Əzizim VƏTƏN Yaxşı kitabı 2ci hissə şeirlər


Zəngəzur tək ünvanım var

Kəndimizin görkəmini,
Hər dərdini, hər kəmini,
Cırıldayan cəhrəsini,
Burnu əyri dəhrəsini,
Tuluğunu, nehrəsini
Selavını, dəhnəsini,
Tabağını, təhnəsini,
Təzəsini, köhnəsini,
Qalağını, tayasını,
Mamır bitən qayasını,
Döşəyini, yorğanını,
Yamacını, yarğanını,
Hər daşını, hər quşunu,
Enişini, yoxuşunu,
İlmə-ilmə, naxış-naxış,
Çərək-çərək, qarış-qarış
Ürəyimə çəkmişəm mən.

         * * *
Təpə-təpə, dərə-dərə,
Çəmən-çəmən çiçəklərdən
Şehli-şehli dərə-dərə,
Çeşmə-çeşmə, bulaq-bulaq,
Kəhriz-kəhriz, gözə-gözə,
Yaylaq-yaylaq gəzə-gəzə,
Diş göynədən buz sulardan,
Ovuc-ovuc içmişəm mən.


              * * *
O yerlərə qayıtmağa
Mənim qəti gümanım var.
Haqdan kömək diləyirəm
Haqqa böyük inamım var.
Tarixlərdən silinməyən
Zəngəzur tək ünvanım var.
Damarımda cövlan edən,
Büllur kimi saf qanım var.
Elim, obam, yurdum, yuvam
Doğma, əziz Vətənim var.
Canımdan da əziz olan,
Şirin olan, Vətən üçün
Qovğalardan keçmişəm mən.

* * *
Ağladığım bəsdi daha,
Sızladığım bəsdi daha.
Bu qisası, bu sitəmi
Gəl qoymayaq biz sabaha.
Qonşu sən , sirdaş sən ,
Qohum sən , qardaş sən ,
Qalx ayağa öndə gedək,
Çevik, cəsur əsgər olaq,
Yağılara dərd-sər olaq!
İtigözlü qartal kimi,
Şahin kimi, laçın kimi
İldırım tək göydən enək
Düşmənlərin üstə cumaq!
Didim-didim didək gərək!
Yerlə yeksan edək gərək.
Boynu  bükük o yurdları
Gavurlardan azad edək.
Elə bu gün, yubanmadan,
Göz qırpmadan, göz yummadan
Qeyrət ilə ovxarlanan,
Qılınc kimi dəryaz ilə
Yamanları biçək gərək!
İnildəyən torpaq üçün
Qanımızdan keçək gərək!
Qaçqın adı, köçgün adı,
Üstümüzdən götürülsün.
Qarı düşmən yurdumuzdan
İlim-ilim itirilsin.
Qayıtmasın bir geri!
Yad nəfəsi, yad həniri
İncitməsin tər gülləri.
Ürəyimdən keçənləri
Kəlmə-kəlmə dedim sizə.
Tale gülsə üzümüzə
Dədə-baba yurdlarına
Elə bil ki, köçmüşəm mən.

Zəngəzura düşəcəkdir güzarım

Borc veribdi Allah mənə bir canı,
vaxt alsa, qaytarmağa hazıram.
Can sağ ikən doğma Azərbaycanı,
Oba-oba, oymaq-oymaq gəzirəm.

Bədbəxt olub bu millətin dünəni,
Susdurublar bir az haqlı dinəni.
Öz dağımla dağlayıblar sinəmi,
Mən dağam ki, bu dağlara dözürəm.

Düşmən məni öz əlimlə qatlayıb,
Haqlı səsim gedib haqqa çatmayıb.
Öz çanağım öz başımda çatlayıb,
Nahaq yerə ora-bura yozuram.

Aslan gedib, çaqqal tutub bərəni,
Tülkü gəlib xəlvət görüb dərəni.
«Hara gündü qurudunu sərəni»,
Yad ölkədə, yad diyarda gəzirəm.

Öz sapandım dönüb məni daşladı,
Dəmir atlar şahə qalxıb kişnədi.
Top atanlar topu mənə tuşladı,
Bir gördüm qan gölündə üzürəm.

Axı mənim günahım var idi,
Doğma yurdum, qibləgahım var idi.
Öz axşamım, öz sabahım var idi,
Hardan gəldi bu sağalmaz azarım.

Kim unudar min doqquz yüz doxsanı?
Ölənlərin, itənlərin yox sanı.
A millətim, bir ayağa qalxsana,
Sənin belə işlərindən bezaram.

Qalx ayağa, sən silkələ dünyanı,
Bir axtar, tap dərd-sərini dünyanı.
El-obanı qara günə qoyanı,
Qəbirini dırnağımla qazaram.

Yandırdılar o körpəli qadını,
Söndürmərəm nifrətimin odunu.
Nakam gedən şəhidlərin adını,
Gecə-gündüz ürəyimə yazıram.

Yazıram ki, qoy hayqırsın haqq səsim,
Üstümüzə bir kədər əsməsin.
Qızılqayam, Göbəkdaşım, küsmə sən,
Kasad olub bir vaxt qeyrət bazarım.

Sağalacaq əvvəl-axır, bu dağım,
Qayıdacaq o növrağım, o çağım.
Gur yanacaq öz təndirim, ocağım,
Əsirlikdən qurtaracaq məzarım.

Şükür haqqa, öz bayrağım ucaldı,
Milli ordum millətimdən güc aldı.
Sərkərdəmiz başımıza tac oldu,
Zəngəzura düşəcəkdir güzarım.  
1991

Vətən oğlu

              «Vətən mənə oğul desə dərdim»
                                                    M. Araz
Vətən mənə oğul deməz,
Ona candan pay verməsəm.
Torpaq məndən üz döndərər,
Harayına hay verməsəm.
Qarğa-quzğun meydan açar,
Qartal kimi qıy verməsəm.
Əsgərlərim qalib gəlməz,
Onlara ox-yay verməsəm
Vətən oğlu, Məmməd Araz.

Duyğularım təzələnir,
El-obanı şən görəndə.
Doğma Vətən torpağını,
Səfalı, gülşən görəndə.
Vüqarıma vüqar çatmaz,
Dağlarımda çən görəndə.
Ürəyimə təpər dolar,
Vətəni vətən görəndə.
Gözlərimə işıq gələr,
Dostu dosta tən görəndə.
Vətən oğlu, Məmməd Araz.

Çox şükür ki, gündən-günə,
Saflaşırıq, paklaşırıq.
İçimizdə həyat eşqi,
Dərə keçib, dağ aşırıq.
Elimizin dərd-sərinə,
Qaynayırıq, qarışırıq.
Yurdu azad görmək üçün,
Gecə-gündüz yarışırıq.
Bu Vətənə, bu torpağa,
Necə gözəl yaraşırıq.
Vətən oğlu, Məmməd Araz.

Gərək bir unutmayaq,
Başımıza gələnləri.
Nifrət ilə yada salaq,
Bizi yarı bölənləri.
Unutmayaq Vətən üçün,
Candan keçib ölənləri.
Qurd ürəkli, sal kürəkli,
Geri dönməz o ərləri.
Vətən oğlu, Məmməd Araz.

Haqqa sarı gedirəm


Üz tutub gedirəm haqqa sarı mən,
Haqq olub həmişə dadıma yetən.
Bu gün aşammasam o hasarı mən,
Sabah biləyimdən tutacaq Vətən.

Həmişə qaçmışam haram tikədən,
Şərəfsiz tamaha olmuşam qənim.
Hər zaman qorxmuşam el tənəsindən,
Mayamı tutublar halaldan mənim.

qədər qəm odu yandırıb məni,
Hünərlə çıxmışam alovdan, oddan.
Dilimdə yaşadıb şirin kəlməni,
Uzaq dayanmışam natəmiz addan.

Anamız torpağa bağlı olmuşam,
Vətən torpağının tozu bəsimdi.
Bir vədə aranlı, dağlı olmuşam,
Yurda tamarzıyam niyə bəs indi?

Qərib-qürbət eldə çürüyür canım,
Dilbilməz əlində qalıbdı yaxam.
Bu hicran odunda qədər yanım
Yanıb kül olmuşam, elə bil yoxam.

Niyə tapılmayır halıma yanan,
Bu müşkül düyünlər açılmır hələ.
Naləmi eşitmir bu boyda cahan,
Tarix sürüklənir belədən belə.

İl ildən bəd gəlir, gün gündən qara,
Nələr itirmişəm tapa bilmirəm.
Gərdişin əlindən gəlmişəm zara,
Yerimə, yurduma çata bilmirəm.

Ziyarətə getmək yasaqdır mənə,
Görən haldadır məzar daşları.
Allah, bir anlığa gedəm Vətənə,
Görəm bağçadakı ötən quşları

İsti ocağımı itirmişəm mən,
Atamı ziyarət edə bilmirəm.
İçimdə qəm kolu bitirmişəm mən,
On ildir bağıma gedə bilmirəm.

Cərgəylə əkdiyim bar ağacları,
Neçə illərdi ki, baxımsız qalıb.
Hər gün oxşadığım nar ağacları,
Alagöz gilaslar yəqin qocalıb.

Bal kimi sapsarı qızıl armudlar,
Şahgəldi alması könüldən keçir.
Mənim qan ağlayan xəyal karvanım,
Əlmərdandan keçir, Cəlildən keçir.

Allahım, nicat ver yollanım elə,
Bazarçay yenə laylamı çalsın.
Allahım, göz yaşım dönübdü selə,
Gedim Naxırbulaq könlümü alsın.

Orda uşaqlığım, gəncliyim qalıb,
Bağrım qan olubdu gəlmişəm dilə.
Orda qönçə-qönçə güllərim solub,
Onları sevirdim məhəbbət ilə.

Üz tutub gedirəm haqqa sarı mən,
Haqq olub həmişə dadıma yetən.
Bu gün aşammasam o hasarı mən,
Sabah biləyimdən tutacaq Vətən.
Düşdü

Qapımı qəflətən şad xəbər döysə,
Nursuz gözlərimə nur gələr, inan.
Yurdun torpağına ayağım dəysə,
Mən nakam getmərəm, fani dünyadan.

Görünər üzümdə, gözümdə gülüş,
Əkdiyim ağacın barını dərsəm.
Ömrümü-günümü uzadar, gedib,
O yaylağı görsəm, o dağı görsəm.

Enəm Çuxurbağa, Tupulqalığa,
Tənəzzür dağına yenidən baxam.
Mərməlik, mərəvcə, gül yığa-yığa,
Buzduğun buzunu qoynuma yığam.

İçimdə yurd salıb hicran yanğısı,
Yanğımın odunu o buz söndürər.
Orda itirmişəm sevdiyim qızı,
Eşqin atəşini o qız söndürər.

Ömür-gün dönübdü qanadlı yelə,
O yel qanadını yormadan gedir.
Geriyə qayıtmaz bircə an belə,
Gecə , gündüz durmadan gedir.

Ayrılıq əzabdır hər bir insana,
Sevinc ona düşdü, qəm mənə düşdü.
Yaralı ciyərim dönübdü qana,
Hər yerdə,həmişə kəm mənə düşdü.                                                                                  
18.12. 2009
Qalam

Dünyaya göz açan bütün canlılar,
Ruzunu, qidanı torpaqdan umar.
Hərənin özünə uyğun yemi var,
Dəvələr həvəslə qanqala cumar.

Qartal şikar edib torpağa qonar,
Pələnglər tülkü tək hiyləyə uymaz.
İtə ot verənlər cahillər olar,
Canavar armudun dadını duymaz.

Deyirlər gün çatmaz keçən günlərə,
Dünəni geriyə döndərən hanı?
Allahın hökmüylə can verənlərə,
Əlavə bir ömür göndərən hanı?

İnsanın ömrünü uzatmaq çətin,
Əlvida deyəcək vaxtı çatanda.
Hamı içəcəkdir əcəl şərbətin,
Ulduzu sönəndə, bəxtı yatanda.

Gənclər bəhrələnər eşqin odundan,
Ürəkdə kükrəyər vüsalın dəmi.
Məhəbbət yolunda büdrəyən insan,
İçində daşıyar kədəri, qəmi.

Həyat möcüzəylə, sirlə doludur,
Dünyanın sirləri kamala sığmaz.
Hər bəndə Allahın sadiq quludur,
Haqqı tanımayan artıb-ağarmaz.

Ağzına şəkər qoy, dil şirin olsun,
Şirin dil canından daha şirindi.
Acılıq həmişə acıda qalsın,
Acını, şirini araşdır indi.

Hər yetən mənimtək eşqinlə yanmaz,
Arını şirədən qovmaq olarmı?
Acının üstünə milçək qonmaz,
Qara yel əsməsə gülşən solarmı?

Bülbül gülə görə gülşənə gəlib,
Dünənim  əriyib dünəndə qalıb.
Bu gün bəxt ulduzum üzümə gülüb,
Gözlərim o mərmər sinəndə qalıb.

Neçə illərdi ki, yaşayıram tək,
Sevincim olub, qəmim olub.
Bütün çətinliyə tab edir ürək,
Artığım da olub, kəmim olub.

Yataqda döşəli qalıbdı bu can,
İçimi göynədir Vətən torpağı.
Döyüb pəncərəmi qasırğa, tufan.
Məni oyadıbdı sübhün çırağı.

Qonağım olubdu zülmət gecələr,
Dar gündə qapıdan girən olmayıb.
Zəhləmi tökübdü haylı küçələr,
Mənə bir təsəlli verən olmayıb.

İstərəm can alan cananı qucam,
Canan nəfəsinə hopa nəfəsim.
Sənin varlığına qurbandı bu can,
Sonsuzdur istəyim, arzum, həvəsim.

Sadiqəm bağlanan əhdə-vəfaya,
Qarşında müntəzir nökərəm, qulam.
Dözərəm yolunda cövrü-cəfaya,
Təki həmişəlik yanında qalam.

Ürəyimdədir

Ömür getdi bada, gün getdi bada,
Məhəbbət güllərim soldu çəməndə.
Hicran atlı oldu, vüsal piyada,
Həyatım əridi dumanda, çəndə.

Cavanlıq quş olub uçdu uzağa,
Külək sürətiylə çıxdı əlimdən.
Tale su çilədi yanan çırağa,
Qaranlıq zindanda çürüdü bədən.

Dünyanın vəfası bəllidir bizə,
Pusquda dayanıb amansız əcəl.
O qonaq gələcək hər birimizə,
Hələlik verməyib heç kimə macal.

Başımın üstündə yellənən bayraq,
Atıb müsibətin, zülmün daşını.
Gərdişə ağılın gözləriylə bax!
Namərd qapazından qoru başını.

Düşmənin qisası ürəyimdədir,
İntiqam almağın vaxtı çatacaq,
Onda bilməyəcəm kədər, qəm nədir,
Onda yağıların bəxti yatacaq.

Yurda boylanacaq səhər şəfəqi
Ay da yuyunacaq sonsuz dənizdə.
Zəfər mücdəsini eşidən kimi,
Günəş güləcək, mavi dəniz .  

Sumqayıtım

Sumqayıtım, gözəl diyar,
Torpağına qurban olum.
Budaqlardan qopub düşən,
Yarpağına qurban olum.
Varlığına keşik çəkən,
Mərd oğluna,
Mərd qızına qurban olum.
Gözəllikdə tayın yoxdu,
Gəl özünə qurban olum!
Sumqayıtım, doğma yurdum,
İlk yuvamı səndə qurdum.
Qucağına hər guşədən
Naxçıvandan, Lənkərandan,
Xankəndindən,
Uzaq-uzaq dağ kəndindən
Ərlər gəldi, nərlər gəldi.
Atı itən, dada yetən,
Azan gəldi, təzən gəldi,
Atasından küsən gəldi.
Əlbir oldu, dilbir oldu
Hamı burda.
Şirinləşdi ağzımızın,
Dadı burda, tamı burda.
Lüt gələni,
Beyinləri küt gələni,
Beş kişidən biri etdin.
Ölüləri diri etdin.
Yaraşıqlı şəhər saldıq,
Göy Xəzərin sahilində
Göydələnlər ucaltdıq biz.
Səni cavan edə-edə,
Özümüzü qocaltdıq biz!
Sonra, sonra
Dünəninə salba atdıq,
Meydanlarda at oynatdıq.
Qamçıladıq bayatını,
Gəraylını,
Təcnisi biz!
Yaddan çıxdı öz dilimiz,
Öz donumuz.
Öz dinimiz!
Bir-birindən seçilmədi,
Ev oğrusu, çöl oğrusu.
Qəbristanda peyda oldu,
Daş oğrusu, gül oğrusu.
Başıboşlar, ağlıazlar,
Yandan çıxma yerlibazlar
Gözə dəydi.
Biri dedi: Şirvanlıyam,
Biri dedi: Muğanlıyam.
Biri dedi: Gəncəliyəm,
Biri dedi: Göyçəliyəm,
Qubadlıyam,
Coratlıyam!
Bax beləcə böldük səni,
Məhlə-məhlə, küçə-küçə,
Sərt  yollardan keçə-keçə
Nələr çəkdi başın sənin.
Gileylərə nöqtə qoydum,
Mübarəkdi yaşın sənin!
1994

 «Vağzalı» bir çal

Nənəm onu nanayında çalardı,
O çaldığı yaddaşlarda qalardı.
Qara zurna kəndə haray salardı,
«Mirzeyimə» tamarzıdı Qılıncyal,
Çal, a qardaş, «Vağzalı» bir çal.
«Vağzalı»da yeni həyat çağlayır,
Vüsal gülür, kədər qəmdən ağlayır.
Tale əli gəlin beli bağlayır,
Əhdim budur pozulmasın bu iqbal,
Çal, a qardaş, «Vağzalı» bir çal.

«Vağzalı»da dünənimdən soraq var,
Neçə-neçə möcüzəli varaq var,
Məhəbbət var, eşq adlanan çıraq var,
Arada bir «Cəngi»mi yada sal,
Çal, a qardaş, «Vağzalı» bir çal.

Nadanlardan, nakəslərdən ummayaq,
Naşıların əməliylə yanmayaq.
Un gətirin, qaynatanı unlayaq,
Şair dostum, bu hikmətdən ilham al,
Çal, a qardaş, «Vağzalı» bir çal.

Əvəz yandı yananların oduna,
Həsrət qaldı yaxınına, yadına,
Bundan belə haqq yetişsin dadına,
Ay camaat, alqış edin dalbadal,
Çal, a qardaş, «Vağzalı» bir çal.
1984
Qoru ərləri

Deyirəm bir cəngə bahar buludu,
O dağın çiynindən boylana bəri.
Mənim ürəyim, sinəm doludu,
Ondan xəbər alam bizim elləri.

Soruşam Dikdaşı, Yamabulağı,
Görən ot basıbmı o yolu, irzi.
Sönüb Nur babamın nurlu çırağı,
Qaranlıq aləmdə qoyubdu, bizi.

Ya Rəbbim, kömək et, qənşərimi,
O yaylağı görüm, o dağı görüm.
Görüm qonşu qızla görüş yerimi,
Almalı, heyvalı o bağı görüm.

Qırçın cığırlarla çıxım təpəyə,
Qoyunlu, quzulu yallara baxım.
Qalxım Lalayurda, Daşlıgədiyə,
Dağların kəməri yollara baxım.

İlahi, yadıma gör nələr düşür,
Görən biz tərəfdə «nobat» kimindi?
Yadıma o çöllər, çəmənlər düşür,
Görən məhləmizdə kim gəzir indi?

Ya Rəbbim, kömək et qənşərimi,
Görüm şux gözəllər gəzən yerləri.
Ya Rəbbim, xeyirə döndər şərimi,
Namərd gülləsindən qoru ərləri.

Deyirəm bir cəngə bahar buludu,
O dağın çiynindən boylana bəri.
Mənim ürəyim, sinəm doludu,
Ondan xəbər alam bizim elləri.
10.02.1994


Azərbaycan gülsün deyə
(Həmyerlimiz Elnur Məmmədlinin Çinin paytaxtı Pekində keçirilən
XXIX Yay Olimpiya oyunlarında qazandığı qələbə məni sevindirdi)

Xalqımızın iftixarı,
Vüqarıdı Elnur bala.
Qazandığı uğurlarla,
Zor yarıdı Elnur bala.
Şanlı güləş meydanında,
Məğrur durdu Elnur bala.
Rəqibinin kürəyini,
Yerə vurdu Elnur bala.
El-obanı gülə-gülə,
Sevindirdi Elnur bala.
Dalğalanan bayrağıma,
Hünər verdi Elnur bala.
Sinə gərdi çətinliyə,
Azərbaycan gülsün deyə.
        * * *
Pərvərdigar, özün qoru,
Bəd-nəzərdən bu övladı.
Bu sevdadan məmnun oldu,
Məşqçisi, həm ustadı.
Hər tərəfdə hay-harayla,
Çəkilirdi yurdun adı.
Qızıl medal sinəsində,
Ulduz kimi parıldadı.
Ürəyimdən xəbər verdi,
Elimizin toy-büsatı.
İnamlıydı qələbəyə,
Azərbaycan gülsün deyə.
        * * *
Elimizə şöhrət gəldi,
Alqış, əhsən bu şöhrətə.
O güləndə, dünyam güldü,
Heyran oldum o qeyrətə.
Oğul gərək oğul kimi,
Layiq ola bu hörmətə.
Mərd anadan süd əmibdi,
Keşikçidir ləyaqətə.
Əzəl gündən sadiq olub,
Etibara, sədaqətə.
Sidq ürəkdən arxalanıb,
Düz insafa, ədalətə.
Sığışmırdı yerə, göyə,
Azərbaycan gülsün deyə.
        * * *
Göydə quşlar nəğmə dedi,
Bu şad xəbər gələn kimi.
Ana, bacı qanad taxdı,
Qələbəni bilən kimi.
Nurlu üzdən nur ələndi,
Göz yaşını silən kimi.
Ağzındakı sədəflər,
Parıldadı gülən kimi.
Yağı, düşmən hikkəsindən,
Qıvrıldı kor ilan kimi.
Mən qəlbən sevinəcəm,
O bədxahlar ölən kimi.
Axır çatdı haqq köməyə,
Azərbaycan gülsün deyə.
        * * *
Səhər-səhər əsən külək,
Tər güllərdən mücdə aldı.
Şad xəbərdən gözü güldü,
Təbiət gözəl oldu.
Çölə-düzə soraq çatdı,
Çiçəklərin üzü güldü.
Günəş yeri qucaqladı,
Nəsibləri sevinc oldu.
Göz dikmirik bir kimsəyə,
Azərbaycan gülsün deyə.
        * * *
O dünyaya tanıtdırdı,
Xalqımızın qüdrətini.
Xainlərdən, yamanlardan,
Gizlətmədi nifrətini.
Heç bir zaman qürrələnib,
O,  aşmadı öz həddini.
Öz gücünə arxalandı,
Əydi rəqibin qəddini.
Cəsarətlə aşıb gəldi,
Aşılmayan Çin səddini.
Döndü gözəl əfsanəyə,
Azərbaycan gülsün deyə.
2008

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri