Bu dərdi çəkənə ver kitabı


1990

Zaman-zaman yandıracaq,
Min doqquz yüz doxsan məni.
Allah, namərd öldürməsin,
Mərd əliylə boğsun məni.

Kaş ki o il gəlməyəydi,
Axmayaydı nahaq qanlar.
Əbəs yerə ölməyəydi,
Dəliqanlı, şux cavanlar.

Tanklar, toplar nərildədi,
Şimşək çaxdı, həmin gecə.
Tüfənglərin təpəsindən,
Tüstü çıxdı həmin gecə.

Silahların nərəsindən,
Dil tutuldu, qulaq batdı.
Çöl quşunun bağrı yandı,
Daş çatladı, bulaq batdı.

O dəhşətli, müdhiş gecə,
Tale bizdən yaman əydi.
Mətbəxtdəki günahsıza,
Sağdan, soldan güllə dəydi.

Namərd atdı daş arxadan,
Yara aldım kürəyimdən.
Qara qanlar axdı mənim,
Kədər dolu ürəyimdən.

Zaman-zaman yandıracaq,
Min doqquz yüz doxsan məni.
Allah, namərd öldürməsin,
Mərd əliylə boğsun məni.

Çatmayır

Buludlar olubdu qasidim, Allah,
Gözümün yolunu kəsib duman, çən.
Yurddan perik düşüb qəsidəm, Allah,
Yadların əlində inləyir Vətən.

Gecələr gözümə gəlməyir yuxu,
Xiffət eyləməkdən canım üzüldü.
Daşlara çırpıldı eşqimin oxu,
Yardan ayrıldığım sanki yüz ildi.

İndi od içində yanır varlığım,
Nadanlar satdılar namusu, arı.
Məndən uzaqlaşıb bəxtiyarlığım,
Kimin ucbatından itirdim yarı.

Pozuldu növrağım, söndü çırağım,
Kefimin nəşəsi getdi əlimdən!
Bir daha qayıtmaz o xoşbəxt çağım.
Xəbərsiz olmuşam  qönçə gülümdən.

Taleyin ürəyi qəlbi daş imiş,
Əcəl can almağa niyə tələsdi.
Soldu şamamalar tağda, dəyməmiş,
Gülşənin üstünə qara yel əsdi.

Elimə, obama tamarzı qaldım,
Amma ümidimi üzmürəm yenə.
Gərdişdən həmişə narazı qaldım,
əzab qaldı ki, verməsin mənə.

Aylarla, illərlə düşmürəm yada,
Elə bil həyatda yaşamıram mən.
Etibar görmədim fani dünyada,
Sabah torpağındı bu günkü bədən.

Nələr itirmişəm, sayı bilinməz,
Qara yer yaxşını, yamanı udub.
Əcəl dinə gəlməz, insafa gəlməz,
qədər dəyərli insanı udub.

Qəmdən baş götürüb hara qaçım mən,
Qartallı dağlara ünüm çatmayır.
Vallah qabar olub dilimdə Vətən,
Bu dərdi çəkməyə gücüm çatmayır.

Fil çəkə bilməz mən çəkən dərdi,
Yamaclar dağılıb kollar kökdə.
Hara üz tuturam yolum çəpərdi,
Dağlar kökdədi, yollar kökdə.

Bir çarə tapılmır müşkül dərdimə,
Bayquşlar ulayır şəhərdə, kənddə.
Namərd hücum çəkir indi mərdimə,
Dağılıb bərə , sökülüb bənd .

Hər gecə tənhalıq qəlbimi üzür,
Vüsalın əlinə əlim çatmayır,
Taqətdən düşübdü, dizlərim əsir,
Dərib qoxlamağa gülüm çatmayır.
23.03.2009
Yersizdir

Yağı əl uzatdı hiylə,  kələyə,
Mənə kirvə -dedi, mənə «can»-dedi.
Özünü oxşatdı qula, köləyə,
Üzünə tüpürdüm, yenə «can»-dedi.

Dilini öyrətdi böhtana, şərə,
Dostu düşməniylə qarışıq saldı.
Mənim ola-ola o dağ, o dərə,
Kirvə deyə-deyə əlimdən aldı.

Üstündən kəsmədim qalın kölgəmi,
Yağlı tikəmi uzatdım ona.
Yağdırdı başıma kədəri, qəmi
Girdi min cilidə, girdi min dona.

Fürsət tapan kimi hücuma seçdi,
Hayqırdı irəli, yaxşı macaldı.
Məhsuldar torpaqlar əlinə keçdi,
Günahsız millətdən intiqam aldı.

Namərd fitnəsiylə, namərd əliylə
Allahın verdiyi can gedir bada.
Ölüm xəstəliyi yaxınlaşanda
Min loğman can atsa, yersizdir o da.   

«Yanıq kərəmi» çal

Bizi üzə-üzə üzüldü illər,
Əridə bilmədik bu dərdi, qəmi.
Ustad, dərdin alım, ustad, o sazda,
«Yanıq Kərəmi» çal, «Yanıq Kərəmi».

O sazı elə çal, elə çal ki, sən,
Yandırsın dağları, daşları, ustad.
Elə nalə qopsun o pərdələrdən,
Ağlatsın göydəki quşları, ustad!

O sazı elə çal, elə çal ki, sən,
Çatsın Ələsgərə onun sədası.
Kimin günahından, kimin üzündən,
Bitib-tükənməyir bu elin yası.

O sazı elə çal, elə çal ki, sən,
Gündoğan, günbatan haraya gəlsin.
Nahaq qan gölünə qərq olub Vətən,
Haqqın məhkəməsi araya gəlsin.

O sazı elə çal, onun nəğməsi
Körpə balaların laylası olsun.
Bir eşitməyək vay-şivən səsi,
Bu, ana yurdumun son yası olsun.
1991
Tale sənə yar olsun
Ağsulu dostum İlham Şükürova

İlham Şükür, tale sənə yar olsun,
Dostun gülsün, düşmənlərin xar olsun,
Xainlərə ölüm olsun, ar olsun,
Vaxt tapanda gəlib sənə dəyəcəm,
O ətirli çörəyindən yeyəcəm.

Ağdü mənim günümün ağası,
Qaragöldən Çiçəkliyə axa su,
Görən vaxt bəxtimə gün doğası,
Yağıları qan ağlasın, gülməsin.
Bir onlar bizə tərəf gəlməsin.

İlham Şükür, bizi bizdən aldılar,
Kökümüzə yaman balta çaldılar,
Yadlar gəlib gülşənimə doldular,
Güllərimə yad nəfəsi toxundu,
Qənimlərim uzaq deyil, yaxındı.

Zaman məni dönə-dönə ələdi,
Sevincimi qəm-kədərə bələdi,
Vallah, qardaş, bu  qurğudu, tələdi,
Allah bundan betərindən saxlasın,
Yarım gülsün, yağılarım ağlasın.

Baş açmıram fitnəsindən, felindən,
Zara gəldim bu gərdişin əlindən,
Ayrı düşdüm Ələsgərin elindən,
Vətən deyib gecə-gündüz ağlaram,
«Sinəm üstün düyünlərəm, dağlaram».

Mən bilirdim tütək nədi, ney nədi,
İlham Şükür, zalım fələk neylədi?
Məni eldən, eli məndən eylədi,
Qəmlə köklənmişəm, dolmuşam indi,
Dağlara tamarzı qalmışam indi.

İlham Şükür, arzularım dil açdı,
Şeirin, sözün ürəyimə yol açdı,
Elə bildim hər tərəfim gül açdı,
Allah, qaytar ötüb keçən çağları,
Dostlarımla gedim gəzim dağları.

İlham, Şükür övladların bay olsun,
Məhlənizdə axşam, sabah toy olsun.
Şadlıq olsun, haray olsun, hay olsun.
Arzum budur hər an Sizi şən görüm,
Yaman yeli üstünüzdən gen görüm.
20.07.1994
Məndən inciməyə haqqın var, dədə

Məndən inciməyə haqqın var, dədə,
Səni qoydum namərdlərin içində,
Bağladı yolumu çovğun, qar, dədə,
İtib-batdım bu dərdlərin içində.

Bu qovhaqovdu, bu tufandı,
Səmtim dağa düşdü, arana düşdü.
Mənim diləklərim içimdə yandı,
Sənin arzuların borana düşdü.

Keçdi, yaman keçdi o şirin dəmlər,
Gör neçə obanın ocağı söndü.
Kəsdi qabağımı dərdlər, ələmlər,
Dünya sevincimin o çağı söndü.

bilim, bəlkə yadlar, yağılar
Sənin məzarına əl dolayıbdı.
Bəlkə , ay dədə, azğın dığalar,
Qəbir dağıtmağı hünər sayıbdı.

Birdimi, beşdimi, hansını deyim?
Dağ dağın üstündən çəkilir, dədə.
Haqlı olmasa da mənim gileyim,
Qəm-qüssə başımdan tökülür, dədə.

Bəlkələr təsəllim olubdur indi,
Gərdişin dərdini yazanım hanı?
Qoruya bilmədim o doğma kəndi,
Babəkim, Koroğlum, Qazanım hanı?
 
Ruhun bacamıza gəlir hər axşam,
Qaldı yurd-yuvamız yada, ay dədə.
Demişdim ki, torpağına qarışam,
Qismətim olmadı o da, ay dədə.

Yuxuda görürəm gecələr səni,
Görürəm gözlərin yol çəkir, dədə.
Sənin xiffətini, sənin dərdini,
Təkcə mən deyiləm, el çəkir, dədə.
1988
Az qalıbdır o günə

Vətən eşqi  canımda,
Həyat eşqi qanımda,
Sənin nəvazişinlə
Mən ərsəyə çatdım.
İçimdəki qorxunu
Əlimlə boğub atdım,
Üçrəngli bayrağı,
Yerdən göyə ucaltdım,
Ana, qurbanın olum.
Zəfər yoludur, yolum.
Ana, qurbanın olum,
Mənə qeyrət vermisən,
Namusu qorumağa.
Mənə cürət vermisən,
Keşik çəkəm torpağa.
Mərifət öyrətmisən,
Sadiq olam Vətənə,
Ana, qurbanın olum.
Bu torpağın yolunda,
Hər əzaba dözərəm,
Ətimdən ət kəssələr,
Üstünə duz səpsələr,
Nəsimi tək dərimi
Qarış-qarış soysalar,
Yerinə çuval-çuval
Quru saman təpsələr,
Bir dəfə uf demərəm.
Yolum qürbətə düşsə,
Mənə qərib desələr,
Heç zaman incimərəm.
Hicran yolumu kəssə,
Tablaşıb qəm yemərəm,
Təki sən qərib olma,
Vətən qərib olmasın.
Elin varı, dövləti,
Yağılara qalmasın.
Ana, qurbanın olum,
Məni qeyrətdə yoxla,
Məndən qələbə istə,
Mən deyim gözüm üstə.
Qələbə bizimlədir,
And içirəm o halal,
O müqəddəs südünə,
Az qalıbdır o günə,
Qələbə bizimlədir!
1993
Mən cəbhəyə gedirəm

Siz ey məğrur cavanlar,
Torpağa inananlar,
Sadiq olun Vətənə,
Gəlin qoşulun mənə,
Mən cəbhəyə gedirəm.

Təklənibdi Vətənim,
Azğınlaşıb o qənim.
İçimdə dəvə kinim,
Mən cəbhəyə gedirəm.

İgidlərim, ərlərim,
Geri dönməz nərlərim,
Siz mənə hünər verin,
Mən cəbhəyə gedirəm.

«Bu torpağın oğluyam,
Bu torpağa bağlıyam».
Deyən cavanlar hanı?
Daldada asıb-kəsən,
Döşlərinə yalandan,
Döyən cavanlar hanı?
Yad gözəllər yanında.
Özlərini şir kimi
Öyən cavanlar hanı?
Mənə qoşulsun hamı,
Mən cəbhəyə gedirəm.

Sağalmaz dağım mənim,
Mərd ana doğub məni,
Qorxumu boğun mənim,
Mən cəbhəyə gedirəm.

Torpağı qorumayan,
Anasını qorumaz.
Qeyrəti olmayan kəs,
Heç hansını qorumaz.

Siz ey məğrur cavanlar,
Torpağa inananlar,
Sadiq olun Vətənə,
Gəlin qoşulun mənə,
Mən cəbhəyə gedirəm!
1993

Sərhəd
(Almaniyanın Lüdviqshaven şəhərində
 Sərhəd adlı bir türk oğlu yaşayır)

Soruşdum ki, adın nədir,
Sərhəd,- dedin.
Sən adını sərt dedin.
Tarımlanmış,
O tikanlı məftilləri yada saldın,
Əl çatmayan payaları,
Üzüqanlı məftilləri yada saldın.
Quşlar gəlsə qanad salar,
Qatır gəlsə dırnaq burda.
Narın gözlü ələklərdən
Ələnibdi torpaq burda.
Sərçə qonsa caynağını kəsərdilər,
İnsan əli toxunsaydı,
Barmağını kəsərdilər.
ləpələr yönəlsəydi bəri bir az,
Top-tüfəngə tutulardı yazıq Araz.
Başlanardı sorğu-sual:
«Niyə gəldin, nəyi bildin
Nəyə güldün, niyə güldün
Arzuları salardılar qəfəslərə,
Ər oğullar, igid ərlər,
Məhv olardı əbəs yerə.
Uzanılı qalmış idi,
O taydan əl, bu taydan əl.
Qorxusundan əsməz idi
Bizim səmtə bir sərin yel.
Elə baxma, Sərhəd balam,
Yoxdur artıq o hədd, balam
Zaman çatdı, yoxa çıxdı,
O məftillər, o tikanlar.
Əridilər yox oldular,
Çiçəklərin kirpiyində
Gilələndi sevinc yaşı.
Bir-birinə əl uzatdı,
Din qardaşı, qan qardaşı.
Bir dərindən nəfəs aldı xan Arazım,
Havalandı min havalı telli sazım.
Sığırçınlar dimdiyində su daşıyıb,
Çilədilər üstümüzə.
Durnaların qatarından,
Xeyir-dua gəldi bizə.
İndi bizim aramızda,
Sən olmusan, sərhəd, quzum.
Öz içində donub qalıb,
Hicran quzum, həsrət, quzum.
Sinəm üstə havalanır,
Telli sazım.
Türk oğluna alqış deyir,
Dəli Kürüm, Xan Arazım!
1991
       Lüdviqshafen.
Oğulsansa döz bu dərdə
Şəhidlərin məzarını ziyarətə gedəndə

Bostanıma daş atdılar,
Baharımı qış etdilər.
Mən ki qəmdən qaçaq idim,
Dərdi mənə tuş etdilər.

O körpənin günahı,
Səni tutar bir gün ahı.
Göy Allahı xəbərsizdi,
Tüğyan edir yer Allahı.

Dağ deyilmi bu gül dağı,
Qan eylədin, qanlı yağı.
Heç nahaqdan qəltan etdin.
Öz qanına bu torpağı.

Oğulsansa döz bu dərdə,
Yaman düşdük biz bu dərdə.
Haqdan budur təmənnamız,
Çarə qılsın tez bu dərdə.
21.01.1990

Qaboy səsi

Yazın qara gəldi, ay ana torpaq,
Hansı dili yanmış qarğayıb bizə.
Beş ildir alışır, yanır Qarabağ,
Beş ildir bu yerdə qan çıxır dizə.

Yenə nisgillidir bu ilki bahar,
Hər gün şivən səsi, hər gün ney səsi.
Məndən inciməyin qaboy çalanlar,
Beynimi yorubdur bu qaboy səsi.

Təbiət oyanır qış yuxusundan,
Oyanmır kimsəsiz bağlar, ilahi.
Barıt qoxusundan, kül qoxusundan
Az qala boğulur dağlar, ilahi.

Gəlir dəstə-dəstə köçəri quşlar,
Sığırçın naləsi yüksəlir göyə.
Yolları bağlayıb o qudurmuşlar,
Quşlar da gedəmmir Malıbəyliyə.

Ehey...! Geri qayıt, ay qoca leylək,
Xocalı səmtinə uçma, amandır.
Quşçuya süpürgə çəkibdir fələk,
Orda su yerinə axan da qandır.

Qayıt, boşa çıxsın quldur gülləsi,
Hələlik bu yerdə at çapır nadan.
Şuşada duyulmur yazın nəfəsi,
Hələlik hökmünü dəyişmir zaman.

Quldur yurd-yuvamı dağıdıb mənim,
Yurdumda qalmayıb daş-daşın üstə.
Yanır için-için çölüm-çəmənim,
Mərmilər oynayır başımın üstə.

Bu odlar yurdunun qəhrəmanları
Düşmən qabağından qaçmayıb, axı.
Dost kimi saxlayıb dost olanları,
Özgə qapıları açmayıb, axı.

Hanı Koroğlunun igid ərləri,
Ala caynağına, didə yağını.
Hanı bu torpağın qoç Nəbiləri,
Gəlib səngər edə Səngər dağını.

Bivec sərkərdələr çıxdı meydana,
Aparıb ərləri güdaza verdi.
Güllənin ağzına atıldı ana,
De, yaddan çıxarmı Daşaltı dərdi?

İçimdə bir haray hayqırır mənim,
Heç öyünməsin yadlar, yağılar.
Vaxt gələr, onlara tapılar qənim,
Gün gələr, onun da yurdu dağılar.
26.02.1992
Əsgər abidəsi

Ürəyim çırpındı, gözlərim doldu,
Müqəddəs torpağa əyildi başım.
Elə bil hər qaya bir insan oldu,
Gəldi xəyalıma itgin qardaşım.

Günəş şəfəqini elə tökdü ki,
Zirvədə yaşardı gözü qarın da.
İldırım elə bir nərə çəkdi ki,
Sinəsi çatladı qayaların da.

Gedənlər qəlbini burdamı qoyub?!
Nakam məhəbbətlər süzülüb daşa.
Küləklər yalayıb, yağışlar yuyub,
Sözlər cilalanıb düzülüb daşa.

Abidə mərdliyin nişanəsidir,
Ehtiram, etibar qalasıdır o.
Ölməzlik, məğrurluq, həyat səsidir,
Bizimlə əbədi qalasıdır o!
1995
Niyə yada saldın
Bizim kənddən müharibədə həlak
olanların şəkilləri bir albomda saxlanılır.

Çoxdan qurumuşdu gözümün nəmi,
Baxdım şəkillərə, gözlərim doldu.
Mən ki qovlamışdım, kədəri, qəmi,
Qəm gəlib yenidən həmdəmim oldu.

Təbəssüm dodaqdan perikdi yenə,
Şirin gülüşlərim çilikləndimi?
Axı verilmişdi bu əzab mənə,
Bu hicran yanğısı göydən endimi?

Niyə yada saldın ötən illəri,
Mənə bu qüssəni tale verdimi?
Sən niyə göstərdin o şəkilləri,
Niyə təzələdin köhnə dərdimi?!

1975
Bizi
(Şəhidlərin əziz xatirəsinə)

Çalma, Kamil! Çalma qurbanın olum,
Yandırıb yaxırsan axı sən bizi.
Nədir qaboydaki bu fəryad səsi,
Boğur duman bizi, boğur çən bizi,
Yandırıb yaxırsan axı sən bizi.

Qaboyla çalırsan, neylə çalırsan,
Harayla çalırsan, hayla çalırsan.
Bayatı çalırsan, layla çalırsan,
Qardaş, uzaqlaşdır bu səsdən bizi,
Yandırıb yaxırsan axı sən bizi.

Hələ görünməyib belə müsibət,
Bir əl dostluq edir, bir əl xəyanət.
Günaha qərq oldu günahsız millət,
Hanı qəm atından endirən bizi
Yandırıb yaxırsan axı sən bizi.

Cumdu üstümüzə naşı nahaqdan,
Müqəddəs torpağa axdı nahaq qan.
Belə qəsd edərmi, insana insan,
Tarix görməyəcək bir şən bizi,
Yandırıb yaxırsan axı sən bizi.

Bir nadan ərləri güdaza verdi,
Tarix bağışlamaz elə namərdi.
Bitib tükənməmiş bu elin dərdi,
Saldı qan gölünə yenidən bizi
Yandırıb yaxırsan axı sən bizi.

Qardaş, sözlərimə yaxşı qulaq as,
Atalar demişkən, «tökülən dolmaz».
Əminəm, bu qisas əvəzsiz qalmaz,
Bir gün məhv olacaq məhv edən bizi,
Yandırıb yaxırsan axı sən bizi.
1990

Yoxsa bu da haqdan olan sitəmdi

Selə döndü gözümüzün qorası,
Sağalmadı sinəmizin yarası.
Tapılmadı dərdimizin çarası,
Aman Allah, bu nisgil, qəmdi,
Yoxsa bu da haqdan olan sitəmdi?

Dodağımın gülüşləri solubdu,
Tale payım kədər, qüssə olubdu.
Hey deyirəm «Səbr kasam dolubdu»,
Bilən yoxdur artıqdır, kəmdi,
Yoxsa bu da haqdan olan sitəmdi?

Bizimkilər yadı yardan seçmədi,
Ölçüb-biçən yaxşı ölçüb-biçmədi.
Mən bilirdim, «qaçqın» nədi, köç nədi.
Sərvətimi tarix boyu yad əmdi,
Yoxsa bu da haqdan olan sitəmdi?

Yağı gəlib torpağımı qanladı,
Öz başçımız özümüzü danladı.
Yurdumuza qan çiləyən qanladı,
Bu gərdiş, güzar, dəmdi,
Yoxsa bu da haqdan olan sitəmdi?

Min bir nemət bitiribdi bu torpaq,
İgid ərlər yetiribdi bu torpaq,
Ər oğullar itiribdi bu torpaq,
Yolumuzda bu duman, çəndi,
Yoxsa bu da haqdan olan sitəmdi?

A qardaşım, a sirdaşım, ay bacım,
Ürəyimi süfrə deyil mən bir açım.
Yaxınlaşın, el gücünə möhtacam,
Parçalanan, talan olan Vətəndi,
Yoxsa bu da haqdan olan sitəmdi?
1992
Şəhid

Şəhid adı ucadır
O uca göylər qədər.
O adı əzizlərəm,
Mən də dünyalar qədər.
Siz də şəhid oldunuz,
İgidlərim, ərlərim,
Geri dönməz nərlərim.
Hər biriniz bir oğul,
Hər biriniz igid, ər.
Sizin səyyar gəminiz
Qəfil girdaba düşdü.
Bu qanlı qan gölünə
Gör neçə oba düşdü.
Sizə matəm saxladı,
Bir gecəlik gəlin .
Şəhid adı cücərdi,
Milyonların dilində.
qədər şəhid dağı,
Sinəmizə çəkildi.
qədər gərdək tağı,
Göz yaşıyla söküldü.
Sevincimi apardı
Bu coşan qəm selləri.
Yurdundan perik saldı
Neçə-neçə elləri.
Zalım, qolun qurusun,
Zülmün ərşə dayandı.
Məzarların üstündə
Nişan xonçası yandı.
İgidlərim, ərlərim,
Pələng bilək nərlərim.
Yatdığınız bu torpaq,
İgid yeri, mərd yeri.
Ataların şöhrəti,
Nəsillərin and yeri.
Ulduzlar səf-səf olub,
Gecələr keşik çəkər.
Günəş qızıl telini
Gündüzlər bura tökər.
Qarşınızda baş əyər
Sizin Əvəz Lələdağ,
Onun könül bağına,
Bir əsməsin sazaq!
Birdə əsməsin sazaq!

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Dayaq olsa