ANAM


                                                                             ANAM
İnsan həyatda nə isə itirə-itirə, nəsə qazana-qazana gedir. Elə beləcə də qazancla itik arasındakı bir müddətdə ömür başa çatır. Ancaq həyatda elə itkilər olur ki, onu heç nə ilə geri qaytarmaq, əvəz etmək mümkün deyil.
    Anamın vəfatından sonra sanki dünya daralmışdı. Heç cür özümə gələ bilmirdim. Mənə elə gəlirdi ki, anamın dünyasını dəyişməsilə hər şey öz axarından çıxıb, günəşin  də, ayın da, ulduzların da sanki işığı azalıb. Ancaq nə yaxşı ki, insana dar gündə dayaq olan, onun dərdini-qəmini bölən dostları, tanışları var. Ünvanına tez-tez təsəlli teleqramları gəlir, telefon zəngləri olurdu. Dost-tanış yanıma gəlir, mənimlə həmsöhbət olmağa can atırdılar. Hiss edirdim ki, bütün bunlar mənə təsəlli vermək, ovunmaq  bilməyən qəlbimi sakitləşdirmək üçündür. Ölüm qəflətən gəlsə də, onun ağrı-acısı, verdiyi iztirablar uzun müddət çəkilmir, illahda ki, övlad ən əziz və doğma insanı-anasını itirəndə. Mənə toxtaqlıq verənlər, dərdimə şərik çıxanlar kədərimi yüngülləşdirmək istəyirdilər, ancaq heç cür rahatlıq tapa bilmirdim, qəlbim aram olmurdu. Şair dostum Mir Sabirin yazdığı bir şer kükrəyən dərdlərimi bir az sakitləşdirdi, yarama məlhəm oldu. Azacıq da olsa təsəlli tapdım ki, «cənnət sakininin biri də artdı». Təki bütün anaların yeri cənnət olsun!

Bir ana itirdik, gözəl bir ana,
Neçə oğul, qızı, nəvəsi qaldı.
Ancaq yetişsə də yaşı doxsana,
Gözündə yaşamaq həvəsi qaldı!

Getdi qələm dostum Əvəz Mahmuda
Bir şair ürəyi bə edən ana
Hər bir övladının təmiz qəlbinə
Yaxşılıq sözünü nə edən ana.

Ana hamı üçün anadır elə,
İnanın bu kövrək səmimiyyətə
Bir ana öldümü, elə bilirəm,
Öz anam təzədən gedir rəhmətə.

Böyük Allahındır hər iki dünya,
Ölüm də bir cürə sirli həyatdı.
Köçdü yer üzündən Axanım xala,
Cənnət sakinin biri də artdı.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Dayaq olsa