İstisu
İstisu
(Masallı rayonunda 72 dərəcə istiliklə
yerdən qaynayıb çıxan istisu var)
Səhər-səhər boylan belə, bax belə,
Gül-çiçəkdən kəmər düzəlt, tax belə.
Bədnəzəri yandır belə, yax belə,
Ay İstisu, təbiətin gözəldir.
Karvan-karvan duman gəlir, çən gəlir,
Bu yerlərə gələn quşlar şən gəlir.
Torpaq suya, su torpağa tən gəlir,
Ay İstisu, təbiətin gözəldir.
O nərgizin ləçəyində tülə bax,
Təzə-təzə qönçələnən gülə bax.
Ürək açan çəmənə bax, çölə bax,
Ay İstisu, təbiətin gözəldir.
Göy xalını haqq səribdi bu döşə,
Gör necə də xumarlanıb bənövşə.
Bu görkəmin belə ola həmişə,
Ay İstisu, təbiətin gözəldir.
Dəmirağac möcüzədir, uludur,
O dağ yolu yardımlının yoludur.
Burda hamı təbiətin quludur,
Ay İstisu, təbiətin gözəldir.
Allah, Allah nə bitirib bu dağlar,
Bir kök üstə saya gəlməz budaq var.
Bir-birinə qaynaq olub budaqlar,
Ay İstisu, təbiətin gözəldir.
Gədikdəki ala-bula keçidi,
Naşı ovçu nişan aldı keçidi.
Mən çatınca yazıq keçi keçindi,
Ay İstisu, təbiətin gözəldir.
Qan çiləndi yarpaqların üstünə,
Ağacların altı quru, üstü nəm.
Dağa çıxdım yağış yağdı üstümə,
Ay İstisu, təbiətin gözəldir.
Göyün gözü silələnib dolubdu,
Mirvari şeh gül tacına qonubdu.
Sarı bülbül eşq oduna yanıbdı,
Ay İstisu, təbiətin gözəldir.
Gəlin kimi bəzənibdi qantəpər,
Bal arısı çiçəkləri hey öpər.
Bu hikmətdən ürəyimdə qan təpər,
Ay İstisu, təbiətin gözəldir.
Qönçələri al yanaqdır güllərin,
Gözəlliyi vəsf olunmaz bu yerin.
Külək həzin, hava təmiz, su sərin,
Ay İstisu, təbiətin gözəldir.
Комментарии
Отправить комментарий