Telli saza qayıdaq
Telli saza qayıdaq
Boynunda xaç olanın səcdəsinə əyildik,
Dinimizi unutduq, özgə dinə əyildik.
-Ağızdan od tökülür, o şairi götürün,
Xüsusi göstəriş var, ilim-ilim itirin!
O müəllimin dərsində şagird Allah deyibdi,
And içəndə utanmaz vallah-billah deyibdi.
Allahı təbliğ edir, günəşə Günəş deyir,
Onu salın zindana bir deyənə, beş deyir.
-Allah özün kömək et, bu millətə, yazıqdır,
Qaytarıb salma bir də əziyyətə, yazıqdır.
Bu birliyi çox görmə, birlik dirrik deməkdir,
O çeşməni kor etmə, o dirilik deməkdir.
Yolunu azanları yoluna döndər, Allah,
Qədir-qiymət tacını bizlərə göndər, Allah!
Dayanıb hüzurunda biz səni inkar etdik,
Günahı olmayanı döyüb günahkar etdik.
Kin-ədavət evinə çevirdik məscidləri,
Qolumuzu çırmayıb devirdik məscidləri.
Dinimizi aldılar, din belə getdi əldən,
Donumuzu aldılar, don belə getdi əldən.
Axundu; müctəhidi salırdıq zindanlara,
Quran yasaq olundu, burda müsəlmanlara.
Kəbin kəsən mollanı Sibirə göndərdilər,
Komasını yandırıb küllüyə döndərdilər.
Gəlib durduq növbəyə allahsız biletinə,
Məsciddə yer ayırdıq allahsızın itinə.
Əlimizdən aldılar haqqa olan inamı,
Yandırıb kül etdilər olub qalan inamı.
Zina artdı, törədi, yaman dəyişdi zaman,
Haq deyəni atdılar, töküldü qan, axdı qan.
İməkləyə bilməyən, haram yeriş öyrəndi,
Örüş görməyən kürən, təzə örüş öyrəndi.
Halalın mayasına haram maya qatıldı,
Bir keçi qiymətinə insan özü satıldı.
Hər yerdə suçlu oldu ağzı dualı bəndə,
Tutulanlar, gedənlər bir də dönmədi kəndə.
Layla səsi kəsildi beşiklərin başından,
Qəm dəryası yarandı nənəmin göz yaşından.
Telli saza uzatdı biganəlik əlini,
Bağladılar Alının, Ələlsgərin dilini.
Ustadnamə, bayatı, qoşma, gəraylı getdi,
Müxəmməsin, təcnisin canı haraylı getdi.
Qara zurna çalanlar qara günə qaldılar,
Xəbərimiz olmadan bizi bizdən aldılar.
Cinayətkar, yolkəsən oldu bizim xan Araz,
Yanları şırımlandı, yazıq Araz, can Araz.
Yaxşı deyib atalar gecənin gündüzü var,
Yapış haqqın əlindən hər yoxuşun düzü var.
Neçə ərlər itirib özümüzə qayıtdıq,
Şükür olsun Allaha sazımıza qayıtdıq,
Etdiyimiz səhvləri bir də gərək etməyək,
Özümüzə söykənək, haya, küyə getməyək.
Başımızı qatmayaq təkcə alış-verişə,
Mən işimi tapmışam, sən də yapış bir işə.
Tale verən qisməti verməyək hər aca biz,
Qazanılan sərvəti qoymayaq hərraca biz,
Quru sözdən nə çıxar bağlanmasaq torpağa,
Torpaq bizə yanarmı, biz yanmasaq topağa.
Yerriçilik sözünü ürəkdən, qəlbdən silək,
Dərdi-qəmi, sevinci qoyaq ortaya bölək.
Kədəri böləndə biz qüssə xeyli azalar,
Şadlığı paylayanda hər könüldə yaz olar.
Hay deyəndə hay verək elimizin səsinə,
Huy deyəndə huy verək çölümüzün səsinə.
Yerin, göyün eşqinə, bütövlüyün eşqinə,
Bu torpağın, bu suyun, gözəliyin eşqinə.
Комментарии
Отправить комментарий