Hardasan
Hardasan
Harda olsam gözüm sizi axtarır,
Şükürbəylim, Surçaqdaşım, hardasan.
Fələk məni dağım-dağım dağladı,
Dərəm-təpəm, dağım-daşım, hardasan.
Çoxdandı tutulub, açılmır hava.
Tükənmir qalmaqal, səngimir dava.
Sənin zəhmət ilə qurduğun yuva,
Yad əldədir, qaranquşum, hardasan.
Yaz olanda Mirəhmədə köçərdim,
Yayda gedib Beşbulaqdan içərdim.
Payız olcaq kəklikotu biçərdim
Yazım, yayım, payız, qışım, hardasan.
Şəfapirə bir nəfəsə
çıxardım,
Göz gəzdirib hər tərəfə baxardım.
Tər gülləri ürəyimə sıxardım,
Coşğun çağım, cavan yaşım, hardasan.
Qarapirin qara daşı mamırdı,
Ağtəpənin hər tərəfi hamardı.
Damcıbulaq damcı-damcı damardı,
Bazarçayım, Qoşadaşım hardasan.
Hər igidin
öz yaylığı, öz dağı,
Dağlar olub indi mənə göz dağı.
Yaddan çıxmır Çuxurbağın buzduğu,
Belə olmaz a qardaşım, hardasan.
O dağların hər yoluna bələdəm,
Maldüzündə neçə toylar elədim.
Bir gözəli gül-çiçəyə bələdim,
Şirin sözüm, qələm qaşım, hardasan.
Kim unudar Çayzəmini Saldaşı,
Göbəkdaşı, Qızıldaşı, Kardaşı.
Hanı indi Çaydüyüsü, Çaymaşı,
Ay həlimim, yağlı aşım, hardasan.
Ulu dağlar, siz Əvəzə cansınız,
Damarında cövlan edən qansınız.
Zəhmət çəkib bir halına yansanız,
Haraylayar Qoşundaşı, hardasan.
2015
Комментарии
Отправить комментарий