Nakam məhəbbətin ağrı acısı kitabı 2


Bilmirəm

Uzaqdan görürəm, gözüm qamaşır,
Günəşsən bilmirəm, Aysan bilmirəm.
Hüsnünə baxanda xəyalım çaşır,
Çeşməsən, bulaqsan, çaysan, bilmirəm.

Barışa bilmirəm haqsız sitəmlə,
Gecəm ahla keçir, gündüzüm qəmlə.
Dərdimi bölürəm qoca qələmlə,
Bəlkə də Leyliyə taysan, bilmirəm.

Demirəm hər yerdə düz iş görürəm,
Gəncliyi canımdan təzmiş görürəm.
Eşqi, ehtirası bezmiş görürəm,
Gərilmiş kamansan, yaysan, bilmirəm.

Çəkilmir yolumdan hələ duman, çən,
Yaxam qurtarmayır divanəlikdən,
Günahkar olsam da, olmasam da mən,
Sevincsən, fərəhsən, toysan, bilmirəm.

Bülbül gül telinə mirvari düzür,
Məhəbbət yolunda canını üzür,
Pərvanə atəşə, alova dözür,
Gecikən həftəsən, aysan bilmirəm.

Bilməzdim sən mənə əzab verərsən,
Sinəmi xəncərlə yarsan əgər sən,
Eşqinlə çırpınan ürək görərsən,
Haqdan gələn qismət, paysan bilmirəm.
2009
O Əvəz deyil.

Sevdiyim qız deyil, mələkdir, mələk

Bir ürkək ahudur,  ovsuna gəlməz.
Eşqiylə alışan ürəkdir, ürək,
Onu sevən aşiq can verər, ölməz.

Bir gün mehman ola, qala yanımda,
Cavanlıq alovu coşa qanımda.
Həyat cövlan edə damarlarımda,
Vüsalın dadını hər yetən bilməz.

Hökmü ürək verir, eşq həvəs deyil,
Çəkdiyin əzablar bil, əbəs deyil.
Sən görən Əvəz o, Əvəz deyil,
İçində dərd çəkən sevinib, gülməz.
26.08.2008
Bəs niyə gəlmirsən

Gözlərim olubdu yollar dustağı
Bəs niyə gəlmirsən, başına dönüm?!
Gəl öpüm ayağın dəyən torpağı,
Yoxsa sənə çatmır sorağım, ünüm,
Bəs niyə gəlmirsən, başına dönüm?!

Əzəldən olmusan qəlbimə həmdəm,
Gəl könül mülkümü nurlandır hər dəm.
İlıq nəfəsinlə ərisin dərd-qəm,
Sevinclər qoynunda keçsin hər günüm,
Bəs niyə gəlmirsən, başına dönüm?!

A nazəndə gülüm, a boyu bəstə,
Həmişə yerin var gözlərim üstə,
Hicrinə dözməyib olmuşam xəstə,
Qıyma qəm içində sozalım, sönüm,
Bəs niyə gəlmirsən, başına dönüm?!

Bir ürək vermişəm, əmanət sənə,
Əvəzəm, etmərəm xəyanət sənə.
Təbiət bəxş edir dəyanət sənə,
Gəl olaq həsrətə, hicrana qənim,
Bəs niyə gəlmirsən, başına dönüm?!
1983

Mən səni sevdim

Könülsüz yaşamaq yaşayış deyil,
Ağızda böyüyər könülsüz tikə.
Ömrün bahar çağı hələ qış deyil,
Ömrün qış çağına çatmadıq bəlkə.

Bahardan qışadək yay var, payız var,
Neçə yoxuş çıxıb, yal aşmalıyıq.
Bəlkə bəxtimizə belə yazılıb,
Bəlkə ömür boyu dalaşmalıyıq.

Getdiyin bulağa yüz dəfə getdim,
Əlin dəyən daşı öpdüm yüz kərə.
Tər çiçək toplayıb könül bağından,
Gəldiyin yollara səpdim yüz kərə.

Sənin nə taqsırın mənəm günahkar,
Gəzib dolandığın çəməni sevdim.
Allah qarşısında bir günahım var,
Sən məni sevmədin, mən səni sevdim.
1992
Sən də mənə vermə qəm

Sevgilim, insafa gəl,
Hər sözə qoyma məhəl.
Özün yaxşı bilirsən
Mən sevdalı bülbüləm,
Sən də mənə vermə qəm.

Sən ey bahar nəfəslim,
Qəlbi gənclik həvəslim.
Səni qəmli görəndə,
Düşür əlimdən qələm,
Sən də mənə vermə qəm.

Qəlbim sənin əlində,
Şirin nəğməm dilində,
Məndən kənar gəzmə sən,
Gəl olaq qoşa həmdəm
Sən də mənə vermə qəm.

Ömürdən düşür varaq,
Gedir əldən təmtəraq.
Bu hikməti unutma
Bir də tapılmaz bu dəm,
Sən də mənə vermə qəm.

Sən qönçə gül, mən bülbül,
Qönçə kimi açıl, gül.
Qaş-qabaq açıq gərək,
Gözəldir indi aləm,
Sən də mənə vermə qəm.

Unutmusan

İstiqanlı bir insandın,
Mehribandın,
Nurlu idin al şəfəq tək,
Dodaqların təbəssümlü,
Yanaqların çiçək-çiçək,
Hərarətin günəş qədər.
Birdən-birə buza dönüb,
Soyuqlaşdın.
Şirin idin, şirin, şəkər,
Nədən belə acılaşdın.
Vicdanı pak,
Eşqi təmiz ola-ola,
Niyə düşdün əyri yola.
Sən mərd ikən namərdləşdin,
Sərt deyildin, sən sərtləşdin,
Dünəninə oldun düşmən.
Bu hikməti görəndə mən,
Ağlım çaşdı,
Sənə olan duyğularım
Sönükləşdi, cılızlaşdı,
Həqiqəti tapdaladın,
Dilə-dişə düşdü adın.
Qayıt geri,
Tamah səni tora salar,
Adətimə xor baxanlar,
El içinə çıxa bilməz,
Məğlub olar.
Bu haldı, bu yoldu,
Sən tutmusan.
Gərək deyəm, incimə, dost,
Sən özündən xəbərsizsən,
Özünü unutmusan.
1984  
Ürəyim

Bir qulaq as ürəyimin səsinə,
Haray salır tüğyan edir ürəyim.
Bu dünyanın yoxuşu var, düzü var,
Bilməm nədən gileylidir ürəyim,
Haray salıb tüğyan edir ürəyim.

Süzgün baxdın dəli könlüm alışdı,
Ulduzumuz həmdəm oldu barışdı.
Gülüşlərin gülüşümə qarışdı,
Bilməm nədən gileylidir ürəyim,
Haray salıb tüğyan edir ürəyim.

Eşqin məni gülüstana səslədi,
Məhəbbətin gülşənimi bəslədi.
Vüsal çağı bu dönüklük bəs nədi,
Dönüklükdən gileylidir ürəyim,
Haray salıb tüğyan edir ürəyim.

Olaydı

Bir səfalı bağçada sən olaydın qızıl gül,
Mən havalı bülbül.
Gecəni sübhə qədər,
Hiss etmədən qəm, kədər
Məst olaydım ətrinlə, xumarlanıb yataydım,
Vüsalına çataydım.
Bağda pöhrə olaydın, mənsə körpə sarmaşıq,
Gümüş pulu kəmər tək, sarılaydım belinə,
dolaşaydım telinə,
Boyunca boy ataydım,
Muradıma çataydım!
Çöldə bulaq olaydın, durna gözlü bir bulaq.
Mən yolçu olaydım, susuzdan yanan yolçu,
Əyiləydim öpəydim,
nəğməli dodağından!
Xam xəyaldır, sevgilim.
Bülbül olmaq, gül olmaq.
Sən elə qız olaydın, mən bir sütül oğlan!
Əl-ələ tutuşaydıq,
Çəmənə qaçışaydıq,
Oxşayaydıq gülləri, yasəməni, nərgizi
Qucağına alaydı, laləli düzlər bizi.
Uzanaydıq ahəstə, göy otların üstünə,
Ay nurunu səpəydi, qar sinənin üstünə.
Baş qoyaydım dizinə,
Baxaydım ulduzlara, baxaydım ay uzunə.
Ciyərimə axaydı gül çiçəyin qoxusu,
Gözlərimə qonaydı şirin səhər yuxusu,
Quşlar layla çalardı,
Kaş bu gerçək olaydı.  


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri