Daşlar



Daşlar

Qoynunda saxlayıb illərdən bəri,
Sənətkar əlinin izini daşlar.
Açıb ürəyini, basıb bağrına,
Ulu babaların sözünü daşlar.

Etibar, sədaqət, mərdlik dünyada,
Məğrur ataların yolu deməkdir.
Vüqarlı olanlar əyilməz yada,
Vüqar əyilməzlik, ulu deməkdir.

ürək olmaya gərək qəhrəman,
Qorxaqlıq zəfərə eyib gətirər.
Hər kəs həyatında görməsə tufan,
Özünü sazaqda, qarda itirər.

Həyatda qarşına çıxar duman, çən,
Gözəllik duyulmaz kamal olmasa.
Sənə bağışlasam bu dünyanı mən,
Saxlaya bilməzsən amal olmasa.

Nədir söylədiyin bu amal, kamal?
-Amal dözümlülük, arzu, məsləkdir.
Kamal məhəbbətdir, zirvəsi vüsal,
Amalsız, kamalsız həyat kələkdir.

İgid, sən arxanı dağa söykəsən,
Əyilməz vüqarın dağ vüqarı tək.
Sənə öz qoynunda yer versə, Vətən,
Anamız Vətənə oğulsan demək.

Ürəyim çırpındı, gözlərim doldu.
Müqəddəs torpağa əyilidi başım.
Elə bil hər qaya bir insan oldu,
İlan tək qıvrıldı, çatıldı qaşım.

Günəş birçəyini elə tökdü ki,
Zirvədə yaşardı gözü qarın da.
İldırım elə bir nərə çəkdi ki,
Yanağı çatladı qayaların da.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal