Analı dünyam
Ümid çırağı
Ümidli günlərin tutub qolundan,
Götürdün boynuna el qeyrətini.
Gözünü çəkmədən bulaq yolundan,
Ümidlə yaşatdın məhəbbətini.
Bir birçəyi qara, bir birçəyi ağ,
Bir üzü qız oldun, bir üzü gəlin.
Gözlərin yollarda qalsa da, ancaq,
Ümidlə əridi eşqin, əməlin.
Sən oğlan ərini yola salanda,
Ardınca ümidlə bir qab su atdın.
Qüssəyə, kədərə həmdəm olanda,
Gözünün yaşını Novluya qatdın.
Səhər salam verdin Arzubulağa,
Axşamlar yolunu bu səmtə saldın.
Deyirəm, ay ana, göz baxa-baxa,
Ümidlər qoynunda yaman qocaldın.
Əl boyda qəlbində dünya əritdin,
Köksündə vəfalı könül saxladın.
Neçə oğul getdi, neçə ər itdi,
Hicranın əlindən qara bağladın.
Bir ümid çırağı yandı gözündə,
Bir ümid şöləsi mayağın oldu.
Ərindən ərmağan qalan körpələr,
Ümidin, ilacın, dayağın oldu.
Qüdrətim çatsaydı, çatsaydı əgər,
Sənə öz könlümü bağışlayardım.
Gəldiyin yolları hər axşam, səhər
Şirin arzularla naxışlayardım.
Qüdrətim çatsaydı, çatsaydı əgər,
Qoymazdım üstünə qəm tozu qona.
Bütün qadınların sevinci qədər
Sevinc bəxş edərdim sənə, ay ana!
1980
Bu nə dərddir anam çəkir, İlahi?
Bir otaqdı, bir yataqdı, bir də o,
Necə dözür dözülməyən dərdə o?
Vətən deyib, nalə çəkir burda o,
Bu nə dərddi anam çəkir, İlahi!
Mənə bu aləmdə yoxdur yer, anam,
İnsan öz elində toxtayar, anam,
Xanım-xatın anam, ixtiyar anam,
Bu nə dərddi anam çəkir, İlahi!
Dağlar onu gəzir, o da dağları,
Axtarır gördüyü buz bulaqları,
Odunu söndürər bir az dağ qarı,
Bu nə dərddi anam çəkir, İlahi!
Bükülüb yumaq tək o şux qaməti,
İçini göynədir Vətən həsrəti,
Elin ağbirçəyi, elin sərvəti,
Bu nə dərddi anam çəkir, İlahi!
Bağrı çatlayardı, deyib-gülməsə,
Narahat olardı bizə gəlməsə,
İndi güzar edir gedər-gəlməzə,
Bu nə dərddi anam çəkir, İlahi!
Yanır çırtım-çırtım odsuz, ocaqsız,
Yeməklər olubdu ağızda dadsız,
Nə pul kara gəlir, nə oğul, nə qız,
Bu nə dərddi anam çəkir, İlahi!
Onun saf qəlbində insaf olardı,
Bulanıq su görsə, su durulardı,
Bir vaxt yeriyəndə yer yarılardı,
Bu nə dərddi anam çəkir, İlahi!
Biganə sanmaram özümü ona,
Xəlvətcə deyərdim sözümü ona,
Qurban eyləyərəm gözümü ona,
Bu nə dərddi anam çəkir, İlahi!
Baha aldığımı ucuz satıram,
Dərdimin qoynunda dərdlə yatıram,
Onu qəmli görüb qəmə batıram,
Bu nə dərddi anam çəkir, İlahi!
Mənəm bu dünyadan küskün, bəxti kəm,
Sinəmdə yurd salıb köç eyləmir qəm,
Hey baxır üzümə gözündə şəbnəm,
Bu nə dərddi anam çəkir, İlahi!
Dad sənin əlində, çərxi fələk,
Bu qədər sitəmə dözərmi ürək,
Alma yanaqları saralıb gül tək,
Bu nə dərddi anam çəkir, İlahi!
Ey fələk, gəlmişəm cana əlindən,
Ciyərim dönübdü qana əlindən,
Nəvaziş istərəm ana əlindən,
Bu nə dərddi anam çəkir, İlahi!
31.12.2002
Anam yaman qocalıb
Bəyaz qar kimidir şəvə saçları,
Damarlar görünür əlinin üstə.
Düşüb yaxasından sandıq açarı,
Acılıq yaranıb dilinin üstə.
Anam yaman qocalıb.
Bir zaman qulağı darı dələrdi,
İndi yaxını da eşitmir, Allah.
Bizi yoluxmağa özü gələrdi,
Heç kimin evinə ta getmir, Allah.
Anam yaman qocalıb.
Gözü nurdan düşüb, sözü kəsərdən,
Ayağı sözünə baxmayır daha.
Bağrıma basıram mən onu hərdən,
Qavıza dönübdü o mina gərdən,
Həyətə, bacaya çıxmayır daha.
Anam yaman qocalıb.
Bir vaxt Fərhad kimi daş oyan anam,
Bu gün əsasına ümid bağlayır.
Bir ana ömrünü yaşayan anam,
Qəlbində el dərdi daşıyan anam,
Dərdini, sərini xəlvət saxlayır.
Anam yaman qocalıb.
Könlündən keçəni deyə bilməyir,
Günahı günahsız gəlində görür.
Könlü istəyəni yeyə bilməyir,
Təqsiri taqətsiz əlində görür.
Anam yaman qocalıb.
Yapağı darıyan, güzəm darıyan,
Əriyib, əriyib yumağa dönüb.
Oğuldan yarıyan, qızdan yarıyan,
Təzə iməkləyən uşağa dönüb.
Anam yaman qocalıb.
Gecələr daşıyır aranı dağa,
Gündüzlər boylanır Vətənə sarı.
Əyilir müqəddəs ulu torpağa,
Ömürdən bac almış bu qoca qarı.
Anam yaman qocalıb.
Bəzən on taxtadan tuman tikərdi,
Kişmirdən dizdiyə köbə qoyardı.
Sabun tapmayanda soğan suyuyla,
Bir də qarağanla paltar yuyardı.
Anam yaman qocalıb.
Hərdən yeddi tuman, hərdən on tuman,
Geyinib süzərdi toyda, düyündə.
Qalxardı yataqdan söküləndə dan,
Beş kişi işini görərdi gündə.
Anam yaman qocalıb.
İndi dizdiyini güclə saxlayır,
Gümüş kəməri də belində durmur.
O şümşad barmaqlar heydən düşübdü,
Əlinə aldığı əlində durmur.
Anam yaman qocalıb.
Bəzən də otlarla ip boyayardı,
İtburnu gazalı kara gələrdi.
Narın qabığını ayrı qoyardı,
Hazır kələfləri yarı bölərdi.
Anam yaman qocalıb.
Nələr bitirməyir bu ana torpaq,
Vallah, möcüzədir bu kəhraba qum.
Haqqın qüdrətində kəramətə bax,
Üzüm həm şəkərdi, həm də ki, zəqqum.
Anam yaman qocalıb.
Nehrə çalxayanda, motal basanda,
Məni çağırardı işin üstünə.
Eymənin mürtünü təmizləyərdi,
Ehmalca yıxardı daşın üstünə.
Anam yaman qocalıb.
Yolu gedəndə də yeyin gedərdi,
İndi on addım da uzaqdır ona.
Hər dərddən betərdi qocalıq dərdi,
Yayın qızmarı da sazaqdır ona.
Anam yaman qocalıb.
Artıq təntiyibdi ömrün qatarı,
O mənzil başına çataçatdadı.
Bax, budur dünyanın son etibarı,
Kimsə deməsin ki, məndən adladı.
Anam yaman qocalıb.
Yapağı darıyan, güzəm darıyan,
Əriyib, əriyib yumağa dönüb.
Oğuldan yarıyan, qızdan yarıyan,
Təzə iməkləyən uşağa dönüb.
Anam yaman qocalıb.
2001
Anamın
Biləyində elimizin gücü var,
Əməyinə qurban olum anamın.
Sədasında ağ günlərin ünü var,
Diləyinə qurban olum anamın.
Dilbilməzə ilişməsin yaxası,
Könlü sınar gəlin olsa ağası.
Nə gözəldir dastanası, yuxası,
Çörəyinə qurban olum anamın.
Adı xoşdur Vətənimin adı tək,
Harda od var sinəsinin odu tək.
Dad görmədim çörəyinin dadı tək,
Ələyinə qurban olum anamın.
Dili üstə şirin-şəkər noğul var,
Laylasıyla pərvazlanan
oğul var.
Ürəyində bayatı
var, nağıl var,
Ürəyinə qurban
olum anamın.
Ana
Donub gözlərində həsrət damcısı,
Baxışın yollardan yığılmır, ana.
O
qanlı illərin kədər libası,
Neçə illərdi ki, dağılmır, ana.
İynəsi
sap tutdu
müddahanın da,
Təlatüm başladı böyük cahanda.
Mənə elə gəlir bu gün, bu an da,
Qəlbinin yarası sağalmır, ana.
Canında vahimə, yolçu yol gedir,
Gəlib
naşı gedir, əhli-hal gedir.
Yerdə də, göydə
də qalmaqal gedir,
Hər
sinə dağından dağ olmur, ana.
Anamdı
Qəlbimin çırağı, gözümün nuru,
Dilimin söhbəti sözü anamdı.
Nağılım, dastanım, laylam, bayatım,
İlham bulağımın gözü anamdı.
Təbibim, loğmanım, dinim, imanım,
Allahım, dərgahım, dərdə dərmanım.
Sevincim, fərəhim,
şadım, şadyanım,
Könlümün min
telli sazı anamdı.
Laylası məlhəmim,
şəfam, şəfqətim,
Varlığı taqətim, gücüm,
qüdrətim,
Xəyalım, düşüncəm,
arzum, niyyətim,
Dünyamın baharı, yazı anamdı.
Necə
mehribandı isti qucağı,
Xeyir- bərəkətdir səsi, sorağı.
Əzəldən
evimin odu, ocağı,
Sönməyən alovu, közü
anamdır.
Kəsər
yastığımın yanını, Allah,
Məndən əsirgəməz canını,
Allah,
Babamın istəkli gəlini, Allah,
Elimin istəkli qızı anamdı.
Olmusan
Keşiyimi çəkmisən neçə bahar, neçə qış,
Qızmar günəş altında kölgəliyim olmusan.
Loğmanımsan, ay ana, varlığına min alqış,
Sevincimin mənası, xoş diləyim olmusan,
Qızmar günəş altında kölgəliyim olmusan.
Beşiyimin başında hər cəfaya dözmüsən,
Asılmışam yaxandan budaqdakı bar kimi.
Mənə can deyə-deyə öz canını üzmüsən,
Qara saçın ağ olub zirvədəki qar kimi,
Asılmışam yaxandan budaqdakı bar kimi.
Narahat illər görüb doğma Vətən torpağı,
Düşüb çiliklənibdir neçə sevgi gülüşü.
Sinələrdə iz salıb, ana, hicranın dağı
Qiyamətə qalıbdır neçə qəlbin görüşü,
Düşüb çiliklənibdir neçə sevgi gülüşü.
Keşikdə dayanmışam, o narahat illərin,
Anaların gözləri bir də görməsin, ana
Yurdumda pərvazlanan, qönçələnən gülləri,
Ürəyi kin yuvalı yadlar dərməsin, ana!
Yaman günü elimiz bir də görməsin, ana!
Amandı
Gözüm
görə-görə əriyir anam,
Loğman,
bir çarə qıl,
loğman,
amandı.
Analı günlərim çıxar əlimdən,
Olmaz
əhvalıma yanan,
amandı.
Allah, baxışları kömək istəyir,
Qəlbində sözü var demək
istəyir.
Bəlkə
nəvələrə dəymək istəyir?
Sirrini
saxlayır pünhan, amandı.
Oğuldan oğlu
var, qızdan qızı var,
Halal çörəyi var, tamlı duzu var!
Hərənin
qisməti, bəxt ulduzu var,
Vaxtsız əcəl, toxta,
dayan, amandı.
Bədən
suya düşən
duza dönübdü,
O isti qucağı
buza dönübdü!
Yorulmuş gözləri bizə dönübdü,
Kim olub dünyadan doyan, amandı.
Dağların dumanı, bəyaz çəni var,
Yarpızlı dərəsi, göy
çəməni var,
Hərdən
soruşurlar:-neçə sini var,
Ana yaşındadır anam, amandı.
Taqətdən düşübdü əli, ayağı,
Su
kimi süzülür gözünün yağı.
Xəyalı dolanır aranı, dağı,
Anamla yaşayır cahan, amandı.
Bir
ünü göydədir, bir
ünü yerdə,
Ya rəbb, necə
dözür bəndə
bu
dərdə.
Qulunam
ilahi, bircə ömürdə,
Nə
qədər sızlayar insan, amandı.
Tale
alasıdı verdiyi canı,
Kim tutub qalacaq fani dünyanı?
Az ağrı
çəkərdi anamın canı,
Köçərdi
dünyadan asan,
amandı.
Gətir
Qaytar
gətirdiyin büllur qabları,
Mənə
büllur kimi məhəbbət gətir.
Mən
səndən ummaram dövləti, varı,
Şan-şöhrət yerinə ləyaqət gətir.
Açsın
qollarını vüsal çağları,
Bəxtimiz görməsin hicran dağları.
Qönçə
dodağında təzə dağ qarı,
Qəlbində sönməyən hərarət gətir.
Qış
ayaq açmasın bahar çağıma,
Xəzan
boylanmasın könül bağıma.
Sevgilim,
bu gündən sən otağıma,
Mehribanlıq gətir, səadət
gətir.
Qoyma
sevincimiz yetişsin sona,
Qıyma
eşqimizə qəm tozu qona.
Mən
mərd ata olum, sən
gözəl ana,
Körpə
bəsləməyə dəyanət gətir.
Mənə
şən həyat, təbəssüm gərək,
Sevinclər qoynunda döyünsün ürək.
Qədəmin
mübarək, yolun
mübarək,
Gülüm,
ayağında bərəkət gətir.
Hardasan?
Neçə
gündür səsin, sorağın
gəlmir,
Qapısız,
bacasız bir qaladasan.
Neçə
gündür əziz qonağın gəlmir,
Səni
axtarıram, ana, hardasan?
Yataqdan qalxıram dan sökülməmiş,
Dağların döşündən çən çəkilməmiş.
Gülün
ləçəyindən şeh tökülməmiş
Səni
axtarıram, ana
hardasan?
Niyə
gözlərimi nəmə öyrətdin?
Niyə
ürəyimi qəmə öyrətdin?
Mənim
ünvanımı kimə öyrətdin?
Səni
axtarıram, ana, hardasan?
Gecəni
sübhədək fikirləşirəm,
Oturub
dərdimlə hey dərdləşirəm,
Gözümün
oxuyla səma deşirəm,
Səni
axtarıram, ana, hardasan?
Səni
soruşuram ulduzdan, aydan,
Gah
yaralı taydan, gah
qərib taydan.
Çeşmədə,
bulaqda, gözədə,
çayda,
Səni
axtarıram, ana, hardasan?
Axı
darıxırdın o dağlar üçün,
O
haylı-haraylı yaylaqlar üçün.
Suyu
diş göynədən bulaqlar üçün,
Səni
axtarıram, ana, hardasan?
Sən
getdin elə bil göy silkələndi,
Günəşin
istisi yerə ələndi.
Qönçə
açılmamış gül zədələndi,
Səni
axtarıram, ana, hardasan?
İncidim,
gəlmədin 70 yaşıma,
Sandım
ki, fırlandı dünya başıma.
Niyə
həmdəm oldun məzar daşına?
Səni
axtarıram, ana, hardasan?
Bilmirəm heç, kimdən
soruşum səni,
Niyə
göynətməyir duruşum səni.
Yoxsa
torpağına qarışım sənin?!
Səni
axtarıram, ana, hardasan?
Sinəmdə
sönməyən bir ocağım var,
Köksümü
göynədən hicran dağın var
Sənsiz
qan ağlayan Lələdağın, var
Səni
axtarıram, ana, hardasan?
Gəldim
Bu
gecə yuxuma girmişdin, ana,
Elə
bil yenidən cahana gəldim.
Mənim
səcdəgahım, Kəbəm,
Kərbəlam
İnan,
dinə gəldim, imana
gəldim.
Gedişin
salmışdı axı ürəyimə,
Gəlişin
süzdürdü bal ürəyimə
Sevinc tapammırdı yol ürəyimə
Can
əldən gedirdi, mən cana gəldim.
Uşaqlaşdım,
təmizləşdim, duruldum,
Qənşərinə dizin-dizin süründüm.
Gözlərimə daha gözəl göründün,
Mənə
hünər verdin ət, qana
gəldim.
Dedidən-qodudan gen idim axı,
Arzu-diləyimlə tən idim axı,
Təbibim,
loğmanım sən idin axı,
Ümidlə
yanına dərmana gəldim.
Əridi,
yox oldu bir dünya dərdim,
Kədərin
atını yordum, nə
yordum.
Anam,
hüzurunda müntəzir durdum,
Tutub
ətəyində peymana gəlim.
Qurban
olum yaxşı girdin yuxuma,
Ay
ilacım, burax
məni yaxına,
Bir
gül olum qoy taxılım yaxana,
Allahım,
nə gözəl dövrana gəldim.
Fit
verib yol gedən qatardı dünya,
Nə
qədər dahilər apardı dünya.
Analı
dünyamı qaytar, a
dünya,
Mən
ki ondan ötrü bu yana gəldim.
Torpağına
qarışmadım, atam, hey!
Bu il yenə gələmmədim qoynuna,
Minəmmədim Dəvədaşın boynuna.
Yaman düşdüm bu gərdişin oynuna,
Öz elində səksəkəli yatan hey!
Neyləyim ki, bu
gün sənə yadam, hey!
Məzarını ziyarətə gəlmədim,
El yolunda axı niyə ölmədim?
Ürəyindən keçənləri bilmədim,
Torpağına qarışmadım atam, hey!
Neyləyim ki, bu
gün sənə yadam hey!
Qarı-düşmən bostanısa daş atdı,
Arzularım yavaş-yavaş pas atdı.
Deyib-gülmək indi mənə kasaddı,
Tapılmadı yurdumuzu satan hey!
Neyləyim ki, bu
gün sənə yadam hey!
Lələdağ pozarmı əhdi-peymanı,
Ayrılıq dərdinə taqətim hanı?
Sadağa eylərəm Vətənə canı,
İlqarından heç dönərmi adam hey!
Neyləyim ki, bu
gün sənə yadam hey!
Məni
Kərəm sahibləri, kərəm
eyləyin,
Yaxşıyam, yamana qatmayın məni.
Ömrün qürub çağı kəsib qapımı,
Köhnə əşya kimi atmayın məni.
Mənim öz aləmim, öz
yolum bəlli,
Düyünə düşübdü bəxtimin həlli.
İş görən görürmü bir düz əməlli,
Satqına, alçağa, satmayın məni.
Lələdağ dahilər salıbdı yola,
Müştəri axtarır hər gələn bəla.
Yanımda, yörəmdə mərd ola-ola,
Namərdlə qol-qola çatmayın məni.
İndi
Dağ boyda dərdimi bir yana qoyub,
Dağların dərdini çəkirəm indi.
Ömür sarayımın divarlarını,
Hördüyüm kimi də sökürəm indi.
Gəlir xəyalıma Yarpızlıdərə,
Ta çıxa bilmirəm uzaq səfərə.
Bir vaxt sevinc tumu səpdiyim yerə,
Qəm-kədər toxumu əkirəm indi.
Coşqun cavanlığın coşqun çağları,
Əyilib öpərdim buz bulaqları.
İçimdə yurd salıb hicran dağları,
Yetim tək boynumu bükürəm indi.
Salıb itirmişəm uşaqlığımı,
Sağalda bilmirəm sinə dağımı.
Əlimdən alıblar öz torpağımı,
Lələdağ, gör nələr çəkirəm indi.
14.07.2011
Комментарии
Отправить комментарий