Bahar təəssüratları



Bahar təəssüratları

 

Yazın şəfəqi yandı,
Üfüqün yanağında.
Günəş gözəl göründü,
Öz qızıl çanağında.
Saçaq-saçaq telini,
Səpdi yerin üzünə.
Göylərin sovqatını,
Torpan təpdi gözünə.
Bahar başından aldı,
Qışın bəyaz şalını.
Qayçıdan təzə çıxmış,
Yaşıl, yelən xalını,
Döşədi yal-yamaca.
Göyün bağrı deşildi,
Açıldı nurlu baca.
Nur ələndi yuyuldu,
Bağ baxçanın bənizi.
Gülüstanı bürüdü,
Gözəlliyin dənizi.
Ağaclar köynəyini,
Suya çəkib qurutdu.
Torpağın üzü güldü,
Dərdi-qəmi unutdu.
Şirin yemlik, əvəlik,
Cücərdi çıxdı üzə.
Yarpız ağbaldır oldu,
Sularda üzə-üzə.
Daşaltı gicirtkanı,
Sığalladı sərin meh.
Quzqulağın tacında,
Xumarlandı inci şeh.
Baldırğan özəklədi,
Qırxbuğum cana gəldi.
Kişniş yeməli oldu,
Göbələk yeri dəldi.
Otlar sırğa taxdılar,
Göylərin göz yaşından.
Güllər sirab oldular,
Səmanın qaş-daşından.
Yerə-göyə sığmadı,
Bülbüllərin sevinci.
Həyat çeşməsi oldu,
Güllərə düşən inci.
Tənəklər əl-qol atıb,
Çardaqdan asıldılar.
Yarıçiçək qoralar,
Budağa qısıldılar.
Arı saqisi oldu,
Güllərin, çiçəklərin.
Arı dəlisi oldu,
Yanağı göyçəklərin.
Sürülər yaylaqların,
Sinəsinə yayıldı.
Dələmə torbaları,
Təmizləndi, yuyuldu.
Nənələr süd sərdilər,
Gərdəkli nəmilərdə.
Bin-bərəkət qaynayır,
Nənələr olan yerdə.
Şümşəd barmaqlı qızlar,
Lalə yanaqlı qızlar,
Baharın oğlan çağı,
Halal zəhmət təriylə,
Yoğurdular torpağı.
Ana torpaq həkk verdi,
Toxum çatladı yerdə.
Möcüzəli bir aləm,
Açıldı pərdə-pərdə.
Torpaq halallıq sevir,
Torpaq halaldan halal.
Qayğını torpağa çək,
Sərvəti torpaqdan al.
Sən torpağın bətninə,
Bir cəvahir salarsan.
Əvəzində torpaqdan,
Min cəvahir alarsan.
Günəş yeri şən görüb,
Salamladı baharı.
Dağıldı  könüllərin,
İntizarı, qubarı

Təəssüflər olsun ki, 26-ildir biz Novruz Bayramını öz dədə-baba yurdlarımızda qarşılamırıq, Bayram tonqalını yandırmırıq, ocaq qalayıb, qazan asmırıq, qapı pustuya getmirik, sübhdən durub  su üstünə qaçımırıq. Ulularımızın doğma elində qərib-qərib dolaşan ruhları Bayram axşamı bacamıza gəlir, «yenə qayıtmayıblar » -deyib kor-peşiman geri dönürlər
Bizim müqəddəs, ulu bayramımız olan Novruz bayramından, onun adət-ənənələrindən necə gözəl danışırdı anam:
-Bizim ulu bayramlarımızdan biri də hər il mart aynın 21-də təmtəraqla keçirdiyimiz Novruz bayramıdır. Bu bayram Azərbaycan xalqının, bütün Türk dünyasının dünya görüşündə əhəmiyyətli rol oynayır. 12 heyvan adı ilə bağlı yaranmış təqvim-tarix Günəş ilinə görə hesablanmışdır. İl Günəşin 12 bürcünün  dövr etməsi ilə başa çatır. Dünyanın ən dəqiq təqvimi sayılan bu təqvimdə il 365 gün 5 saat, 50 dəqiqə, 47 saniyədən ibarətdir. İl təhvil olunan gün Novruzun ilk günü sayılır. Bu təqvimin yaranmasının çox maraqlı tarixi var. Rəvayətə görə türk xaqanlarından biri neçə il əvvəl baş vermiş savaşın tarixini öyrənmək istəyir, ancaq  sərkərdələr o savaşın tarixini dəqiq əyyənləşdirə bilmirlər. Gələcəkdə baş verəcək yanılmaların qarşısını almaq üçün Xaqan yığıncaq çağırır. O, göyün 12 bürcünə və dövrün hər ilinə bir ad qoymağı təklif edir, təklif bəyənilir. Sonra Xaqan ova çıxır, ona rast gələn heyvanların adlarını illərə ad qoyur. 12 illik bir dövrü əmələ gətirən heyvan adları sıra ilə belə düzülür:
Siçan, öküz, pələng, dovşan, əjdaha, ilan, at, qoyun, meymun, xoruz, it və donuz. Sıraya görə bu il, il at üstündə təhvil olacaq.
Biz tərəflərdə Novruzun gəlməsinə 40 gün qalmış hazırlıq işləri, ilin axır çəənbəsinə tədarük görülür. Süfrədə 7 löyün olsun deyə hər şeyi nənələr sandıqlarında saxlayırdılar. Bu ənənə bu gün də davam edir. Burada insanlar qışın çətinliyinin, dar günün qurtarmasını, bolluq və firavanlığın başlanmasını, yeni günün- Novruzun gəlməsini səbirsizliklə gözləyir və fərəhlə qarşılayırlar. Bu il Novruzun gəlişi yenə hörmət-izzətlə, xoş arzu-diləklə qarşılanacaq.


Xoş gəlmisən,
Qədəmlərin
Çox mübarək,
ay baharım.
Gəl mənimlə bu dərdi çək,
ay baharım.
Üzür məni hicran dağı,
Qaytar mənə Gözəldağı,
Uluların uyuduğu o torpağı,
ay baharım.
Gəl, əsirin intizarım,
ay baharım.
Fərəh, sevinc gətirərdin,
Obamıza, elimizə.
Şirin gülüş gətirərdin,
Bizim könül evimizə.
Qayıt yenə o çağlara,
Bizə təzə nübar gətir.
Harda yaxşı nə var, gətir.
Bircə udum dağ havası,
Bircə qurtum balaq suyu,
Bir çəngə də bulud gətir.
Qatıq gətir, qaymaq gətir,
Süzmə gətir, qurud gətir,
Əyriqardan kəklikotu,
Əriməzdən qar çiçəyi,
Yargələndən Yarçiçəyi,
Göbəkdaşdan şirin yemlik,
Üçtəpədən quşəppəyi,
Bir dəstə də Novruzgülü.
Bir də mənə gənclik ili
Gətir bahar...
Darıxıram, tez gəl, bahar.
Şəlalə saçlarını uzatsın,
Pöhrələr böyüsün, ərsəyə çatsın.
Açılsın güllərin qönçəsi,
Nişanlı qızların xonçası tək.
Coşsun məhəbbət dolu ürək.
Nur ələnsin göy otların üstünə,
Arılar şəbnəm içsin,
Çiçək piyalələrdən.
Qızlar çələng toxusun,
Qırmızı lalələrdən.
Gözəllik yağır üzündən,
Gözündən,
Çörək ətri gəlir səndən.
Səndə təzə nübar,
Şirin bar,
Sevgi aləmi var.
Səndən doymaq olarmı,
Sənə bərabər varmı?

        Ayağı sayalı olsun bu Novruzun. Elimizə, obamıza bir təzəlik ələdi, insanların ovqatını düzəltdi, onları dəətli qəmin, qüssənin, kədərin əlindən aldı, könülləri sevncə bələdi, qəlbləri sevinirdi, küsülüləri barışdırdı, ev-eşiyi, həyət-bacanı əməlli-başlı təmizlədi, pak elədi. Bağ-baxçanın bənizi dəyişdi. Gənclik ruhlu, zəhmət ətirli şəhərimizə bir füsunkar gözəllik gətirir bu Novruz. Elə bil Günəş də öz qırmızı tacında daha gözəl görünür, ulduzlar səmanın göy saçında daha parlaq sayrışırlar. İlin axır çəənbəsi sübhün çırağı da gur yanır, göz qamaşdırır.
        Bu mənzərəni seyr etdikcə xəyal biləyimdən yapışıb, daha qədimliyə, ilkinliyə çəkib aparır məni... Eh! İndi çox şeylər unundulub...
        Adamlar bir-birinə baş çəkir, hal-əhval tutur və hasilə gətirdiyi məhsuldan sovqat-pay aparırdılar. Torba-dağarcığın bərəkətini üzən payızın ömrü dekabr ayının 21-də başa çatır. Dekabr ayının 21-dən 22-nə keçən gecə qış fəsli başlayır. Bu gecəyə «Yelda» (uzun) gecəsi deyərdilər nənələrimiz. Müdrik babalarımız qış fəslini üç qismə bölərdilər. Böyük çillə, Kiçik çillə, Boz ay. Böyük çillə bir az mülayim, bir az sərt, qırx gün davam edir.
        Kiçik çillə iyirmi gün ömür sürür. Bu Kiçik çillə var e, soyuq, şaxta, boran və çovğunla özünü  yetirir. Nənəm deyərdi: Bu  Kiçik çillə özünə görə deyil. Kiçik çillənin soyuğu, təndirə təpər toyuğu. Kiçik çillə Böyük çilləyə deyir: -sənin ömrün məndə olsa, bilirsən neyləyərəm? Toyuqları hində, qadınların əlini un çuvalında, atların qulunu qarnında dondurar, boylu gəlinlərə uşaq saldırardım.
        Müdrik nənələr Kiçik çillənin belə sərtliyini görüb onun tez getməsini arzulayıb və deyərdilər:

Kiçik çillə, qan çilə
Kəhər atı qamçıla.
Çatdır bizi bahara,
Halımıza yan, çilə.

        Kiçik çillə fevral ayının 21-də yerini Boz aya verir. Boz ay da ki, bozara-bozara mart ayının 21-nə qədər davam edir, yerini istəkli Novruza verir. Novruzun ilk müjdəçisi qarçiçəyi olur.
Qarçiçəyi haray salır,
Novruz gəlir, Novruz gəlir,
Buludların gözü dolur,
Novruz gəlir, Novruz gəlir.

Günəş yerə göz-qaş atır,
Şimşək dağda at oynadır.
Çölə-düzə xəbər çatır,
Novruz gəlir, Novruz gəlir.

Əriyir qar, keçir boran,
Yapıncıdan çıxır çoban.
Qəh-qəh çəkib gülür hər yan,
Novruz gəlir, Novruz gəlir,

        İnsanlar sevinir, baharın gəlişini alqışlayırlar. Novruz bayramı həm də təbiətin bayramıdır. Təbiətin oyanışı, sellərin, suların çoşması, ağacların tumurcuqlanması, köçəri quşların «yaylağa» qayıtmaları, insanların torpağa bağlanması bu vaxtdan başlanır.


Qışın köynəyini carın baharım,
Çəmənimə gəldin, çölümə gəldin.
Sənsiz darıxmışdı göy yaylaqlarım,
Yaylağıma gəldin, elimə gəldin.

Çöllər yaz ətirli küləklə doldu,
Bağların qucağı çiçəklə doldu.
Ürəyim yenidən diləklə doldu,
Yaşılbaş sonalı gölümə gəldin.

Gəldin saçaqlandı nərgiz, yasəmən,
Səmtini dəyişdi dağda duman, çən.
Yemliyə, yarpıza tamarzıyam mən,
Göbələk dəymirdi dilimə, gəldin.

        Təkcə bunlardımı tamarzı qaldığım? Qırxbuğum, yarpız, kəklikotu, çayotu, alaqanqal, südlü qanqal, dəvədabanı, ayıdöşəyi, bulaqotu (qıjı), mərəvcə (qulançar), çöl kişnişi, tüfəng içi, quzuqulaq, cincilim, şomu, quşəppəyi, unluca, qoyunqulağı, şahpencər, əmənkömənci, razyana, cəfəri, yarpız, gicirtkan, əvəlik, baldırğan torpağın altından üstünə çıxır, güllər qönçələnir, bülbüllər gül eşqi ilə havalanır, həyat çeşməsi daha gur çağlayır. Tənəklər əl-qol atır, çardaqdan asılır, yarı çiçək qoralar budaqlara qısılır. Təbiətin belə oyanışından insanlar gecə ilə gündüzün yarı olması gününə qədər 4 çəənbə hazırlıq işləri görürlər. Birinci Su çəənbəsi (ab), ikinci Od çəənbəsi (atəş), üçüncü Torpaq çəənbəsi (xak), dördüncü Külək çəənbəsi (bad).
Ab, atəş, xak, baddan xəlq olundu dünya-aləm. Bunlar olmasa həyat mövcud ola bilməz. Bəs insanlar nə görürlər? Əvvəlcə dünyadan köçümüşlərin ruhunu şad etmək üçün onları ehtiramla yad edir, qəbirüstünə çıxır, ehsan verirlər. Buna «Qara bayram» deyərdilər.
Biz tərəflərdə 4,6,8  dirəkli qara damlar olurdu. Ocaq, təndir, yananda tirlər, atmalar hisdən qaralardı. Onlar damda qaranlığı bir az da artırırdılar. Bayram ağzı onları unlayırdılar. Evin içində aydınlıq yaranırdı. Pal-paltarları qışın his-pasından təmizləyir, sil-süpür edirdilər. Yumurta boyayır, qovurğa qovurur, qovut çəkirdilər. Cavanlar yumurta döyüşdürür, dirədöymə oynayırdılar. Yumurtanı qatara düzürdülər. Torpaqdan kiçik təpə düzəldib yumurtanı onun birinin içində gizlədirdilər. Kim tapsa, yumurta ona çatardı. Böyüklər səməni qoyur, iki-üç qoşa ovuc da qonaq üçün ayırardılar. Buğdanı üç gün tabaqda suda saxlayırdılar. Sonra suyunu süzər, islanmış, şişmiş buğdanı isti parçanın arasına töküb sinilərin içinə düzərdilər. Sonra siniləri yükün altına itləyərdilər. 2-3 gündən bir su səpərdilər, cücərmə başa çatana kimi əzərdilər, ələkdən süzərdilər, məhlulu mis qazanlara töküb qoyardılar ocağa. Lakin məhlulu tez-tez qarışdırmaq vacib idi. Yoxsa qazanın dibi vurardı. Onun şirinliyi buğdanın tərkibindəki nişastaya görə idi.

Sinilərə düzülərdi səməni,
Döyülərdi, əzilərdi səməni.
Ələklərdən süzülərdi səməni,
Damağımda qazmağının dadı var,
Çox şeylərin özü yoxdur adı var.

        Səməni halvasından qohum-əqrəbaya, tanış-bilişə dost simsara bayram payı verərdilər. İlin axır çəənbəsi od yandırma mərasimi başlayardı. Biz od yandıranda əsasən malın qabağında qalan qırçından, çöl-çöpdən istifadə edərdik. Odun üstündən hoppanardıq və deyərdik: -ağırlığım, uğurluğum tökül bu odun üstünə. Bu o demək idi ki, qışın ağrı-acılarını, xəstəliklərini töküb odda yandıranda o bir də geri qayıda bilməz. Bu gün biz uşaqlarımızı bayram əhval-ruhiyyəsində tərbiyə edə bilmirik. Onlar od yandırmağı bilirlər. Lakin mahiyyətini bilmirlər. Ona görə də yandırmaq üçün canlı ağacdan kəsir, skamyaların taxtalarını sökür, giriş qapı və pəncərlərini çıxarır, köhnə maşın şinlərini gətirib yandırırlar.
        Onsuz da ekoloji vəziyyəti ağır olan havanı bir az da çirkləndirirlər. Buna görə də valideylər, əllimlər uşaqlara od yandırmaq barədə geniş məlumat verməlidirlər. Bayram tonqalı elə olmalıdır ki, onun üstündən hoppanmaq olsun. Od yandırma qurtardıqdan sonra qapı pusdu, niyyət etmək, bayram süfrəsi bəzəmək başlanardı.


A Çaldağım, Buzovyalın qırovu,
Ütük baba buraxmazdı bir ovu,
Xıdırnəbi pişiklərin murrovu,
Qovurğanı kirkirədə çəkərdik,
Qovudunu şirin südə tökərdik.

A Çaldağım, «baca-baca» çatanda.
El-obamız qəm-qüssəni atanda,
Göyün gözü xumarlanıb yatanda,
Biz də durub ağacatı yallardıq,
Bacalardan uzun torba sallardıq.

Süfrəmizdə yeddi löyün olardı,
Cavan qızlar suya iynə salardı.
Çoxlarının bəxt ulduzu yanardı,
Mürgü vurub gözümüzü yumardıq,
Sübhdən durub su üstünə cumardıq.

Əlimizi, üzümüzü yuyardıq,
Cibimizə bulaq daşı qoyardıq.
Bədnəzərin baxışını oyardıq,
Ağırlığım, uğurluğum tökülsün;
Canımızda olan dərdlər çəkilsin:- deyərdik.
       
Suya iynə salmaq həsrətin vüsala çatması kimi düşünülürdü. İki kasanı su ilə doldurar, iki iynəyə pambıq saplayaraq salardılar suya. «Yelkənli» qayıqlar suda üzərdi. Qayıqdakılar yaxınlaşıb bir-birinə əl versəydilər niyyət hasil olmuş hesab edilərdi. Deməli, həsrətlilər qovuşacaqdı. Bacalardan corab sallayardılar, tanış səslərin payı bir az artıq olardı. Qızlar, oğanlar duzlu kökə yeyərdilər. Gecə yuxuda hansı oğlan qıza su versəydi, deməli, xeyir ə hazırlaşmaq olardı. Həmin gecə qızılgül kolunun dibinə yumurta, kömür və qırmızı karandaş qoyardılar. Əgər səhər yumurtanın üstündə qırmızı görünsəydi, deməli niyyət hasil olmuşdu. Qara görünsəydi, əksinə. Həmin günü səhərə kimi oturmaq üçün deyərdilər: bu gecə qara at gövəşəyəcək, axar sular dayanacaq, ağaclar başlarını əyib suya səcdə edəcəklər, kim bunu görsə istəyinə nail ola bilər. Yuxusuzluğa dözməyib mürgüləyən adamı oturduğu döşəyə, stula, söykəndiyi yastığa tikərdilər. Sonra dudkeşlə yatanın qulağının dibində səs salıb oyadardılar. Yatan adam «mən yatmamışam» deyib durmaq istəyəndə döşək, yastıq və ya stul da onunla qalxar və gülüş səsləri evi bürüyərdi.
Çox təəssüf ki, dini, mənəvi-əxlaqi dəyərlərimiz, oturuşmuş adət-ənənələrimiz total rejiminin, bolşevik təbliğatının qəzəbinə gəldi. XX yüzilliyin 20-50-ci illərdə bu qəzəbin gücü daha qabarıq görünürdü. Bütöv bir millətə min ildən artıq bir müddətdə, maarifinə, mədəniyyətinə, məətində yaşatdığı dini dəyərlər, mənəvi dəyərlər birdən-birə yasaq edildi. Şərqlə bağlılığı qırmaq üçün əski əlifbanın dəyişdirilməsi, milləti yalnız öz dini-əxlaqi dəyərlərindən deyil, həm də milli adət-ənənələrindən uzaqlaşdırmaq meilləri gücləndi. Müqəddəs, ulu bayramımız olan «Novruz bayramı»na isti münasibət yasaq olunurdu, dini qiafə geydirilirdi. Əsrlərlə meydan və küçələrdə nümayiş etdirilən, insanın mənəvi-psixoloji təmizlənməsinə hətta tibbi nöqteyinəzərdən fiziki sağlamlıq üçün gərəkli olan belə bir bayram bolşevik təbliğatına düçar olmuşdu. Lakin Novruz bayramı yaddaşlardan silinmədi sadəcə olaraq bu bayramın müvəqqəti olaraq məkanını dəyişdi, küçələrdən, meydanlardan ürəklərə, evlərə köçdü.
Bayram ağzı çöçə bişirərdilər. Mərciməyi, kartofu bişirib əzərdilər. Püreni yayılmış yuxanın arasına qoyub üzünə yumurta sarısı yaxıb təndirə yapardılar. Ümumiyyətlə, bayramı çox ruh yüksəkliyi ilə keçirərdilər. Məhəllə-məhəllə gəzərdik. Hər tərəfdə bir canlanma,     çal-çağır hiss olunardı. Qara zurnanın zil səsi dağı-daşı lərzəyə gətirərdi. Yamaclarda otlayan quzular belə qara zurnanın səsindən məst olur şirin-şirin gövşək çalardılar.
Ahıl nənələr, müdrik babalar ağır «Mirzeyi» havasında sındıra-sındıra oynayardılar. Meydana bayram xonçaları gətirərdilər, şamlar yandırardılar, xoruz, qoç döyüşdürərdilər. Cavanlar küştü tutardılar. Bəli, baharın gəlişi insanın qanını qaynadır, bahar Günəşi torpağı isidir, bitkiləri qış yuxusundan oyadır. Mən baharın gəlişini ürəkdən alqışlayıram. Xoş gəlmisən, qədəmlərin çox mübarək.

Əcəb toy-büsatdır sənin gəlişin,
Təbəssüm dodağın həmdəmi olur.
Al yanaq qızların şirin gülüşü,
Sevən könüllərin məlhəmi olur.

Günəşin zərrəsi qızdırır yeri,
Budaqlar pöhrələr bir boy da atır.
Torpağa qarışır məhəbbət təri,
Səninlə arzular vüsala çatır.

Daha parlaq olur sübhün çırağı,
Qoyur əməllərin dağı dağ üstə.
Bağbanın nəfəsi isidir bağı,
Yüz yarpaq göyərir hər budaq üstə.

Çəmən sürmə çəkir qar sularından,
Bir Çoban bayatı mələyir tütək.
Dağların zümrüd yamaclarından,
Sürülər asılır boyunbağı tək.

        Süfrəmizə bolluca nemət, xalqımıza can sağlığı, üz ağlığı, xoşbəxtlik, firavanlıq gətir, bahar!
Gəl ki, sular coşsun, çaylar daşsın, torpaqlarımız azad olsun, yurdumuzda toy-büsat qurulsun, millətimiz şad olsun. Soydaşlarımız doğma yurdlarına, isti caqlarına, bərəkətli bucaqlarına qayıtsınlar.

Həyətdə, bacada tonqal çatılar,
Ağırlıq, uğurluq oda atılar.
Yel qanadlı olar ağac atlılar,
Bahar gələndə. 

Kin əriyər, küsülülər barışar,
Şadlıq, sevinc bir-birinə qarışar.
Duyğularım gözəlliyə qovuşar,
Bahar gələndə. 

Qışın cunası zirvədə qalar,
Bəyaz buludların gözləri dolar.
Təbiət sazında min hava çalar,
Bahar gələndə. 

Şəlalə nazlanar, çeşmə çağlayar,
Qayalar kəkliyə xına saxlayar.
Ellər yaylaqlarla ülfət bağlayar,
Bahar gələndə. 

Bülbül coşa gələr, qartal qıy vurar,
Marallar ünnəşib gədikdə durar.
Sellərin atını dərələr yorar,
Bahar gələndə. 

Göyün bərəkəti torpağa axar,
Ay Yerin hüsnünə həsrətlə baxar.
Xəyalım aləmin sehrinə çıxar,
Bahar gələndə. 

Küləyin sığalı telimdə qalar,
Çiçəkli çəmənlər beşiyim olar.
Yarpızlı bulaqlar laylamı çalar,
Bahar gələndə. 

Eşqimə nur səpər yazın yağışı,
Könülümü bənzəyər sevgi naxışı.
Canıma od salar bir qız baxışı,
Bahar gələndə. 


 Əvəz Mahmud Lələdağ

 .




.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri