Tövsiyyənamə


           Tövsiyyənamə
Oğlum, sözlərimə yaxşı qulaq as,
Sənə söylədiyim faydasız olmaz.
Gəlmişdim, getməyə hazırlaşıram,
Mən köçsəm dünyadan, dünya dağılmaz.

Bir əziz gecədə mən rüsxət aldım,
Gövhər mücrüsünə zər açar saldım.
O dəmdə qanına qarışdı qanım,
Haqqın dərgahına qalxdım, ucaldım.

Aşiq vüsalına yetişən zaman,
Bir damcı şeh düşür məst olur canan.
Şehlə gül görüşür, sən hikmətə bax,
Şehdən də yaranır yaradan insan.

Bir əziz gündə də gəldin dünyaya,
Heyran-heyran baxdın Günəşə, Aya
Qaranlıq aləmdən qurtardı canın,
Boylandın dənizə, kükrəyən çaya.

Gözümə nur gəldi, qoluma qüvvət,
Allahdan verildi yenə bu qismət.
Səni bəduğurdan tanrı qorusun,
Yaradan göndərib mənə qənimət.

Sən hələ uşaqsan,  gözümün nuru,
Şəffaf su kimisən durudan duru.
Sənə həmdəm olan oyuncaqları,
Bacar yad ünsürdən sən özün qoru.

Hələ seçəmməzsən yaxşını pisdən,
Buludu dumandan, tüstünü hisdən.
Sərrafı olmasan ayırmaq çətin,
Gümüşü qızıldan, qızılı misdən.

Indidən həzm elə saf əməlləri,
Sənin ovcundadır dünya sirləri.
Kim bilir, bəlkə də sən yazacaqsan,
Hələ yazılmamış şah əsərləri.

Budur ilk tövsiyyəm, əzizim sənə,
Həmişə sadiq ol doğma Vətənə.
Inam da, məslək də pak olsun səndə,
Cavanlıq eyləyib düşmə çətinə.

Haqdan gileylənib olma günahkar,
Haqqın qəzəbinə olarsan düçar.
Ağ atın qulunu qara doğulmaz,
Əsli hu! deyiblər ulu babalar.

Bəzən haqsız batır, haqqın da səsi,
Batır igidlərin dəli nərəsi.
Şahmarın balası şahmar ilandı,
Onun ağzındadır zəhər kisəsi.

Tamahdan kasad ol, zəlil olunca,
Sinəni tuşlama nahaq qılınca.
Dünyada qalacaq dünyanın malı,
Qaçma hər atılan daşın dalınca.

Ömrün o çağıdır, artıq çalam mən,
Sənə güvənirəm əziz balam, mən.
Ikiüzlü olanın südü qəlizdi,
Istərəm yağıdan qisas alam mən.

Alıb ürəyimi acı dərdi- sər,
Məndə cavanlıqdan qalmayıb əsər
Onu da unutma, istəkli balam,
Doğrunun qılıncı yalanı kəsər.

Qocalıq əlini telimə çəkdi,
Düşündüm, görəsən bu nə istəkdi.
Qara saçlarımı, bəyaz eylədi,
Sonra da gözümün nurunu çəkdi.

Ahıllıq çatmamış qaçdı gəncliyim,
Elə bil quş oldu, uçdu gəncliyim.
Yüyrük ağacını əsa eylədim,
Başıma min oyun açdı gəncliyim.

Arzumdur hər yanda arzun gül açsın,
Kamalın aləmə nurlu yol açsın.
Yetiş əməlinlə şöhrətə, ada,
Qayğınla balalar şirin dil açsın.

Halal süd əmmişlər ev yıxmaz, oğul
Əyri öz qınından düz çıxmaz, oğul
Öz təmiz işiylə sevinər insan,
Uşağın yadından söz çıxmaz, oğul.

Düşüncə, dərrəkə olmasa səndə,
Bir də görərsən ki, düşdün kəməndə.
Səni yaradana şükürlər olsun,
Nəfisə ağa ol, Canana bəndə.

İlan zəhərini qana yeritsən,
Ilanı taqsırkar hesab etmə sən.
Zəhərli ağacı becərmə, oğul
Ondan dadlı meyvə dərə bilməzsən.

Duyğusuz yaşatma köksündə ürək,
O kimə gərəkdi, o nəyə gərək.
Hikmətdən, öyüddən elə dərs al ki,
Çıxsın urcahına halal duz-çörək.

Şirin mağarası təhlükəlidir,
Ora girən adam bil ki dəlidir.
Insana göz verib böyük yaradan,
Belə addım atmaq kor əməlidir.

Timsahla bir yerdə suda üzən kəs,
Canını timsahdan qurtara bilməz.
Tülküyə nə lazım kələk öyrətmək,
Hiyləgər heç zaman ovsuna gəlməz.

Hərə yuvasında çatar şöhrətə,
Bayquş xarabada, qartal zirvədə.
Əzəldən belədir hökmü zamanın,
Bahar qış nəfəsli olmaz heç vədə.


İndi işlərindən mən də xoşhalam,
Gözəl əməllərin qoymaz qocalam.
Evində olmasa buğda çörəyin,
Buğda dilin olsun ağıllı balam.

Uyma bu dünyanın qeylü-qalına,
Bir nöqsan gətirmə sən mahalına.
Sadiq ol həmişə halal çörəyə,
Dişini qıcama elin malına.

Vətənə eylə sən canı sadağa,
Çox dillər aparıb başı torpağa.
Kiçik görünməsin düşmən gözünə,
Düzəngah var ikən dirənmə dağa.

Halallıq almasan, bir qəpik alma,
Zülm ilə kimsənin canını alma.
Halal malını da yeyə bilmərsən,
Budaqda quruyar əkdiyin alma.

Düzlükdən danışsan, özün də düz ol,
Çalış əməlində, sözündə düz ol.
Gərək təmiz olsun təmiz xislətin,
Addımında düz ol, izində düz ol.

Pişiyə çeviklik gəl öyrətmə sən,
Çevik yaranıbdı pişik əzəldən.
Ahu yaxınlaşsa, bir acgöz şirə,
Şir öz qismətini verərmi əldən.

“Həmişə kükrəmə, bəzən yavaş gəz,
Demə ki, tufanlar qəddimi əyməz.
Bəzən öz yerində deyilməyən söz,
Yiyəsinə dəyər, hədəfə dəyməz”.

Ay oğul, at minsən bir cövlan eylə,
Demirəm zülm eylə, nahaq qan eylə.
Mərdin süfrəsində yerin var sənin,
Bacar nakəsi də mehriban eylə.


Yer var atla dolan, yer var piyada,
Qəlbinin sirrini söyləmə yada.
Şər olan yerlərdə görünmə, oğul,
Şərdən gileylidir  bütün dünya da.

Demirəm ağ ürək, ölü canlı ol,
Deyirəm qurd ürək, dəli qanlı ol.
Qonşunla gileyli dolanma, oğul,
Elində, obanda adlı-sanlı ol.

Tülküyə öcəşmə, aslana tay ol,
Halal zəhmətinlə həmişə bay ol.
Gölməçə suyu tək bulanma, oğul
Kükrəyən dalğa ol, gurlayan çay ol.

Sən həyat eşqiylə göylərə ucal,
Zəhmətdən ilham al, hünərdən güc al.
Paxıllıq dünyada bir adət deyil,
Zəfər çalanlara ürəkdən əl çal.

Hər ürək dost olmaz, sayıq ol hər an
Yaxşı dost yolunda əsirgəmə can.
Gündəlik hörməti etmək asandır,
Arif ol, dar gündə sınanır insan.

Insan əlindədir, dünyada nə var,
Istəsə uçurar, istəsə qurar.
Oğul, getdiyimiz bu yollar bil ki
Zəhmətin nuruyla ancaq nurlanar.

Yetkinlik yaşına çatmısan indi,
Oyuncaqları da atmısan indi.
Zəmanə toruna düşmə, amandı,
Ağıllı davranış, tədbir sənindi.

Yaltaqdan uzaq ol, namərddən kənar,
Halal bilmədiyin sərvətdən kənar.
Nə yalana inan, nə böhtan danış,
Onda sən olarsan hər dərddən kənar.


Çox evlər yıxıbdı yalanlar, oğul
Nahaqdan töküblər nə qanlar, oğul
Əgər olmasaydı daban daşları,
Qartmaq bağlayardı dabanlar, oğul.

Zarafat sanma sən elin sözünü,
Üz görən qadından gözlə özünü.
Alnında görməyim xəcalət təri,
Təkəbbür yummasın oğul, gözünü.

Xalqın xeyrinəsə gördüyün işlər,
Bu yolda əlbəttə ölməyə dəyər.
Elin danlağına hədəf olma sən,
Eldən güc alıbdı güclənib bəşər.

Işıldaquş çəkər səni özünə,
Isinə bilmərsən onun közünə.
Sən elə iş tut ki, Allah eşqinə,
Sonra döyməyəsən oğul, dizinə.

Bir kişi uyarsa pozğun qadına,
Yaxşı söz deməzlər onun adına.
Namusu atıblar it də yeməyib,
Bir kimsə çatarmı oğul, dadına.

Bir xoruz girərsə bir özgə hinə,
Xoruzluq edəmməz öz fərəsinə.
Kişi də atarmı namusu, arı,
Qulluq eyləyərmi bir özgə dinə.

Bostançı bostanda olmasa əgər,
Yolçular bostanı talan eyləyər.
Düz -düzə dolaşmaz oğul, heç zaman,
Oxun əyrisini görən var məgər?

Könlündən keçsə də -deyərdi baban,
Təkədən dələmə tutammaz çoban.
Xisləti belədir əzəldən, oğul
Bir donuz qızanda istər on qaban.


Acı söz ox kimi batar ürəyə,
Nadan xain çıxar duza, çörəyə.
Kənardan köməklik olsa da, oğul
Damın ağırlığı düşər dirəyə.

Xəyanət olmasa yaxından, yardan,
Sənə bata bilməz kimsə kənardan.
Qorxma düzdən yana söz gəlməz sənə,
Səni təmizliyin qurtarar dardan.

Demirəm dünyanı yığ gətir mənə,
Demirəm dağ boyda dağ gətir mənə.
Zülmün, fəlakətin izini itir,
Sülhü, azadlığı sağ gətir mənə.

Vətənin torpağı, daşı da baldır,
Vətənin adını övlad ucaldır.
Əsil vətəndaş ol canım, ciyərim,
Vətən bayrağını göylərə qaldır.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Dayaq olsa