Gözəllik eşqinə


Gözəllik eşqinə

Dostlar, tərk eləyin giley, güzarı,
Gileydən qəmlənər sevda bazarı.
Könül xoşluğuyla məclis qurulsun,
Aqillər söz desin, keflər durulsun.
Qoy gülab çeşməsi axsın ürəkdən,
Dadın halal duzdan, halal çörəkdən.
Ülvi gözəllikdən ilham alaq biz,
Gül açsın arzumuz, əməllərimiz.
Hər yeni qələbə bir dastan olsun,
Vətən torpağımız gülüstan olsun.
Şair, tök ortaya ləldən, incidən,
Kəlamın olmasın könül incidən.
Təkcə öz qeydinə qalsın dünyada,
El səni istəməz, gedərsən bada.
Havanı həmişə sakit duyma sən,
Tufanlar qopanda tab etməz bədən.
Darbaşaq olma ki, atsınlar səni,
Zir-zibil içinə qatsınlar səni.
Yananda alovlan, bacar yaxşı yan,
Tüstülü ocaqdan yan keçər insan.
Sən qəlbi geniş ol, qarnı geniş yox,
Yaşa kişi kimi gözü-könlü tox.
Yağışdan sonrakı havaya bənzə,
Könlünün evini sevinclə bəzə.
Sevdiyin cananı cilvələ hər an,
Sənə dayaq durar böyük yaradan.
Qarı dağdan götür, külü küllükdən,
Uzaq ol tamahdan, o ağır yükdən.
Dərd gətirən olma, dərd azaldan ol,
Kimsəyə kömək et, düzəldən ol,
Məhəbbət yolunu Əvəz Lələdağ,
Gözəllik eşqinə etsin çilçıraq.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal