Ömür payı kitabından şeirlər 2ci hissə
Nəvələr
Nəvələr çiynimdən asılır
Nənəmin naxışlı xurcunu tək.
Biri qoltuğuma qısılır,
Biri başını sinəmə qoyur
Cüyür balası tək.
Biri nağıl istəyir, biri şeir,
Biri üstümə suallar yağdırır,
«Göydə neçə ulduz var?» -deyir.
Eh! Şirin-şəkər nəvələr!
Mən nələr görmüşəm, nələr,
Aclıq, fəlakət, müharibə,
Sağdan zərbə, soldan zərbə!
Gərdişin amansız oyunlarını
Görmüşəm.
Nadanların önündə
Əyilməmişəm.,
Məğrur gəzmişəm.
Sizin də qarşınızda eniş-yoxuş var!
Külək var, tufan var, qar var, yağış var!
İndidən dözüm yığın canınıza,
Naləsini eşidin bu torpağın,
Böyüyün!
Qovun bu torpaqdan yağıları!
Sağaldın sinəmizə çəkilən dağları!
Eh! Gözəl-göyçək nəvələr,
Qönçə-çiçək nəvələr!
Olsun
Açıq qoy qapını, oğlum, açıq qoy,
Üzümə toxunan yaz nəfəsidir.
Ürəyim bir evdir qoşa qapılı,
Gözlərim o evin pəncərəsidir.
Qoy o pəncərədən baxım dünyaya,
Bəlkə, dünənimi yenidən görüm.
Boylanım günəşə, ulduza, aya,
Səmada nə duman, nə də çən görüm.
Görüm dünyamızda əmin-amanlıq,
Ömrün bütün anı xoş dövran olsun.
Bizdən əl götürsün pislik, yamanlıq,
Gələcək nəsillər firavan olsun.
2006
Olmasın
Yadıma düşür, 60 il qabaq,
Bizi qılınc tək kəsirdi sazaq.
Əli qoynunda, dizi qarnında
qalmışdı anam.
Dərin xəyala dalmışdı anam.
Papaq-papaq qar yağır,
Yağan qarnıma yağır.
-deyirdi anam.
Bacanın yaxasından
Lülə buzlar asılmışdı.
Xəstə nənəm,
Kəfrəm yorğana bürünüb,
Bir küncə qısılmışdı.
Çöldə yox, evdə yox,
Anamın ürəyində
sevinci az, dərdi çox.
Torba dağarcığı
Üzüb getmişdi payız.
Boş təhnəni, tabağı
Qab-qacağı yan-yana
Düzüb getmişdi payız.
Bayırda qar göyərmişdi
Gün işarırdı, göz yaşarırdı.
Evi bürümüşdü aclıq
Eşik çovğun, ev buzxana.
Bayatı deyirdi yazıq ana:
-Kiçik çilə, qan çilə
Kəhər atı qamçıla
Çatdır bizi bahara
Halımıza yan, çilə.
O günlər arxada qalıb,
Tarixə dönüb.
O sərt qışların, hikkəsi sönüb,
Bu gün yağan qar gözəldir,
sevinir uşaqlar.
Qoy arzular, diləklər,
Heç vaxt nakam olmasın.
Uşaqların sevinci,
Şadlığı kəm olmasın!
2007
Eylədin
«Ata-ana haqqı tanrı haqqıdır»
İmkan ola-ola qocalar evinə
Atılan atanın dilindən.
Niyə qorumadın şərdən, xatadan,
Niyə gen dünyamı sən dar eylədin.
Heç üz döndərərmi oğul atadan,
Dost, doğma atanı inkar eylədin.
Niyə gen dünyamı sən dar eylədin.
Qəmli ürəyimə xal düşən kimi,
Şəvə saçlarıma çal düşən kimi,
Hərdən bir əlinə pul düşən kimi,
Gedib özgələrlə nahar eylədin,
Niyə gen dünyamı sən dar eylədin.
Gecəni sübhədək beynimi yordun,
Sinəmə sağalmaz yaralar vurdun.
Qırılmış könlümü yenidən qırdın,
Sonra da qarşımda ah-zar eylədin.
Niyə gen dünyamı sən dar eylədin.
Kim barın olubdu dünya malından,
Kim səni çaşdırdı doğru yolundan.
Kim ölüb dünyanın qilü-qalından
Yadların bağını bahar eylədin
Niyə gen dünyamı sən dar eylədin.
Şirin gülüşümü aldın əlimdən,
Məğrur yerişimi aldın əlimdən.
Nəvə görüşümü aldın əlimdən
Ağzımın dadını zəhər eylədin,
Niyə gen dünyamı sən dar eylədin.
Yağdırdın yalanı, şəri üstümə,
Bir naşı, şərəfsiz durdu qəsdimə.
Yandım, çatmadılar mənim tüstümə
Məni el içində sən xar eylədin,
Niyə gen dünyamı sən dar eylədin.
Görürəm, fitnəyə, felə düşmüsən,
Oddan əlin çıxıb külə düşmüsən.
Dəymişin tökülüb kala düşmüsən,
Məni qəm çəkməyə vadar eylədin,
Niyə gen dünyamı sən dar eylədin.
Qayıt cızığına, lənət şeytana,
Allah da qarğıyar böhtan atana.
Yazığın gəlmədi, yazıq atana,
Onun can evini tarmar eylədin,
Niyə gen dünyamı sən dar eylədin.
Nəvələrim
Uca-uca dağlar aşdım,
Zirvələrdə qucaqlaşdım.
Sizə neçə nəğmə qoşdum
Gül nəfəsli nəvələrim,
Gözəl səsli nəvələrim.
Yanağınız çiçək-çiçək,
Saçlarınız şəlalə tək,
Dağa dönür məndə ürək,
Sizi belə şən görəndə,
Yaman günü gen görəndə.
Kim zəhmətlə ucalarsa,
Çatar aya, çatar Marsa.
Aranızda tənbəl varsa,
Onu sevməz bu el-oba,
Küsər ondan Şaxta baba.
Sizə gülüş gətirmişən,
Fərəh, sevinc gətirmişəm,
Min yüksəliş gətirmişəm,
Qucaq-qucaq arzulardan,
Bu dövrandan, bu bahardan…
Sənə sözüm var
(Şirzadın 45 illiyinə)
Məni haqlayıbdı artıq qocalıq,
Dizimə taqət ol, gözlərimə nur.
Ağılla, kamalla qazan ucalıq,
Qarşına çıxmasın heç vaxt bəd uğur.
Alçaq adamlardan bacar uzaq gəz,
Tamaha ağa ol, kamala qul ol.
Ağılsız hərəkət bir fayda verməz,
Ağıla, hikmətə, amala qul ol.
Tamahkar adamla dostluq əbəsdir,
Tamahkar dünyanı beş əlli tutar.
Toxum çürükdürsə, qulluq əbəsdir,
İnsan təmizliklə vüqarlı olar.
Var dövlət yığmağa çox da can atma,
Sənə çatmayacaq bir cüt corab da.
İşinə can yandır, günü yubatma,
Yanğını söndürməz «Qax» da, «Sirab» da.
Çalış borc-xərc ilə yaşama qəti,
Həmişə işində, sözündə düz ol.
Yadından çıxmasın elin adəti,
Qonşunun malına, malın tək göz ol!
Olanda yeyib-iç, şad-xürrəm yaşa,
Yoxdursa, nə etmək, vecinə alma.
Dünyada hər nə var, yaranıb qoşa,
Tanrı qismətinə sən asi olma!
Nöqsanlı işləmə söz gəlsin sənə,
Özünü qovğaya, alova salma.
Layiqli övlad ol doğma Vətənə,
Elin adətinə biganə qalma.
Uyub bəd əmələ, əməlsiz olma,
Adın pis çıxmasın eldə, obada.
Çalış xeyir – şərdən kənarda qalma,
Elinlə gül açsın arzun dünyada.
Yurdun keşiyində dayan mərdana,
Pis işlər gəlməsin sənin əlindən.
Dünyaya gətirib səni mərd ana,
Yalan söz qaçmasın bacar dilindən.
Allah bağışlamaz yalan deyəni,
Yalan danışandan vətəndaş olmaz.
Yalançı qorumaz ana Vətəni,
Yalan danışanı sevən tapılmaz.
Yalan dediyinin üstü açılsa,
Deyərlər: - «Kişisən, yalan danışma»!
Ölümdən betərdi insan alçalsa,
Məclis - mərəkədə kalan danışma.
Qoru ləyaqəti, saxla hörməti,
Giley eyləməsin bir kimsə səndən.
Həmişə uca tut namus-qeyrəti,
Oturub-duranda düşün dərindən.
Oğul var itidir fəhmi, ağılı,
Oğul var bir elə xətası gəlir.
Yaxşıdan yaxşı ol, ay Əvəz oğlu,
Desinlər, Şirzadın atası gəlir.
İlk zəng
İlk zəng…
Mənəviyyat aləminə atılan ilk addım,
Ürəklərin kövrək döyüntüsü, sədası.
Dodaqlardan süzülən sevinc harayı,
Gülüş nidası!
Qəlblərdən əriyib gedən qəm,
Körpə barmaqlarla ilk dəfə
Tutulan qələm.
Lövhədə yazılan «A» hərfi, ana səsi,
Ömrün bir parçasının şirin nəğməsi.
Gələcəyə zillənən ilk qaynar baxış
Körpə təfəkkürünə həkk olan
İlk mənəvi naxış.
Səmaya açılan yolun əzəli
Könüllərin bir yetkin arzusu,
Körpə təbəssümü, səhər yuxusu.
Bir diləyin qolundan yapışan ilk əl,
Bəşəri xeyirxahlığa səsləyən
Xeyirxah əməl.
İlk zəng!
Səslən, səsin ucalsın!
Alovlu nəfəsinlə sübhün çırağı yansın.
Yer üzünü nurladan nurlu günəş ayılsın,
Qızıl telli ziyası pərdə-pərdə yayılsın.
Qulaqları batıran,
Qayaları çatladan,
Vahiməli səsləri etişməsin nəsillər.
Qapıları döyməsin çətin illər, nəs illər.
Səslən, səsin ucalsın!
Dünyamıza dərd olan
Bəd səslərdən bac alsın.
Qardaşlığa, dostluğa təməl olsun,
Tac olsun.
Kainatı oyadan qoy sənin səsin olsun.
Ay mənim körpə zəngim, ilk zəng!
Səslən, səsin mübarək!
Gedin, uğurlar olsun
Son zəng!...
Sinəmdə aramla döyünür ürək.
Köksümdə baş qaldırır,
Sevinc harayı, qəm səsi.
Körpə təbəssümü, gənclik qəhqəhəsi,
Müəllim əməyinin zəfər nəğməsi!
Çöhrələrə sevinc gəlir, qəm çökür,
Hay-haray azalır,
Yaddaşlarda mənalı illərin
İzi qalır.
Baxışlar süzgün,
Görüşlər mehriban,
Gülüşlər cazibədar!
Məktəblə vidalaşır,
Sevimli, şən uşaqlar.
Bu ayrılıq çağında
Sevdalar qucağına atılır gənclik.
Pərvazlanıb uçmaq arzusu,
Dolur könüllərə.
Bir sənətin ardınca düşür,
Bir diləyin biləyindən yapışır hərə.
Günüm-ayım uşaqlar,
Hay-harayım uşaqlar!
Alnı açıq vurdunuz
Siz də sona məktəbi
Qəlbinizdə yaşadın,
Doğma, ana məktəbi.
Bu məktəbin gücündən
Qəhrəmanlar güc alıb,
Yerdən göyə ucalıb.
Sizi cavanlaşdıran,
Müəllimlər qocalıb.
Qara saçlar ağ olub,
Sinifdə neçə dəcəl,
Mülayim uşaq olub,
O mehriban dəcəllər,
O mülayim uşaqlar
Gözlərə çıraq olub.
Günüm-ayım uşaqlar,
Hay-harayım uşaqlar.
Bahar günəşi çıxsın
Hər zaman qarşınıza
Yollarınız nur olsun.
Gedin, sizdən doymadım,
Yaxşı yol, uğur olsun!
Unutmadıq o qayğını
Birinci sinif müəllimi Mehdiqulu Əliyevə
Sərt ayların pəncəsinə
Yaman düşdük biz
43-də,
«İlk Zəng»in də
sədasında
Qəm eşitdik biz
43-də.
Atam getdi cəbhələrə
Mən məktəbə gedən
günü,
Həmin vaxtdan
anam çəkdi
Öz çiynində ev
yükünü.
Səksəkəli
hala saldı
Üzüqanlı zaman
bizi,
Gözlərimiz açılmamış
Yetim gördük özümüzü.
Bir əlimiz yazı
yazdı,
Bir
əlimiz çörək kəsdi.
Aman Allah! O illəri,
Qayıtmasın bir də geri…
Sən lövhədə «Ata» yazdın,
Nalə qopdu qəlbimizdən.
Gözlərimiz silələndi
Vərəqlərə sel ələndi.
Telimizi sığalladın
Qayğı ilə, nəvazişlə,
Könlümüzü ovundurdun
Bir yumorla, bir gülüşlə.
Sən bizlərə dayaq oldun.
Arxamızda bir dağ oldun.
Yaman günə dözməyi də sən öyrətdin,
Bizə məğrur gəzməyi də sən öyrətdin.
Sən öyrətdin eniş-yoxuş çıxmağı da,
Sən öyrətdin gözəlliyə baxmağı da.
Mərdliyi də, sərtliyi də
Həkk elədin köksümüzə.
Ətir səpdin üstümüzə
Zəhmət ətri, qeyrət ətri.
Bizə elə kitab verdin
Ləldən oldu hər sətri.
Qanımızda cövlan etdi el qeyrəti,
Unutmadıq o qayğını, o zəhməti.
Əllərinin sığalını telimizdə
saxladıq biz.
Şirin-şəkər sözlərini dilimizdə
saxladıq biz,
O mənalı baxışını gözümüzdə
saxladıq biz.
Sənin bütün varlığını özümüzdə
saxladıq biz
Duruşunu yamsıladıq,
Yerişini yamsıladıq
Nə gizlədim, uşaqlıqda
Hər işini yamsıladıq.
Hansımızda yaxşı nə var
Körpəlikdə səndən aldıq
Bəlkə elə o səbəbdən
Bir neçəmiz müəllim olduq.
Məktəb, mehriban ana
Məktəb, mehriban ana,
Şam kimi yana-yana,
Nur səpirsən hər yana!
Gör nə qədər məzuna,
Yeni həyat verirsən.
Dünyanı dərk etməyə
Mənəviyyat verirsən.
Pərvazlanıb uçmağa
Qartal qanad verirsən.
Məktəb, mehriban ana,
Mən sənin yollarında
Eniş, yoxuş görmüşəm,
Şaxtalı qış görmüşəm,
Çiçəkli yaz görmüşəm,
Günəşli yaz görmüşəm,
Qızıl payız görmüşəm,
Qucağında böyüyən
Mərd oğul, qız görmüşəm.
Məktəb, mehriban ana,
İlhamı səndən aldım,
İnamı səndən aldım
Sənin isti qoynunda
İldə bir arpa boyda
Qayğın ilə boy atdım,
Gəlib, ərsəyə çatdım.
Səndən hünər, güc aldım
Yerdən göyə, ucaldım,
Məktəb, mehriban ana,
Sən nələr görməmisən
Ötüb keçən yaşında.
Divarında, daşında
Körpə nəfəsim qalıb
Gənclik həvəsim qalıb
Həqiqət səsim qalıb.
Boyuma yaraşıqsan,
Gözlərimdə işıqsan
Qollarımda qüvvətsən,
Dizlərimdə, taqətsən
Sən mənim həyatımsan
Qolumsan, qanadımsan
Toyumsan, büsatımsan,
Laylamsan, bayatımsan,
Təzəmsən, boyatımsan
Aranımsan, dağımsan,
Çeşməmsən, bulağımsan
Baharımsan, yazımsan
Telləri min havalı
Dil-dil ötən sazımsan
Kəbəmsən, Kərbəlamsan
Qibləmsən harda varsan
Yerdəki səcdəgahım
Göydəki Allahımsan!
Məktəb, mehriban ana,
Şam kimi yana-yana
Nur səpirsən hər yana.
Kainat məktəbin lövhəsindədir
Dilimdə məktəbdən müqəddəs nə var?
Kainat məktəbin lövhəsindədir.
Qələbə, azadlıq, düz söz, düz ilqar,
Məktəbin hayqıran gur səsindədir.
Bir kərpic qoyulsa ucalar Vətən,
Bir daşın düşməsi xoşbəxtlik deyil.
Dar gündə məktəbin dadına yetən,
Kəbəni ziyarət edir elə bil.
Məktəb səcdəgahdır, məktəb qibləgah,-
Həyat çeşməsidir hər bir insana.
Məktəbi sevəni çox sevər Allah,
Məktəbdən nur axır böyük cahana.
Burada açılır elmin sirləri,
Müqəddəs ocaqdır, alovu sönməz
Məktəbdə yazılan şah əsərlərin,
Əvvəli görünməz, sonu görünməz.
Məktəbdə bərkiyir körpə addımı,
Burada qoyulur gəncliyin tacı.
Bir bala məktəbə addım atdımı,
Həmin gün başlanır yolu- meracı.
O böyük, müqəddəs ulu Peyğəmbər,
Elmin dəyərini yazıb Quranda.
O deyib:- Beşikdən, qəbirə qədər,
Elmsiz yaşama, bacar bir an da!
Комментарии
Отправить комментарий