Nakam məhəbbətin ağrı acısı kitabı


Hər gecə yuxumda görürəm səni

Hər gecə yuxumda görürəm səni,
Görürəm baxçada gəzirsən, gülüm.
Yenə o naz ilə, qəmizə ilə,
Məni oğrun-oğrun süzürsən, gülüm.

Əlimdə tutduğum gül dəstəsinə,
Can alan baxışla baxırsan yenə.
Məni məftun edir o mərmər sinə,
Canımı odlara yaxırsan yenə.

Əlin sığal çəkir gülün telinə,
Qönçə xumarlanır gözəl qız kimi.
Məni qərq edirsən sevgi selinə,
Yanağın allanır qızıl köz kimi.

Çeşmə tək qaynayan o gözlərindən,
Süzülən sevgini içərəm yenə.
Ay maral baxışlı, ay nazik bədən,
Yolunda canımdan keçərəm yenə.

Qaşların elə bil ay parasıdır,
Alovlu gözlərin qaynar bulaqdır.
Hələ bu nədir ki, bu harasıdır,
Eşqimi coşduran qaymaq dodaqlar.

Sifətin alma, çiyələkdir,
Buxağın bəyazdan bəyaz dələmə.
Mənim günahım, sevən ürəkdir,
Mənə göz-görəti sitəm eləmə.

Hər gecə yuxumda görürəm səni,
Görürəm baxçada gəzirsən, gülüm.
Yenə o naz ilə, qəmizə ilə,
Məni oğrun-oğrun süzürsən, gülüm.

Sənsiz

Bu il bostanımız sənsiz əkilir,
Sənsiz çiçəkləyir nar bağımız da.
Mənim ürəyimə dağlar çəkilir,
Görəndə əl izin var bağımızda.

Sənsiz qarşıladıq bu il baharı,
Bayram süfrəsi aça bilmədik.
Sənsiz selə döndü dağların qarı,
Sənsiz su üstünə qaça bilmədik.

Bu il səməni qoymadı qızlar,
Bayram tonqalı da alovlanmadı.
Bu il gəlmədilər qapı pusanlar,
Sənsiz dostlarım da məni anmadı.

Qışın his-pasından çıxmadıq bu il,
Çıxarıb sərmədik xalça, palazı.
Sənsiz ev-eşiyə baxmadıq bu il,
Sənsiz kökdən düşdü könlümün sazı.

Gələn sığırçın da devikib hələ,
Ona «xoş gəlmisən» deyən olmadı.
Yaşılbaş sonalar gəlmədi gölə,
Bu il qapımızı döyən olmadı.

Görən kim qarğadı bəxtimə mənim,
İstəyim, həvəsim gözümdə qaldı.
Sənsiz azalıbdı gəlib-gedənim,
Həsrətin sönməyən közümdə qaldı.

Haqq bilir içimdə nələr çəkirəm,
Sənsiz ev-eşik gözümdən düşüb
Könlümün bağında dərd, qəm əkirəm,
Sənsiz ümidim dözümdən düşüb.

Bu il bostanımız sənsiz əkilir,
Sənsiz çiçəkləyir nar bağımız da.
Mənim ürəyimə dağlar çəkilir,
Görəndə əl izin var bağımızda.

Qiyamətə qalan görüş

Həyətdə, bağçada gəzirəm sənsiz,
Hicran yanğısına dözürəm sənsiz,
Şirin həyatımdan bezirəm sənsiz,
İtib o şuxluğum, çevik yerişim,
Qaldı qiyamətə, qaldı görüşüm.

Hər işi vaxtında yoluna qoyan,
Hamıya ümidgah, hamıya həyan.
Allah, hardan əsdi bu qanlı tufan,
Tamam alt-üst oldu mənim hər İşim,
Qaldı qiyamətə, qaldı görüşüm.

Gəzib dolanırdım dağı, aranı,
Qəmlə keçirirəm qəmlə har anı,
Görürəm gün görüb ömür yoranı,
Bilmirəm mən səni kimdən soruşum,
Qaldı qiyamətə, qaldı görüşüm.

Yolunu gözləyir o qarlı dağlar,
Kimsəsiz ocaqlar, kimsəsiz bağlar.
Qəlbim tuğyan edər, gözlərim ağlar,
Namərdlə, nakəslə necə barışım,
Qaldı qiyamətə, qaldı görüşüm.

Ünvanı səhv saldı amansız ölüm,
Səni yaxaladı imansız ölüm.
Yandırdı cismimi o qansız ölüm,
Can atıram torpağına qarışım,
Qaldı qiyamətə, qaldı görüşüm.

Qayıt geri

Sənin bu səfərin uzun çəkdi,
Niyə qayıtmırsan, niyə gəlmirsən.
Fələk korgahıma süpürgə çəkdi,
Başıma gələni bəlkə bilmirsən.

Heç bildinmi nələr gəldi başıma,
Paltarıma güvə düşdü, kif atdı.
Bu hicranın belə ağır daşını,
Mənə tərəf kim tuşladı, kim atdı?

Əlim qalıb ürəyimin üstündə,
Gündən-günə sayı artır köçənin.
Yaman oldun onun, bunun üstündə,
İndi varmı bir dərdini çəkənin.

Ruhum ölüb, cismim gəzir avara,
Mən həyatdan, həyat məndən narazı.
Dövran çətin, gərdiş zalım, gün qara,
Ağzım dada, dilim sözə tamarzı.

Sübhdən durub eyləyirəm ahu-zar,
Səsim çıxmır, ünüm yetmir, hardasan?
Mən qədər qalmalıyam intizar,
Kədər məndən kənar getmir, hardasan?

Su yolumdu indi mənim dağ, aran,
Baxdıqca baxıram gələn görünmür.
Qayıt gülüm, qoyma məni nigaran,
Səndən başqa dərdi bilən görünmür.

Sağ olsunlar qohum, qardaş, oğul, qız,
Qəlb evimdə sənin yerin başqadır.
Ay nigarım, olma mənə vəfasız,
Qayıt geri, keç yuxarı başda dur.

Qayıt gülüm, sənsizləyib sonbeşik,
Nəvələri yığ başına nağıl de.
Min əzabla tikdiyimiz ev, eşik,
Boyatıdı, quzuladı, dağıldı.

Əridirəm gözlərimin yağını,
Göz yaşlarım şırım salır üzümdə.
Söndürən yox sinəmdəki yanğını,
Kəsərindən düşüb artıq sözüm .

Həsrət mənim hünərimi yeyibdi,
Gedəmmirəm yoxuşu mən, düzü mən.
Şairliyim gülüm, məndən əyibdi,
Seçəmmirəm sənə layiq sözü mən.
Qara geydi dam dolusu toyumuz,
Bu dünyanın varı, yoxu əbəsdi.
Çuxuruna axa bilmir suyumuz,
Bəxtim yatdı, qara yelim bəd əsdi.

Sən gedəli qönçə-qönçə güllərim,
Şivən çəkdi, için-için ağladı.
Səndən sonra karvan-karvan ellərim,
Gəlişinə hələ ümid bağladı.

Qayıt gülüm, avand olmur bir işim,
Mamırlayıb içimdəki arzular.
Səndən sonra yavaşıyıb yerişim,
Gecə-gündüz könlüm səni arzular.

Pəncərənin şüşəsini toz alıb,
Evə dolur ağacların xəzəli.
Evimizin hərarəti azalıb,
Qayıt geri, ay evimin gözəli!

Dörd ildir həsrətlə yol gözləyirəm

Vətəndən xəbər yox, səndən xəbər yox,
Qisas alammadım zalım fələkdən.
Dumandan xəbər yox, çəndən xəbər yox,
Səni soruşuram əsən küləkdən.

Dörd ildir həsrətlə yol gözləyirəm,
Dörd ildir eşqimin ocağı sönüb.
Səni xəyalımda əzizləyirəm,
Küskün ümidimin o çağı sönüb.

Dörd ildir zəhərdir ağzımın dadı,
Qəlbimi yandırır gözümün yaşı.
Dörd ildir sevinci küsüb Şirzadın,
Xiffət eyləməkdən ağarıb başı.

Ötüb aylar, illər, dəyişib fəsil,
Dolaşıram ruhun gəzən yerləri.
Məndə xoş üz görüb vallah, elə bil,
Hələ də səngimir xəzan yelləri.

Yuxuda görürəm ilk sevgimizi,
Görürəm ağlayır görüş yerimiz.
Görən hansı namərd ayırdı bizi,
Düşüb çilikləndi görüşlərimiz.

Arxanca o qədər gedib gəlirdim,
İzim cücərirdi bulaq yolunda.
Gülüşü, sevinci sənlə bölürdüm,
Gülüş gül açırdı dodaqlarında.

Yadıma saldıqca ötən günləri,
Ürəyim soyulur, içim göynəyir.

Məhəbbət bağımda bitən gülləri,
Yağışlar budayır, sazaqlar döyür.

Hicrana dözmədi bağda ağaclar,
Əriklər, əncirlər, narlar qurudu.
Qıraqda, bucaqda üç-dörd ağac var,
Gözümə görünən nə var, qurudu.

Qızların tənəsi sarsıdır məni,
Yer tapa bilmirəm özümə, gülüm.
Güclə hərlənirəm çölü, çəməni,
Bilmirəm nə sayaq özümə gəlim.

Beş qız niskilinə dözə bilmirəm,
Üzümə zillənir beş məsum baxış.
Divarda şəklini süzə bilmirəm,
Hardan tuşlanıbdı mənə bu qarğış.

Qəm sıxıb ürəyim daşa dönübdür,
Ömrün bu çağında darda qalmışam.
Gülüzlü baharım qışa dönübdü,
Gülüzlü nigarım, harda qalmısan?

Dörd ildə dünyanın dəyişdi donu,
Doğrusu bezmişəm belə həyatdan.
Hicranın, həsrətin görünmür sonu,
Üzülə bilmirəm hələ həyatdan.

İstəyim, həvəsim içimdə yanır,
Hicranın qəddini əyə bilmirəm.
Kövrək duyğularım hey səni anır,
Sirrimi kimsəyə deyə bilmirəm.

Başıma yağdıqca böhtan daşları,
Qəm-kədər karvanı içimdən keçir.
De, necə unundum o baxışları,
Baxışın bəbəyin içindən keçir.

Əlinin sığalı əriyib evdən,
Yükümüz tumarsız qalıb, əzizim.
Dörd ildir səsini eşitmirəm mən,
Əkdiyin güllər solub, əzizim.

Fələk gorgahıma süpürgə çəkdi,
Tifaqım dağıldı, çardağım uçdu.
Yurdumun üstünə qaranlıq çökdü,
Göylər nərə çəkdi Çaldağım uçdu.

Əngin səmalarda ulduzum söndü,
Bir yanmağına gümanım yoxdu.
Şadlığım, sevincim kədərə döndü,
Daha sevinməyə inamım yoxdu.

Səhər günəş çıxır, axşam ay doğur,
Üzüb əldən salıb intizar məni.
Bir qərib gecədə məni çağır,
Alsın ağuşuna dar məzar məni.
2005

Gözəlsiz bu dünya gözəl olarmı


Bu hicran oduyla ciyərim yanır,
Kim bilir içimdə nələr çəkirəm.
Kotan hoşa dəyib dinməz dayanır,
Şərbət əvəzinə zəhər içirəm.

Dünya gözəlləri yatır məzarda,
Gözəlsiz bu dünya gözəl olarmı?
Bağların üstünə xəzan əsməsə,
Yarpaqlar tökülüb xəzəl olarmı?

Bir ət parçasıdır əl boyda ürək,
Onun da nazına gərək dözəsən.
Eşqi, məhəbbəti soluxmuş gül tək,
Urvatdan salmağa çalışma gəl sən.

Səadət eşqdədir, soruşma niyə,
Eşqsiz heç zaman olmaz hünərin.
Həyat bağışlasan ülvi sevgiyə,
Xoşuna gələrsən əroğlu, ərin.

Eşqsiz həyatın şamı qaralar,
Tayı olmayanda quş da qəm çəkər.
Nəşəni, həvəsi yar, yardan alar,
Aşiq məşuqəylə müdam dəm çəkər.

Çox cəfaya dözdüm, qürbətdə gəzdim,
Qəmzəli gözəllər çox dünyada.
Coşqun dağ çayının suyunda üzdüm,
Dünya fanidirsə əbəsdir o da.

Dünya gözəlləri yatır məzarda,
Gözəlsiz bu dünya gözəl olarmı?
Bağların üstünə xəzan əsməsə,
Yarpaqlar tökülüb xəzəl olarmı?

 Pozulmaz, gülüm

Taqətim qalmayıb dözəm dərdimə,
Canla əlləşəni incitmə, gülüm
Hərdənbir vurursan sən sarı simə,
Bu gedər-gəlməzə gəl getmə, gülüm!

Heç zaman itirmə sayıqlığını,
Ürəyim dönübdü qana, neyləyim.
Məlhəm qoy, tez sağalt sinə dağımı,
Dərdindən gəlmişəm cana, neyləyim?
Qüssədən əriyib çöpə dönmüşəm,
Bu müşkül dərdimi mən kimə deyim?
Nur saçmır çırağım, artıq sönmüşəm,
Kimsəyə yaxından dəymir köməyim.

Uçubdur əlimdən tülək tərlanım,
Gəzirəm çölləri yalın ayaqla.
Qərib-qürbət eldə əriyir canım,
Səni axtarıram indi çıraqla.

Torpağım talanıb, daşım daşınıb,
Aylarla, illərlə mən yol gözlədim.
Neçə ocaq sönüb, neçə daş yanıb,
Ahımı, naləmi necə gizlədim.

Gil təpədən gedib, qum da qumluqdan,
Bağın meyvələri küpdə qaynayır.
Kəsibdi yolumu bir nankor, nadan,
Xoşbəxt o kəsdir ki, hicran duymayır.

Həmdəmim göynərti, sızıltılardı,
Bu fani dünyadan köçsəm, ağlama.
Sirdaşım inləyən kamandı, tardı,
Qırx gün yas saxlama, matəm saxlama!

Dəmirçi kürəsi yanır sinəmdə,
İncidir qəlbimi söz yarası da.
Məhəbbət salıbdı məni kəməndə,
Qalmışam od ilə su arasında.

Müddətdir düşmüşəm səndən aralı,
Bir zaman alışdım, bir zaman söndüm
Oldum Məcnun kimi yardan yaralı,
Korun-korun yandım kömürə döndüm.

Eşqin atəşinə çırpı dözərmi,
Çör-çöpdən ocaqda bir az qor qalar.
Görən yar-yarından ayrı gəzərmi?
Sevgiyə xor baxan gözlər kor qalar.

Görən od yanmasa tüstü çıxarmı?
Məhəbbət ötəri yazılmaz, gülüm.
Göylər dolanmasa, şimşək çaxarmı?
Taleyin yazısı pozulmaz, gülüm!
23.09.2008

 

Yarsız yaşamağın nə mənası var

Hər gecə göylərdə qalıbdı əlim,

Gül dərə bilmirəm vüsal bağından.
Məndən kənar gəzir nazlı dilbərim,
Busə alammıram bal dodağından.
Ayrılıq sevdası girmir başıma,
Can alan canandan necə əl çəkim?
Kimlər zəhər qatdı şirin aşıma,
Oduma yanandan necə əl çəkim?

Mən ona tamarzı, o mənə həsrət,
İmdad istəmirəm mən bir kimsədən.
Bəxtimdən edirəm giley, şikayət,
Bağrım qana dönür qəmdən, qüssədən.

 

Yarsız yaşamağın mənası var,

Mənə yapışarmı yarsız od-ocaq.
Yarsız bu gen dünya zindangah olar,
Canımız çıxsa da qoşa çıxacaq.

Biganə sanmaram özümü ona,
Kirpiklə süpürəm gəldiyi yolu.
İstəsə verərəm gözümü ona,
O mənim qəlbimdə uludan ulu.

Şan-şöhrət gözəli yoldan azdırar,
Vəfasız gözəllər sərvətə uyar.
Yolunda can versəm, yenə azdı, yar,
Yaxşı yar yarını qibləgah sayar.

Ürəkdə yanmasa məhəbbət odu
Eşqin həvəsinə düşmək hədərdi.
Bilirsən, bu dünya fani dünyadı?
Gördüyün varsa gəldigedərdi.

Yerində deyibdi ulu babalar.
«Sevdiyin yar olsun, daş dibi evin».
Heç vaxt pozulmasın düz əhd, düz ilqar,
Sevdiyin gözəllə danış, gül, sevin.

Yarsız yaşamağın mənası var?

Mənə yapışarmı yarsız od-ocaq.
Yarsız  bu gen dünya zindangah olar,
Canımız çıxsa da qoşa çıxacaq.
01.11.2008
Könül sevən göyçək olar

Ürəkdə cücərər eşqi-məhəbbət,
Sevəni qınamaz nə oba, nə el.
Sevən bir-birinə verməz əziyyət,
Sevgi ürəkdədir, o dildə deyil.
                 
Ürəkdən sevməsə sevən, sevəni,
Heç vədə bilinməz vüsalın tamı,
Mən kiməm, nəçiyəm  söz deyəm, gülüm,
Ürəyin hökmünə acizdir hamı.

Mənim ürəyimdə yurd salıb vəfa,
Vəfasız olandan yar olmaz, yarım.
Mən sənin yolunda çəksəm min cəfa,
Vücudum heç zaman yorulmaz, yarım.
Yar yolunda boran olar, qar olar,
Əzab-əziyyətə dözəsən gərək.
Sevgidə sədaqət, etibar olar,
Sevginin gülünü üzəsən gərək.

«Könül sevən göyçək olar», deyiblər,
Sevgiyə sevənin gözüylə bax, sən.
Bir şirinə yüz acını yeyiblər,
Namərdsən, özgənin sözünə baxsan.

Necə unudum?

Gözlədim, gözlədim, gəlib çıxmadın,
göndərmədin mənə bir xəbər.
Baxmaqdan gözümün kökü saraldı,
Yoluna göz dikdim hər axşam-səhər.

Ayrılıq günləri belimi bükdü,
Elə bil üstümə göylər od tökdü.
Həsrətmi əlini telinə çəkdi,
Zəhmətim zay oldu, əməyim hədər.

Sənsizəm, ucalmır səsim-sorağım,
Sənsizəm, açılmır qaşım-qabağım,
Sənsizəm, sozalır vüsal çırağım,
Dar günüm olarmı bu gündən betər?

De, necə unudum, necə zülfünü,
O zülmət zülfünü, gecə zülfünü.
Gəl Əvəz oxşasın gecə zülfünü,
Gülüm, dan ulduzu doğana qədər.
1980
Səni xəyalımda əzizləyirəm

Hər gecə yuxumda görürəm səni,
Fəqət neyləyim ki, yuxum çin olmur.
Gəzib dolanıram çölü, çəməni,
Bu sırtıq tənhalıq məndən gen olmur.

Gözümdən, könlümdən xeyli uzaqsan,
Gülüm, əylənməyə vaxtın olmadı.
Allah dərgahında hər an üzağsan,
Bəndənin yanında bəxtin olmadı.

Durula bilmirəm, bulanıq suyam,
Baxışın ilişib gözümdə qalıb.
Bir sönük ilhamam, nakam arzuyam,
İstəyim, həvəsim özümdə qalıb.

Mənim qismətimə ayrılıq düşdü,
Həsrətin kələfi açılmır hələ.
Çiynimə dağ boyda ağırlıq düşdü,
Fidan pöhrələrim ucalmır hələ.

Bir əcəl dəryazı zəmimi biçir,
İçimi göynədir hicran yanğısı.
Bəxtəvər günlərim könlümdən keçir,
Axır ürəyimə, axır qanlı su.

Gizlincə-gizlincə udsam dərdimi,
Deyərdim əridi taleyin buzu.
Üstünə dərd gəlir, hər gün dərdimin,
Nədən xəbərin var, ay zalım qızı.

Ömürlük yatmısan səssiz-səmirsiz,
Gecə keşiyini mələklər çəkir.
Özündən xəbərsiz, məndən xəbərsiz,
Sənə könül verən gör nələr çəkir.

Bir gül qönçəsiydin, tez qırıldın,
Fələyin əlindən gəlmişəm zara.
Soyuq məzarlara sadiq yar oldun,
Ahım göyə çatdı, ünüm dağlara.

Qaşım-qabağım da açılmır, gülüm?
Hardan tuşlanıbdı, görəsən, bu daş?
Yanıb külə dönüb ağzımda dilim,
həmdəm tapılır, ki, sirdaş.

Başım ayazımır dumandan, çəndən,
Yöndəmsiz dərdləri çəkə bilmirəm.
Ağzı buruq gəzir çoxları məndən,
Yaxşını yamandan seçə bilmirəm.

Uzun gecələri səhərə qədər
Oturub keçmişi çözələyirəm.
Xəyala dönmüsən, a nazlı dilbər,
Səni xəyalımda əzizləyirəm.
07.11.2002
Ayrıldıq

Ayrıldıq
soyuq bir payız gecəsi,
Bilinmədi getdiyin məkanın
Yolu-irizi
ünvanı, küçəsi.
Düzəldin «gedər-gəlməz»
yolun ağına,
Mən düşdüm sorağına,
Dözdüm həsrətə, hicrana.
Anasız bir uşaq kimi
ağladım yana-yana,
Ayrıldıq,
üz tutdun məzarıstana,
Mənsə çölü-biyabana.
Əbədiyyətə köç etdin,
Şirin xatirələrini qəlbimə
köçürtdüm.
Ayrıldıq,
Sən getdin haqq dünyasına,
Mən bu nahaqq dünyadan
vaxtı bilinməyən ömrə
sığınacaq aldım.
Sən soyuq məzarda yalqız,
Mən burda bir küncə qısıldım,
tək-tənha qaldım.
2002
Qoymadı

Günəşdən nur istədim,
Zərrəsini vermədi.
Aydan ziya istədim,
Ziyasını vermədi.
Bulaqdan su istədim,
Mənə tərəf axmadı.
Gözəldən baxış umdum,
Xumar-xumar baxmadı.
Buluddan yağış umdum,
O üstümə yağmadı.
Çiçəkdən şəfa umdum,
Dərdə çarə qılmadı.
Gülşəndən səfa umdum,
Mənə qismət olmadı.
İnsandan vəfa umdum,
Vəfasızlıq eylədi.
Torpaqdan hünər umdum,
Torpaq mənə qıymadı.
Taleyimdən küsmürəm,
Dərdə, qəmə, ələmə
Məni həsrət qoymadı.
1995
Söndü

Niyə yol veridiniz, a qanlı dağlar,
Əsdi üstümüzə, əsdi qara yel.
Bu dərddən yas tutub qanlı da ağlar,
Uddu igidləri, uddu qara yer.

Qaboy fəryad edir, qaboy ağlayır,
Bir ünü yerdədir, bir ünü göydə.
Bu ölüm, bir qırğın sazı dağlayır,
Bir ulu bayatı çağırır ney .

Uzanıb qara əl üstümü aldı,
Qaraldı gör neçə çırağım mənim.
Zəhərli ilanlar qəlbimi çaldı,
Qaldı qiyamətə bu dağım mənim.

Ər oğullar getdi, havayı getdi,
Ellər neçə-neçə şəhid itirdi.
Ağılar cücərib dilimdə bitdi,
Hicranın yenə bəxti gətirdi.
Aydın səhərlərim zülmətə döndü,
Ulduzlar qüssədən yerə töküldü,
Şirin arzuların ocağı söndü,
Nişan üzüyünün boynu büküldü.

Çox su götürəcək bu xəmir hələ,
Oğulsan tab gətir bu ağır dərdə.
Nadanlar, naşılar saldı vəlvələ,
Şərə düçar oldum durduğum yerdə.

Qoy xına yaxmasın yağı əlinə,
Onun da ocağı sönəcək bir gün.
Gərdişin bu günkü sərt əməlinə,
Ədalət süngüsü dönəcək bir gün.

Sınaram, gülüm
                                    
Yenə daş atmısan yuxuma, gülüm,
Yenə çökdürmüsən zil qaranlığı.
Könlümün evini gəl yıxma, gülüm,
Salıb çilikləmə mehribanlığı.

Sənin baxışının kədərli dəmi,
Hicran kölgəsini üstümə salır.
Alma gözlərində görəndə qəmi,
Qəm özü şığayıb üstümü alır.

Əzəldən od kimi hisslərin olub,
Niyə hərarətin buzlaşır, niyə?
Məhəbbət atəşi günəşdən alıb,
Sənin haqqın varmı buza dönməyə?

Eşqimin odunu səndən almışam,
Kərəm tək yolunda yanaram, gülüm.
Ömrün payızıdır, kövrək olmuşam,
Məni silkələmə, sınaram, gülüm.
1984
Qəlbində yaşat

Vurul bir gözələ, bir qələm qaşa,
Dəyməsin diləyin, muradın daşa.
Könül sirdaşınla mehriban yaşa,
Ülvi məhəbbəti qəlbində yaşat,
Mənasız illərin ardınca daş at.

Yolunu azasan niyə gərək sən?
Bir fayda verməsən, nəyə gərəksən?
Yerdən düz baxasan göyə gərək sən,
Könlündə həmişə gözəllik yaşat,
Mənasız illərin ardınca daş at.

Cızıqdan çıxdığın yetər, qardaşım,
Bağında gül-çiçək bitir, qardaşım.
Ömür-gün beləcə ötür, qardaşım,
Boşalt içindəki kədəri, boşalt.
Mənasız illərin ardınca daş at.

Bir vaxt üstümüzə qara yel əsdi,
Şər gəlib nahaqdan qapımı kəsdi.
Şərlə oynadığın həvəsdi, bəsdi,
Ürəkdə Vətəni, torpağı yaşat,
Mənasız illərin ardınca daş at.
2006

Vətən torpağı

Görən kim göndərdi qəfil bəlanı,
Bu qəfil qasırğa komamı yıxdı.
Gözü yaşlı qoyub altı balanı,
Evimin xanımı səfərə çıxdı.

İlahi, bu səfər uzaq səfərdi,
Bu yoldan qayıdıb gələn olmayıb.
İlahi, verdiyin dağ boyda dərdi,
Oturub yarıya bölən olmayıb.

Özüm çəkməliyəm bu dərd yükünü,
Axşamım, sabahım qara olubdu.
Ya Rəbbim, fələyin bu sərt yükünü,
Çəkməkdən cınağım yara olubdu.

Yumdu gözlərini, əbədi yumdu,
Axdı ürəyimə qanlı göz yaşı.
İstəyim, həvəsim gözümdə dondu,
Boynubükük qaldı bir üzük qaşı.

Vətən dağlarına tutdum üzümü.
Baxdım, zirvədəki o qara baxdım,
Qərəmət yuxusu yumdu gözümü,
Yatıb oyanmadı o qara bəxtım.

Yatıb oyanmadı o qara bəxtım.
Sinəmi dağladı bu hicran dağı,
Gözünə tökməyə tapa bilmədim
Bir ovuc müqəddəs Vətən torpağı.

Eşqimi göylərdən endirmə, gülüm,
Getmə, çırağımız qaralır axı,
Bu sınıq könlümü sındırma, gülüm,
Məhəbbət bağımı qar alır axı.

Ya Rəbbim, Ya rəbbim, bu tufandı,
Tifağım dağıldı, ocağım söndü.
Şirin arzularım içimdə yandı,
Gəlimli, gedimli o çağım söndü,

Yatıb oyanmadı o qara bəxtım,
Sinəmi dağladı bu hicran dağı.
Gözünə tökməyə tapa bilmədim,
Bir ovuc müqəddəs Vətən torpağı.
1995
Qalıb

Nə müddətdir səndən ayrı düşmüşəm,
Donmuşam, açılmır donum, ay mələk.
Qəm sacında qovrulmuşam, bişmişəm,
Məşhərəcən yanar canım, ay mələk.

Heç yerdə bir qərar tuta bilmirəm,
Səni axtarıram xeyirdə, şərdə.
Gecələr sübhədək yata bilmirəm,
Arzum tora düşüb, ürəyim dərdə.

Əhdim şikəst olub, istəyim zəlil,
Həyatdan doyunca kam almadım mən.
Kədər üstələyir məni ilbəil,
Çəkilmir yolumdan nə duman, nə çən.

Sənsizəm gecələr yuxum qarışır,
Hicran yaman yerdə təkləyir məni.
Gündəlik qayğılar başımdan aşır,
Tale qəm-qüssəylə yükləyir məni.

Ta həyat eşqiylə döyünmür ürək,
Həsrətin qıvrılıb sinəmdə yatıb.
Sənin varlığınla öyünmür ürək,
Xeyirxah əməlin çəməndə yatıb.

Yolum bitdi, ağzım daşa dirəndi,
Ömrün bu çağında itirdim səni.
Bəxtimin gülşəni solub, örəndi,
Gözümün içində bitirdim səni

Sən köçdün, mən qaldım yurda gözətçi,
Könlüm ev-eşiyə sığışa bilmir.
Kasıb komamızdan perik düşüblər,
Uşaqlar bir yerə yığışa bilmir.

İlk görüş yerimiz yadıma düşür,
O vaxtdan, əzizim, əlli il keçir.
Xəbərim olmadan illər ötüşür,
Dünyadan qəhrəman oğullar köçür.

Yamanca sarsıdır yoxluğun məni,
Boynumu bükürəm yetim uşaq tək.
Sənsiz gəzəmmirəm çölü, çəməni,
Əlimi, qolumu bağlayıb fələk.

Əkdiyin ağaclar gözləyir səni,
Güllər sığalına tamarzı qalıb.
Gecələr tənhalıq sarsıdır məni,
Canımda sənsizlik azarı qalıb.
01.11.2004
Bir şirin paysan

Sən gəldin dərdimin bağrı yarıldı.
Açıldı könlümün qaşı, qabağı.
Sən gəldin təbəssüm mənə yar oldu,
Küskün sevincimin qaçdı dodağı.

Qəlbimdən keçəni yaman bilmisən,
Qəm-qüssə üstümü almışdı, gülüm.
Gəl otur yanımda sən xoş gəlmisən,
Gözüm astanada qalmışdı, gülüm.

Meylimi salmaram dövlətə, vara,
Halal zəhmətimlə ərsəyə çatdım.
Hərdənbir düşəndə borana, qara,
Sazağı şerimin gözünə qatdım.

Hər səni görəndə dünyam sevinir,
Qönçə arzularım gül açır mənim.
Sevincim, fərəhim səmadan enir,
Məhəbbət aləmim dil açır mənim.

Bu gün sən necə də gözəl olmusan,
Elə bil dənizdən boylanan aysan.
Hurisən, mələksən, göydən enmisən,
Bəxtimə yazılan bir şirin paysan.

Sənin gülşənində gül, çiçək solmaz,
Sevgi güllərini göndərən sənsən.
Səni heç nə ilə dəyişmək olmaz,
Eşqimin odunu söndürən sənsən.
2005
Pənah Allaha

Əzizim, gəl daşı tök ətəyindən,
Körpəcə deyilsən, uşaq deyilsən,
Dərdini çəkməkdən çürümüşəm mən.
Axı yaxınımsan, uzaq deyilsən.

Mənim son gümanım sənə qalıbdı,
Dözdüm əzabına, əziyyətinə.
Baxışım ilhamı səndən alıbdı,
Niyə inanmırsan sədaqətimə?

Oturub hər gecə məni danlama,
Eşqin atəşini söndürmə, gülüm.
Dinin nə günahı, dini danlama,
Arzum göylərdədi, endirmə, gülüm.

Eşqinlə köksümdə çırpınır ürək,
Hicran yanğısına nə qədər yanım?
Gözümün qurdunu öldürüb fələk,
İndi daha coşmur damarda qanım.
Bu dərdli qəlbimi yaxma odlara,
İşimi düyünə salıbdı həyat.
Xanım, gəl eyləmə günümü qara,
Acı loxmamı da şirin kimi dad.

Sinəm körükdürsə, ürəyim kürə,
Sən mənim gözümdə sevgili cansan.
Gəl, cavan ömrü vermə hədərə,
Bağrımı elə yar, ağrımasın can.

Nəyimə gərəkdir sənsiz bu canım,
Həsrətin əlində qalıbdı yaxam.
Sənin tək gözələ halaldı qanım,
Allah göz verib ki, gözələ baxım.

Sevgi olan yerdə nədir ibadət,
Vüsal aman verməz həddimi aşım.
Könül sındırmağa etmədim adət,
Yol göstər, səninlə necə dalaşım.

Sanma  , gücsüzəm, zəifəm daha,
Tanrıdan gəlibdi cəza, neyləyim,
Hələ ümidliyəm, pənah Allaha,
Meylimi salmışam saza, neyləyim?
27.01.2009

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri