Vətən torpağına xoş gəlib bahar kitabı 2


Mirzə Şəfi nəğmələri

Bu torpağın mayasından güc almışam,
kərpic-kərpic hörülmüşəm.
Möhrə-möhrə ucalmışam,
Pillələri çıxa-çıxa,
gözəlliyə baxa-baxa
Eşitmişəm uluların nidasını, harayını!
Oxumuşam kəlmə-kəlmə,
sətir-sətir,
vərəq-vərəq
Bu günləri, dünənləri.
Öyrənmişəm qəddarları,
hərisləri,
Məndən ötdü deyənləri.
Öyrənmişəm elim üçün,
dilim üçün
Öz canını  qurban verib ölənləri!
Öyrənmişəm özü üçün,
nəsli üçün fikirləşib,
Bir ürəyi iki yerə bölənləri.
Öyrənmişəm, Vətən, səni dananları,
Eşitmişəm sənə qarşı söylənilən
qıpqırmızı yalanları.
Öyrənmişəm kimlər olub
özgələrin qapısında
yalaqları yalayanlar.
Öyrənmişəm kimlər olub
mənim abad yurd-yuvama «viran» deyib,
bayquş kimi ulayanlar!
Öyrənmişəm Vətən üçün
ovuc-ovuc torpaq olub,
torpaq altda intizarla yatanları.
Öyrənmişəm millətimin
min illərlə qazandığı
mənəviyyat sərvətini
yad ellərə satanları.
Onlar da ki, dayanmayıb
gecə-gündüz çalışıblar,
beyinləri qaşıyıblar,
məzarları qazıyıblar.
İpə-sapa düzülməmiş inciləri
torba-torba yad ellərə daşıyıblar!
Füzulini İraqda gəz,
Nəsimini Hələbdə gəz,
Mirzə Şəfi «almanlaşıb»,
«öz dilində dinə bilməz
Millət özü yükləyibdir
öz boynuna bu qəmləri.
Dəhşətə bax!
Avropada axtarılır
«Mirzə Şəfi nəğmələri»!
Saf dilimdə, qüdrətimə,
Bu şanıma, şöhrətimə
dönük çıxıb özgələşən!
Unutma sən!
Qulağında sırğa elə, eşit bunu!
Gün gələcək,
kəsəcəklər
özgələrin qapısında
yer süpürən quyruğunu!
Zaman özü bildirəcək nifrətini
düz yolundan dönənlərə 
Özü üçün yananlar!-a
Özü üçün sönənlər!-ə
1988
Qara eynək

Çoxları elə bilir
Mən kefimdən taxıram
Bu zil qara eynəyi.
İnanın, gözlərimə
Yoxdur onun köməyi.
Mən onu taxıram ki,
Yaltaqları görməyəm,
Qorxaqları görməyəm.
Mən onu taxıram ki,
Sırtıq üzlər görməyəm,
Millətimin içində
Yüngül qızlar görməyəm.
Xalqıma böhtan atan,
Qaçıb kölgədə yatan,
Nadanları görməyəm.
Min sifətli, qəlbidaş
İnsanları görməyəm
Çoxları elə bilir
Mən kefimdən taxıram
Bu zil qara eynəyi.
İnanın, gözlərimə
Yoxdur onun köməyi


Keçə bilməz

Mənim danlanmalı vaxtım keçibdi,
İndi ehtiyacım bir xoş sözədir.
Qocalıq şirəmi yaman çəkibdi,
Ümidim, gümanım bircə sizədir.

Şöhrətə uymadım, şana uymadım,
Təmənnam olmadı dünya malında.
Namərdlər sözünə, yada uymadım,
Əridim gərdişin qalmaqalında.

Mənə hücum çəkdi yerindən duran,
Üstümə böhtanlar yağdı, yağdı.
Könlümü sındıran, qəlbimi qıran,
Ortada at çapır, hələ sağdı.

Qıraqda dolanan, ortada yeyən,
Halalı haramdan seçə bilmədi.
Qalxıb kürsülərdə «təmizəm» deyən,
Haqqın körpüsündən keçə bilmədi.

Telli saza qayıdaq

Boynunda xaç olanın səcdəsinə əyildik,
Dinimizi unutduq, özgə dinə əyildik.
-Ağzından od tökülür, o şairi götürün,
Xüsusi göstəriş var, ilim-ilim itirin!
O müəllimin dərsində şagird Allah deyibdi,
And içəndə utanmaz vallah-billah deyibdi.
Allahı təbliğ edir, günəşə Günəş deyir,
Onu salın zindana bir deyənə, beş deyir
-Allah özün kömək et, bu millətə, yazıqdır,
Qaytarıb salma bir əziyyətə, yazıqdır.
Bu birliyi çox görmə, birlik dirrik deməkdir,
O çeşməni kor etmə, o dirilik deməkdir.
Yolunu azanları yoluna döndər, Allah,
Qədir-qiymət tacını bizlərə göndər, Allah!
Dayanıb hüzurunda biz səni inkar etdik,
Günahı olmayanı döyüb günahkar etdik.
Kin-ədavət evinə çevirdik məscidləri,
Qolumuzu çırmayıb devirdik məscidləri.
Dinimizi aldılar, din belə getdi əldən,
Donumuzu aldılar, don belə getdi əldən.
Axundu; müctəhidi saldırdıq zindanlara,
Quran yasaq olundu, burda müsəlmanlara.
Kəbin kəsən mollanı Sibirə göndərdilər,
Komasını yandırıb küllüyə döndərdilər.
Gəlib durduq növbəyə allahsız biletinə,
Məsciddə yer ayırdıq allahsızın itinə.
Əlimizdən aldılar haqqa olan inamı,
Yandırıb kül etdilər olub qalan inamı.
Zina artdı, törədi, yaman dəyişdi zaman,
Haq deyəni atdılar, töküldü qan, axdı qan.
İməkləyə bilməyən, haram yeriş öyrəndi,
Örüş görməyən kürən, təzə örüş öyrəndi.
Halalın mayasına haram maya qatıldı,
Bir keçi qiymətinə insan özü satıldı.
Hər yerdə suçlu oldu ağzı dualı bəndə,
Tutulanlar, gedənlər bir dönmədi kəndə.
Layla səsi kəsildi beşiklərin başından,
Qəm dəryası yarandı nənəmin göz yaşından.
Telli saza uzatdı biganəlik əlini,
Bağladılar Alının, Ələlsgərin dilini.
Ustadnamə, bayatı, qoşma, gəraylı getdi,
Müxəmməsin, təcnisin canı haraylı getdi.
Qara zurna çalanlar qara günə qaldılar,
Xəbərimiz olmadan bizi bizdən aldılar.
Cinayətkar, yolkəsən oldu bizim xan Araz,
Yanları şırımlandı, yazıq Araz, can Araz.
Yaxşı deyib atalar gecənin gündüzü var,
Yapış haqqın əlindən hər yoxuşun düzü var.
Neçə ərlər itirib özümüzə qayıtdıq,
Şükür olsun Allaha sazımıza qayıtdıq,
Etdiyimiz səhvləri bir gərək etməyək,
Özümüzə söykənək, haya, küyə getməyək.
Başımızı qatmayaq təkcə alış-verişə,
Mən işimi tapmışam, sən yapış bir işə.
Tale verən qisməti verməyək hər aca biz,
Qazanılan sərvəti qoymayaq hərraca biz,
Quru sözdən çıxar bağlanmasaq torpağa,
Torpaq bizə yanarmı, biz yanmasaq topağa.
Yerriçilik sözünü ürəkdən, qəlbdən silək,
Dərdi-qəmi, sevinci qoyaq ortaya bölək.
Kədəri böləndə biz qüssə xeyli azalar,
Şadlığı paylayanda hər könüldə yaz olar.
Hay deyəndə hay verək elimizin səsinə,
Huy deyəndə huy verək çölümüzün səsinə.
Yerin, göyün eşqinə, bütövlüyün eşqinə,
Bu torpağın, bu suyun, gözəliyin eşqinə.

Daşlar

Qoynunda saxlayıb illərdən bəri,
Sənətkar əlinin izini daşlar.
Açıb ürəyini, basıb bağrına,
Ulu babaların sözünü daşlar.

Etibar, sədaqət, mərdlik dünyada,
Məğrur ataların yolu deməkdir.
Vüqarlı olanlar əyilməz yada,
Vüqar əyilməzlik, ulu deməkdir.

ürək olmaya gərək qəhrəman,
Qorxaqlıq zəfərə eyib gətirər.
Hər kəs həyatında görməsə tufan,
Özünü sazaqda, qarda itirər.

Həyatda qarşına çıxar duman, çən,
Gözəllik duyulmaz kamal olmasa.
Sənə bağışlasam bu dünyanı mən,
Saxlaya bilməzsən amal olmasa.

Nədir söylədiyin bu amal, kamal?
-Amal dözümlülük, arzu, məsləkdir.
Kamal məhəbbətdir, zirvəsi vüsal,
Amalsız, kamalsız həyat kələkdir.

İgid, sən arxanı dağa söykəsən,
Əyilməz vüqarın dağ vüqarı tək.
Sənə öz qoynunda yer versə, Vətən,
Anamız Vətənə oğulsan demək.

Ürəyim çırpındı, gözlərim doldu.
Müqəddəs torpağa əyilidi başım.
Elə bil hər qaya bir insan oldu,
İlan tək qıvrıldı, çatıldı qaşım.

Günəş birçəyini elə tökdü ki,
Zirvədə yaşardı gözü qarın da.
İldırım elə bir nərə çəkdi ki,
Yanağı çatladı qayaların da.

Gözəllik eşqinə

Dostlar, tərk eləyin giley, güzarı,
Gileydən qəmlənər sevda bazarı.
Könül xoşluğuyla məclis qurulsun,
Aqillər söz desin, keflər durulsun.
Qoy gülab çeşməsi axsın ürəkdən,
Dadın halal duzdan, halal çörəkdən.
Ülvi gözəllikdən ilham alaq biz,
Gül açsın arzumuz, əməllərimiz.
Hər yeni qələbə bir dastan olsun,
Vətən torpağımız gülüstan olsun.
Şair, tök ortaya ləldən, incidən,
Kəlamın olmasın könül incidən.
Təkcə öz qeydinə qalsın dünyada,
El səni istəməz, gedərsən bada.
Havanı həmişə sakit duyma sən,
Tufanlar qopanda tab etməz bədən.
Darbaşaq olma ki, atsınlar səni,
Zir-zibil içinə qatsınlar səni.
Yananda alovlan, bacar yaxşı yan,
Tüstülü ocaqdan yan keçər insan.
Sən qəlbi geniş ol, qarnı geniş yox,
Yaşa kişi kimi gözü-könlü tox.
Yağışdan sonrakı havaya bənzə,
Könlünün evini sevinclə bəzə.
Sevdiyin cananı cilvələ hər an,
Sənə dayaq durar böyük yaradan.
Qarı dağdan götür, külü küllükdən,
Uzaq ol tamahdan, o ağır yükdən.
Dərd gətirən olma, dərd azaldan ol,
Kimsəyə kömək et, düzəldən ol,
Məhəbbət yolunu Əvəz Lələdağ,
Gözəllik eşqinə etsin çilçıraq.




Dağ vüqarı

Günəşə yaxındır zirvəsi dağın,
Orda qar ərimir, kəramətə bax.
Qoynunda ləl yatır ana torpağın,
İnsanlar dolanır əlində yaraq.

Torpaqla bağlayıb eşqi, ülfəti,
Günəşə bac verməz zirvənin qarı.
Heç nəyə əyilməz, əyilməz qəti
torpaq təmkini, dağ vüqarı!

Dağlara söykənir bəyaz buludlar,
Ləl- gövhər ələnir göyün bətnindən.
Dağların köksündə el sərvəti var,
Dağlar vüqarlanıb el qeyrətindən.

Torpaqla bağlayıb eşqi, ülfəti,
Günəşə bac verməz zirvənin qarı.
Heç nəyə əyilməz, əyilməz qəti
torpaq təmkini, dağ vüqarı!


İstisu
(Masallı rayonunda 72 dərəcə istiliklə
yerdən qaynayıb çıxan istisu var)

Səhər-səhər boylan belə, bax belə,
Gül-çiçəkdən kəmər düzəlt, tax belə.
Bədnəzəri yandır belə, yax belə,
Ay İstisu, təbiətin gözəldir.

Karvan-karvan duman gəlir, çən gəlir,
Bu yerlərə gələn quşlar şən gəlir.
Torpaq suya, su torpağa tən gəlir,
Ay İstisu, təbiətin gözəldir.

O nərgizin ləçəyində tülə bax,
Təzə-təzə qönçələnən gülə bax.
Ürək açan çəmənə bax, çölə bax,
Ay İstisu, təbiətin gözəldir.

Göy xalını haqq səribdi bu döşə,
Gör necə xumarlanıb bənövşə.
Bu görkəmin belə ola həmişə,
Ay İstisu, təbiətin gözəldir.

Dəmirağac möcüzədir, uludur,
O dağ yolu Yardımlının yoludur.
Burda hamı təbiətin quludur,
Ay İstisu, təbiətin gözəldir.

Allah, Allah bitirib bu dağlar,
Bir kök üstə saya gəlməz budaq var.
Bir-birinə qaynaq olub budaqlar,
Ay İstisu, təbiətin gözəldir.

Gədikdəki ala-bula keçidi,
Naşı ovçu nişan aldı keçidi.
Mən çatınca yazıq keçi keçindi,
Ay İstisu, təbiətin gözəldir.

Qan çiləndi yarpaqların üstünə,
Ağacların altı quru, üstü nəm.
Dağa çıxdım yağış yağdı üstümə,
Ay İstisu, təbiətin gözəldir.

Göyün gözü silələnib dolubdu,
Mirvari şeh gül tacına qonubdu.
Sarı bülbül eşq oduna yanıbdı,
Ay İstisu, təbiətin gözəldir.

Gəlin kimi bəzənibdi qantəpər,
Bal arısı çiçəkləri hey öpər.
Bu hikmətdən ürəyimə qan təpər,
Ay İstisu, təbiətin gözəldir.

Qönçələri al yanaqdır güllərin,
Gözəlliyi vəsf olunmaz bu yerin.
Külək həzin, hava təmiz, su sərin,
Ay İstisu, təbiətin gözəldir.

Gözəl

Haqq-təala xəlq eyləyib
Yaradıb insanı gözəl
Vətənin seyrinə çıx
Gözəldir hər yanı, gözəl
Dağlarda dağ keçisi
Çöllərdə ceyranı gözəl
Arılar zəhmət ilə
Çəkibdilər şanı gözəl
Növcəvan, cilvəli can
Can alan cananı gözəl
Əlini ver əlimə
Gəzək gülüstanı, gözəl
Can deyib, can eşidək
Sürək bu dövranı gözəl
Əcəldən yeyin tərpən,
Özün al bu canı, gözəl!

Qəm nədi, qüssə nədi,
Heç yadına salma, gözəl
Aşiqi-divanəni
Səhralara salma, gözəl
Bir busə vermək ilə,
Qalmaqalı salma, gözəl
Can verən ilahidi
Gəl canımı alma gözəl
Gəlmişəm kandarına
Qarşıla mehmanı, gözəl

Demişəm, bir deyim,
Əğyarı al-qan eylərəm.
Yolunda uf demərəm,
Canımı qurban eylərəm.
Aşkara olmasa da,
Hər şeyi pünhan eylərəm.
Mən şair Əvəz kimi,
Sevirəm pünhanı, gözəl!

10.02.2010

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

«Vağzalı»nı bir də çal