Köçmə bileti № 8872
Köçmə bileti № 8872
Bu yaxınlarda bir nəfərin əlində “Köçmə bileti”
gördüm, maraqlandım.
Biletin sahibi ilə tanış oldum-Qılınc Mamarza oğlu
Mahnudov. Həmsöhbət oldum onunla. Bileti alıb vərəqlədim, içərisindəki yazını
oxudum. Bilet Azərbaycan SSR Nazirlər Soveti Yanındakı Köçürmə İdarəsi tərəfindən
26 sentyabr 1951-ci ildə verilmişdi. Biletin tərtib olunmasında erməni millətçilərinin
kələyi açıq hiss olunur. Bilet güya könüllü köçənlərə verilirmiş. Burada
yazılıb “Saxta köçmə bileti düzəltmək, yaxud bileti başqasına vermək qanunla cəzalandırılır”.
Buradan aydın olur ki, ermənilər fənd işlədərək azərbaycanlıları
öz tarixi köklərindən qoparmağa nail ola biliblər. Qılınc Mahmudov dərindən bir
ah çəkdi. Elə bil yarasının qaysağını qopartdılar. Gözlərini mənə zilləyib
yanıqlı-yanıqlı dedi:
Dərdi məndə
Dərd nəfəs dərdi məndə.
Heç yanda axtarmayın,
Axtarın dərdi məndə.
-“Təpəsində
xəstə üçün qar olan, çeşməsində abi-həyat
car olan” dağlarımız, gen dərələrimiz, allı-güllü yaylaqlarımız, suyu diş göynədən
buz bulaqlarımız, zümrüd yamaclarımız, çiçəkli çəmənlərimiz, suyunda çimdiyim
“Goraban çay”ı, gəncliyimi keçirdiyim, uşaqalığımı itirdiyim, indi həsrətini çəkdiyim
o yerlər yadıma düşdü, şair!
Bir də o yerlərə yolum düşəydi,
Sərin çeşmələrdən öpəydim, Lələ.
Alma çiçəyini şirin yemliyə,
Qatıb gözlərimə təpəydim, Lələ.
Vətən
həsrəti, yurd yanğısı, torpaq harayı içimi göynədir, zaman-zaman, sönməyəcək bu
yanğı. Üz-üzə, göz-gözə dayanan “Lələ köçüb yurdu qalan” dağlarımızın əl-ətəyini gözləyən qar çiçəkləri
məsum körpə kimi yollara boylana-boylana qalıblar indi:
Neçə il göz dikdik uzaq yollara,
Sənsə ayrılığa dözdün, gəlmədin.
Dağdağan
ağacına qonmuş yaylım quşları qəfil açılan namərd gülləsindən diksinirlər. Sinəsi
boyu şırımlanan “göz yaşları” ilə yas saxlayan yaylaqlar elat yollarının
sükutuna necə dözürlər, İlahi! Yetim qalmış o dağlar, o dərələr dədələrimizin
diz qatladığı müqəddəs yerlərdir, qardaş. Indi həmin torpaqlarda, kimsəsiz
qalan yurdlarda, qərib-qərib dolaşan ulularımızın ruhları görəsən, nə düşünürlər?
Onları qoyub gəldiyimizə görə barəmizdə nə danışırlar, görən?
Mənfur
erməni millətçilərinin və onlara havadarlıq edən digər şovinistlərin illərlə
apardıqları iblisanə siyasətin
ağrı-acısını ürəyimizdə çəkmişik, nadan gərdişin sacında cız-bız kimi
qovrulmuşuq. Dərdimiz içimizdə pas atıb, səsimiz boğulub, hayımızı eşidən
olmayıb. Ata-babalarımızın dadına çata bilməmişik.
Etnik
təmizləmə və azərbaycanlılarsız Ermənistan dövləti yaratmaq erməni
daşnaklarının şirin arzuları olub həmişə. Onlar bu işə hələ XV əsrdən
başlayıblar. Ermənilər azərbaycanlıların qoltuğuna qısılıblar. “Özümə yer eləyim,
gör, sənə neyləyərəm” fikri ilə yerləşiblər. Sonra da açıq mübarizəyə
başlayıblar.
Mən
Vedidə doğulmuşam, şair! Dağını, dərəsini, yalını, yamacını, qumunu, qumsalını,
çölünü, çəmənini qarış-qarış gəzmişəm o yurdun. Rəhmətlik Fərman Kərimzadə ilə bir sinifdə oxumuşam. Çox
bacarıqlı müəllimlərimiz vardı- Şahzadə, Bilaz, Xırda müəllimə və s.
Doqquzuncu
sinifdə oxuyurduq. Dünya dərdlərindən xəbərsiz gənclər idik. Vedi böyük əraziyə
malik rayondu. Çox gözəl mənzərəli, gəzməli yaşamalı yerdir. Mənim yaşadığım
Vedidən Ağrı dağı apaydın görünür. O
vaxt bizə deyirdilər ki, Ağrı dağın zirvəsinə çıxan olmayıb. Ağrı dağı iki zirvədən
ibarətdir. Zirvənin birinin başında həmişə qar, buz parıldayır. Səmada isə bir
çəngə ağ bulud zirvəyə kölgə salır. Zirvənin dörd tərəfi sıldırım və uçurumdan
ibarətdir. Özü də elə uçurumlardır ki, aşağıdan baxanda adam qorxur. Uşaqlıqda
bizə danışırdılar ki, dünyanın üzünü su alan vaxt Nuh peyğəmbər bir gəmi düzəldib.
Insanların bir qismini, heyvanların da hərəsindən bir cüt gəmiyə qoyub üzür. Su
çəkilən isə Nuhun gəmisi zirvənin üstünə qalxır, sonra su azaldıqca aşağı enir.
Gəminin əhalisi Vedidə məsgunlaşıb qalıblar.
Əlbəttə, bu əfsanədir. Lakin Vedinin tarixi çox qədimdir. Vedinin adına
hələ 1515-ci ildə tərtib edilmiş “Soltan Səlimin səfər rüznaməsi”ndə də rast gəlirik.
Bu məkan böyük Vedi, kiçik Vedidən ibarətdir. Böyük Vedi bir neçə məhəlləyə
bölünürdü. Koranlı, Şanolar, Paske, Sefkarlı, Mahmudlu, Vəliuşağı, Vedili və
bir də Abbasqulu Şadlinski yaşadığı Qızılanlar məhəlləsi idi. Kəndin
gündoğanından “Göyçə”, “Əyricə” bulaqlarından başlayan Goraban çayı axırdı. Biz
çayın qollarından birinin qabağını çimlə kəsir, aşağısına çiləkən vururduq, Qızıl
balıq partlayardı və biz də onları tutardıq. Hamıdan çox balıq tutan Fərmanla
Abbas olardı. Çünki onlar əllərini daşların arasına uzada bilirdilər. Nə isə...
o yerləri zərrəbinlə axtarsan erməni adı ilə bağlı heç nə tapa bilməzsən.
Qarabağlar,
Dəhnəs, Küsüs, Camışboğan, Daşnov,
Qaraqoyunlu, Kolanlı, Baxçacıq Vedinin kəndləri idi. Qaraqoyunludan yuxarı
“Qanlıgöl” vardı. Həmin gölün həndəvərində, səfalı yaylaqlarda gürdüstanlı
Soltan bəyin, Məhəmməd bəyin obası yaylayardı. Soltan bəy düşən yurdun sol tərəfində
“Tel-Tel” meşəsi vardı. Meşədə cır meyvə dolu olardı. Beçə vermış arılar
ağacların koğuşunda yuva qurardılar. Yuvanı tapanlar beş-altı vedrə bal
tutardılar. Vedi başı bəlalı el olub. Tarix boyu müharibə meydanlarına
çevrilib. Yazılı mənbələrdə olmasa da, yəgin ki, ətraf ərazilərin əhalisi də bəlalara
düçar olub. XVII əsrdə Şah Abbasın Osmanlı Soltanları ilə apardığı müharibələr
vaxtı Aran boyu əhali kşçürülüb.
Xalqın
yadında qalan ən dəhşətli köçürmə-1919-cu ildə olub. Beş daşnak generalı ilə
ikiillik döyüşlərdən sonra Abbasqulu bəy Şadlinski cəbhəni yararaq eli
sağ-salamat cənubi Azərbaycana aparıb.
Haşiyə.
Mən yeniyetmə olsam da dünya görmüş insanların, müdrik ağsaqqalın, nurani
ağbirçəklərin söhətlərinə huş-kuşla
qulaq asırdım, onların dediklərini götür-qoy edirdim. Onlar deyirdilər:
-Abbasqulu
bəy kənd camahatını tamam kənddən çixardandan sonra Ağdağın sinəsində bir təpənin
üstündə dayanıb insan hiniri gəlməyən, ocağı sönən bacalardan burula-burula
çıxan, tüstüsü kəsilən, “oba köçüb yurdu qalan” doğma kəndə həsrət yanğısı ilə
baxıb. Deyilənə görə Abbasqulu bəy Şadlinski bu bayatını deyib:
Vedinin yanı
dağlar,
Ürəyi canı
dağlar,
Burda bir el
var idi,
Siz deyin
hanı dağlar?
Sonra o sanki
xəyalında tutub, öz-özünə gileylənib:
-Kimsə bir gün burdan keçəndə ayaq saxlayıb deyəcək:
-Burda bir el vardı... Abbasqulu bəy üzünü dağlara
tutub:
-Doğma yurdu, Böyük Vedini, Goraban çayını, buz
bulaqları, sərin çeşmələri, Tel-tel meşəsini Sizə əmanət qoyub gedirəm. Qoruyan
elin bu dəyərli əmanətini, dağlar! Inşallah qayıdaq yenə hər tərəfdə həyat çağlayar, ulularımızın ruhu
şad olar, nigarançılıqdan qurtararıq...
1921-ci ildə isə yenidən geriyə qaytarıb. Həmin il
Vedidə keçirilən iclasın protokolu Yerevan Dövlət Arxivində saxlanılır. Iclasa
sədr Ağamirzə Mahmudbəyov və katib Əlihüseyn Kələşov olublar. Kəndin ümumi
yığıncağı bu yerlərin Azərbaycan torpağı olduğunu qeyd edərək Azərbaycan SSR ərazisinə
daxil olmaq arzusunu bildiriblər. O vaxt protokol saxtalaşdırılıb. Daha
doğrusu, gizlədilib. Əhalinin arzusu ilə hesablaşmayıblar. Sonuncu köçürülmə isə
1938-ci ildə SSRİ Nazirlər Sovetinin qərarına əsasən başlayıb. 1940-cı ildə əhalinin
bir hissəsini zorla, məcburi surətdə Qzaxıstana və Qırğızıstana sürgün ediblər.
Müharibə başlayanda bu iş dayandırılmışdı. Müharibədən sonra 1947-ci ildə məktəbdə
müəllimlərimizdən tez-tez eşidirdik: “Ermənistanda yaşayan azərbaycanlıları Azərbaycana
köçürmək istəyirlər”.
Xatirimdədir, 1915-ci il Sentyabr ayında Azərbaycan
SSR Nazirlər Soveti yanındakı Köçürmə idarəsindən İbrahimov, Abbasov soyadlı
nümayəndələr, Ermənistan SSR-dən Nəqliyyat naziri Simovan Aruşanyan, (o sonra
Erm. SSR Ali Soveti sədri işlədi), Nazirlər Soveti sədr müavini Çarçuğluyan
köçürmə komissiyasının sədri Mudafyan bizim kəndə gəlmişdilər.
Onlar camaatı yığdılar, iclas elədilər və onlar azərbaycanlıların
Azərbaycana köçürülməsi ilə Sov. İKP MK və Nazirlər Sovetinin 23 dekabr 1947-ci
il və 10 mart 1948-ci il tarixli qərarlarını oxudular. Iclasda qeyd olundu ki,
Azərbaycanda kənd təsərrüfatı sahəsində işçi qüvvəsi çatışmır. Orada çox gözəl
şərait var. Dilibir, dinibir millətin içərisinə gedirsiniz. Sizə böyük güzəştlər
olunacaq. Köç pulu, inək pulu, ev tikmək üçün dövlət kredit verəcək. Bir sözlə,
sizin üçün ürəyiniz istəyən şərait yaradılacaq. Bu işdə sapı özümüzdən olan kəmsavad,
ermənipərəst Azərbaycan nümayəndələri xüsusi cəmfəşanlıq edir “bağ belə, bostan
belə” deyib bağırırdılar. Sadəlövh adamlar, kasıb təbəqə bu dəbdəbəli vədlərə
inanır və öz razılıqlarını bildirirdilər. Imkanlı uzaqgörən təbəqə isə qəti
etiraz edirdi. Lakin köçürmə komissiyasının nümayəndələri çıxış edərək bildirdi
ki, bu iş “könüllü olsa da” əzəl-axır dövlətin qərarı ilə yerinə yetiriləcək, həyata
keçiriləcək. Beləliklə 1951-ci ilin sentyabr ayından köç sənədləri haqq-hesabı
hazırlandı.
Camaat malını, qoyunun, arı pətəklərini, toyuq-cücəsini
dəyər-dəyməzinə ermənilərə satdı. Kəndə yük maşınlarının gəldi. Hər ailəyə
maşın ayrılmışdı. Yüklənən köç maşınlarının Dəvəli sement zavodunun yanından
keçən dəmir yolunun kənarına gətirdilər. Bir neçə gündən sonra iki-üç ailəyə
bir yük vaqonu göstərdilər. Sementli vaqonlarda yol getdik. Bizim kəndi Jdanova
indiki Beyləqana köçürdülər. Şahsevənli kəndində bizi ayrı-ayrı ailələrə, evlərə
paylaşdırdılar. O dövrdə heç oralarda da vəziyyət yaxşı deyildi. Kənd əhalisi
çox kasıb dolanırdı. Atalar məsəli var: “Acda nə var yalavaca da verə”. Elə ailə
vardı uşağına gündəlik çörək tapmırdı. Zığdan, palçıqdan tərpənmək olmurdu. Noyabr-dekabr
ayının olmasına baxmayaraq, ağcaqanaq adamın qanını zəli kimi sorurdu, yatmağa
qoymurdu. Göz yaşı kimi duru bulaq suyu içən adamlar kanalın bulanıq suyu ilə üzlərini belə yumaq istəmirdilər, buz
bulaqların həsrətini çəkirdilər. Birdən-birə
dağ şəraitindən arana düşən adamlar burada qalıb yaşamaq yox, buradan canlarını
götürüb necə qaçmaq haqqında düşünürdülər. O zaman “Bəhrəm təpə”də xüsusi
qaraul dəstəsi qoyulmuşdu ki, köçüb qaçmaq istəyənlərə imkan verilməsin. Beyləqan
rayonunda əhalinin əksəriyyəti tərəkəmələr idi. Yazda köçüb yaylaqlara gedirdilər.
Dünyamalılar, Tatallar, Əli Nəzərli, Bünyadlı, Şahsevənli dəvələri yükləyib mal-qoyunlarını götürüb dədə-baba
yaylaqlarına gedirdilər. Bir də quyruq doğandan sonra qayıdardılar arana. Biz-köçgünlər qalırdıq kənddə.
Istidən bişirdik. Bir yandan da “Qızdırma”, “Vəba”, “Yatalaq”, “Traxoma”, “Kecəlləmə”xəstəlikəri
peydah oldu. Soydaşlarımız təbibsiz-loğmansız
qırıldı-qıpıldı. Belə vəziyyətlə
qarşılaşan köçgünlər gətirdikləri əşyalarını
dəyər-dəyməzinə satır, quru canlarını götürüb qaçırdılar. Lakin M. Bağırov
öz təyinat yerindən başqa yerə köçüb
qaçanların hamısının geri qaytarılması üçün xüsusi qərar verdi. Və köçüb
qaçanların hamısını yenidən qaytardılar kəndə. Bizim didərginlik marşrutumuz
belə olub. Ölən öldü, qalan qaldı...
Vətəndə Vətənsiz
olmuşam indi,
Qəmlə köklənmişəm, dolmuşam indi.
Dağlara
tamarzı, qalmışam indi,
Gəlmişəm od
yağan arana, şair.
1959-cu ildən Sumqayıtda yaşayıram. 38 il boru
yayma zavodunda çalışmışam. Fəhlə, usta, baş usta, növbə rəisi, sahə rəisi və rəis
müavini vəzifələrində işləmişəm.
Düzdür, sonralar Vediyə qayıdanlar oldular. Lakin
onlar dərdlərinin üstünə dərd qoyub geri döndülər. Demə, erməni quldurları kəndləri,
qəbiristanlıqları düzdəyiblər.
Bəli, əsrin əvvəlindən başlanan bu köç karvanı
1988-ci ilin dekabr 8-də mənzil başına çatdı. Ermənilər azərbaycanlılarsız Ermənistan
yarada bildilər. Millətin başına gələn bu faciəni isə başsız rəhbərlərimiz başa düşmədilər. Burunlarının ucundan uzağı görə
bilmədilər. Azərbaycanlıların başına gətirilən müsibətlərin səbəbkarları olan
erməniləri yuxarı başda oturtdular. Onlara havadarlıq etdilər. Vəzifə verdilər.
Bizim bağışlanılmayan günahımız odur ki, özümüzü belə vəhşilərdən qorumaq barədə
düşünməmişik. Mənfur düşmən isə bizi dilə tuta-tuta dədə-baba torpaqlarımızı zəbt
ediblər. Bizi ev-eşiyimizdən, yurd-yuvamızdan didərgin salıblar. Möhtərəm
prezidentimiz cənab H.Əliyev bu tarixi faciəni dünya ictimaiyyətinə çatdırmaq
üçün qəhrəmanlıq göstərdi və 18 dekabr 1997-ci ildə “1948-53-cü illərdə Azərbaycanlıların
Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə
departasiya haqqında” verdiyi fərman
illərlə ürəyimizdə qalan, tərpətdikcə qövr eyləyən dərdlərimizin dünya
xalqlarına çatdırılması əsl həqiqətlərin üzə çıxarılmasıdır.
Комментарии
Отправить комментарий