Əzizim VƏTƏN Yaxşı kitabı 1ci hissə şeirlər


Leyliqaçan yaşıllığa bələnib          
                                   Zəlimxan Yaquba.

Əziz qardaş, danışım, deyim,
Bu gədiyə oxşamadı gədiyim.
İnan mənə, həqiqətdir dediyim,
İşıqlıdağ Gözəldağın qardaşı,
Əfsanədir hər qayası, hər daşı.

Meşələrin qalınlığı, kölgəsi,
Bülbüllərin ürəkaçan nəğməsi,
Bildirçinin qırçıq səsi, zil səsi,
Məni çəkib o yaylağa apardı,
Buz bulaqlı Güllüdağa apardı.

Səkkizayaq səkkiz ərdi, oğuldu,
Səngərdağın qayaları nağıldı.
Təhməzbulaq, qəm-kədərim dağıldı,
Elə bildim Arzubulaq çar oldu,
Bir qurtum su gözlərimdə nur oldu.

Leyliqaçan yaşıllığa bələnib,
İndi ordan ayaq izi kələnib.
Bu yerlərə bir xoşbəxtlik ələnib
Bıçaq batsın bədnəzərin gözünə,
Qoy düşməsin gözəlliyin izinə.

Gözəldağın sinəsində yatır var,
Gərdəninə dolanıbdır cığırlar,
Qoyub gəldim dağlar qaldı intizar,
Vəfasızam qayıtmadım bir mən,
Tamarzıyam doğulduğum yurda mən.

Görən o yerlərə yağış yağırmı

Bir bulaq laylası düşüb könlümə,
Dizimi qatlayıb doyunca içəm.
Üçtəpə yaylası düşüb könlümə,
O gədikdən aşam, o dikdən keçəm.

Görən qayıdırmı o qızıl payız,
Almanın yanağı gözəl olurmu?!
Bir xəzan küləyi əl tərpədəndə,
Yarpaqlar saralıb xəzəl olurmu?!

Görən o yerlərə yağış yağırmı,
Günəş birçəyini tökürmü düzə?!
Sərpdirə bilmirəm baxışlarımı,
Baxışım zillənir öz kəndimizə,

Baxışım zillənir öz kəndimizə.
Gözüm bağça gəzir, gözüm bağ gəzir.
Nadanlar min əzab verdilər bizə,
Naşılar dünyada hələ sağ gəzir.
Eh, bu xəyal məni yenə doyurdu,
Xəyal dünyasında kəndimi gördüm.
Gəzdim qarış-qarış, gəzdim o yurdu,
Dağılmış bərəmi, bəndimi gördüm.

Görən o yerlərə yağış yağırmı,
Günəş birçəyini tökürmü düzə?!
Sərpdirə bimirəm baxışlarımı,
Baxışım zillənir öz kəndimizə
1990
Azərbaycanım mənim

Torpağı bərəkətli,
Oğlu, qızı qeyrətli,
Qucağı hərarətli,
Azərbaycanım mənim.
Canımda canım mənim.

Çayları zümzüməli,
Çəmənləri gəzməli,
Çiçəkləri üzməli
Azərbaycanım mənim,
Canımda canım mənim.

Yaylaqları köçməli,
Buz suları içməli,
Gözəlləri seçməli
Azərbaycanım mənim,
Canımda canım mənim.

Dağlarında qar olan,
Bağlarında bar olan,
Elimə vüqar olan
Azərbaycanım mənim,
Canımda canım mənim.

İgidləri ürəkli,
Saf arzulu, diləkli,
Tarlaları çörəkli
Azərbaycanım mənim,
Canımda canım mənim.

Daşlarında gül bitən,
Hər vaxt dadıma yetən,
Qayğıları bir çətən
Azərbaycanım mənim,
Canımda canım mənim.

Ata yurdu

zaman ki,
Yolum düşür ata yurda,
Allah, Allah
Gözüm qalır qayalarda,
Dərələrdə,
Aynalaşan bulaqlarda,
Çeşmələrdə.
zaman ki,
Yolum düşür ata yurda,
Elə bil ki, bu qururda,
Bu Vüqarda,
Ovlamışam  mən heç harda
zaman ki,
Yolum düşür ata yurda,
Üz görürəm insanlarda
Gözlərimin nuru artır,
Bir cazibə məni dartır
O dağların qucağına,
Şeir, sənət ocağına.
Gözü bağlı aparsalar
Əgər məni o yerlərə,
Çiçəyinin ətirindən,
Cığırların qırçın-qırçın
                    sətirindən,
Suların axışından,
Enişindən, yoxuşundan,
Tanıyıram Buzovyalı,
Gözəldağı.
Unutmaram,
Ulularım uyuduğu o torpağı
Unutmaram onun halal çörəyini,
Unutmaram Arxalının küləyini,
O torpağın mayasıyla
Pərvazlanıb gülüm mənim,
Bulaqların laylasıyla,
Şirinləşib dilim mənim.
Dodağımın izi qalıb
Qayasının daş ovcunda.
Uşaqlığım buza dönüb
Sərt illərin qış ovcunda
Bax beləcə saydıqca mən
Saya gəlməz mənim dərdim,
Ürəyimdə dostluq əkdim,
                       qənim dərdim.
Ədalətin yaxasından,
İlan dilli şər asılıb.
Ər oğullar itirmişəm,
Ürəyimdə yası qalıb.
Yadlar məni boşaldıblar,
Misqal-misqal boşalmışam.
Doğma elin gül bağından,
Perik düşən quş olmuşam.
Dağlar məndən inciməsin,
Dönüb qəlbi daş olmuşam.
Qınasa da ellər məni,
Diləyim var, Lələdağda
Əl dəyməyən bir qıraqda
Boynu bükük tək kol olam,
Yamacında cığır olam,
Qayasında sal daş olam,
Qartalına yoldaş olam.
Təki orda bulud olam,
Duman olam, yağış olam,
Həm yaz olam, həm qış olam.
Durna gözlü bulaq olam,
Dərddən, qəmdən uzaq olam,
Sazlı, sözlü qonaq olam
Məclis quram Ağbulaqda,
Dostlar ola sağım-solum,
Bir açıla əlim-qolum.
O torpaqda igidlərim ad çıxarıb,
O torpaqdan qəhrəmanlar
Qənim qovub, yad çıxarıb.
İtiriblər ilim-ilim!
And  içmişəm
Ana Vətən, ana dilim!
And içmişəm
Döyüşlərdə həlak olan
Oğulların məzarına,
And içmişəm
Gərdək qurub yol gözləyən
Gəlinlərin ismətinə, qız arına,
Yurdumuza göz dikəni,
Kim dağıtsa biz tikəni,
İti gözlü şahin olub
Caynağıma alaram mən,
Didik-didik eləyərəm
Daşdan-daşa çalaram mən!!
zaman ki,
Yolum düşür ata yurda,
Allah, Allah
Gözüm qalır qayalarda!

Oranı özümə kəbə sanıram

Ağdü mənim günümün ağası,
Köhnə arxla gəlib bir axa su,
Bir açıla Salvartının yaxası,
Gedəm çıxam Lalayurdun qaşına,
Bir dolanam Göbəkdaşın başına.

Gözəllikdə bir dənədi İşıqlar,
Orda sağlam böyüyərdi uşaqlar.
Gələcəyə ümid dolu işıq var,
Allah, qaytar ötüb-keçən çağları,
Bir görüm elim köçən dağları.

Bayramağzı sazlanardı el dağa,
Keçə, çubuq yüklənərdi ulağa,
On beş ildir tamarzıyam yaylağa,
Yetim qalıb ocaq daşı, yurd yeri,
Ürəyimdə neçə-neçə dərd yeri.
Ağsaqqallar yurd yerini seçərdi,
Şükürbəyli yaylağına köçərdik,
Ağbulağın buz suyundan içərdik,
Bu həsrət döndərib bağrımı qana,
Hicranın əlindən gəlmişəm cana.

Çeştə qədər qoyun otun alardı,
Arıq, axsaq arxacında qalardı,
Dəli könlüm xam xəyala dalardı,
Necoldu baxışı can alan sona,
Tez açılan sona, tez  solan sona.

Tər çiçəklər gözlərini silərdi,
Boz sürülər günortaya gələrdi,
Çoban-çoluq danışardı, gülərdi,
Ax, deyim bostana daş atana,
Torpaqları quldurlara satana.

Uşaqlıqda bəd işlər görərdik,
Cöngələri alıqlayıb minərdik,
Yıxılana qəh-qəh çəkib gülərdik,
Harda qaldı deyib-gülən günlərim,
Uşaqlıqda xoşa gələn günlərim.

Aftafada yaxşıca çay qoyardıq,
Hünbülünün içdiyini sayardıq,
Bədnəzərin baxışını oyardıq,
Mat qalmışam Yaradanın işinə,
Torpaq üçün gərək hamı düşünə.

Yanağımız necə qabıq qoyardı,
Nənəm yazıq qabıqları soyardı,
Mələknisə qurudları sayardı,
Hara gündü, qurudunu sərərdi,
Sonra bizə yağ yaxmacı verərdi.

Kəklikotu, qantəpəri dərərdik,
Gündöyəndə seyrək-seyrək sərərdik,
Əvəliyi qız saçı tək hörərdik,
Vətənsiz beləcə saraldım, soldum,
Təbibsiz, loğmansız, dərmansız oldum.

Qarapirdən baldırğanı yığardıq,
Çaşır üçün Evqayaya çıxardıq,
Şişqayadan Çalmalığa baxardıq,
Heç kəsin olmasın dərdi mənim tək,
Əlimi, qolumu çatıbdı fələk.

Sarıkaha, Mirəhmədin dərəsi,
Gözəl idi, gözəl kəklik fərəsi,
Harda qaldı nehrəmizin kərəsi,
İçimi göynədir bu möhnət mənim,
Səfa yadın oldu, əziyyət mənim.

Neçə ərgən yaylaqda toy edərdi,
Ər oğullar toyda yallı gedərdi,
Bu çağımda necə çəkim bu dərdi,
Qönçə güllərimi yoldum beləcə,
Açıldım, büküldüm, soldum beləcə.

Qırxın vaxtı pörnəkləri seçərdik,
Oğursağı sağıb südün içərdik,
Biçənəkdən qırxbuğumu biçərdik,
O yeri özümə Kəbə sanıram,
Yadıma düşdükcə alovlanıram.
2003
Həsrətindədir

Kəndimiz yuxuma girmişdi yenə,
Öləzik yanırdı sübhün çırağı.
Qəm seli calanıb çölə, çəmənə,
Boynunu bükübdü İşıqlıdağı.

Dikdaşın üstündən kəndə baxıram,
Bədbinlik bürüyüb kəndin üstünü.
Dağılmış bərəyə, bəndə baxıram,
Görmürəm evlərdən çıxan tüstünü.

Səhərlər hər evdən tüstü çıxardı,
Nənəm bişirdiyi südü sərərdi.
Qonşumuz Gülpəri çölə çıxardı,
Süzgün baxışıyla salam verərdi.

Bu kəndin bəxtinə qara yazılıb,
Üstünə bir afat yeli əsibdi.
Yamaclar günə düşüb, İlahi,
Qaya yomalanıb yolu kəsibdi.

qoyun qoşan var, mal ötürən,
Kəndin gözəlliyi kəməndə düşüb.
Görünmür məktəbə uşaq gətirən,
Qəm-kədər leysanı bu kəndə düşüb.

Aynabənd evlərdən, otaqlardan,
Büsbütün kəsilib insan nəfəsi.
On ildir bu kənddən eşidilməyir,
ana laylası, körpə səsi.

Səfərə çıxan yox, yol gözləyən yox,
Yalçın qayalardan qartal boylanır.
Əziz qonaqları əzizləyən yox,
Nifrətim, qəzəbim içimdə yanır.

Çoban tütəyinin Çobandüzündən,
O həzin həniri üzümə dəymir.
Ayna bulaqların durna gözündən
Səhəg dolduranlar gözümə dəymir.

Maya bud gəlinlər, nər bud kişilər,
Bir vaxt qoyardılar dağı dağ üstə.
qədər günahsız qanlar tökülüb,
Günahı olmayan bu torpaq üstə.

Xəyal biləyimdən yapışır yenə,
Məni talelərdən keçirir, qardaş.
Neyləyim harayım çatmır Vətənə,
Dostlar yavaş-yavaş köç edir, qardaş.

Bəxtəvər çağlarım çıxıb əlimdən,
Qalmışam tək-tənha yol ayrıcında.
Didərgin olmuşam doğma elimdən,
Yanmışam fələyin qızmar sacında.

Bir kəndin dərdini çəkə bilmirəm,
Mənsiz qəribsəyib aran, dağ yolu.
Arzubulağından içə bilmirəm,
İtib, görünməyir Ağbulaq yolu.

Çeşmələr qız-gəlin qəhqəhəsinin,
Bağlar bağbanının həsrətindədir.
Yollar yolçusunun, ev yiyəsinin,
Dağlar dumanının həsrətindədir.

İnamım var gələcəkdir el sənə

Gecə-gündüz həsrətini çəkirəm,
Neyləyim ki, gedəmmirəm Vətənə.
Sarvan olub qəm karvanı çəkirəm,
Mən fağırı gərdiş salıb bu günə.

Vətən mənim həsrət dolu ürəyim,
Dadım, tamım, süfrəm, duzum, çörəyim.
Vətən mənim gərəyimdi, gərəyim,
Varlığımla qurban olum, Vətənə.

Odur mənim  istəyimin zirvəsi,
Odur mənim ilk eşqimin nəğməsi,
Odur mənim diləyimin haqq səsi,
Cəhd edirəm, qismət olmur o mənə.

Əlim çatmır bağçasına-bağına,
Tamarzıyam qaymağına, yağına,
Yolum düşmür yaylağına, dağına,
Batammıram o dumana, o çənə.

Orda mənim intizarım qalıbdı,
Atam, babam, qocam, qarım qalıbdı,
Neçə-neçə arzularım qalıbdı,
Ürəyimi açammıram yetənə.

Oyadan yox div yuxulu bəxtimi,
Gülşənimə o bədnəzər baxdımı?
Yağı düşmən tarac etdi taxtımı,
Dözmək olmur belə dağa-düyünə.

Çox görmüşəm nakəsi mən, sərti mən,
Min namərdə dəyişmərəm mərdi mən.
Halal maya, halal süddü mərd əmən,
Çünki mərdlər bir dənədir, bir dənə.

On dörd ildir büküb məni el dərdi,
İlmə-ilmə söküb məni el dərdi.
Cəhənnəmə çəkib məni el dərdi,
Aman Allah, bu dərdi ver çəkənə.

Gedəm çıxam Haça dağa boylanam,
O qız gəzən güllü bağa boylanam.
Nənəm yatan o torağa boylanam,
Sinə-sinə qoyam baş sinəsinə.

Səhər-səhər «Malyolu» na çıxardım,
Yaz gülünü ürəyimə sıxardım,
İşıqlının yamacına baxardım,
Ünüm yetmir o laləli çəmənə.

Dərəçiçək, Vedibasar mənimdi,
Ulu Göyçə, Köhnəhasar mənimdi,
Dərələyəz, Dərbənd, Qusar mənimdi,
O yerlərə dönəcəyəm mən yenə.

On dörd ildir yetişməyir çibanım,
On dörd ildir cana gəlib bu canım.
Sən mənimsən Qərbi Azərbaycanım,
İnamım var, gələcəkdir el sənə.
2002

Görən Zorzorumun adı qalırmı?
(İstəkli şagirdim professor Nadir Qəhrəmanova)

Gəlir xəyalıma qırx beş il qabaq,
Hüsnünə baxardı ayna bulaqlar.
Havalı gənc idim, sən bir uşaq,
Məni qorxutmazdı boran, qar.

Qoçaqdan qoçaqsan, aqildən aqil,
Qəlblərə yol tapdın gül işlərinlə.
İşə can yandırsan, bu gizli deyil,
Dünyanı bəzərsən gülüşlərinlə.

Sənin hünərinlə sirlər açıldı,
Arzunun özündən min arzu doğar.
Bu gözəl məbəddə güllər açıldı,
İnsan əlindədir dünyada var.

Bizim taleyimiz qoşa doğuldu,
Bizi kam almağa qoymadı fələk.
Məhəbbət oxumuz daşa toxundu,
Yandı, külə döndü əl boyda ürək.

Gəlir xəyalıma qırx beş il qabaq,
Coşub çağlayırdı sevgi bulağı.
Könlümə düşmüşdü bir aynaqabaq,
Gözümdə yanırdı onun çırağı.

İçimdə cəsarət, qolumda qüvvət,
İstəsəm qoyardım dağı dağ üstə.
Həmişə bağlardım baharla ülfət,
Namərdlər çəkdilər dağı dağ üstə.

Bir namə göndərdim o çağlara mən,
Cavab gələcəkmi, bilmirəm, Lələ.
Canımda, qanımda, dilimdə Vətən,
Vətənsiz dözürəm, ölmürəm hələ.

Bir namə göndərdim, ünvanı tanış,
Mənzili, məkanı ulu Zəngəzur.
Qayasında nağıl, daşında naxış,
Çayları göz yaşı, suları büllür.

Qolum bükülməzdi on dörd il öncə,
Vüqarım, qürurum əl çatmaz idi.
Qarşımı kəsməzdi dik, döngə,
Kimsə bostanıma daş atmaz idi.

İşimi, gücümü qoyub bir yana,
Yazdığım naməni əlimlə yazdım.
On dörd günlük  Ay da şahiddir buna,
Əlimdə titrəyən qələmlə yazdım.

Ayağım altında yoxdur o torpaq,
Zəifəm, acizəm, qolubağlıyam.
Doğulduğum eldən gəlmir səs-soraq,
Bu gün dərd əlindən sinə dağlıyam.

Görən necə oldu o həyat, baca,
Qızıl armudların dadı qalırmı?
Mən yurda tamarzı, ocağım saca,
İlahi, Zorzorun adı qalırmı?

Gəlir xəyalıma qırx beş il qabaq,
Hüsnünə baxardı ayna bulaqlar.
Havalı gənc idim, sən bir uşaq,
Məni qorxutmazdı boran, qar!
2002
Hardasan, Vətən?

Bu dünyam dar olubdur,
Könlüm qubar olubdur,
Səsini eşitmirəm,
Qulağım kar olubdur.
Hüsnünə baxammıram,
Gözlərim kor olubdur.
Hardasan, Vətən?
Hanı igid ərlərin,
O qaya səngərlərin.
Yaran dərindən-dərin,
Məlhəm qoya bilmirəm.
Mən özümdən doyuram,
Səndən doya bilmirəm.
Hardasan, Vətən?
Səni məndən aldılar,
Yaman günə saldılar.
Nadandar aramıza
Qara pərdə saldılar.
O zülmət pərdələri
Dişimlə, dırnağımla
Didəm, dağıdam gərək.
Ülvi gözəlliyinə
Yenidən baxam gərək.
Hardasan, Vətən?
Dağlarının başında
Bir çəngə bulud olam.
Yamacınla sürünən
Duman olam, çən olam.
Tarlanda əkin olam,
Sünbülündə dən olam.
Qələbə mücdəçisi,
Allah, Allah, mən olam.
Hay deyənə hay verəm,
Bir milyon qaçqına
Sevincimdən pay verəm.
Gedən çıxam Laçına,
Boylanam Kəlbəcərə.
Yurdumun övladları
Qollarını çırmayıb
Qubadlıda, Şuşada
Bağ sala, gül becərə.
Çıxam Cıdır düzünə,
Natəvana, Vaqifə,
Üzeyirə, Bülbülə,
Hər obaya, hər elə
Sevincimdən pay verəm,
Hay deyənə hay verəm.
Hardasan, Vətən?
Hanı igid ərlərin
O qaya səngərlərin.
Yaran dərindən-dərin,
Məlhəm qoya bilmirəm.
Mən özümdən doyuram,
Səndən doya bilmirəm.
Hardasan, Vətən?
1998


Naxçıvana gəlmişəm
(Ashavi-Kəhfi ziyarətə getmişdim)

Həsrətimin yolu yaman uzandı,
Namərd pozdu düz ilqarı, düz andı,
Yağı düşmən xeyli yatır qazandı,
Bax beləcə dərdi-sərin əlindən
Yana-yana gəlmişəm,
Naxçıvana gəlmişəm.

Yaylağında çiçəyi şən, gülü şən,
Oğlu-qızı  qəhqəhəylə gülüşən,
Gözəlliyi gözlərimə ilişən,
Araz boyda nəxşi-cahan deyilən
Bir cahana gəlmişəm,
Naxçıvana gəlmişəm.

Qismət ola arxamda haqq dayana,
Div yuxulu yatan bəxtim oyana,
Bir gün axşam Əriklidən o yana,
müddətdir tamarzıyam Vətənə,
Artıq cana gəlmişəm,
Naxçıvana gəlmişəm.

Bir çıxaydım Lalayurdun qaşına,
Bir baxaydım elin Xanım daşına,
Görən kimlər zəhər qatdı aşıma,
Qorxu bilməz sərkərdələr yetirən
Bir məkana gəlmişəm,
Naxçıvana gəlmişəm.

Könüllərdə Mirzə Cəlil harayı,
Caviddədir söz mülkünün sarayı,
Məmməd Araz inciləri arayır,
Gülşənində allı-güllü gül bitən
Gülüstana gəlmişəm,
Naxçıvana gəlmişəm.
2002
Azərbaycan torpağı

Hərənin bir dərdi var,
Ala-bula dünyada.
Sıxıntıdan düşübdü,
Yaman hala dünya da.

Yorub usandırsa da,
Məni gərdişin qəmi.
Çırpılacaq daşlara,
Yolunu azan gəmi.

Mən özümü incidib,
Oda, közə atsam da,
Yuxuma haram qatıb,
Qəm-qüssəyə batsam da.
Düşmən əl çəkən deyil,
Əlini kəsəm gərək.
İftira, böhtan deyən,
Dilini kəsəm gərək.

Kələfinin ucunu,
İtirib qarı düşmən.
Xəcalətdən ərisin,
Utansın barı düşmən.

Biz yurdu düşmənlərdən,
Təmizliyə bilməsək,
Yolumuza düşəcək,
Müdam kol-kos, daş-kəsək.

Qulağıma gəlməsə,
Kəkliyin qəhqəhəsi.
Bağçada tüğyan etməz,
Sarı bülbülün səsi.

Qarğa gəlib şahinlə,
Bəhsə girməsin gərək.
Bəşər amansızlara,
Aman verməsin gərək.

Ədalət məhkəməsi,
Ədalətli qurulsun.
Gözdən bulanan sular,
Büllur kimi durulsun.

Çəkilsin yurdumuzdan,
Qara pərdə yox olsun.
Xəyanət edən kəslər,
Bizlərdən uzaq olsun.

Eşitməyək axşamlar,
Ulayan bayquş səsi.
Gülşənimə dəyməsin,
Yad gözü, yad nəfəsi.

Çəkilsin üstümüzdən,
Qara bulud, duman, çən.
Nazlı günəş boylansın,
Gəlin təki üfüqdən.

Dərd içimdə qaynayır,
Ürəyimi üzür qəm.
Qiyamətə qalmasın,
Bu haqsızlıq, bu sitəm.

Yağıdakı alçaqlıq,
Əriyib getsin tamam.
Quşlar nəğmə oxusun,
Baxçada səhər-axşam.
Tufan qopsun, süpürsün,
Yer üzündən naşını.
Qoruyaq bu torpağın,
Hər müqəddəs daşını.

Sönsün «İşıldaquşun»,
İşıldayan çırağı.
Çirkabdan təmizlənsin,
Azərbaycan torpağı.

Mənə nəsib olsun
Görüm sevincli günü.
Sağalsın Vətənimin,
Çarpaz dağı, düyünü!

Dağların payızı

İxtiyar Kəpəzim xəyala dalıb,
El köçüb, yal-yamac həsrətli qalıb.
Əli üzülübdür güldən, çiçəkdən,
Çəni çalma kimi başına çalıb.

Sel gülü dalına atır aparır,
Yaxşını-yamana qatır aparır.
Dağlara təpiyi dəysə onun,
Yığıb ummanlara yatır aparır.

Şirin əfsanələr diyarı dağlar,
Qoca təbiətin vüqarı dağlar,
Ömrün payız çağı kəsib qapını,
Küsüb könlünüzün qubarı, dağlar.

İnsan əlindədir dünyada var,
İstəsə uçurar, istəsə qurar.
Açaram göylərin tutqun yaxasın,
Tökülər günəşin hörüyü, dağlar.

Qar suları atın çapar, yorular,
Asta-asta xam torpağa sorular.
Bahar xalçasını açar düzlərə,
İlk bahar eşqinə məclis qurular.

Kəndimiz yuxuma girmişdi gecə
                           
Kəndimiz yuxuma girmişdi gecə,
Əlmərdan bulağı həzin axırdı.
Babamınsa ruhu Qızılqayadan
Dayanıb nifrətlə mənə baxırdı.

Onun baxışından alov yağırdı,
Daşı əridirdi qəzəbi, kini.
Mən elə bilirdim babam fağırdı,
Yağdırdı üstümə qəlbindəkini:

-Qeyrətin necə oldu qeyrətli oğul,
Tülkü qabağından qaçarmı aslan?
Ay eldə, obada hörmətli oğul,
Batdı qazandığın o gözəl ad-san.

Vətəni unudan, torpağı satan,
Nankordu, nadandı, namərddi, bala.
Səninlə barışmaz Koroğlu baban
Yurdu qoyub qaçmaq, töhmətdi bala.

Aclıq bir il gedər, töhmətsə min il,
Töhməti boynuna götürdün, oğul.
Vətənsiz yaşamaq yaşayış deyil,
Vətəni, torpağı itirdin, oğul.

Gəzdiyin yaylaqda indi kim gəzir,
Bulaqlar, çeşmələr, gözələr hanı?
Ürək necə dözür, can necə dözür,
Ənliksiz, kirşansız gözəllər hanı?

Hanı Daşlıcığır, Qanqallıcığır,
Ot, alaq basıbdır bulaq yolunu.
Vətəndən qaçanı Vətənə çağır,
Çağır yurd oğlunu, Vətən oğlunu.

Vətəni, torpağı müqəddəs bilməz,
Özgə qapısında yallanan, bala.
Heç bir dinə gəlməz, imana gəlməz,
Torpağı satmaqla pullanan, bala.

Torpaq ağız verməz fərsiz övlada,
Su haram götürməz, həqiqət ləkə.
Kim saldı bu yurdu alova, oda,
Kimin ucbatından dağıldı ölkə?

Boynubükük qalıb məzar daşları,
Alışıb yanıbdı babanın goru.
Gözəllər dolaşan bu yamacları,
Biraz qeyrətə gəl, barı sən qoru.

Arpatəpə

Qalmısan yağılar, yadlar əlində,
Zümrüd yamacına gələ bilmirəm.
Doğma torpağında, doğma elində
Sənə olan qəsdi hələ bilmirəm,
Zümrüd yamacına gələ bilmirəm.

Bilmirəm necədir Çiçəkli yalın,
Çaşırın, lilparın, şomun bitirmi?
Gəzərdim sinəndə mən ayaqyalın,
Güllər şeh içində yenə itirmi,
Çaşırın, lilparın, şomun bitirmi?

Kürnəş bağlayırmı əmlik quzular,
Seçmə öyəclərdən satırmı çoban?
Sənin hər daşından tarix yazılar
Qaya kölgəsində yatırmı çoban?
Seçmə öyəclərdən satırmı çoban?

Gəzirmi qoynunda hər səhər, axşam,
Yaqut dodaqlılar, qələm qaşlılar?
Gecənin gözündə alışanda şam,
Çıxardı seyrinə ahıl yaşlılar,
Yaqut dodaqlılar, qələm qaşlılar.

Sərt buzu əridir yazın nəfəsi,
Mənim həsrətimin donu açılmır.
Könlümdə qovuşmaq, vüsal həvəsi,
Neynim həvəsimin yolu açılmır,
Mənim həsrətimin donu açılmır.

İçimi yandırır hicran yanğısı,
İlahi, bu yanğı yaman imiş.
Axır, gözlərimdən axır qanlı su,
Vətənin hər yanı gülüstan imiş,
İlahi, bu yanğı yaman imiş!

Sənə qurban olum, Vətən, ay Vətən,
Sənsiz bu dünyada yoxdur heç nəyim.
Ürəyim ağrıyır, divanəyəm mən,
İntizar qalıbdı arzum, diləyim,
Sənsiz bu dünyada yoxdur heç nəyim.

Qalmısan yağılar, yadlar əlində,
Zümrüd yamacına gələ bilmirəm.
Doğma torpağında, doğma elində
Sənə olan qəsdi hələ bilmirəm,
Zümrüd yamacına gələ bilmirəm.

Yurdum

Dolandım qoynunu mən qarış-qarış,
Gördüm hər yerində yüksəliş, yarış.
Qəhrəman oğluna, qızına alqış!
Zəfərdən başına tac qoyur sənin.
Ömrümün mənası, bəzəyi yurdum,
Dostluğun təməli, özəyi yurdum.

Zirvəsi qartallı, qar-buzlu dağlar,
Səması günəşli, ulduzlu dağlar.
Dərin dərələri yarpızlı dağlar
Sənə əyilməyən bir vüqar verib,
Ömrümün mənası, bəzəyi yurdum,
Şerimin, nəğməmin özəyi yurdum.

Bayraqlar yellənir başının üstə,
Ulduzlar sayrışır döşünün üstə.
Hər il bir yaş gəlir yaşının üstə
Şərəfin, şöhrətin, şanın əməkdir,
Ömrümün mənası, bəzəyi yurdum,
Zəhmətin, hünərin özəyi yurdum.

1991

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri