Qəhrəmanlar unudulmaz
Qəhrəmanlar
unudulmaz
1418 gün davam edən, anaları oğulsuz, bacıları
qardaşsız, gəlinləri ərsiz, nişanlı qızları intizarda, 25 milyon insanın həyatına
son qoyan, 75 min şəhər, kənd qəsəbəni xarabaya çevirən amansız müharibənin son
atəşinin susduğu gündən 68 il keçir. Keçən 68 ildə o qanlı-qadalı müharibədən
çoxlu əsərlər, məqalələr yazılmış, filmlər çəkilmişdir. Lakin ona olan maraq zəifləməmiş
və bu gün də zəifləmir.
Illər
keçir, nəsillər dəyişir, amma insanlar həmin dövrün tarixi hadisələri haqqında
həqiqətləri daha dəqiq bilmək üçün o illərin tarixi sənədlərinə arxiv
materiallarına dönə-dönə müraciət edirlər. Indiki nəsil, bütün tərəqqipərvər bəşəriyyət
faşizmə qarşı müharibədə öz gücünü, bacarığını əsirgəməyənlərin, canlarından keçənlərin
xatirəsini yad edir, onların qəhrəmanlıqları
önündə baş əyirlər.
Alman faşistlərinə
qarşı döyüşdə Azərbaycanlı gənclər misli görünməmiş qəhrəmanlıqlar göstərmiş ciddi imtahanlardan üzüağ çıxmış,
xalqın qəhrəmanlıq ənənələrinin layiqli
davamçıları olduqlarını bir daha sübut etmişdilər. Bütün sovet gencləri
kimi Azərbaycanın oğul və qızları da cəbhədə igidliklə vuruşmuş, arxa cəbhədə
çalışmış, bütün güc və enerjilərini faşizm üzərində qələbə uğrunda mübarizəyə sərf
etmişdilər.
Həmin qorxmaz qəhrəmanlardan biri, xalqımızın igid
oğlu atıcı (snayper) İlyas İsmayılov bir gün ərzində sərrast atəşlə düşmənin on
bir əsgərini məhv etmişdir. Brest qalası
uğrunda döyüşən insanların xatirəsi həmişə əziz tutulub, bundan sonra da heç
vaxt unudulmayacaqdır. Onlar düşmənin ardı kəsilməyən qüvvələrinə qarşı bir
aydan artıq vuruşmuşlar. Qalanın müdafiəsində canlarından keçməyə hazır olan
qorxu bilməz, geri dönməz igidlərin bir müqəddəs şuarı olub. “Geri çəkilməkdənsə Vətən uğrunda ölmək yaxşıdır”! Brest qalasının müdafiəsində baş
serjant D. Abdullayev, pulemyotçu
Z. İbrahimov, A. Haqverdiyev və M.
Qədimov fəal iştirak etmişlər. Kamal
Qasımov daha çox fərqlənmişdir. Ona Prut çayı üstündəki körpünü partlatmaq
tapşırılmışdı. Kamal Qasımov öz cəsur yoldaşları ilə birlikdə düşmənin dolu
kimi yağan gülləsi altında sürünə-sürünə üç körpünü minalamış, partlatmış, düşmənin
Sovet sahilinə keçmək cəhdinin qarşısını qəhrəmanlıqla ala bilmişdir.
Leninqradı ələ keçirmək faşistlərin işğalçılıq
planında xüsusı yer tuturdu. Lakin düşmənin bu arzusu da gözündə qaldı. Şəhər
alınmaz qalaya çevrilmişdi. Leninqrad şəhərini müdafiə edən hərbi hissədə Azərbaycanın
oğulları qəhrəmancasına vuruşmuşlar. 22
yaşlı təyyarəçi Hüseynbala Əliyev müharibənin ilk günlərindən Azərbaycan
xalqını şöhrətləndirmiş, Leninqrad uğrunda döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir.
1941-ci ilin iyul ayında Hüseynbala
Əliyev amansız döyüşdə bir neçə faşist təyyarəsini vuraraq öz
aeraportuna qaytardı. Birdən mühüm bir obyekti bombardman etməyə can atan üç
düşmən təyyarəsini gördü. O, dərhal qeyri-bərabər döyüşə girdi. Döyüş başlayan
kimi düşmən təyyarələrindən biri düşdü.
Yaralanmış Hüseynbala Əliyev düşmənin
ikinci təyyarəsini də məhv etdi. Bu döyüşdə igid doğulmuş Hüseynbala Əliyev
ağır yaralandı. O, huşunu itirirdi. Lakin üçüncü düşmən təyyarəsinə də hücum
etdi və onu məhv elədi. Igid qəhrəman
Hüseynbala Əliyev özündə güc taparaq təyyarəni Sovet aeraportuna gətirə bildi.
Leninqrad uğrundakı döyüşdə Hüseynbala Əliyev on yeddi yara almışdı. Ertəsi gün
Hüseynbala artıq yox idi, lakin onun qəhrəmanlığı heç vaxt yadımızdan çıxmayacaq,
unudulmayacaq.
Mən üçüncü sinifdə oxuyanda Hüseynbala Əliyev barədə
yazılmış bir şeir hələ də yadımdadır.
O bir igid cavandı,
Sular tək coşdu, getdi,
Bir alıcı tərlandı,
Yuvadan uçdu getdi.
Gedərkən sevgilisi,
Həyatının əzizi,
Yaxınlaşıb qoluna,
Bir kəlağay bağladı,
Üzünü yana tutub
Yana-yana ağladı...
Leninqradın müdafiəsində Bakı aeroklubunun məzunları-
Hüseyn Bağırov, Yevgeni Sıqankov, Əsəd Səmədov,
Aleksand Şitov və başqaları da iştirak etmişlər.
1943-cü il aprelin 21-də düşmənin arxadakı
bazalarını məhv etməyə gedən hücumçu təyyarələri 8 qırıcı təyyarə müşayiət
edirdi. Müşayiət edənlərin arasında
Hüseyn Bağırov və Yevgeni Sıqankov
da var idi. 40 faşist “quzğunu” bizim təyyarələrin üzərinə uçdu. Qeyri-bərabər
döyüşdə düşmənin on üç təyyarəsi vuruldu. Hüseyn Bağırov və Yevgeni Sıqankov hərəsi
iki təyyarə vurdu.
Leninqradın mərkəzi hərbi-dəniz muzeyində 86 düyün
vurulmuş bir ip eksponat kimi nümayiş etdirilir. Həmin ipdəki düyünlər
komsomolçu snayper Məmmədəli Abbasov tərəfindən üç ay ərzində məhv edilmiş faşistlərin
sayını göstərir. Bu, döyüşçünün özünəməxsus yaddaşı idi.
Azərbaycan qəhrəmanları Moskva ətrafındakı döyüşlərdə
əbədi şöhrət qazanmışlar. Görkəmli hərbiçi Həzi Aslanov öz şanlı döyüş yolunu Moskva
ətrafındakı vuruşlardan başlamışdır.
Azərbaycan xalqının oğlu İsrafil Məmmədov Moskva ətrafındakı
döyüşlərdə Vətənə dərin sədaqəti ilə əbədi şöhrət qazanmışdır. 1941-ci il dekabrın
3-də Pustinka kəndini müdafiə edən döyüşçülərimizə ardı kəsilmədən gələn
faşistləri 30-40 metr yaxına buraxaraq qəflətən onlara hücum etdilər. Israfil
avtomatdan şiddətli atəş açırdı. O, avtomatın bütün güllələrini atıb
qurtardıqdan sonra radistlərin və yaralı əsgərlərin doldurub verdikləri tüfənglərdən
fasiləsiz atəş açmağa başladı. Bundan sonra isə “Yoldaşlar, faşist itlərini
vurun”! -deyə süngü döyüşünə girdi və faşistlərdən üçünü vurdu. Almanların bir
qrupu bizim rabitəni qumbara ilə sıradan çıxarmağa cəhd etdi. Israfil onlardan
daha beşini vurdu və döyüşün axırına qədər rabitəni sıradan çıxmağa qoymadı.
Beləliklə İsrafil öz sahəsini qəhrəmanlıqla müdafiə edərək faşistlərin 70 əsgərini
və 3 zabitini məhv etmişdir.
Pulemyotçu İdris Vəliyev məşhur Borodino düzündəki
döyüşlərdə iştirak etmişdir. Faşistlər cinahı yararaq, bizim hissələrdən
birinin arxasına çıxmışlar. Həmin vaxtda
komanda məntəqəsində olan İdris onları görən kimi pulemyota doğru atılmış və
şiddətli atəş açmışdır. Ağır yaralanmasına baxmayaraq kömək gələnə qədər döyüşdən
çıxmamışdır. O, bu döyüşdə 50-yə yaxın alman əsgər və zabitini məhv etmişdir.
Moskva ətrafındakı döyüşlərdə paraşütçü-kəşfiyyatçı
və əla xizəksürən Şamil Hüseynov şöhrət qazanmışdır
Azərbaycanın igid oğulları-zenitçi Məmmədrəsul
Paşayev, avtomatçı Əşrəf Məmmədov, rabitəçi Məmməd Xəlilov, hərbi həkim Qədəmşah
Sadıqov və başqaları ruslarla, Sovet İttifaqının bütün xalqlarının nümayəndələri
ilə çiyin-çiyinə Moskva uğrunda vuruşmuşlar.
Gənc azərbaycanlılardan tankcı Baba Muxtarovun,
minomyotçu Qambay Məmmədov, piyadaçı Nuru Əliyevin, snayper Baloğlan Abbasovun
adları Stalinqradın müdafiəsi tarixinə qızıl hərflərlə yazılmışdır. Baloğlan tərəfindən
106 faşist vurulmuşdur. Həmin günlərdə “Qızıl Ordu” cəbhə qəzeti onun haqqında
yazmışdır. “Sərrast atıcı Abbasov qeyri-adi cəld və cəsur döyüşçüdür”.
Baloğlan Abbasov Stalinqrad ətrafındakı döyüşlərdə
həlak olduqdan sonra ordu hissəsi komandanlığının Azərbaycan rəhbərliyinə göndərdiyi məktubunda deyilirdi:
“Diviziyamız böyük kədərə batmışdır: bizim Baloğlan Abbasov həlak olmuşdur. O,
nisbətən az vaxt içərisində bütün diviziyanın
sevimlisi və fəxri olmuş, təkcə bizim
orduda deyil, bütün cəbhədə şöhrət qazanmışdır. Baloğlan həlak olub, lakin onun
işi və qəhrəmanlığı döyüşçülərin və bütün xalqın ürəyində əbədi yaşayacaqdır.
Indi Abbasovun tüfəngi hissənin bayrağı sayılır. Azərbaycan xalqı öz oğlu Baloğlan
Abbasovun adı ilə fəxr etməyə haqlıdır ”.
Stalinqrad ətrafındakı döyüşlərdə sərrast atıcılar
Əli Hüseynov , Gəray Kərimov, Museyib Bağırov və başqaları böyük igidlik göstərmişlər.
Azərbaycanlı Əli Kərimov Stalinqradın müdafiəsində əvvəldən-axıra qədər iştirak
etmişdir. O, bu müddətdə həm snayper, həm rabitəçi, həm kəşfiyyatçı, həm istehkamçı olmuşdur. Qələbəyə möhkəm inam həmişə
onu döyüşün taleyi həll olunan yerə çəkmişdir. Əli Kərimovun snayper dəftərçəsində
məhv edilmiş 44 faşist göstərilmişdir.
“Kiçik torpaq” döyüşlərində qəhrəmanlıq göstərmiş
şanlı Azərbaycan nümayəndələrinin yadigarları Bakıda 18-ci Ordu muzeyində qayğı
ilə saxlanılır.
“Kiçik torpaq” döyüşlərində minomyotçu Əbdurrəhman
Dadaşov, pulemyotçu Əbutalıb Əliyev, desantçı Səlçuq Ağacanov, dəniz
piyadaçıları briqadasının komandiri Məlik Quliyev igidlik göstərmişlər.
Ukrayna torpaqlarının faşist işğalçılarından təmizlənməsində
iştirak edən şair-döyüşçü Böyükağa Qasımov Bakıdakı yoldaşlarına yazmışdır: “Mən
indi rota komandiriyəm. Nifrətəlayiq düşmənlə döyüşdə iştirak etməkdən, öldürülmüş
günahsız körpələrin, ağsaçlı anaların, asılmış qızların qanı uğrunda, böyük Şebçenkonun
vətəni uğrunda döyüşlərdə iştirak etməkdən
böyük şərəf yoxdur... Mən həmişə bu fikirlə yaşayıram, öz döyüşçülərimi bu
ruhla silahlandırıram, hər addımı bu inamla atıram”.
Azərbaycan komsomolunun yetirmələri Salahəbdin
Kazımov, Mikayıl Ələkbərov, Əbdul Verdiyev, Məlik Məhərrəmov, Fariz Səfərov
Dnepri keçən sovet döyüşçülərinin ilk sıralarında olmuşlar.
Sovet Ordusunun 1944-1945-ci illərdə müzəffər
yürüşlərində Gəray Əsədov, Qəzənfər Ələkbərov, Mirzə Cəbiyev, Xəlil Məmmədov, Adil
Quliyev və Azərbaycanın başqa gəncləri qəhrəmanlıq göstərmişlər.
Cəbhəyə könüllü gedən, düşmənə qarşı igidliklə
vuruşan komsomolçu qızlar-Ziba Qəniyeva, Səlimə Xalidova, Cəvahir Əliyeva və
başqaları öz atalarından və qardaşlarından geri qalmamışlar.
Azərbaycanlılardan təşkil edilmiş 416-cı Taqanroq
diviziyası döyüş yolunu 1-ci Belarusiya cəbhəsinin tərkibində Qafqazdan
başlamış və Berlinə ilk girənlərdən
olmuşdur. Bu diviziyanı batalyonlarından biri
Brandenburq qapılarının alınmasında iştirak etmiş, həmin batalyonun komsomol təşkilatçısı Əhməd Məcidov Qırmızı
bayrağı qapının üstünə sancmışdır.
Böyük Vətən müharibəsi cəbhələrində göstərilmiş
igidliyə görə Azərbaycanın on minlərlə gənci yüksək dövlət mükafatlarına layiq
görülmüş, 120 nəfəri Sovet İttifaqı Qəhrəmanı adını almışdır.
Görkəmli sərgərdələrdən tutmuş əsgərlərə qədər
bütün cəbhəçilərin, müəssisə rəhbərlərindən tutmuş sıravi fəhlə və kolxozçuya qədər
bütün arxa zəhmətkeşlərinin şanlı işi xalq rəvayət və əfsanələrinə
çevrilmişdir. Döyüş və əmək qəhrəmanlarının şərəfinə monumentlər və obelisiklər
ucaldılmışdır.
Bu günün vəzifələrini həll edərkən və sabahki gün
haqqında düşünərkən biz dönə-dönə xəyalən müharibənin keçmiş hadisələrinə və dərslərinə
qayıdır, qələbənin əhəmiyyətini daha dərindən qiymətləndirməyə çalışırıq.
Azərbaycan xalqının qəhrəmanlıq ənənələrini, şanlı
döyüş yolunu bugünki nəslin nümayəndələri Mübarizlər, Əliyarlar, Fəxrəddinlər,
Aslanlar şərəflə davam etdirirlər. 220 nəfər öz qəhrəmanlıqları ilə, Vətənə məhəbbətləri
ilə, dövlətə, dövlətçiliyə sədaqətləri ilə, torpağa bağlılıqları ilə ölməzliyə
qovuşdular, əbədiləşdilər, ululaşdılar, ürəklərdə heykəlləşdilər. “Adın mənim
canım sənin Azərbaycan”-dedilər Vətən yolunda canlarından keçən Milli Qəhrəmanlarımız.
O qanlı-qadalı illərdən 68 il keçməsinə baxmayaraq,
onun ağrı-acıları hələ də qalmaqdadır.
Bu amansız müharibənin şəhərlərimizə, qəsəbələrimizə,
kəndlərimizə vurduğu yaraları sağaltmışıq, lakin könüllərə vurulan yaralar
sağalmır və o yaralar əsrlər keçsə də yaddan çıxmayacaq,ürəklərdən silinməyəcək.
Müharibənin vurduğu yaraların sağalmadığını, qövr elədiyini hiss edirəm. Hiss
edirəm ki, hələ oğlu qayıtmayan anaların göz yaşları qurumayıb, çuxurlanmış
gözləri oğlu gedən yollara baxır və öz-özünə gileylənir. Axı niyə gəlmədin,
oğul?!
Neçə il göz dikdim uzaq yollara,
Gözümə qaraltı dəydi, gəlmədin.
Sinəmə çəkilən dağ-düyün oldu,
Həsrətin qəddimi əydi, gəlmədin.
Neçə il əkildi, sovruldu tağlar,
Neçə il donunu dəyişdi dağlar.
Yolunu gözlədi meyvəli bağlar,
Üzüm salxımlandı, dəydi, gəlmədin.
Nişan üzüyünü saxladım, oğul,
Hər axşam, hər sabah yoxladım, oğul.
63
Çəpərdən o yana baxmadım,oğul,
Qonşu qızı bizdən əydi, gəlmədin.
Sədəfli sazını divardan asdım,
O həzin ağladı, mən qulaq asdım.
Solğun şəkilini bağrıma basdım,
Könlüm gəlişini duydu, gəlmədin.
Get-gedə bürüdü dərd məni aldı,
Qocalıq qolunu boynuma saldı.
Atanın arzusu gözündə qaldı,
Əcəl qapımızı döydü, gəlmədin.
Əvəz Lələdağ
Комментарии
Отправить комментарий