Ömür payı kitabından şeirlər 1ci hissə


Ömür payı

Ötüb keçən o günlərə,
O aylara, o illərə,
Dırmaşdığım yamaclara,
Boylandığım dərələrə,
Bir baxdım.
Zirvəsində qartal gəzən,
Sinəsində qurd ulaşan,
O dağlara,
Gözəllərin qəmzəsiylə
                xumarlanan
Bulaqlara
Bir baxdım
Göbəyimi burda kəsib Xatın qarı.
Bələyimin əskisini
O bulaqda yuyub anam
Göy otların üstə sərib
Saçlarıma burda mənim
Dağ küləyi sığal verib
Bu dağların cığırında
İlk iməyə başlamışam
Şirin-şəkər nəğmələri,
Çobanların tütəyindən
Ovlamışam, quşlamışam,
Corabımı tərs geyəndə
Yana-yana ağlamışam.
Çarığımın bağlarını
Sümük itə bağlamışam
Çatıları çatmamızdan
Yüyrük asıb yellənmişəm
Ağac atdan yıxılmışam,
Toz içinə millənmişəm.
Üst-başımı tozlu görüb,
Məni yun tək çırpıb anam.
Sapand ilə daş atmışam,
Qonşu qıza dəyib daşım.
Qız anası haray salıb,
bəlalar çəkib başım….
Qurd ürəkli, şir biləkli,
Enli kürək, bığıburma,
Qorxu bilməz,
Geri dönməz
                  ərkən oldum,
Məhəbbətin qul balası,
                   erkən oldum
Qonşu qıza düşdü gözüm,
Özüm seçdim, özüm sevdim,
                       ancaq özüm,
Ona yer ayırdım öz ürəyimdə,
Eşqi dönüb oldu köz ürəyimdə!..
Bir payız səhəri,
                        toyçular gəldi
Harayçılar gəldi, hayçılar
                            gəldi
Toybəyi ortada meydan suladı,
Həyət-bacamızı bibim suladı.
«Mirzeyi» çalındı,
Nənəm sındıra-sındıra,
                       süzə-süzə
Gəlinin alnından öpdü,
                       başladı sözə:
      Anam bacım qız gəlin,
      Əl-ayağı düz gəlin,
      7 oğul istərəm,
      Bircə gözəl qız, gəlin….
Bax beləcə ömür keçib,
Yaş qarıyıb
Gülşənimə qış yeriyib,
Diş tökülüb,
Bel bükülüb,
Şəvə saçlar bəyaz olub
Eşqin gölü
                     dayaz olub
Baxın, görün etmişəm?
6 övlad böyütmüşəm,
                         14 nəvə,
Mən onları məhəbbətlə
      sevə-sevə böyütmüşəm.
Ömrümün baharını pay vermişəm,
         oğlum üçün, qızım üçün,
Payızını, qış çağını saxlamışam
                            özüm üçün.
Gözlərimin nuru qonub,
                   övladların gözlərinə,
Taqətimi bəxş etmişəm,
                   qollarına, dizlərinə.
Ömrümü əritmişəm
           neçə-neçə ömürə mən.
Alışmışam od olmuşam,
Közərmişəm köz olmuşam,
Çevrilmişəm kömürə mən.
Ömür yolum dərə keçib,
                           dağ aşıbdır.
Bu dünyanın işinə bax!
Yetmiş yaşım tam olmamış,
Karvan gəlib
                    aşırıma yığışıbdır.
Bir bədənə bəs eyləmir iki qılça,
Gedib əsa almalıyam.
Qocalığın tufanına tab gətirib
                           dözmək üçün
Üç qılçalı olmalıyam.
Zəifləmiş gözlərimə
               indi eynək taxmalıyam.
Bu dağlara, bu düzlərə, gözəllərə
Şüşələrin arxasından baxmalıyam,
                              dəhşətə bax!
Ömrümün baharını pay vermişəm
              oğlum üçün, qızım üçün,
Payızın, qış çağını saxlamışam
                              özüm üçün.

Nə tez yetirdi

Bir vaxt dəli könlüm sevdaya düşdü,
Bir mələk ovladı, alovlu gözüm
Eşqimin sədası dünyaya düşdü.
Məhəbbət yolunda qazandım dözüm.

O mələk dönmüşdü şirin bəhməzə,
Bir anlıq gözümdən qoya bilmirdim.
Sevən aşiq gərək tablaşa, dözə,
Onun söhbətindən doya bilmirdim

Gözüm qamaşırdı onu görəndə,
Elə bil üzündə günəş yanırdı.
Şəvə saçlarından birçək hörəndə,
İçimdə məhəbbət alovlanırdı.

Keçdi o məqamlar, keçdi o çağlar,
Dəyişdi dünyanın donu elə bil.
Qaraldı çıraqlar, söndü ocaqlar,
Yetişdi həyatın sonu elə bil.

Saç ağardı, diş töküldü, əl əsdi,
Bel büküldü, diz taqətin itirdi.
Cavanlıq getməyə yaman tələsdi,
Qocalıq özünü tez yetirdi?
2009

Mənim arzularım çin oldu qardaş

Xəyal məni çəkir on il əvvələ,
Ölkə nə kökdəydi, millət nə gündə.
Bu hisslər içimdə yaşayır hələ,
Namus nə gündədi, qeyrət nə gündə.

Ağsaqqalsız yerdə, böyüksüz yerdə,
Vallah dönük çıxar qardaşa qardaş.
Göy də qan ağlayar, sızlayar Yer də,
Vətəni duymasa əgər vətəndaş.

Baş alıb gedirdi özbaşınalıq,
Elin sərvətini yad talayırdı.
Nə həya qalmışdı, nə də insanlıq,
Aqili nadanlar tapdalayırdı.

Başı pozulanlar düzü əyirdi,
Naxırçı keçirdi topçu yerinə.
Əlimlə başıma qapaz dəyirdi,
Nahaqdan axırdı qan su yerinə.

Elə bil çönmüşdü hər şey tərsinə,
Köhlən yerişini ulaq gedirdi.
Satqının, alçağın əməlləriylə,
Əldən kənd gedirdi, torpaq gedirdi.

Milləti bəladan, dərddən qurtaran,
Allahın hökmüylə xilaskar gəldi.
Onun gəlişiylə səngidi tufan,
Vətən torpağına ilk bahar gəldi.

Gəldi alqışladı onu el hamı,
Parlaq günəş doğdu Azərbaycana.
Millət ondan aldı gücü, ilhamı,
Millət dəstək oldu dahi insana.

Onu yaradana minnətdarıq biz,
O xalqın yolunda məşələ döndü.
Müstəqillik oldu mübarizəmiz,
Zülmün, zülümkarın çırağı söndü.

Yönümü çevirdim dahi insana,
Onun gəlişiylə göyərdi hər daş.
Taleh sığal çəkdi Azərbaycana,
Mənim arzularım çin oldu qardaş.
2003

Olsun
                                 İstəkli nəvəm Günelə

Balaca olanda tez böyü, dedim,
Boyunu oxşayım, bir az şad olum
Sevindir bu qəmli ürəyi, dedim
Hicran zindanından mən azad olum.

Yaşa gözəl balam, adınla yaşa,
Artıq böyümüsən, a çinar boylum.
Mənim ömür yolum, keçibdi qışa,
Sadiq ol eşqinə, qurbanın olum.

Sevinclə yoğrulsun ömrün hər anı,
Nur qapı açılıb bəxtinə, gülüm.
Batmasın qəlbinə həsrət tikanı,
Bədnəzər baxmasın taxtına, gülüm.

Ulduzlar yolunda dönsün məşələ,
Əsən sərt küləkdən şamın sönməsin.
Sənin xoş günlərin öndədir hələ
Səndən yaradanın üzü dönməsin.

Hörməti, izzəti, namusu, arı,
Uca tut həmişə, ucadan uca.
Çıxmasın əynindən ismət paltarı,
Abırı, həyanı qoyma hərraca.

Mənim qəşəng nəvəm, ay üzlü nəvəm,
Yetiş muradına, şad-xürrəm yaşa.
Sən nurlu çıraqsan, mənsə tüstüyəm,
Heç zaman diləyin dəyməsin daşa.

Bir vaxt istəyimi yellər apardı,
Ay da qan ağladı əngin səmada.
Evin bərəkətin sellər apardı,
Damın dirəkləri qaldı havada.

Həmin faciədən uzağam indi
işrət, kef ovutmur məni
Sizin qarşınızda üzağam indi,
Gəzib dolanıram çölü, çəməni

Qocalıq əlimi sıxsa da, fəqət,
Cavanlıq eşqiylə döyünür ürək
Həmdəmim əzəldən olubdur zəhmət
Zəhmətin qoynunda yaşamışam tək.

Əlinlə sevginə min sığal da çək,
Dilindən süzülən ləl-gövhər olsun.
Hərdən cuşa gəlsin qəlbim dəniz tək,
Qələmim sizlərə qoy sipər olsun.
14.08.2009
Söz

Sözdə hünərə bax, cəsarətə bax,
Məhəbbət qalası alınır sözlə!
Sevdiyin o şikar ahu olsa da,
Tutulub qəfəsə salınır sözlə.

Dodaqdan süzülən bal kimidi söz,
Eşqin qıfılı da sözlə açılar.
Haqqa doğru gedən yol kimidi söz,
Haqdan haqq yoluna şəfəq saçılar.

Söz var deyiləndə qəlbinə yatar,
Söz var məlhəmdir çarəsiz dərdə.
Söz var insanı zindana atar,
Bir sözün hökmüylə məhv olar şər .

Könül sındıran da tikanlı sözdü,
Söz yıxan evləri düzəltmək çətin.
Düzün boy-buxunu əzəldən düzdü,
Əyrini düzəldib düz etmək çətin.

Sənə söz deməyim düz olmaz, gülüm,
Söhbət sənindi, söz sənindi.
Əhd- peyman heç vədə pozulmaz, gülüm,
Çox şükür, düz yolla gedirik indi.
Yarın kefini yaxşı söz açar,
Cəhd edib ayaqlaş bu həyatla sən.
Yöndəmsiz sözlərdən söz özü qaçar,
Sözünü cilala ləyaqətlə sən.
22.01.2010
Yersizdir

Yağı əl uzatdı hiylə-kələyə,
Mənə kirvə dedi, mənə «can » dedi.
Özünü oxşatdı qula, köləyə,
Üzünə tüpürdüm, yenə «can» dedi.

Dilini öyrətdi böhtana, şərə,
Dostu düşməniylə qarışıq saldı.
Mənim ola-ola o dağ, o dərə,
Kirvə deyə-deyə əlimdən aldı.

Üstündən kəsmədim qalın kölgəmi,
Yağlı tikəmi uzatdım ona.
Yağdırdı başıma kədəri, qəmi
Girdi min cilidə, girdi min dona.

Fürsət tapan kimi hücümu seçdi,
Hayqırdı irəli, yaxşı macaldı.
Məhsuldar torpaqlar əlinə keçdi,
Günahsız millətdən intiqam aldı.

Namərd fitnəsiylə, namərd əliylə
Allahın verdiyi can gedir bada.
Ölüm xəstəliyi yaxınlaşanda
Min loğman can atsa, yersizdir o da.   

Oğul, başına dönüm

İstəyimin çarası,
Gözlərimin qorası.
Könlümün bir parası,
Sənsən ömrüm-günüm,
Oğul, başına dönüm.
Çalış elə qız al ki,
O, bizim sevinci, qəmi
Çiynində daşıya bilsin.
Ağsaqqal atanla, ağbirçək anan
Səninlə bu evdə yaşaya bilsin.
1983

Könlümə şer düşüb
Nəvəm Cəlala

Dünyaya göz açdın sən on il öncə,
Dərdimiz, sərimiz döndü sevincə.
Bir başqa gecədir, vallah, bu gecə,
Könlümə şer düşüb.

Sevincdir bu gecə qəlbimə həmdəm,
Yolumu kəsəmməz kədər, qəm.
Bax elə bu saat, bax elə bu dəm,
Könlümə şer düşüb.

O isti baharlar isidir məni,
Bu şaxtalı qışlar üşüdür məni,
Göydəki mələklər eşidir məni,
Könlümə şer düşüb.

Bu gərdiş məni yaman ləlitdi,
Mərcan axtarırdım, düşüb ləl itdi.
Öz obam dağıldı, öz elim itdi,
Könlümə şer düşüb.

Harda doğulmuşdum, gör hara gəldim,
Həsrətin əlindən zinhara gəldim,
haraya çatdım, kara gəldim,
Könlümə şer düşüb.

Mənim odum hanı, ocağım hanı,
Bəzəkli, qurulu otağım hanı?
Dağlarda gəzdiyim o çağım hanı,
Könlümə şer düşüb.

Qanla yoğruldu, qanla bu torpaq,
Qaldı yağılara o bağça, o bağ.
Kimlər yandıracaq gorumda çıraq,
Könlümə şer düşüb.

On bahar nəfəsli yaşın mübarək,
Payızın mübarək, qışın mübarək.
Təzə başladığın işin mübarək,
Könlümə şer düşüb.

Gələcək sənindir, əzizim Cəlal,
Sənət dünyasında göylərə ucal!
Bacarsan babanı hərdən yada sal
Könlümə şer düşüb.
1993

Ay şirin payım
Nəvəm Turala

Sən gəldin bir dünya sevinc gətirdin,
Elə bil üstümdən dağı götürdün.
Səni tapan kimi, ay şirin payım,
Qəlbimdən kədəri salıb itirdim.

Ayağın bərəkət gətirdi bizə,
Son qoydun, əzizim dərd-sərimizə.
Sənin varlığına şükürlər olsun,
Yenidən qayıtdıq biz özümüzə.

Sən hələ uşaqsan, gözümün nuru,
Hələ seçəmməzsən yağını, yarı.
Həmdəmin beşikdir, bir oyuncaq,
Sən ki, görməmisən boranı, qarı.

Qəddimi əyibdir el dərdi-səri,
Sənin ovcundadır dünya sirləri.
Kim bilir, bəlkə sən yazacaqsan,
Hələ yazılmamış şah əsərləri.

Bu gərdiş Əvəzi Lələdağ etdi,
Dərdimi artırıb min budaq etdi.
Sənin bu gəlişin, a körpə quzum,
Könlümün evini çil-çıraq etdi.

Əziz qardaşım
Qardaşım İsgəndərə ithaf edirəm

Könlümün, ruhumun sevincisən sən,
Qəlbimdə əbədi bir incisən sən.
Süfrəmin başında birincisən sən,
Sən mənim həmdəmim, dostum, sirdaşım,
Əziz qardaşım.

Sənsizli günlərim kədərim, qəmim,
Sənsiz dəryalarda qərq olar gəmim.
Şadlıq aləmidir sənli aləmim,
Səninlə seçilməz baharım, qışım,
Əziz qardaşım.

Ömrümün, günümün haylı günləri,
Qonaqlı, qaralı, paylı günləri.
Fərəhli günləri, toylu günləri
Bu dəmdə əllini haxladı yaşım,
Əziz qardaşım.

Sən Vətən eşqiylə göylərə ucal,
Zəhmətdən ilham al, torpaqdan güc al.
Vaxtında yaşa dol, vaxtında qocal,
Mənim günlə ağarsın başım.
Əziz qardaşım.
1985
Çörək

Çörək süfrənin tacı,
Elin şanı, şöhrəti.
Çörək Vətənin gücü,
Çörək elin sərvəti.

Bircə qarın çörəyə,
Muzdurluq edib babam.
Düşmənin qapısına,
Çörəyə gedib babam.

Qazancın halalına,
Halal çörək deyiblər.
Şaha baş əyməyənlər,
Çörəyə baş əyiblər.

Çörək elin zəhməti,
Çörək elin qeyrəti.
Gözdən salmaq olarmı,
Belə gözəl neməti.

Dalğalanan zəmidə,
Tükənməz dənim olsun.
Çörəyə xor baxana,
Qoy çörək qənim olsun.

50 yaşım

Dostlar, məndən üz döndərdi,
Karvanını çəkib getdi 50 yaşım.
Məhəbbətin sarayını,
Kərpic-kərpic söküb getdi 50 yaşım.
Gəncliyimin budaq-budaq
Yarpağını töküb getdi 50 yaşım.
Saçlarıma öz əliylə
Qarçiçəyi əkib getdi 50 yaşım.
Əlli ildə nələr çəkib başım mənim.
Açılmayan düyün düşüb
Arzum mənim, əhdim mənim, işim mənim!
Qalmayıbdır daş üstündə daşım mənim.
Sərt ayların, nəhs illərin
Pəncəsindən saldırmışam gəncliyimi,
Güllərin yağışından səpdirmişəm,
İlk eşqimi, səadətimi, dincliyimi.
Dərd sacında
Cızbız kimi qovrulmuşam.
Ələk-ələk ələnmişəm,
Üflənmişəm, sovrulmuşam.
Qılıncını ovxalayıb
Hücum edib aclıq mənə.
Fəlakətlər caynağından
Sağ çıxmışam dönə-dönə
Belə-belə ömür keçib,
Yaş üstünə yaş gəlibdir,
Payız çıxıb qış gəlibdir.
Yaz gəlibdir, yay gəlibdir,
Hay-haraylar qucağında
Əriyibdir əlli ilim.
Biləyimdən yapışıbdır öz diləyim,
Öz əməlim.
Dağlar mənə arxa olub, kömək olub.
Məni dağla qovuşduran
Zəhmət olub, qeyrət olub, əmək olub.
Mən dağlara güvənmişəm,
Dağ vüqarlı böyümüşəm.
İlk laylamı sular çalıb
Kaman, tarlı böyümüşəm.
Zirvəsində qartal gəzən,
Yaylağına
Karvan-karvan elim köçən,
Bulaqları diş göynədən,
Dərəsində yarpız bitən,
Qayasında min əfsanə,
Nağıl yatan,
Dünya görmüş qoca dağlar!
Qüdrətimi sizdən alıb
günlərin ağuşuna atılmışam.
Şeir, sənət ocağına
Ləpə-ləpə yan almışam.
Dostlar, məndən üz döndərdi,
Karvanını çəkib getdi 50 yaşım
Saçlarıma öz əliylə
Qarçiçəyi əkib getdi 50 yaşım.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal