Bu dərdi çəkənə ver kitabından şeirlər 2ci hissə


Biz oyuna girməmişdən  uduzduq

Dünyamızın kirpiyindən yaş axır,
Çiynimizə aldığımız daş ağır.
Şirin yuxu gözümüzdə yaşamır,
Biz oyuna girməmişdən uduzduq.

Haqq boğuldu, nahaq bizi haxladı,
İnamımız yerli-dibli laxladı.
Şərəfsizlər el sözünə baxmadı,
Biz oyuna girməmişdən uduzduq.

Namərd əli arxamızca daş atdı,
Arzuları qəfəslərdə yaşatdı.
Didişməyə həvəs artdı, artdı,
Biz oyuna girməmişdən uduzduq.

Qoca gərdiş, bu ötür ötürdü,
El-obamız ər oğullar itirdi.
Üstümüzə dönə-dönə it hürdü,
Biz oyuna girməmişdən uduzduq.

Yaş qarıyır, qınımızda qalmışıq,
Qollarımız yanımızda qalmışıq.
Yarı sizdə, yarı bizdə qalmışıq,
Biz oyuna girməmişdən uduzduq.

Bu «yarı»lar neçə dəfə yarıldı,
«Dostlarımız» yağımıza yar oldu,
Çığırmaqdan boğazımız cırıldı,
Biz oyuna girməmişdən uduzduq.

Döyünməkdən qabar oldu kürsülər,
Qazılmaqdan itib-batdı gur sular.
Öz odumuz özümüzü qarsalar,
Biz oyuna girməmişdən uduzduq.

Bu torpağa ayaq basan yad azdı,
İçimizdə yaxın çoxdu, yad azdı.
Uduzanlar oyunlarda uduzdu,
Biz oyuna girməmişdən uduzduq.
1988
Sarvan

Bu gedən karvanın sarvanı kimdi,
Görən hansı səmtə gedir, ilahi.
Dözümüm qalmadı səbrim tükəndi,
Şər gəlib qəlbimi didir, ilahi.

Bu sarvan naşıdır karvan yoluna,
Qaçağa, quldura yem edir bizi.
Bu sarvan acımır elin halına,
Bu sarvan günbəgün kam edir bizi.

Beş ildir bu karvan gedir bu yolu,
Gündoğan, günbatan bilmirik, Allah.
İrəli qorxulu, geri qorxulu,
Beş ildir ürəkdən gülmürük, Allah.

Bu sarvan hələ gəzdirir bizi,
Bilmirik dünyanın harasındayıq.
Xudaya, bu həyat bezdirir bizi,
Hicranla vüsalın arasındayıq.

Bir yana çıxarmır bu sarvan bizi,
Bu yolda yorulub əldən düşmüşük.
Salıb qan gölünə nahaqdan bizi,
Səsimiz batıbdı, dildən düşmüşük.

Bu karvan yolunun sonu görünmür,
Niyə haqq, ədalət bəri qayıtmır,
Gözlərim zillənib, yollara, qardaş,
Gedən ümidlərim geri qayıtmır.

İstək

Ana kəndim,
Dağ havası,
Buz bulaqlar,
Yaşıl düzlər,
Gen dərələr,
Uca dağlar.
Zirvəsinə əl çatmayan
Dünya görmüş qoca dağlar!
Gücüm çata
Bir sənətkar qüdrətiylə baxam sizə,
Buludlarda yağış olub
Narın-narın yağam sizə.
Bir ellər qınamaya
Cığır olub çıxam sizə.
Başım üstən
Karvan-karvan duman keçə,
Sis ələnə
Çiçəklərə şeh çilənə.
Yal boyunca cərgələnə
Qoyun, quzu sürüləri,
Qayalıqda nəğmə deyə ana kəklik,
Kaş o dəmdə
Ürəyimdən keçənləri qana kəklik,
Qulağımda çiliklənə
Bildirçinin qırıq səsi.
Şirin-şirin layla çala
Dağ çayının zümzüməsi.
Bax beləcə ötə aylar,
Ötə illər.
Ürəyimdə baş qaldıra
Yeni-yeni həyat eşqi,
Qönçələnə təzə güllər.
O gülləri nəsil-nəsil
Dərə ellər.

Bağışla, dünya

Mərdin süfrəsinə dadanıb namərd,
Yolumun ağzında bitib xəyanət.
Birinə işıqsan, birinə zülmət,
Bəlkə düz demirəm, bağışla, dünya.

Birinin əlinə küllü nəf gəlir,
Kefinin üstünə bir kef gəlir.
Dostun zayı çıxıb, dosta kəf gəlir,
Bəlkə düz demirəm, bağışla, dünya.

Birinin vaxtı var, vaxta güvənir,
Birinin baxtı var, baxta güvənir.
Biri oturduğu taxta güvənir,
Bəlkə düz demirəm, bağışla, dünya.

Söz verib durmursan sözünün üstə,
Deyən yox qaşın var gözünün üstə.
Olmusan çörəyi dizinin üstə,
Bəlkə düz demirəm, bağışla, dünya.

Haqqı, ədaləti tapdayır zaman,
Biclik, dələduzluq açıbdı meydan,
Gəlib hesab verir qanmaza qanan,
Bəlkə düz demirəm, bağışla, dünya.

Qanqallar əkirsən gülün yerinə,
Danalar satırsan kəlin yerinə.
Qarılar verirsən gəlin yerinə,
Bəlkə düz demirəm, bağışla, dünya.

Gərdiş əlçimiyəm, sərt əyir məni,
Asılıb boynumdan dərd, əyir məni,
Kimə işim düşür, «gör» deyir məni,
Bəlkə düz demirəm, bağışla, dünya.

Yaxşı-yaman bir-birinə qarışır.
Bilən yoxdur kim-kim ilə yarışır.
Haram yeyən halallıqdan danışır,
Bəlkə düz demirəm, bağışla, dünya.

Əvəz, insaf elə içim dayanır,
Zahirim yanır, içim yanır.
Yağının ocağı içimdə yanır,
Bəlkə düz demirəm, bağışla, dünya.


Millət ayılmır

qədər at keçməz yollar var, Allah,
Qışda yağış yağır, yayda qar, Allah.
Ağıl çaşbaş olub, qulaq kar, Allah,
Millət ayılmır.
      
Qapıdan qovulan bacadan çıxır,
Yağı qabağına üç adam çıxır,
İndi mənim səsim ucadan çıxır,
Millət ayılmır.

faydası, ha harayla, ha qışqır,
Haya gəlmir bir özbək, başqırd,
Yaz qurtarıb, yay tükənib, ta qışdır,
Millət ayılmır.

Elin varı yad ellərə daşındı,
Sapandıma tapammıram daş indi.
Müstəqiləm, öz əlim, öz başımdı,
Millət ayılmır.

Yaxanı kənara çəkmə

Dəridən, qabıqdan, köynəkdən çıxıb,
Müstəqil eylədik ana yurdumu.
İndicə-indicə bələkdən çıxıb,
Ayağı yer tutur milli ordumun.

Yüz dəfə gedirdik «voyenkomata»,
Uşaq toralmamış adam gəzirdik.
Oğlumuz düşəndə «stroybata»,
Bazardan qoç alıb qurban kəsirdik.

İndicə-indicə çatır ərsəyə,
Sərvəti min yerə bölünən Vətən.
Şərəfsiz bir nadan qalxır kürsüyə,
Deyir yer üzünün «Allahıyam» mən.

Hanı nicat yolu, həqiqət yolu,
Vicdanın kələfi düyün düşübdü.
Ay Allah bəndəsi, ay insan oğlu,
Əl saxla, şərikli nəyin düşübdü?

Bu fəlakətdi, bu qarğışdı,
Getməz ürəklərdən bu yara, bu dağ.
Başımız alverə, gülə qarışdı,
Çıxdı yadımızdan gözəl Qarabağ.

Yaxanı kənara çəkmə, əzizim,
Bir günah sənindir, bir günah mənim.
Böyük faciəmiz odur ki, bizim,
Sən mənə qənimsən, mən sənə qənim.
1992
Olmasa

Sərvətimiz içimizdə talandı,
Torpağımda hicran odu qalandı.
Düşmən bizə bata bilməz, yalandı,
Bu millətin dönükləri olmasa.

Bundan belə mənim canım sağ olmaz,
Sinəmdəki şəhid dağı sağalmaz.
Yurd yerimiz yad əliylə dağılmaz,
Bu millətin dönükləri olmasa.

Ərşə çıxdı Xocalının harayı,
Ələ keçdi Xan qızının sarayı.
Bayram olar yurdumuzun hər ayı,
Bu millətin dönükləri olmasa.

Əldən verdik biz o gözəl çağları,
Qan ağlayır Kəlbəcərin dağları.
«Hayqanuşlar» gəzəmmədi bağları,
Bu millətin dönükləri olmasa.

Qar ələnib gəlinlərin saçına,
Paxır qonub nənələrin sacına.
Yağı düşmən girəmməzdi Laçına,
Bu millətin dönükləri olmasa.

Bəxtimizə göydən alov yağdımı,
Bu dərd yükü üstümüzdə dağdımı,
Ər oğullar verməzdilər Ağdamı,
Bu millətin dönükləri olmasa.

Halal olsun düyünləri açana,
Haram olsun yurdu qoyub qaçana.
Yad əl çatmaz bayrağımın tacına,
Bu millətin dönükləri olmasa.

Bu ellərin Arazı var, Kürü var,
Gövhəri var, mərcanı var, dürrü var.
Azərbaycan, hər qarışın zər olar,
Bu millətin dönükləri olmasa.
1994
Ovçu

Keçmə burdan ovçu qardaş,
Çiçəklərin bağrı bişər.
İnsafa gəl a qəlbi daş,
Sona göldən ayrı düşər.

Keçmə burdan, gözüm qorxub,
41-45 davasından.
Neçə ceyran uzaqlaşıb,
Öz elindən, obasından.

Aman ovçu, keçmə burdan,
Kəklik küsər yuvasından.
Barıt qoxu gələr birdən,
Bizim dağın havasından.

Biz insanıq

Biz insanıq,
Yaradanıq.
Gül üstünə düşən şehdən yaranmışıq,
Ürəklərə məlhəm olan
Sərin mehdən yaranmışıq.
Mənəviyyat sərvətindən,
Məhəbbətdən yaranmışıq.
Səmimiyyət duyğusundan,
Ülviyyətdən yaranmışıq.
Eşq adlanan bir çeşmədən,
Həqiqətdən yaranmışıq.
İki qəlbin vüsalından,
Ünsiyyətdən yaranmışıq.
Arxamızda haqq dayanıb,
Ədalətdən yaranmışıq.
Möcüzəli dörd ünsürdən,
Oddan, sudan
Yerdən, göydən.
Xoş arzudan yaranmışıq.
Bu dünyaya gələndə biz
İnqə dedik.
İnqə ilə su istədik,
Çörək yedik.
İnqə nədir?
-Bir varlığın ilk sədası,
Bir ciyərin tər havası
Bir dirilik nişanası.
İnqə bizim ilk dilimiz,
İlk sözümüz.
Təkcə onu yaratmışıq
Biz özümüz.
Beşiklərdə yata-yata böyümüşük,
Bələklərin əskisini
Ata-ata böyümüşük.
Aydan, ildən tuta-tuta böyümüşük.
Ayla, illə görüşdükcə
Sevinc, kədər qarışıbdır
Ayımıza, ilimizə.
Bütün sözlər anamızın öz dilindən
Süzülübdür dilimizə.
Hər kəlmənin mənasını
O, öyrədib əzəl bizə.
Gülüş verib çöhrəmizə,
Sığal çəkib telimizə.
Əsən yeli,
Coşan seli,
Ədaləti,
Həqiqəti,
Etibarı,
Sədaqəti,
Yeri, göyü
Təbiəti
ANAMIZDAN öyrənmişik.
Ay deyibdir, ay demişik,
Çay deyibdir, çay demişik.
Gözəlliyi duya-duya böyümüşük
Arxalanıb xoş arzuya, böyümüşük.
Ayla, illə görüşdükcə
Amal, kamal baş qaldırıb qəlbimizdə.
Hicran, vüsal baş qaldırıb qəlbimizdə,
Min bir sual baş qaldırıb qəlbimizdə.
Həyat eşqi, Vətən eşqi
Alıb bizi ağuşuna.
Tablaşmışıq ömrümüzün yollarının
Enişinə, yoxuşuna.
Biz insanıq,
Yaradanıq.
Hər əzamız yerindədir,
Bəs bu nədir?
Əqidəmiz əkizləyir xəlvət-xəlvət.
Biri işıq, biri zülmət.
Sən işığın çırağını üfləyirsən,
Həqiqəti gözləyirsən.
Qarı düşmən!
Fəlakətin düyməsinə barmağını
Uzadırsan.
Əməlindən həzz alırsan.
Göyün gözü Günəşə hey deyirsən,
Kor olaydı kaş ki, oda
Mən azadlıq istəyirəm,
Sənin könlün xarabada.
Biz insanıq,
Yaradanıq.
Gəl yaradaq, gəl yaşadaq,
Silək kini könüllərdən,
Qoy dünyamız dağ görməsin.
Yer üzünə işıq verək,
Zülmətləri boğan işıq,
Biz işıqdan yaranmışıq,
Gözəl nurdan yaranmışıq!

Qaytar o torpağı, qaytar o yurdu

Döyüşçü qardaşım, əsgər qardaşım,
Hicranın əlindən ağardı başım.
Yolumu gözləyir Göbəkli daşım.
Düşmən ürəyimə yaralar vurdu,
Qaytar o torpağı, qaytar o yurdu.

Bir gözüm ağlayır, bir gözüm gülür,
Həsrətin nəştəri bağrımı dəlir.
Şirin arzularım içimdə ölür,
Çörək itirənlər üzümə durdu,
Qaytar o torpağı, qaytar o yurdu.

Azğınlaşan, nadan, quduz gədələr,
Sərvətimi ac qurd kimi yedilər.
Belə zülmü, qəddarlığı yad elər,
Namərdlər elimin belini qırdı,
Qaytar o torpağı, qaytar o yurdu.

Özlərini özgə gözlə görənlər,
Neçə kəndi «əl borcuna» verənlər.
Pərdələnib el qəlbinə girənlər,
Naxələflər yaratdı, qurdu,
Qaytar o torpağı, qaytar o yurdu.

Xiffətdən əyilib Murovdağ indi,
Yadları isidir od-ocaq indi,
Bağbansız keçinir bağça-bağ indi.
Bağların barını nadanlar dərdi,
Qaytar o torpağı, qaytar o yurdu.

qədər ki, verəmmirik əl-ələ,
Bizi yoracaqdır bu ağır şələ.
Kərəmi yolundan dönər, ay Lələ,
Keşiş fənd işlətdi, min hiylə qurdu,
Qaytar o torpağı, qaytar o yurdu.

Həsrətim torpaqdır, bir qələbə,
Təbibdir, loğmandır dərdə qələbə
Vallah yaraşıqdır yurda qələbə,
Çox şükür, yarandı müzəffər ordu,
Qaytar o torpağı, qaytar o yurdu.

Bəsdir, qaldıq intizar

Dünya narahat olanda
Çörəyim narahat olur.
Sevincim qəmə dönür,
Ürəyim narahat olur.
Oğlum narahat olur,
Qızım narahat olur.
Dilimə düyün düşür,
Sözüm narahat olur.
Yuxum ərşə çəkilir,
Gözüm narahat olur.
Telləri min havalı
Sazım narahat olur.
Əsəblərim gərilir,
Qanım narahat olur.
Yatağıma qor dolur,
Canım narahat olur.
Atın silahları, insanlar!
Ömrə qənimdir silahlar.
Görün, yurdsuz-yuvasız,
Evsiz-eşiksiz qədər insan var?
Atın silahları, insanlar!
Silahlar dünyanın
Köksünü yaralayıb.
Gülü bülbüldən,
Bülbülü güldən sitəmilə aralayıb.
Dünənimə dağ çəkib.
Könlümün baxçasında
Hicran əkib, dərd əkib.
Bombalar müqəddəs torpağın
Hamar sinəsinə sancılıb,
Çinarın qolunu qırıb, yanına salıb.
Güllələr bağın iliyinə işləyib,
Güllərin bağrını deşikləyib.
Qəlpələr atamın dizinə dəyib,
Üzünə, gözünə dəyib,
Sifəti yarğanlanıb.
Gözəlliyi görən gözləri
Çanaqlanıb, oyulub.
Tərlan gözlərin yerinə
Şüşə göz qoyulub.
Dünya yenə narahatdır.
Hava yaman bürküdür.
Yaxamdan asılan
Qəm-kədər yüküdür.
Barıt qoxusu gəlir burnuma,
Qara sancılar dolur qarnıma.
Hardasa vicdanı paklığa
Göz yumur qəddarlıq.
Hardasa günahsız qanlar axır.
Ay yerin hüsnünə qəzəblə baxır.
Hardasa qardaş qırğını salıb
Qəlbi daşlar, üzü sərtlər,
İnsan qanına susayan namərdlər.
Hardasa qan su yerinə axır,
Hopur torpağa.
Hardasa imdad istəyir
Məsum baxışıyla bir çağa.
Hardasa bir ocaq sönür,
Bir yurd yeri sökülür.
Allah, yuxulu körpələrin üstünə
Göydən alov tökülür.
Atın silahları, insanlar!
Bəsdir, qaldıq intizar!
Bəsdir, çəkdik ahu-zar!
Nahaq qan tökənlərə
Nifrətim var!
Yurdumda turp əkənlərə
Nifrətim var!
Atın silahları, insanlar!





Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal