadə edirdilər.
Muzeydəki yayı, toxmağı, yaya gərilmiş kirişi görəndə onların dediklərini
xatırladım.
Atıcıyam yayım var,
Toxmağım var, yayım var.
Qonşunuzdan almışam,
Gətir, səndə payım var.
Yaxud yay kirişinə aid tapmacanı yada salmaq yerinə
düşər.
O nədir ki,
Qarnından çıxar,
Belini çırpar?- deyərdilər.
Toxmaq yayın kirişinə dəyəndə güclü titrəmə əmələ gəlir,
yun daranır. Yunu karxananın üstünə döşəyib oxa sarıyırdılar. Sonra cavanlar təpikləyirdilər.
Kim bir nəfəsə yüz təpik vursaydı bir cib qovurğa mükafat alardı. Keçə bişəndə
açıb sərərdilər yerə, su səpərdilər üstünə.
Eksponartlar arasnda diqqətimi cəlb edənlərdən biri
də yan-düzülən 1918-ci ildə Andronik Ozanyanın, Dronun, Nijdehin dinc əhaliyə
atdıqları güllələrin gilizləri oldu. Bir də onların başının üstündən asılmış 70
illik ömrü olan, indi eksponata çevrilmiş bayraq, həmin bayrağın yerində indi
Demokratik Azərbaycanımızın üç rəngli bayrağı bərq vurur.
Xoş gördük səni, ay əyriboyun həvə!
Xalı-xalçalarımızın ərişi, arğacı sənin dişlərinlə bərkiyib. Nənəm səni gəbəyə gupadıqca kefi açılar, dadlı-duzlu zümzümələri
eşidilərdi.
Əlimdə həvə,
Gedirdim evə.
Bir sürü dəvə,
Çıxdı qarşıma.
Həvəni qoyub kirkidi götürərdi nənəm:
Əlimdə kirgid,
Pisliyi tərgid.
Gəbəni kəssəm,
Igidəm, igid.
Kirgid azad olan kimi qayçı ilə gəbənin kilkəsini qırxa-qırxa deyərdi:
Əlimdə qayçı,
Dağlarda keçi.
Bir bölük elçi,
Çıxdı qarşıma.
Xeyirə-şərə gedə bilməyəndə üzünü xanaya tutardı:
Ay xana, həndi xana,
Qılçamın bəndi xana.
Kəsəydim tezcə səni,
Gəzəydim kəndi, xana.
Bir vaxtlar çox həvəslə tikib geyindiyim çarıq,
onun köşəsi, sirimi gözümdən yayınmadı. “Qızqaytaran” deyərdilər biz tərəfdə
belə çarıqlara.
Ay şatırı çarıq, sürmeyi
bağ,
Axşam bizə gəl qonaq.
Oraq, dəryaz (kərənti), çin, yiyə, bülöv, zindan-çəkic,
çaxmaq-daş ayrıca yığılıb muzeydə. Orağı qulağıma bir yanıqlı bayatı səsi gəldi:
Gedirdim qıraq ilə,
Ot biçdim oraq ilə.
Itirmişəm elimi,
Axtarıram soraq ilə.
Yayın qızmarında taxıl biçiləndə yarını yada salan
gəlinin həzin nəğməsi düşdü yadıma:
Biçinçilər biçində,
Mənim yarım içində.
Köynək yuyum göndərim,
Yandı tərin içində.
Qara çömlək, kupə, kup, digər saxsı qablar kim
bilsin nə vaxtdan xəbər verir.
Qara çömlək tez enərdi təndirə,
Tamarzıydıq ətə, yağa,
pendirə.
Bu da bir cür kirkirə daşı. Kirkirədə qovuq, yarma,
bulqur çəkərdik. Indi isə:
Itib yun darağı, tapılmır
teşi,
Bilinmir nehrənin, cəhrənin
işi.
Kişəkdən düşübdür kirkirə
daşı,
Arpanın tabaqda cadı
qalıbdı.
Qulaqlı təhnəni görəndə nənəmin təndir lavaşını
büküm-büküm dəstələyib təhnəyə yığdığı gəldi göz önümə.
Muzeydə vəl, boyunduruq, samı, çəmbərə, kotan, xış,
cüt, yaba, şana, çalğı, xəlbir, daşkir, şadara, ələk ayrıca bölmədə cəmləniblər. Ömür yormuş vəli görəndə
üstündə oturub xırmanda fırlandığım, kənara çıxan, xamlıq edən cöngələrin
quyruğundan tutub gücümü sınadığım anlar
keçdi gözümün qabağından. Tapmacalarımızın bir yanını düzəldən bir tay vəli görəndə:
O nədir ki,
Altı daş, üstü taxta,
Başında təmir noxta.-
Tapmacası beynimi
qıdıqladı.
Qara zurna, nağara, kamança, tar, balaban, tütək,
yantütək arxa-arxaya veriblər muzeydə. Ulularımızın harayıdır qara zurna. Onun
zili də, bəmi də adamın beynini dincəldir, eşidəndə həzz alırsan qara zurnanın
səsindən. “Mirzeyi”ni, “Vağzalı”nı, “Uzundərə”ni, “Şirvanbulağı”nı mələyəndə
qara zurna, ahıl nənələr, dünya görmüş babalar
sındırıb yaxardılar. Qara zurnada çalınan “Çobanbayatı” dağı-daşı lərzəyə
salardı, sürüləri məsti-xumar edərdi, elə insanları da.
Qara zurna, dönüm sənin
gözünə.
“Mirzeyi”mi qaytar yenə
özümə.
Buradakı eksponatların arasında səbət, cəvərən, zənbil
də yerbəyer olublar.
O tay, bu tay bizimdi,
Səbət dolu üzümdü,
Biz yemişik doymuşuq,
Indi növbə sizindi-deyərdilər qocalar cavanlara.
Küncdən maddım-maddım baxan arı pətəyinə
gözüm sataşanda Koroğlu dastanından
Kəl qoşub kotan əkməyən,
Süfrə salıb nan tökməyən,
Arının qəhrini çəkməyən,
Balın qədrini də bilər,- gəraylısı yadıma düşdü.
Muzeydə qədim qara çıraq, əl fanarı, heybə, ter,
xaral, çətən, taxta, oxlov, əppək yapan,
ərsin, yəhər, qaltaq, çul, cilov, yüyən, nal, mıx, üzəngi, qaşov, tapqır,
quşqun, dəhnə, palan, nuar, örkən, sicim, doğanaq çox mətləbləri yadıma saldı.
Kəhər at belində olan yəhərin,
Qaşından asılıb toxunma
şallaq.
Burda dövran sürən ər
oğlu ərin,
Əzəli də torpaq, sonu da
torpaq.
Çıraq dibinə işıq salmaz. Atı itirib çulunu gəzir,
at almamış nalını gəzir. Yüyənsiz at, ərsiz arvad kimidir, kim istəsə minər,-
deyərdilər babalarımız. Naxışlı corab, əlcək, (tiftikdən) tuluq, motal və
patrondaş, qılınc, xəncər kimi silah növləri burada məskunlaşıblar.
Orda qılınc gördüm neçə
baş “yeyib”,
Qınında qalıbdı gümüş xəncər
də.
Şaha baş əyməyən xışa baş
əyib,
Çörək qıt olarmı xış olan yerdə.
Buradakı qədim sandıq yaxalarında açar gəzdirən
qaynanaları yadıma saldı.
Qayçını atdım sandığa,
Cingildəyə-cingildəyə.
Gəlir oğlan anası,
Dingildəyə-dingildəyə.
Çatma, sac, sacayağı, teşi, mücrü, taxta qənddan,
qara qazan, qazança, tava, çömçə, ağac qaşıq, kəfkir, abgərddən diqqətimdən
yayınmadı.
Çömçə tutan sənə sarıdır.
Bəxşeyiş Ələmşəhov böyük qəhrəmanlıq edib, igidlik
göstərib, qeyrətli olub elin sərvətini yağıların pəncəsindən alıb elə çatdırıb.
Eşq olsun belə qürdürək, dördböyrək oğullarımıza.
Ulu babaların keçdikləri həyat yollarından xəbər
verir burda məskunlaşan didərgin muzeyin eksponatları. Bir elin ürək yandıran
harayıdır bu əşyalar!
Əşyalar toplanıb yüz
viranədən,
Doğma yurd yerləri
intizardadır.
Başın nələr çəkib Vətən,
ay Vətən
Ulu Zəngəzurum hələ
dardadır.
Şəhərin bütün adamlarına, ziyalılarına, fəhlələrinə,
hamıya üzümü tutub deyirəm, gəlin bu muzeyə
baxın, ulularımızın, ata-babalarımızın keçdikləri yolları göz önünə gətirin!
Комментарии
Отправить комментарий