Bu dərdi çəkənə ver kitabı 3


Bəsdir, qaldıq intizar

Dünya narahat olanda
Çörəyim narahat olur.
Sevincim qəmə dönür,
Ürəyim narahat olur.
Oğlum narahat olur,
Qızım narahat olur.
Dilimə düyün düşür,
Sözüm narahat olur.
Yuxum ərşə çəkilir,
Gözüm narahat olur.
Telləri min havalı
Sazım narahat olur.
Əsəblərim gərilir,
Qanım narahat olur.
Yatağıma qor dolur,
Canım narahat olur.
Atın silahları, insanlar!
Ömrə qənimdir silahlar.
Görün, yurdsuz-yuvasız,
Evsiz-eşiksiz qədər insan var?
Atın silahları, insanlar!
Silahlar dünyanın
Köksünü yaralayıb.
Gülü bülbüldən,
Bülbülü güldən sitəmilə aralayıb.
Dünənimə dağ çəkib.
Könlümün baxçasında
Hicran əkib, dərd əkib.
Bombalar müqəddəs torpağın
Hamar sinəsinə sancılıb,
Çinarın qolunu qırıb, yanına salıb.
Güllələr bağın iliyinə işləyib,
Güllərin bağrını deşikləyib.
Qəlpələr atamın dizinə dəyib,
Üzünə, gözünə dəyib,
Sifəti yarğanlanıb.
Gözəlliyi görən gözləri
Çanaqlanıb, oyulub.
Tərlan gözlərin yerinə
Şüşə göz qoyulub.
Dünya yenə narahatdır.
Hava yaman bürküdür.
Yaxamdan asılan
Qəm-kədər yüküdür.
Barıt qoxusu gəlir burnuma,
Qara sancılar dolur qarnıma.
Hardasa vicdanı paklığa
Göz yumur qəddarlıq.
Hardasa günahsız qanlar axır.
Ay yerin hüsnünə qəzəblə baxır.
Hardasa qardaş qırğını salıb
Qəlbi daşlar, üzü sərtlər,
İnsan qanına susayan namərdlər.
Hardasa qan su yerinə axır,
Hopur torpağa.
Hardasa imdad istəyir
Məsum baxışıyla bir çağa.
Hardasa bir ocaq sönür,
Bir yurd yeri sökülür.
Allah, yuxulu körpələrin üstünə
Göydən alov tökülür.
Atın silahları, insanlar!
Bəsdir, qaldıq intizar!
Bəsdir, çəkdik ahu-zar!
Nahaq qan tökənlərə
Nifrətim var!
Yurdumda turp əkənlərə
Nifrətim var!
Atın silahları, insanlar!



İlahi

 240 aydır yaram sağalmır,
Əlim ətəyində qalıb, ilahi.
Yağının tıfağı hələ dağılmır,
Sar gəlib gülşəni alıb, ilahi!

Niyə biganəyəm, niyə bilmirəm,
Düşmənin çırağı sönmür, ilahi
Haqdan gələn sözü deyə bilmirəm
Ürəyim Vətəndən dönmür, ilahi!

İçimi göynədir yurd intizarı,
Nahaqdan töküldü ərlərin qanı.
Yaman can atıram Vətənə sarı,
Yol tapa bilmirəm nədən, ilahi?
2008
Bir əsirin dilindən
Erməni vəhşiliyi

Cəhənnəm əzabı çəkirəm burda,
Səhər dərd verirlər, axşam işgəncə.
Bir ünüm göydədir, bir ünüm yerdə,
ağıl qalıbdı, düşüncə.

Burda qulaq kəsib, diş sındırırlar,
Mayanın üstündə daş sındırırlar.
Əzab vermək üçün «baş» sındırırlar,
Qoymurlar yatmağa gecə keçincə.

Cavanlar çarmıxa çəkilir burda,
Bədən ilmə-ilmə sökülür burda,
Dodaqlar qıyıqla tikilir  burda,
Döyürlər, söyürlər canı çıxınca.

Leş-leşə söykənir doğma vətəndə,
Arzular, diləklər düşüb kəməndə.
Belə zülm edərmi bəndəyə bəndə?
Barmağı sıxırlar adam ölüncə.

Ayaq nallayırlar burda, ay qağa,
İynə yeridirlər ətlə dırnağa.
Sinə tab gətirməz dağ boyda dağa,
gündüz bilirik, ki, gecə.

Bıçaqlar oyurlar burda bəbəyi
Yarıb götürürlər sağlam ürəyi.
Ucuzdan ucuzdur insan əməyi,
Səni incidirlər heydən düşüncə.

Deyib danışmağa söz çoxdur, qağa,
Bizik ki, dözürük bu boyda dağa,
Bir qayıtsaydım doğma torpağa,
Öpərdim daşını cana gəlincə.                                           1992

Nədir bizim günahımız nədir, Allah

Qəlbimdə yuva qurub
Vətən dərdi.
Gülşənimin güllərini
yetən dərdi,
Hər yoldan ötən dərdi.
İçimi göynədir yurd yanğısı,
Torpaq harayı
Yad əllərdə inləyir
Xanqızının sarayı,
Vaqifin məqbərəsi.
Məni yandırır-yaxır.
Bu qəmli qaboy səsi.
Köksümü parçalayır,
anaların naləsi.
Xonçası açılmayan,
qızların şivən səsi!
Ağlamaqdan,
gözümüzdə yaş qalmadı.
Talan olan yurdumuzda
Daş üstündə daş qalmadı.
Bağlar yandı çırtım-çırtım,
Budaqlarda quş qalmadı.
Düyünləri açmaq üçün,
Düşünməyə baş qalmadı.
Qəlbimdə yuva qurub
Vətən dərdi,
15 ildir azalmayır,
kəm olmayır,
Bu millətin çətən dərdi.
Bu torpağın sinəsinə
dağ basılıb.
Qəlbi olub qabar-qabar,
cadar-cadar.
Bu həsrətin nə əvvəli,
sonu var.
İldə bir yol
Yaraların qaysağını
qoparırlar.
El-obanın qəm yükünü
Qatarlara yükləyirlər,
eldən-elə aparırlar.
faydası?
Ayda bir yol yas qurulur,
Torpaq yası.
faydası?
Yaylağıma köçdü yağı,
Buz bulağın buz suyundan
içdi yağı.
Qüvvətləndi, qanıqlaşdı.
Çörək verdik itirdilər
Sinələri parçalayıb,
Ürəkləri götürdülər,
Böyrəkləri götürdülər.
O, vəhşilər, yırtıcılar
Sağlam qanı sümürdülər.
İgidlərdə qan qalmadı.
Əldən-dildən düşdü əsir,
Əzrayıla can verməyə
Soydaşımda can qalmadı.
Ataların beli sındı,
Oğulları ağaclara bağladılar.
Gəlinlərin sinəsini
çalın-çarpaz dağladılar.
Şir biləkli, qurd ürəkli
oğul yandı, külə döndü.
Min-min evdə ocaq söndü.
Çəmən-çəmən güllərimi
sel apardı.
Zəmilərim vəğən oldu,
Afat gəldi, yel apardı.
İtirmişik bəndimizi,
bərəmizi, yolumuzu,
İtirmişik qocamızı, qarımızı
ulumuzu.
Bu əzab, əziyyətdi
biz çəkirik, qadir Allah?
Nədir bizim günahımız,
nədir Allah?
1992
İgid əsgər, möhkəm dayan
 
Oğul tək keçdiyiniz oddan, alovdan,
Özünüz yandınız, Vətən yanmasın.
Məğrur sinənizi sipər etdiniz,
Doğma yurdumuza kədər qonmasın.

Qisas qəlbimizdə mürt bağlayıbdı,
Fələyin zülmündən qaça bilmirik.
Yanan kəndlərimiz imdad istəyir,
Bizsə düyünləri aça bilmirik.

Qaniçən, başkəsən düşmənə qarşı,
İçimdə cücərib qəzəbim, kinim.
Vətən torpağının bircə qarışı,
Qibləmdi, Kəbəmdi, Məkkəmdi mənim.

Kürədə bərkiyən, alovdan çıxan,
Cəngavər oğullar yada yem olmaz.
Hər işə ağılın gözüylə baxan,
İnsanın arzusu gözündə qalmaz.

Dərd ana südüylə hopub canıma,
Tərlan gözlərimə yuxumu gələr?
Bu topaq uğrunda şəhid olanın,
Məzar torpağından gül qoxu gələr.

Bizə göz dikənin gözü tökülsün
Daş olsun, hörülsün daşa-divara.
Mərdlərin ürəyi sevinclə dolsun,
Namərdin istəyi qalsın avara.

Elimlə-obamla deyib gülərdim,
Kim səpdi üstümə dözülməz dərdi?
Sevinci bölərdim, qəmi bölərdim,
Qönçə güllərimi özgələr dərdi.

Min tufan, qasırğa çıxıb qarşıma,
Yüz ildə millətim yüz yol sınandı.
Göydən tökülsə alov başıma
Ürəyim Vətəndən çətin sınandı.

Gözümüz görübdü çox çətin anlar,
Amansız yağını, yadı yandırın.
Ölümlə çarpışan igid oğlanlar,
Qələbə tonqalı alovlandırın.

Kömək elə, ey yaradan

Səsi gəlir qulağıma,
Durna gözlü bulaqların.
Eşidirəm harayını,
Başı qarlı o dağların.
Eşidirəm budaq-budaq
Yarpaqları xəzəl olan
Həzin-həzin, için-için,
                    qan ağlayan,
Naləsini o bağların.
Pendir kimi parça-parça,
                    bölük-bölük
Bölünübdü torpağımız.
Əldən gedib var-yoxumuz,
Parçalanıb Vətənimiz.
Kimə dedik bu dərdi biz,
Çıxmırdılar üstümüzə.
Daş atdılar bağımıza,
                  solumuza-sağımıza.
Neçə ildir təhqir olur,
Allah evi-məscidimiz.
Təhqir olur
              məzarımız, qəbirimiz.
Döydüyümüz qapı çoxdu,
O tilsimli qapıları,
Üzümüzə açan yoxdur.
Bağlanıbdı əl-qolumuz,
Bağlanıbdı haqq yolumuz.
Kömək eylə, ay Yaradan!
Buxovlardan, çidarlardan
           azad elə əlimizi-qolumuzu
Təmizləyək yolumuzu
Daş-kəsəkdən, baş kəsəndən,
                  Gözümüzə pərdə olan
                  Duman-çəndən.
Ey Yaradan, oyat bizi!
Dağ Yunisin vaxtı deyil,
Div yuxusu tutub bizi.
Qanadlıyıq, uçammırıq,
Ayaqlıyıq, qaçammırıq.
Düyün düşmüş kələflərin,
Düyününü açammırıq.
Eşidirik elimizin harayını, hayını biz.
Axı niyə verəmmirirk,
O hayların vayını biz?
Kömək eylə, ey Yaradan,
Ürəyimdə bir əhdim var,
Daşa dönəm, gülə dönəm
Doğma yurdun qucağında.
Bircə ovuc külə dönəm,
Mir İsmayıl ocağında.
2007
Atma o gülləni

Atma o gülləni,
Qucağı uşaqlı anaya dəyər.
Bir ellər gözəli,
Bir xanım-xatun sonaya dəyər.
Atma o gülləni,
Toya hazırlaşan bir bəyə dəyər,
Məsum-məsum baxan,
Təzə qığıldayan körpəyə dəyər.
Atma o gülləni
Bağçada açılmaq istəyən
                      qönçəyə dəyər.
Çəməndə sayrışan
                     gülə, çiçəyə dəyər.
Atma o gülləni
Onun səsindən,
                     quşların bağrı yarılar.
Yanında balası
Bir ana ceyran yara alar.
Atma o gülləni
Beşikdə yatan çağa diksinər,
Yuxusu perik düşər.
Talada nazlanan
Lalənin bağrı bişər,
Atma o gülləni!
2007
Xocalı gedən günü

Hansı cəllad, baş kəsən,
Hansı qəddar, qan içən,
Ürəklərə dağ çəkən
Verdi «dağıt» hökmünü.
Buludlar qan ağladı,
Çaylar matəm saxladı
Xocalı gedən günü.
Göylərin gözü doldu,
Könlümün gülü soldu,
Torpaq qanla sulandı,
Yarpaq qana bulandı,
Xocalı gedən günü.

Yada möhtac olanlar,
Gözləri ac olanlar,
Diz çöküb alçalanlar
Od vurdular ocağa,
Beşikdə susdu çağa,
Arzum içimdə yandı,
Axar sular dayandı
Xocalım gedən günü.

Namusum tapdalandı,
Dərdimə dərd çalandı,
Xanımanım talandı
Xocalı gedən günü.

Köksümdən qopardılar
Sevincimi, dərdimi.
Kəsdilər, doğradılar,
İgidimi, mərdimi.
Torpağı şumladılar,
Hissimi damladılar,
Tarixin sinəsinə
Sağalmaz dağ basdılar.
Yuxulu körpələrin
Başlarını kəsdilər.
Hamilə qadınları,
Nizələrdən asdılar.
Bakirəlik, təmizlik,
Əlimizdən alındı.
Qeyrətimiz tutulub,
Zindanlara salındı.
Neçə-neçə toy bəyi
Alışdı, yandı, söndü.
Neçə qızın başından
Gəlinlik tacı endi
Xocalı gedən günü.

Günahsız insanların
Bu tökülən qanların
O toysuz cavanların
Dərdi böyükdür, Allah.
Xocalı faciəsi
ağır yükdür, Allah?




O gecə

Qanlı yanvar günü 90-cı il
Qalıb taleyimin qan yaddaşında.
Özüm necə idim yadımda deyil,
Yeri dəyişmişdi adi daşın da.

O gecə durmuşdu yol ayrıcında
Ölüm həyat ilə, hicran vüsalla.
Qolları sınmışdı ağacların da,
Bənizi qaçmışdı onların, Allah.

O gecə yağırdı güllə yağışı,
Elə bil dünyanın sonu çatmışdı.
O gecə günahsız xalqıma qarşı
Qəddarlıq artmışdı, sitəm artmışdı.

O gecə bulaqlar qan ağlatdılar,
Quşlar səksəkədən yata bilmədi.
O gecə atları cidarladılar,
Yolçu mənzilinə çata bilmədi.

Mənim şirin yuxum ərşə çəkildi,
Ulduzlar söndülər baxışlarımda.
Başıma od yağdı, alov töküldü,
Dondu gözlərimdə göz yaşlarım da.

Mənə bu dünyada torpaqdır əziz,
Gözümdə əridi dağlar, təpələr.
O gecə susmuşdu hayqıran dəniz,
Sahildən küsmüşdü şıltaq ləpələr.

Bakı qan gölünə dönmüşdü gecə,
Neçə qız batmışdı, ana batmışdı.
O fidan gülləri əzən cəlladın,
Yırtıcı caynağı qana batmışdı.

Bir nifrət duası oxuyam gərək,
Gündoğan, günbatan duysun səsimi.
Qansıza kəfənlik toxuyam gərək,
Qoydu gözlərimdə o, həvəsimi.

O gecə oyandı içimdə qeyrət,
O gecə açıldı, ağzımda dilim.
Məndən inciməsin ana təbiət,
Qana qan gərəkdir, ölümə ölüm.

Qanın yerdə qalmaz igid qardaşım,
Qəbrim nurla dolsun, ağbirçək ana!
Mənim şəhid bacım, şəhid qardaşım,
Siz vüqar oldunuz Azərbaycana.



Ağlasın
Xalqımın seçmə oğulları düşmən hiyləsiylə,
Torpaq uğrunda faciəli həlak oldular

Döydü qapımızı yenə bəd xəbər,
Yenə çiynimizdən asıldı kədər.
Ərlərə yasxana düzəltsin bəşər,
Torpaq layla çalsın, göylər ağlasın,
Təbiət başına qara bağlasın.

İlahi, dərd olmaz verdiyin qədər,
Gör neçə ömürü etdilər hədər.
Hər biri bir igid, bir oğul, bir ər,
Mənim bu günümə ellər ağlasın,
Təbiət başına qara bağlasın.

Bu qaboy səsindən dəli olmuşam,
Ağlamaqdan yaman günə qalmışam.
Tərpətməyin, bulud kimi dolmuşam,
İndi qoy bir az çöllər ağlasın,
Təbiət başına qara bağlasın.

Kömək et xudaya, biz gün görək,
Verdiyin əzaba dözəmmir ürək.
qanlar eyləyir bu qanlı fələk,
Buludlar yas qursun, sellər ağlasın,
Təbiət başına qara bağlasın.

Kim getdi ərlərin haray səsinə,
Kim yetdi onların son nəfəsinə.
Dəhşətli dağ gördüm, dağlandı sinə,
Çiçəklər ağlasın, güllər ağlasın,
Təbiət başına qara bağlasın.
2007

Ordunu biz hara çəkirik, Allah!

Ay allah bəndəsi, ay insan oğlu,
Əl saxla, şərikli nəyin düşübdü?
Sənin əllərinlə, əməllərinlə,
Dünyanın kələfi düyün düşübdü.

Üç ildir tapılmır kələfin ucu,
Niyə üz döndərib bizdən şad xəbər.
Böhtanlar, yalanlar acıdan acı,
Səhər qara xəbər, axşam bəd xəbər.

Ay allah bəndəsi, ay insan oğlu,
Barı bilirsənmi bu kələkdir.
Analar görmüşük sinəsi dağlı,
Bu ölüm, bu qırğın kimə gərəkdir.

Gör nəyin dərdini çəkirik, Allah,
Bu yoldan keçənlər daşa basılır.
Ordunu biz hara çəkirik, Allah,
Şair ürəyimdən zindan asılır!

Görəndə


Səhər-səhər məst eyləyir meh məni,
Allah, bu meh Əyriqardan əsəndi.
Çiçəklərlə dost eyləyir şeh məni,
Allah, bu şeh bizim göydən düşəndi.

Dağların havası böyüdüb məni,
Bədənim bərkiyib buz baltası tək.
Səhərlər gəzmişəm şehli çəməni,
Coşub havalanıb sinəmdə ürək.

Nağdını buraxıb perikdim çölə,
Burda şeh gəzirəm, meh axtarıram.
Kimin ucbatından düşdüm əngələ,
Özüm bilmirəm axtarıram.

Mənim dərdi-sərim ölçüyə gəlməz,
Ulular demişkən söz sözü çəkər.
Acın ac olmasın, tox qəti bilməz,
Dağın dağ yükünü dağ özü çəkər.

Dünyanı dolaşır şair xəyalım,
Aləmin sirləri çox qəribədir.
Hörümçək tor hörür, toxucu xalı,
Zərgərlə nalbəndin əməli birdir.

Hələ açılmır sirli düyünlər,
Sirr açmaq yolunu Yaradan bilər.
Nahaqqa inanıb haqqı döyənlər,
Haqqı, ədaləti haradan bilər?

Hələ seçilmir gövhərlə saxsı,
Budaqda yarpaqlar saralır, niyə?
Dilbilməz əlində qalıb yaxası,
Bəs gülün üstünü sar alır, niyə?

Haqsızlıq görəndə yanır bədənim,
Sərçə ərşdən deyir, kürşdən danışır.
Öz dilim başıma bəladır  mənim,
İşi bacarmayan işdən danışır.

Xalqın göz yaşını görüb silməyən,
Sevinər sinədə dağı görəndə.
Burnundan uzağı görə bilməyən,
Qara eynək taxar ağı görəndə.
2008
Laçınlılar, tez qayıdın Laçına

Payız gəlib, toy düyünün vaxtıdır,
Laçınlılar, tez qayıdın Laçına.
Uşaqların hay-küyünün vaxtıdır,
Laçınlılar, tez qayıdın Laçına.

Ürəyimdə düyünlənib Tat dağı,
Laçın olub yağıların tapdağı,
Unutmayın o müqəddəs torpağı,
Laçınlılar, tez qayıdın Laçına.

Özün burda, kökün, soyun, ordadı,
Dədən, baban, əmin, dayın ordadır,
Çalınmamış neçə toyun ordadı,
Laçınlılar, tez qayıdın Laçına.

Ay igidim, gəl çəkilmə sən geri,
Boş qalıbdı Ağəmmədin səngəri,
Mərd igidlər əldən verməz «Səngəri»,
Laçınlılar, tez qayıdın Laçına.

Kişi Tavat yaylaqları qoruyur,
Gəmiqaya xəcalətdən qarıyır,
Alma, armud budağında quruyur,
Laçınlılar, tez qayıdın Laçına.

Örüşləri otarır yad, gəzir yad,
Çiçəklidər tər çiçəklər üzür yad,
Həkərinin sularında süzür yad,
Laçınlılar, tez qayıdın Laçına.

Abdalları ziyarətə gələn yox,
Kürdhacıda zamanları alan yox,
Çalmalıda ot qalıbdı, çalan yox,
Laçınlılar, tez qayıdın Laçına.

Sarı Aşıq narahatdı məzarda
Ər oğlullar alver edir bazarda,
Qatar taxıb neçə-neçə qız orda,
Laçınlılar, tez qayıdın Laçına.

Gen baxmayın İşıqlının qarına,
Sahib olun baxçaların barına
And verirəm Soltanbəyin goruna,
Laçınlılar, tez qayıdın Laçına.

Qayıtmadı

Hanı Saldaş?
Sinəsi dolu nənəmlə üstündə oturardıq,
Zümzüməylə axan çaya baxardıq.
Saçlarını göz yaşı tək suda yuyan,
Bədirlənmiş aya baxardıq.
Sular ayna, səma aydın, ulduzlar parlaq,
Ömür kitabımız yazılardı varaq-varaq.
Birdən!
Qulaqlara vahiməli bir səs dəydi,
Sifətlərə cansıxıcı hənir dəydi,
 Nəfəs dəydi!
Müharibə!
Köksümə dəyən dəhşətli zərbə!
Görkəmi qorxulu, libası kəfən,
Azadlığı boğan düşmən.
Yolu uğursuz, amalı ölüm, istəyi
 Qan.
Havası, suyu zəhər,
Zamanın boynunun üstündə
Dəmir zindan!
Gözləri yolda qoyan,
Sinələri dağlayan,
Qapıları zülmlə bağlayan,
Ürəklərə yara vuran qəddar.
Könüllərdə yuva quran intizar!
Günahsız qanlar axıdan 
                       Cinayətkar!
Aclıq, fəlakət, xəstəlik törədən
Qənim!
Təqsiri heç vaxt bağışlanmayan
Müttəhim!
Müharibə!
Qanlı-qadalı illər, əzablı günlər,
Bığıburma oğlanları apardın sən,
Həziləri, aslanları apardın sən.
Gedənlərin bir parası nişanlıydı,
Bir parası toy etməyə gümanlıydı.
Neçələri sütül idi,
Fikri hələ dumanlıydı.
Bir çoxunun eşqi təzə dil açardı,
Neçəsinin məhəbbəti qönçədəydi,
Gül açırdı.
Neçəsinin toy dəni hazır idi,
Üyünmədi.
Neçə ana gəlin görüb öyünmədi.
Nənələrin düyünçəsi açılmadı,
Bağlı qaldı.
Bacıların sinələri düyün gördü,
Dağlı qaldı.
Toy mağarı qurulmuşdu «təzə bəyin»
Təhnədəki toy ununu ələmişdi
Yazıq ana,
Bişirmişdi toy çörəyin.
Neçəsinin gözaltısı gözdə qaldı,
Neçə şikar ovçusundan ayrı düşdü,
Düzdə qaldı,
Neçəsinin qundaq oğlu,
İməkləyən qızı qaldı.
Neçəsinin ürəyində deyilməmiş
Sözü qaldı.
Bu dəhşətli od-alovun tufanında,
Dözüm artdı, mərdilk artdı.
Azğınların qabağında,
Dayanmağa sərtlik artdı.
gizlədim qıtlıq oldu,
Evdə hər şey satlıq oldu.
Nişan üzük, cehiz gəbə, toy paltarı,
Boyun bağı, döş qatarı,
Şirinləşdi zəhər çörək.
Bu amansız fəlakətlər,
Kimə gərək, nəyə gərək?
Dağılmasın yurdumuzun tağı deyə,
İgidləri yola saldıq,
Əlimizlə ön cəbhəyə!
Bafaçıydı fağır Vəli,
Möhkəm bəndəm eşərdi o.
Əkinçiydi torə Əli,
Yerin bağrın deşərdi o.
Birinciydi Cənnətbala,
Saz saxlardı orağını.
Qızlar evdən asardılar,
Onun sünbül darağını.
Xırmançıydı ütük Baba,
Yaxşıca vəl dəcdiyərdi,
Malaçıydı kürd Savalan,
Şumu hamar düzdüyərdi.
Toxumçuydu yetim Səfər,
Nişanlısı qız qocaldı.
Toybaşıydı bizim Əbiş,
Qulaqlarda səsi qaldı.
Çoban idi qara Bəhmən,
Bənəyini qoydu getdi.
Arxasını,
Köməyini qoydu getdi.
Həllac idi Sədətqulu,
Yay-toxmağı qalır hələ.
Anasının qəmli sazı,
«Yanıq Kərəmi» çalır hələ.
Zurnaçıydı Azad qağa,
Dəmçisi çopur Balı,
Şişən kimi ovurdları,
Həzin-həzin mələdərdi,
Bütün oynaq havaları.
Dülgər idi kəlfir Əliş,
Arabanı naxışlardı.
Yaxşı oxlov düzəldərdi,
Qız-gəlinə bağışlardı.
Müəllim idi forslu həsən,
Dərs verərdi həndəsədən.
Bircə qardaş, üç bacıydı,
Biliyinə söz yox idi.
Hamı ona möhtacıydı.
O, zəhmətdən güc almışdı,
Öz ağlıyla, kamalıyla,
El içində ucalmışdı.
Gedənlərdən məktub aldıq,
Dərd-qəmimiz azalmadı.
Dərd əlindən yumaq kimi
Bükülən az olmadı.
Kəndimizdən gedənlərdən,
72 əziz bala
72 möhkəm qala
72 arxa, kömək qayıtmadı,
72 oğul dağı cığır saldı
Anaların sinəsinə,
72 ad yazıldı
Qayaları yanağına,
72 dağ çəkildi
Elimizin Şahdağına
Asan deyil 72 oğul dərdi,
72 sərv boyun ilk qisməti,
72 ev qeyrəti qayıtmadı.
72 üzük qaşı,
72 təzə yurdun təməl daşı,
Kəndimizin 72 tərlan quşu qayıtmadı.

On bir ildir

On bir ildir, Vətən, sənin
Dərd-qəmini, həsrətini,
Çəkə-çəkə boy atmışam.
Ürəyimin yanğısını
Göz yaşımla soyutmuşam.
On bir ildir əlim çıxıb,
Yaşıl donlu yaylaqlardan.
On bir ildir xəbərsizəm,
Əriməzdən, Əyriqardan.
On bir ildir gül dərmirəm,
Üçtəpədən, ay Yaradan!
On bir ildir gedəmmirəm,
Nur babamın görüşünə.
Vallah, billah mat qalmışam,
Bu gərdişin hər işinə.
On bir ildir Vətən, sənin,
Hicranını, həsrətini,
Çəkə-çəkə boy atmışam.
Ürəyimin yanğısını,
Göz yaşımla soyuğmuşam.
2005
   Olub

Yollara göz dikdim illərdən bəri,
Gözüm həsrət qalıb indi nura da.
Bu gedən karvanlar qayıtmır geri,
Hələ qaysaqlamır dərin yara da.

Özümü çox vurdum alova, oda,
Dünyada qalırmış dünyanın malı.
Ötüb keçənləri salanda yada,
Yamanca qarışır könlümün halı.

Mən vurğun olmuşam bir təmiz ada,
Yaxşı insanlardan aldım yaxşı dərs.
Bir insaf görmədim fani dünyada,
Var-dövlət yığmaq da əbəsdir, əbəs.

Vətən qarşısında, xalq qarşısında,
Alnım açıq olub, üzüm olub.
Gecəli-gündüzlü fikir, xəyalım,
Elim-obam olub, Qarabağ olub.

İgidlik ən gözəl addır insana,
Varlılar varını sovurmaz göyə.
Paxıllıq eləmək ziyandır cana,
Onun səbəbini soruşma, niyə?

Mənasız işlərdən uzaq olmuşam,
Özündən deyənlər pürkamal deyil.
Elin keşiyində mərd dayanmışam,
Biclik, dələduzluq yaxşı hal deyil.

Artıq haqlayıbdı məni qocalıq,
Ağsaqqal olmuşam hələ gənc ikən.
Amalım, iqbalım olub ucalıq,
Qaçmışam minnətli olan süfrədən.

Çörəyin halalı, duzun halalı,
Halal zəhmətimin qazancı olub.
Zəhmətlə toplayar arılar balı,
Zəhmət həyatımın şah tacı olub.

Vətən qarşısında, xalq qarşısında,
Alnım açıq olub, üzüm olub.
Gecəli-gündüzlü fikir, xəyalım,
Elim-obam olub, Qarabağ olub.
2008

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri