Dəyərli bir dost itirdim
Dəyərli bir dost itirdim
Yaşasaydı may ayının 17-də 72 yaşı tamam olacaqdı. Lakin yaşaya bilmədi, gəldi
amansız əcəl, vermədi macal. Çox dəyərli,
sədaqətli , əhdə vəfalı bir dost itirdim.
Ilin-günün bu çağında üz tutdu gedər-gəlməzə. Vətənə qayıdış, Həkəri
çayının zümzüməsini eşitmək, Humayqayadan yal yenişə millənən qartalın qıyını
dinləmək arzuları gözündə qaldı, əziz dostumun.
Sən getdin əzizim gedər-gəlməzə,
Eynim açılarmı, gülərmi sənsiz?
Vətəndən ayrılmaq zor oldu bizə,
Vətən deyə-deyə qaldıq Vətənsiz.
Kim çəkər bu qədər dözülməz dərdi?
Hicran yanğısına dözə bilmirəm.
Yerimə kim olsa çoxdan ölərdi,
Sənsiz bu dağları gəzə bilmirəm.
Dostlarla çıxıram hərdən səfərə,
Danışıb-gülmək də düşüb gözümdən.
Sənsiz yapışmayır mənə dağ, dərə,
Qürbətdə ölmək də düşüb gözümdən.
Təpədən-dırnağa vətənpərvər, torpağa bağlı, millətini,
dilini sevən, milli mənəvi dəyərləri, adət-ənənələrimizi qoruyub saxlamağı
bacaran bir qələm sahibi, elini-obasını ürəkyananlığı ilə qəlbində yaşadan bir
şəxsiyyət idi, Famil Süleymanov. Onun yazdığı əsərlərin mayası Vətən həsrəti,
yurd yanğısı, torpaq harayından yoğurulmuşdu. Famil Süleymanov doğulub
boya-başa çatdığı Qaracallı kəndi ilə fəxr edirdi. Hərdən deyirdi:
- 40 evli Qaracallıdan 4 nəfər elmlər doktoru, 12 nəfər elmlər namizədi, Əli Ağa Aslan kimi istedadlı şair bir məşhur yazıçı çıxıb. Humayqayasını, Həkəri çayını, Çoban düzünü, Üçağızı, Xəlilbalağını yadından çıxartmırdı. Yazıçı Famil Süleymanov bəlkə də təsəlli tapmaq üçün, Vətənə, doğma yurda ürəkdən bağlandığına görə Humayqayasının maketini öz bağında yaratmışdır. O, gələnlərə göstərib deyirdi:
- 40 evli Qaracallıdan 4 nəfər elmlər doktoru, 12 nəfər elmlər namizədi, Əli Ağa Aslan kimi istedadlı şair bir məşhur yazıçı çıxıb. Humayqayasını, Həkəri çayını, Çoban düzünü, Üçağızı, Xəlilbalağını yadından çıxartmırdı. Yazıçı Famil Süleymanov bəlkə də təsəlli tapmaq üçün, Vətənə, doğma yurda ürəkdən bağlandığına görə Humayqayasının maketini öz bağında yaratmışdır. O, gələnlərə göstərib deyirdi:
- Bax ora qartal yuvasıdır ilanlar yuvaya doğru
sürünürlər. Bura da Qaraca çobanın oturduğu kahadı. Bu da Qaraca çobanın
yandırdığı ocaq yeridir. Hər səhər yataqdan qalxanda Humayqayasına salam verirəm.
Qayadan süzülüb gələn şəlalənin zümzüməsindən ilham alıb təzələnirəm.
Famil Süleymanov son dərəcə alicənab, cəsarətli,
iradəli, riskli bir insan, haqqı nahaqqın, doğrunu yalanın ayağına verməyən, ürəyi
insanlara məhəbbətlə, mərhamətlə, xeyirxahlıqla, ən ülvi hisslərlə, pak
duyğularla dolu olan bənzərsiz, əvəzsiz bir insan idi.
Haşiyə: Bir dəfə dəyərli dostlarla- Tofiq Mehdiyev, Sahib Qarayevlə Ağsuyun
Kalva kəndinə getmişdik. Gecə yarıı idi. Famil dediki Sərinbulağa gedəcəyik. Biz
yola nabələd idik. Kənd adamları meşədən qırdıqları lobya çubuqlarınl ata,
ulağa elə yükləyirlər ki, çubuqların ucu yerlə sürünür. Bizə elə gəlirdi ki,
çubuqların saldığı iz maşın təkərinin yeridir. Sən demə o “cığır” bizi dərin dərəli
bi uçuruma aparırmış. Təhlükəli vəziyyət yaranmışdı. Biz maşından düşdük. Lakin
Famil maşını bir daşın üstünə çıxartmaqla xilas oldu. Bu risk idi.
Yuxarıda qeyd etdiyim kimi Famil Süleymanov bənzərsiz
bir yazıçı idi. O, həm də el arasdında sayılıb-seçilən, xeyirdə, şərdə yada düşən,
yuxarıbaşa çəkilən müdrik ağsaqqal idi. Yazıçı Famil Süleymanov hər yerdə öz
ağayanaqlığını, oturuşunu, duruşunu qoruyub saxlamağı bacarırdı, yumoru da çox
sevirdi. Bir dəfə Xaldan istisuyunda mualicə alır vaxtımızı keçirmək üçün nərd
oynayırdıq. Şərtimiz belə idi uduzan qonaqlıq verməli olacaqdı. Mənlə oynayan
“N”uduzdu, lakin cığallıq elədi. Mən onu Famil dayısı ilə hədələdim. Famil mənalı-mənalı
üzümə baxdı: “O kor itin dayısı olaram, onun dayısı olmaram”- dedi. Famil
Süleymanov oxucuları, dinləyiciləri maqnit kimi özünə çəkirdi. O, tarixi hadisələri, xalqımızın başına gələn
müsibətləri “Qana boyanmış Quran”da və başqa əsərlərində elə sadə dillə oxucuya
çatdırmışdı ki, oxucu əsəri sona qədər
oxumaqdan yorulmur və hadisələrin iştirakçısına çevrildi.
Yazıçı Famil Süleymanovla doğma Azərbaycanımızın
bütün bölgələrini qarış-qarış gəzmişəm. Cəlilabadda, Masallıda, Astarada,
Ağsuda, Səlyanda, Tərtərdə, Şamaxıda, Qobustanda görüşlər keçirmişik, dövlətimizin,
dövlətçiliyimizin qorunub saxlanılmasında, xalqın yekdil olmasının vacibliyindən
söhbət açmışıq. Gürcüstanın Borçalı bölgəsində olan görüşlərimiz də yadda qalan
olub. Həmin görüşün təəssüratlarını oxucularla bölüşürəm.
Qədim Borçalı mahalı ustad aşıqlar, saz-söz
diyarıdır. Ustadlarımızın üz qoyduğu bu müqəddəs torpaq zaman-zaman xəyanət əli
ilə pay verilib. Əvəzi alınmayan, qisası qiyamətə qalan niskilli yurd yerləri
bizə nə deyirlər görəsən? Bu
mahalda yaşayan soydaşlarımız da Qarabağ
dərdini içlərində çəkirlər. Bu günlərdə yazıçı Famil Qaracallı (Süleymanov) Borçalı
mahalına görüşə dəvət olunmuşdu.
Qayğılar, vaxt problemi getməyə mane olurdu. Nəhayət, 23 aprel 2001-ci
ildə qərarımızı qətiləşdirdik, düşdük yola.
Doğma Azərbaycanımızın dilbər güşələrindən- Şamaxı,
Ağsu, Ağdaş, Göyçay, Yevlaxdan keçib ulu Nizamini ruhu dolaşan Gəncə torpağına
çatdıq. Baharın oğlan çağı, təbiətin qız vaxtı deyərdilər ahıl nənələrimiz,
müdrik babalarımız ilin bu çağına. Zümrüd yamacların, yaşıl çəmənlərin, vüqarlı
dağların, sinəsinə yayılan malqara naxırını, qoyun-quzu sürülərini görəndə ürəyim
dağa döndü, qəlbimdən xoş xatirələr keçdi. Axı, ilin-günün bu vaxtı bizim elin
camaatı allı-güllü yaylaqlara köçərdülər, boz alaçıqlar qurardılar, boz sürülər
günorta sağıma gələrdi...
Boz sürülər yunu qumaş,
Qalxar döşə yavaş-yavaş.
Əli sadır çoban qardaş,
Süd sağıb içmək, vaxtıdır,
İlin nə göyçək
vaxtıdır.
Işıqlını gəzə-gəzə,
Yönələrdik Əriməzə.
Bizim elin təzə-təzə,
Yaylağa köçmək vaxtıdı,
İlin nə göyçək
vaxtıdır.
Gəncə torpağı çox mərd və səxavətli insanlar yetişdirib. Burada iş
adamları hacı Əyyub və onun sirdaşı, dostu Yunis bəy bizə yaddaqalan süfrə
açdılar, əldən-ayaqdan çıxdılar. Süfrə başında maraqlı, məzəli əhvalatlar
danışdılar. Hacı Əyyub özünəməxsus gülüşlə dedi:
-Biz sözləşdik ki, həccə gedək. Bu, (Yunisi göstərdi) dedi, sən get
sağ-salamat qayıt gəl, sonrakı zavvarlarla da mən ggedərəm. Mən getdim Məkkəni ziyarət elədim qayıtdım gəldim. Yunis
səfər təəssüratlarımı danışmağı xahiş etdi. Dedim, bax Kəbəni ziyarət edəndən
sonra içki içmək, haram yemək, yalan danışmaq, zina etmək olmaz, Yunis bu sözləri
eşidəndən sonra dedi:
-Hacı, ziyarətin qəbul olsun, mən gedəsi olmadım. Doyunca gülüşdük.
Biz “Qırmızı körpüyə” gecə
çatdıq, Gürcüstan Respublikasının ərazisinə keçdik. Qardaş Respublikada əvvəllər
çox olmuşam. Respublika müstəqillik əldə edəndən sonra ilk dəfə idi bu torpağa
ayaq basırdım. Borçalı mahalında əhalisinin sayına görəən böyük kənd Fəxralıdır.
Burada qədim tarixi abidələr, qəbr üstü daşlar diqqətimdən yayınmadı.
Orada “Səkkizayaq” deyilən bi abidə var. Qədim Şərq üslubu ilə inşa
edilən bu abidə öz gözəlliyi ilə adamı özünə cəlb edir. Səkkiz daş dirəyin-ayağın
üstündə tikilmiş bu tarixi abidənin içərisinə keçəndə baxışları bir nöqtədə kəsişən
iki pələng fiquru görürsən. Danışırdılar ki, guya baxışların birləşdiyi yerdə xəzinə
olub. Ümumiyyətlə abidə barədə dəqiq məlumat ala bilmədim. Daşlardakı naxışları
adamı heyran edir. “Səkkizayaq” kürəyini “Səngər” dağa söykəyib. Maraqlıdır, “Səngərdağ” Qubadlıda da var.
Mənə danışdılar ki, burada bir
yeraltı yol-tunel keçir. Dedilər ki,
bir-iki km. gedəndən sonra havasızlıq
hiss olunur. Lakin tunelin bu başından buraxılan it gedib Arpaçaydan çıxıb.
Dağın başında dibi görünməyən bir quyu var. Məlik Məmməd quyusu deyirlər. Meşənin
sərinliyində xumarlanan, zümzümə ilə axan “Təhməzbulaq” mənə Yamacbulağı,
Arzubulağı xatırlatdı.
Səkkizayaq səkkiz ərdi, oğuldu,
Səngərdağın qayaları nağıldı.
Təhməzbulaq, qəm-kədərim dağıldı,
Buz suyundan ovuc-ovuc içəndə,
Dərələrin sinəsindən keçəndə!
Nə isə... buranın təbii gözəlliyi vəsfə gəlməz, qardaş. Elə bil tale
qələm çalanda gözəllik qələmini bura
çalıb. Torpağın münbitliyi, adamların qonaqpərvərliyi bizə xoş təsir bağışladı.
Biz ora çatanda “Ləlvər” dağı yaz qarı ilə örtüşmüşdü. Günəş şuaları elə bil
aynadan əks olunurdu, adam baxanda gözləri qamaşırdı. Dağların döşü ilə sürünən
dumandan ələnən şeh damcıları otların qulaöından büllur kimi sallanırdılar. Bu
gözəlliyi görəndə adam vəcdə gəlməsin, neyləsin!
Yağış yuyur, yel qurudur,
Bu çöllərin güllərini.
Çiçək dərən gözəllərin,
Görmək olmur əllərini.
Hər arşında min çiçək var,
Boylanırlar sinə-sinə,
Bir yanda da sarı bülbül,
Qonub gülün sinəsinə.
Bəzi güllər qönçədədi,
Bəziləri ətir saçır.
Sar nə bilir qönçə nədi,
Gülü sevən gülə qaçır.
Aşağı Saral kəndində bizi Nurəddin Qaracallı mehribanlıqla qarşıladı.
Sanki hər şey hazır imiş. Süfrə salındı, nemətlər düzüldü. Nurəddin Qaracallı azərbaycanlı kişisinə
xas olan ağayanaqlı bizə “xoş gəldin” elədi, gəlişimizdən məmnun olduğunu
bildirdi. Aydın oldu ki, Nurəddin kişi Borçalı mahalında sayılıb-seçilən, sözü keçən ağsaqqallardandır. Həyətin bir küncündə səliqə
ilə, yerbəyer qoyulmuş bel, külüng, dırmıq, kətmən, düsər, qırxlıq, əllərinin sərtliyi
onun torpağa bağlılığından
xəbər verir. Bostanı, gülləri, üzüm çardağı, ev-eşiyi sağlığına qismət olsun.
Mayası zəhmətdən yoğrulan bu kişinin dili varsa, dirçəyi də var. Qəlbi geniş, səxavəti
hədsiz, deyib gülən, söz arası məzəli lətifələr deyən Nurəddin qardaşımın sini
altmışı keçməsinə baxmayaraq ərinib
yorulmaq bilmir. Kababı özü bişirir, samavarı özü salır, toyuq cücəni dənləyir,
qonaqlarla əylənir. Həyat yoldaşı Səkinə bacı da ondan betər. Söhbət əsnasında
Nurəddin kişi bizə xatırlatdı ki, bu gün aprelin 24-dür ha! Ermənilərin uydurduqları qondarma
“Genosid” günüdür. Ona görə də sizi qorunmaq borcumdur. Mən bu sözə güldüm. Nurəddin
dedi:- gülmə, pisdən pis iş çıxar. Sayıq baş salamat olar deyib ulularımız.
Buralarda erməni çoxdu, veyil-veyil gəzirlər. Xulasə, narahat olmağa dəyməz.
Burada yadıma bir əhvalat düşdü. Bir nəfər bir evə qonaq gedir. Ev
yiyəsi süfrə salır. Qonaq əlini çörəyə uzatmaq istəyəndə qonşu həyətdə güllə səsi
eşidilir. Qonağın diksindiyini görən ev sahibi deyir:- Buralarda qonaq öldürmək
dəbdi. Mən onun iki qonağını öldürmüşəm,
o da hayıf çıxmaq istəyir, narahat olma, çörəyini ye! Nurəddin kişi söhbətə bir
qədər ara verdi. Küçə qapısında dayanan
qoyunlarını gördü, gətirib yerinə qatdı gəlib oturdu.
Rəhmətlik atam deyərdi ki,
oğul, nə badə xəstə qoyunun yunundan qonaq yorğan döşəyi düzəldəsən. Elə
yundan yorğan-döşək düzəlt. Indi mən də uşaqlarıma deyirəm.
Üstündə gülləri al bənövşəyi,
Qatı açılmamış yorğan-döşəyi,
Moçamlı əmliyi, seçmə şişəyi,
Bərəkəti qoru, qonağa saxla.
Müəllim, incimə sənin sözlərini öz sözlərim kimi dedim.
O, sonra Famil Qaracallının kitablarından söz açdı:
-Mən bir azərbaycanlı kimi Ermənistan- Azərbaycan münaqişəsindən çox
narahat hisslər keçirirəm. Torpaqların işğalı, soydaşlarımızın didərginliyini, Xocalı
soyqrımı, başqa faciələr hammızın dərdidi. Mənim dörd oğlum var. Həmişə deyirəm,
oğlu get Qarabağ savaşında döyüş, bir kəndi yağılardan azad et, şəhid ol, mən qurban paylayım. Vətən yolunda oğul itirmək
bir ata kimi mənə şərəfdir.
Nə qədər ki, verəmmirik əl-ələ,
Bizi yoracaqdı bu ağır şələ.
Kərəmi yolunda döndər, ay Lələ,
Keşiş fənd işlətdi, min hiylə qurdu,
Qaytar o torpağı, qaytar o yurdu.
Bəli, əvvəlcədən təyin olunmuş vaxtda Aşağı Saral kənd orta məktəbinə
yollandıq. Buraada 300 nəfərə yaxın şagird təhsil alır. Məktəb 1919-cu ildən fəaliyyətdədir.
Zal ağzına qədər dolu idi. Görüşmədə əmək və müharibə veteranları, zəhmət
adamları, müxtəlif peşə sahibləri, ziyalıları iştirak edirdilər. Zalda F.
Süleymanovun portreti asılmış, kitablarından ibarət sərgi təşkil olunmuşdu.
Görüşü məktəbin direktoru Məmməd müəllim açdı. Buradakı, görüş çox maraqlı idi.
Verilən suallar, əsərlərdən söylənilən epizodlar, oxunulan şeirlər
görüşü bir az da rövnəqləndirdi. Tənqidi fikirlər də yaxşı qəbul olunurdu.
Oradakı soydaşlarımız belə görüşlərə ehtiyac duyduqları hiss edilirdi. Söhbət əsnasında
giley də eşitdik. Biz bütün çətinliklərə dözməyə hazırıq, təki dünyamız düzəlsin.
Din içində din saxlayırıq, milli adət-ənənələrimizi qoruyuruq, unutmuruq. Hörmətli
preziden cənab H.Əliyevlə Gürcüstan Respublikasının prezidenti cənab
E.Şvarnadzenin səmimi dostluğu bizə olan qayğını birə beş artırır. Lakin gürcü
familiyasını qəbul edən şərəfsiz erməni millətçiləri aranı qarışdırmaq üçün dəridən-qabıqdan
çıxırlar. Mənliyi olmayan millətdən bundan artıq nə gözləmək olar? Eldar müəllimim
danışığı məni düşündürdü. Ertəsi gün Yuxarı Saral kənd orta məktəbində təşkil
olunmuş görüşə getdik. Müəllim və şagird kollektivi görüş yerini məktəbin həyətini,
açıq havanı seçmişdilər. Buradan baxanda “Sürqaya”, “Koroğlu qayası ”, “Qız qalası” bir
də başı ağ çalmalı “Ləlvər” dağı aydın görünürdü. Ayaq üstə cərgə ilə dayanmış
şagirdlərin əlində yaşıl yamaclarda, göy çəmənlərdə, bağlarda, bostanlarda bitən
lalə, nərgiz, yasəmən, qızıl gül və dağ çiçəklərindən dəstələr vardı. Şagirdlərin
alovlu gözləri bizə zillənmişdi. Qabaq cərgədə stolların üstünə düzülmüş
kitablar – “Qana boyanmış Quran”, “Unutqanlığın faciəsi”, “Vətən torpağı
çağırır bizi”, “Anam niyə ağlayırmış”, “Anaların fəryadı”, “Bir ana bətnində
iki körpənin taleyi”, “Ağrılı ağrım mənim”, “Karvan Sibirə gedir” kitabları
hamının marağına səbəb olmuşdu.
Dəyərli suallar, faydalı məsləhətlər, tənqidi qeydlər də az olmadı görüşdə. ədəbiyyatımızın yaxın
dostu, Famil yaradıcılığının pərəstişkarı Fikrət Mirzəyev bu gün üçün çox vacib
olan bu əsərlərdən söhbət açdı. Tarixmizin bağlı qalan, yasaq olan səhifələrini
açıb. F. Qaracallı. Yazıçının mıhsuldar işləməsindən də xeyli danışdı Fikrət müəllim.
Yazıçı-jurnalist İradə Qaracallı F. Qaracallının əsərlərində vətənpərvərlik
hisslərinin daha güclü olmasından söz açdı. Burada həm də aydın oldu ki, Saral
kəndində yaşayan qaracallıların ulu babaları Qubadlının Qaracıllısından gəliblər.
Elə həmin gün günün ikinci yarısında Sadaxlı kənd orta məktəbinə getdik. Öyrəndim
ki, məktəbin 100 illiyini keçən il qeyd ediblər. Özəlləşmənin tüğyan
etdiyi bir vaxtda bir nəfər az qala məktəbi
də özəlləşdirirmiş. Müəllimlərin və Sadaxlı camaatının ciddi səyi nəticəsində
bu iş baş tutmayıb. Məktəbin binasında əsaslı təmir işləri gedirdi. Öyrəndim
ki, təmirə aryrılan vəsaiti “Dünya Bankı” maliyyələşdirilir. Məktəbdə müəllimlərin
əksəriyyəti bizdə olduğu kimi qadınlardı. Görüşdə Sadaxlının axundu da iştirak
edirdi. Axund çıxışında bizə, bütün Məhəmməd hümmətinə dualar oxudu. Mən
şagirdlərin marağını nəzərə alıb istədiukləri qədər şer oxudum. Famil Qaracallı
görüş iştirakçılarını maraqlandıran suallara cavab verdi, yaradıcılıq
planlarından danışdı
Görüşdən sonra avtoqrafla xeyli kitab payladıq. Süleyman və Həmid bizi
gürcü xəngəlinə qonaq elədilər. Süleyman da içində çəkir bu dərdi. Sadaxlı kəndinin
söykəndiyi dağ nankor qonşularımızın əlindədir. Qəribədir, hərədən bir az da
torpaq payı ala-ala özlərinə ərazi, sərhəd yaradəblar. Hələ də gözləri
onun-bunun torpağında olan “haylar” artıq arzularına çata bilməyəcəklər. Çünki
Ermənistan adlanan məkandan ermənilər gəzirlər. O görükən kəndin adı “Ləmbəli”dir.
Indi adını “Baqrataşen” qoyublar. Buraların hamısı tarixən Borçalı mahalının
olub. Nəhayət 110 yaşlı Zeynəb nənə ilə görüşdük. Kötücəsini
görmüş, ömür qatarı təntiyən bu qarının üzündən nur yağır. Yaddaşına,
danışığına söz ola bilməz. Gileyi təkcə qulaqlarından oldu. Amma 90-96 il əvvəl olan hadisələri yadında saxlayıb bacardığı qədər
danışır. Kiçik qızının 885, kötücəsi Azdın 19 yaşı var. Biz Zöhrə nənədən yenidən
görüşmək arzusu ilə ayrıldıq.
Yol boyu fikirləşirdim. Bir dəfə də yolumuz Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan keçə. Zəngəzur
mahalına gedək. Üçtəpəni, Xəlilbulağınlı, İşıqlı dağını, Əriməzi, Əyriqarı,
Çalbatırı, Salvartını görək, yurddaşlarımızla görüşlər keçirək. Inanıram ki, bu
görüşlər olacaq, İnşallah!
Ümumiyyətlə, Borçalı mahalında
yaşayan soydaşlarımızı da Qarabağ dərdi narahat edir. Yuxarı Saral, Aşağı
Salar, Sadaxlı kənd orta məktəblərində olan görüşlər, eşitdiyim yanıqlı
çıxışlar, başımıza gələn müsibətlərin ağrı-acısından, namərd qonşularımızın xəyanətindən,
çörək itirmələrindən xəbər verirdi.
Bu görüşdən sonra Famil Süleymanova həsr etdiyim şeiri oxuculara ərmağan
edirəm.
Hər dəfə səninlə görüşəndə mən,
Ruhum təzələnir, ay Famil qağa!
Xəyalım dolanır aranı, dağı,
Qoy deyim dərdimi say, Famil qağa!
Üçtəpə, Üçağız, Humayqayası,
Bərguşad, Həkəri, bir də Qarasu.
Dağıldı babamın yonca tayası,
Oldu əməyimiz zay, Famil qağa!
Gəzdim Əriməzi, gördüm Səngəri,
Unuda bilmirəm dərdim Səngəri.
Verdim öz əlimlə, verdim Səngəri,
Verdim Zəngəzuru pay, Famil qağa!
Bizi bağışlamaz nə yaxın, nə yad,
De kimə lazımdı bu durğun həyat.
Müqəddəs ocaqlar qoparır fəryad,
Bəs niyə vermirik hay, Famil qağa!
Canıma od salıb bu gərdiş mənim,
Özümdən özümə yaranıb qənim.
Düşmən əlindədir çölüm, çəmənim,
Olmuşuq fərsizə tay, Famil qağa!
Hanı dünya görmüş Mülayim
xala?
Qolunu Çiçəyin boynuna sala.
Tavat yağılardan intiqam ala,
Başlana Yazıda toy, Famil qağa!
Vətəndə saralıb, solub Vətənim,
Yadların tapdağı olub Vətənim.
Məndən aralıda qalıb Vətənim,
Gözümdən sellənir çay, Famil qağa!
Artıq oyanmağın vaxtı çatıbdı,
Hamı bir olmağın vaxtı
çatıbdı.
Torpağı almağın vaxtı çatıbdı,
Bəsdir içdiyimiz çay, Famil qağa!
Bir zaman nədənsə dözürdü Əvəz,
“Papağın yan” qoyub gəzirdi Əvəz.
Bu gün can verməyə hazırdı Əvəz,
Sən də ürəyini qoy, Famil qağa!
Bəli çox dəyərli bir dostumu itirdim!
Əvəz Mahmud Lələdağ
Комментарии
Отправить комментарий