Ağdü lətifələri 5
Bu başqa məsələ
Muştuluqçu təzəcə doğulmuş oğlan uşağını Kötüyə göstərib gözaydınlığı verir. Kötük körpəyə baxanda görür ki, sağ əli yumuludur. Elə bilir topaldır. Haray-həşir qopara-qopara:
--Evim yıxılıb, uşaq anadan şikəst doğulub. Bu, mən gedən yolları gedə bilməyəcək. Mən bir gecədə yeddi abadan, yeddi xaraba gəzirəm,çalıb-çapıb gətirirəm. Yox, bu şikəstdən bir şey çıxmayacaq, -deyib uşağın əlini zorla açır.
Aman Allah, nə görsə yaxşıdır. Uşağın ovcunda bir qızıl üzük. Bir azdan aydın olur ki, uşaq tibb bacısının üzüyünü elə dünyaya gələn anda çırpışdırıb. Bunu belə görən Kötüyün elə bil çiçəyi çırtlayır. Sevincini gizlədə bilməyib deyir:
--Bax, bu başqa məsələ. İndidən məni ötüb, görün hələ böyüyəndə nə olacaq.
Sən ki, su quşusan
Bir gün söhbət yuyunmaqdan, çimməkdən gedir. Kötük deyir ki, mən bayramdan-bayrama çimirəm. Yanında oturan müsahibi deyir:
--Sən ki, su quşusan. Mən anadan olanda çimmişəm bir də qaldı ölənə.
Başımı kəsin aparın
Oğurluqda yaxşı təcrübə toplamış üç nəfər bir varlı adamın evinin dal divarlarını sökür. Biri keçib içəri ağırı qoyur, yüngülü deşikdən ötürür yoldaşlarına. Axırda özü çıxmaq istəyəndə ev sahibi duyuq düşür və yapışır oğrunun qılçasından. Dostları onu çölə tərəf, ev sahibi içəriyə dartır. Tələyə düşən oğru işin şuluq olduğunu görüb dostlarına deyir:
--Dostlar bizim gücümüz sabitdir, ev sahibinin gücü getdikcə artacaq. Mən ələ keçsəm sizi də tutarlar. Tez olun mənim başımı kəsin,özünüzlə aparın, yerdə qalan leşimi heç kəs tanıya bilməz.
Bunu eşidən ev sahibi hər şeyi belə mərdliyə qurban verir, oğrunu buraxır.
Gedib özünüz görərsiniz
1937-ci ilin tuthatutunda Kötük kişini də həbs edib salırlar qazamata. Araşdırmalardan, get-gəldən sonra onun günahı olmadığı üçün azad edirlər.
Kənd camaatı Kötüyün görüşünə gəlir.
--Ə, Kötük, dərdin alım, o qazamat var ha, nə olan şeydir?
Kötük başlayır izah etməyə belə, belə, belə…
Yenə soruşurlar, o qazamat nə olan yerdir, kəndimizdə nəyə tay olar.
Kötük axırda təngə gəlib deyir:
--Camaat, vallah necə deyim. Gün o gün olsun, özünüz gedib görəsiniz.
«Biz də gətirecıx»
Gündüşməz kəndi çox mənzərəlidir. Həkəri çayı bu kəndin ətəyindən axır. Dağlarının başında buz, ayağında qarpız olur. Bu kənd kürəyini Qanlıca yaylağına söykəyib.
Nə isə…
O kənddə dostlarım çoxdur. Bir gün yenə yolum o kəndə düşmüşdü.
Eyvanda oturub armudu stəkanda kəklikotulu çay içirdik.
Birdən aşağı tərəfdən «Kötük, ay Kötük»-deyə çağırdılar.
Kötük saymazyana səs gələn tərəfə hay verdi:
--Nədi əəə? …
--Bizim atı Üstüaçıqlılar oğurlayıblar.
Kötük halını pozmadan:
--Ə. Nolecey, qağa, biz də onlarınkını gətirecıx, dana.
Bir təpik vuraram
Bir dəfə Kötük Bakıya gəlir, «Kubinka» deyilən yerdən bir cüt ayaqqabı, bir qol saatı alır. Kəndə qayıdandan sonra ayaqqabını geyir, saatı bağlayır çıxır kəndin içinə, ha gözləyir ki, «mübarəkdir» deyən olacaq. Lakin heç kim ona əhəmiyyət vermir. Kötük kənarda duran bir nəfərə yaxınlaşıb: «Burada niyə durmusa ə. Sən öl sənə bir təpik vuraram beşcə dəqiqəyə canın çıxar» deyib, həm ayağını qalırır, həm də saatına baxır.
Tam daddım
Bir gün oğrular bir varlının evinin dal divarlarını sökür. Evə doluşurlar. Onlar evi qarət edirlər. Çıxıb getmək, istəyəndə oğrubaşının ayağına ilişən qabdan ağ şey tökülür. O, barmağı ilə ondan ağzına qoyanda görür duzdur.
Tez oğruları geri çağırıb deyir:
--Qaytarın malları, qoyun yerinə, mən kişinin evində tam daddım, xəyanət edə bilmərəm.
Yaxşı, onu poz
Elə ki, payız gəldi, xeyir işlərin ardı-arası kəsilməzdi Gündüşməz kəndində. Mən də tez-tez gedərdim toylara.
--Axşam dostum mənə dedi ki, bəs nökərçən Zorbalaya Kötüyün qızı Gülbadam ad eləmişik. Dur gedək bu axşam onun kəsəmətidir.
«Allah xoşbəxt eləsin, deyib», düşdük yola.
Bəli, məclis quruldu, ağsaqqallar, ağbirçəklər yerbəyer oldular. Oğlan tərəf sözə başladı:
--Siyahınızı gətirin görək.
Bir sicilləmə siyahını uzatdılar stolun üstünə. Gözucu baxdım ki, tələb olunan şeylərin sıra nömrəsi qırxa çatıb.
1.On qoyun
Dostum üzünü Kötüyə tərəf tutaraq gileyləndi:
--Qohum, mənim 10 qoyunum yoxdur.
Kötük onun sözünü ağzında qoydu və əda ilə dedi:
--Nə təhər yoxdu ə, yaxşı onu poz.
2. Beş baş qaramal…
--Yaxşı onu poz.
29. Bir qutu yağ.
Dostum yerində qurcalandı və bir az da əsəbi halda:
--Ə, Kötük. İndi yağ tapılır hardan alım bir qutu yağı?
Kötük də qabağından yeyən deyil. Əlini vurdu stola və dedi:
--Sən öl hamsını pozsam da yağı pozmayacağam, nə təhər yoxdur ə?!.
Ancaq günəş pak edər
Deyirlər, şərab müsəlmanlara haram buyurulandan bir az sonra iki cavan oğlan gedib erməni dığaları ilə şərab içir. Onu da deyim ki, lap uşaqlıqdan görmüşəm müsəlmanlar erməninin su içdiyi, xorək yediyi qabları ayrı qoyur, sonra aparıb bulaqda suya çəkib pak edirlər. Belə olmasa o qablar erməni kimi murdar sayılır.
Xulasə, cavanların ermənilərə qoşulub çaxır içdiklərindən duyuq düşən kənd adamları ciddi narahat olurlar. Onları kəndə buraxmayıb deyirlər: «Siz murdarsınız, gərək sizi paklayaq, sonra kəndə buraxaq».
Ağsaqqallar molla Təhməzin yanına gedib əhvalatı ona danışırlar. Molla eynyini gözünə taxıb kitab açıb və qəzəblə deyir:
--Camaat! O zəhrimardan bir damcı düşə 40 arşın quyunun dibinə, sonra o quyu torpaqla dola üstündə ot bitə, o otun içindən də qoyun keçə, heç ot yeməyə, yenə də onun əti haramdır. Bəli, o cavanlar murdarlanıblar. Belə murdarları yenə günəş pak edər. Aparın düzün ortasında paya basdırın. Onları lütləyib həmin payaya bağlayın. Üç gün keçsin, açıb suya salın, qüsul verin, sonra məclis-mərəkəyə buraxın…
Belə də edirlər.
Xəcalətli qalmaram
Günlərin bir günü Kötük oğlu Nərbalanı, bir az da pay-püş götürüb gəlir şəhərə yaxın qohumugilə. Qohumu onun gəlişinin səbəbini soruşur:
--Xeyir ola, ay Kötük kişi, ilin-günün bu vaxtında durub gəlmisən?
Kötük oğlu Nərbalanı göstərir və deyir:
--Qohum, eşitmişəm məktəblərə əlin girir. Nərbalını gətirmişəm qatasan uşaqların gözünə, qoyasan məktəbə. O necə deyərlər, əl-əli yuyar, əl də qayıdıb üzü yuyar. Mən də Kötüyəm, ee. Yanında xəcalətli qalmaram.
Nə yaxşı belə gəldi
Ömründə qatar görməyən Kötük də didərgin olur. O, məskunlaşdığı yerdə yenə çobançılığını edir. Qoyunlar dəmir yolunun qırağında şirin-şirin otlayırmış. Birdən qatar nərildəyə-nərildəyə böyürdən çıxır və yolun ortasında otlayan üç qoyunu əzir. Bunu görən bir nəfər təsəlli vermək üçün Kötüyə yaxınlaşır, görür ki, Kötüyün sevincindən çiçəyi çırtlayır. Gələn adam təəccübünü gizlədə bilmir, soruşur:
--Qardaş, qəmlənməkdən sevinirsən, bu nə işdir?
Kötük gülə-gülə deyir:
--Qardaş mənim yerimə sən olsan sevinmərsən? Nə yaxşı ki, o əcayib-qarayıb heyvan belə keçdi, köndələninə gəlsəydi nə olardı, bir qoyun salamat qalardı? İndi üçü cəhənnəmə canımıza gələn qada-bala olsun.
Bir belə, bir də belə
Bir gün arvadı Kötüyə deyir ki, get bazardan bir çömlək al gətir, dəndən-dişdən yığaq içinə, endirək təndirə bişsin, ataq əngimizə, çıxsın rəngimizə. Kötük yollanır bazara. Özünü saxsı qablar satılan tərəfə verir. Gözü tutan çömləklərdən birinin qulpundan yapışır, sövdalaşıb alır.
Kötük çömləyi gətirir evə. Qarı çömləyin eninə, uzununa baxır bəyənir. Sonra da soruşur:
--A kişi, bəs xəbər almadın, bu nə qədər duz aparacaq?
Kötük bir az əsnəyir və deyir:
--Xeyr, soruşmadım. Duzdu də, nə qədər aparır, aparsın.
Qarı onun üstünə çımxırır:
--Sən nə danışırsan, kişi? Normanı birməsən, necə atım duzu? Qaç bazara, çömlək satandan duzun qədərini öyrən!
Yazıq Kötük çarığının dabanını bərkidir, asta qaçana imam qənim olsun deyib özünü yetirir çömlək satana:
--Qardaş, bu çömləyi satanda bəs deməzlər ona nə qədər duz tökmək lazımdır?
Çömlək satan qarşısındakının avam olduğunun görüb başından eləmək üçün deyir:
--Bax bir, bir belə duz aparır, vəssalam.
Kötük sağollaşır,ayrılır. Yadından çıxmasın deyə « bir, belə, bir də bir belə» deyə-deyə gedir. Yolun kənarında bir kişi toxum səpirmiş. Görür ki, Kötük-bir, bir-belə, birdə bir belə deyə-deyə ona yaxınlaşır. Toxumçu pərt olur. Kötüyün qabağını kərib deyir:
--Belə vaxtda deyərlər, bərəkətli olsun, biri min olsun,dalı bol olsun. Mənim məsulumun biri, bir belə, bir də bir belə istəyirsən hıy? O, Kötüyə bir təpik ilişdirib deyir-deynən biri min olsun, dalı bol olsun Kötük:
--Biri min olsun, dalı bol olsun deyə-deyə düzəlir yola.
Birdə baxır görür ki, meyid gətirirlər. Kötük başlayır:
--Biri min olsun, dalı bol olsun. Bir nəfər dəstədən çıxıb Kötüyü salır yumruğunun altına və deyir:
--Ə, ləvənd oğlu, ləvənd! Adam deyər, görüb-görəcəyiniz bu olsun, axırıncı olsun.
Kötük onun dediyini təkrarlaya-təkrarlaya düşür yolun ağına. Bir də görür ki, zurna-qavalla gəlin gətirirlər. Kötükadamları görən kimi dilə gəlir:
--Görüb-görəcəyiniz bu olsun, axırıncı olsun.
Bunu eşidən bəy adamlarından biri Kötüyün qulağının dibini isidir və deyir:
--Bu yolu əyilə-əyilə gedərsən.
Sən demə saxsı satan qablarını qatıra yükləyib o tərəfdən gəlirmiş. Saxsı satan görür qatır hürkür. Qışqırır:
--Ə, düzəlt qəddini, ə, düzəlt qəddini, qatır hürkür.
Kimə deyirsən? Qatır hürkür, üstündəki saxsı qablar tökülür, çilik-çilik olur. Kötük qırıq qablardan birini götürüb o üzünə, bu üzünə baxa-baxa deyir:
--Yəqin ki, bu da bir, bir belə, bir də bir belə duz aparırmış.
Dəlləkxanada
Bir gün Kötük üzünü taraş etdirmək üçün gəlir dəlləkxanaya. Usta məşğul olduğundan Kötüyün üzünü qırxmağı şagirdinə yön görür, həm də tapşırır ki, müştərinin üzünü kəsməsin.
Bəli, şagird ülgücü bülövə çəkir, Kötüyün üzünü qırxmağa başlayır. Şagird naşı olduğundan Kötüyün üzünü kəsir. Bunu görən usta hirslənir, yumruğunu şagirdə endirəndə şagird başını qaçırdır, yumruq Kötüyün gözünü tutur. Ara sakitləşir, şagird yenə qırxmağı davam etdirir. Müştərinin qulağının üstünü qırxanda qulağını sivirir. Bunu görən Kötük şagirdə deyir:
--Tez ol, at stolun altına, usta görməsin, yoxsa bu biri gözümü də möhürləyəcək.
Gələr, özün görərsən
Bir məclisdə məşədi-kərbəlayı, Hacı Yetimqulu faydalı məsləhətlər verir, cavanları paklığa çağırırdı. Elə hey əzrayıldan danışırdı. Nəsimidən beytlər söyləyirdi:
Biri kimi öyünmə ki, böyük xəzinə sahibisən,
Hansı yerdə xəzinə varsa, keşiyini ilan çəkər.
Əzrayıla düşsə işin qızılının nə faydası,
Gərək nəqdi can verəsən, orda qızıl çətin keçər.
Məclisin aşağı başında əyləşən Kötük molladan soruşur:
--Məşədi-kərbəlayı Hacı Yetimqulu, bu əzrayıl ki, var ha o qadın xaylağıdır, yoxsa kişi?
Molla Yetimqulu halını pozmadan cavab verdi:
--İnşallah vaxt gələr, o da gələr, özün görərsən qadındır, yoxsa kişi…
Mən də bilmirəm
Bir dəfə Kötük şəhərə gəlir, dostu üçün bir quzu gətirir. Dostunun iki oğlu var imiş. Uşaqlar quzunun üstündə bir-biri ilə dalaşırlar. O deyir quzu mənimdir, bu deyir xeyir, əmim quzunu mənə gətirib. Ataları əlacsız qalıb sübh tezdən özünü çatdırır bazara. Bir nəfər bazarın ağzında dayanıb çəpiş satırmış. Şəhərli ona yaxınlaşıb soruşur:
--Quzu neçiyədir?
Çəpiş satan şəhərlinin xam olduğunu görüb üstünü vurmur, çəpişi 50 manata quzu yerinə ona satır. Şəhərli çəpişi götürür, gəlib minir tramvaya. Burada qonşusuna rast gəlir. Qonşusu çəpişə baxıb xəbər alır:
--Bu nədir, alə almısan?
--Quzudur,-deyə cavab verir.
Qonşu deyir:
--Quzu deyil, bəs nədir?
--Sən öl, mən də adını bilmirəm, amma quzu deyil-deyə qonşu çiyinlərini çəkir.
Şorsatan
İmanımı yandırıb deyə bilmərəm ki, hansı zonanın adamlarına «şorsatan» deyirlər .Amma eşitmişəm ki,şor satmaqda məşhurlaşmış bir nəfərə hamı Şorsatan kişi deyirmiş.
Rəvayətə görə günlərin birində Əzrayıl özünü çatdırır Şorsatana,canını alıb göndərir o dünyaya.Bəli,axşam ingir-mingirlər gəlirlər onun yanına və amiranə:
-Rəbbim kis,--deyirlər.
Bu kişi də o dəqiqə cavab verir:
--Şorsatan!
Bir də deyirlər:
--Rəbbin kis!
O,elə dediyini deyir:
--Şorsatan!
Hirslənib Şorsatana bir-iki çəkirlər.O,da acıqlı-acıqlı deyir:
---Elə belə edirsiniz ki,içərinizə şor satan gəlmir e!
Bax,həmin misal da elə ovaxtdan qalıb.
Ağıl dərmanı
Qiymətlərin bahalığı, adamların çaşbaşlığı baş alıb getdiyi bir vaxtda Kötük bir ovuc qoyun qığını kağızın arasına qoyub özünü vurur bazara:
--- Ay «ağıl dərmanı alan»,-deyə haray-həşir salır.
Hamı «mala» baxıb yan keçir. Bir nəfər müştəri onun qənşərində dayanıb soruşur:
--- Bu nədir belə satırsan, ay kişi?
Kötük cavab verir:
Ağıl dərmanıdır, ürəyin qadama, ağıl dərmanı.
Müştəri «ağıl dərmanını» alıb ağzına atır və çeynəyir, görür heç bir şey dəyişmədi, ağlı elə həminkidir.
Üzünü Kötüyə tutub deyir:
Bu nədir alə, heç fərq eləmədi ki!
Kötük deyir:
--Al birini də ye.
Müştəri pulunu verib, birini də alıb yeyir və bir qədər keçmiş hirslə yerə tüpürüb deyir:
--Alə, bu ki, qoyun qığıdır.
Kötük gülə-gülə deyir:
--Bax, indi ağıllandın.
Bir cibə də girsin
Bir gün polis işçisi Kötüyün qabağını kəsi deyir:
--Vətəndaş, sizin oğlunuz bir vətəndaşın cibinə girib yüz manat pulunu çıxarıb, onun üçün 200 manat cərimə verməlisiniz.
Kötük halını pozmadan deyir:
--Cənab polis, onda qoy oğlum bir vətəndaşın da cibinə girsin.
Mən səni cərimə etmirdim axı
Orta məktbə çox zəif oxuyan Mırtıq birtəhər yol polisi vəzifəsinə təyin olunur. Bir gün Kötük maşını sürətlə sürdüyü üçün Mırtıq onu saxlıyıb deyir:
--Vətəndaş, yol hərəkəti qaydalarını pozduğunuz üçün 10 manat cərimə verməlisiniz.
Kötük ona tərəf tərs-tərs baxıb deyir:
--Bala, Mırtıq! Sən məktəb qaydalarını yüz dəfə pozanda mən səni cərimələmirdim ki? İndi mən bir dəfə səhv eləmişəm sən ona dözmürsən?
Ağız deyil, bəs nədir
Kötük uzun müddət çöldə qoyunun yanında qaldığı üçün üzünü tük basır, saqqal-bığ qarışır bir-birinə, ağız görünmür. Kənd uşaqları Kötüyü bu vəziyyətdə görüb qışqıra-qışqıra deyirlər:
--Vay, bu kişinin ağzı yoxdur, vay kişinin ağzı yoxdur.
Kötük bunu eşidib hirslənir, xurcunu yerə qoyur, əli ilə bığını yuxarı, saqqalını aşağı dartıb deyir:
--Ay uşaq, bu ağız deyil, bəs nədir? İtin?
Комментарии
Отправить комментарий