Olmasın



Olmasın
Bir arzum olubdu ağlım kəsəndən
Minnətli çörəyim, duzum olmasın.
Halal zəhmətimlə  qəpik qazanım
Haramla səksənim, yüzüm olmasın.

Ya Rəbbim, bəndəni gəl ac eyləmə
Sən mərdi, namərdə möhtac eyləmə.
Mənim əməyimi xərac eyləmə
Kimsənin varında gözüm olmasın.

Çox şükür  İlahi, səbrin böyükdür
Tənəli kəlmələr çox ağır yükdü.
Ürəyim kürədir sinəm körükdür,
Könül bulandıran sözüm olmasın.

Əltutmaq Əlidən qalıb, deyirlər,
Əlaçıq insanlar olub deyirlər
Dünya hey boşalıb dolub deyirlər
Çoxuna  bərəkət, azım olmasın.

Oğuldan oğlum var, qızdan qızım  var
Teli min havalı telli sazım var
Kasıb ocağımda odum közüm var
Özgə ocağından közüm olmasın.

Əvəz, öyümürəm var-dövlətim var
Nadanlar  yanında az hörmətim var
Elimə, obama sədaqətim  var,
Pislər cərgəsində izim olmasın.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri