Damcılı bulaq


Damcılı bulaq

Bu dəfə səfərim şairlər vətəni Qazax bölgəsinədir. Bu bölgədə də bir neçə dəfə olmuşam. Bir vaxtlar Sumqayıtdan Qazax rayonuna 9-10 saata gedib çatmaq  olurdu. Bu gün yollar əsaslı təmir edilib, çala-çuxurlar yoxa çıxıb! Ona görə də mənzil başına ən geci 6 saata rahat çatırsan. Bütün bölgələrdə olduğu kimi Qazax bölgəsində də dövlət qayğısı gözə çarpacaq dərəcədə hiss olunur. Yeni parklar, Xiyabanlar, yollar, körpülər, dükanlar, məktəblər, yaşıllıqlar göz oxşayır. Orada gördüyüm şəlalə yaddaşımdan silinmir, məni hey düşündürür. Qazax şəhəri də qədim adları qoruyub saxlayır. «Çınarlı» məhəlləsi, «Çala» məhəllə, «Çayqırağı» və s.
Qazaxda şəhərin mərkəzində bəlkə də heç bir bölgədə olmuyan şairlər parkı diqqəti cəlb edir. Burada parkın bir başında M.V. Vidadinin, M.P. Vaqifin qoşa abidələri, o biri başında Azərbaycan poeziyasının bayraqdarı Səməd Vurğun abidəsi qoyulub. Abidənin sağ tərəfində lövhədə Azərbaycan şeirindən bir parça yazılıb.

«El bilir ki sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Parkı gəzdikcə Osman Sarıvəlli ilə «salamlaşırsan»

Sən əlinə alma əsa,
90-nıda basma yasa.
Hər kəs yüz il yaşamasa
Günah onun özündədir.

Misralarını istər-istəməz pıçıldayırsan.
Mirvari Dilbazinin abidəsi önündə dayanıb baş əyirəm. Ona 23 il əvvəl yazdığım «Anna şair» şeirimin son misraları məni tərpədir.

Mənim ürəyimdə min nisgilim var,
Düşmənə nifrətim, sonsuz kinim var.
Ay ana şairim, sənsiz kimim var,
Ana ol qarşında durana, şair!

İstedadlı yazıçımız, bacarıqlı müəllim, təəssübkeş vətənpərvər İsamayıl İşıqlı ilə üz-üzə dayanıram. «Sapı özümüzdən olan baltalar» ifadəsi yadıma düşür.
Mehdi Hüseyinin «Komisar» povestindəki «Allahu Əkbər»-dən bir xeyir gördük cümləsi məni keçən əsrin ortalarına dartıb apardı.
               Parkı gəzərkən unudulmaz müəllimim Əhməd Seyidovun büstü diqqətimi çəkdi. Əziz müəllimimin «qarşısında» xeyli dayandım, o əzəmətə, o vüqara baş əydim. Tələbəlik illəri kinolenti kimi gözlərim önündən keçdi, xatirələr çözələndi. Xatırımdadır. 1955-ci il, 3- kursda oxuyurduq, artıq yay smestri qapını kəsmişdi.
            Əhməd müəllim pedoqoji tarixindən imtahan götürürdü. Orasını da deyim ki, Azərbaycanda bu sahə üzrə ilk alim Əhməd Seyidov olub.
            Sox zəif oxuyan tələbə yoldaşım Ömərov Ömər mənə yaxınlaşdı.
o, təbiətcə çox sakit mülayim idi. Ömərov dedi:
-Gəlsənə içəri birlikdə keçək, bəlkə mənə köməyin dəydi.
 Mən etiraz etmədim. Otağa daxil olduq. Professorun qarşısındakı stolun üstünə payız yarpaqları tək səpələnmiş biletlər bizi gözləyirdi. Biz bilet çəkib oturduq. Professorun sıyahısına birinci Ömərov düşdü. Professorla üzbəüz oturduğumuza görə Ömərə kömək etmək mümkün olmadı. Bizə verilən möhlət tamam oldu.
Əhməd müəllim üzünü Ömərə tutdu:
-Danış, görək, a bala, danış!
Ömərov başını aşağı saldı, suçlu adam kimi gözlərini döydü. Əhməd müəllim vəziyyəti belə görüb dedi:
-a səni anan ağlasın, niyə dinmirsən? -adın nədi ayə?
-Ömər
-Familyan?
-Ömərov
-Pəh-pəh, bu ömərləri çoxmu istəyirsən, ayə? -hansı rayondansan, ay bala?
-Qazaxdanam, professor!
-Damcılı bulağın suyundan içmisənmi, ayə?
-Bəli, içmişəm, buz kimi suyu var Damcılı bulağın.
Əhməd müəllim tərs-tərs ona baxdı
-Haram olsun o su saa, haram olsun! -Sənə bir «ud» (udatvaritelno)  yazıram.
 Ömərova da elə bir «ud» lazım idi, sevincək otaqdan çıxdı.
Növbə mənə çatdı. I sualım M.F. Axundovun pedoqoji görüşləri idi.
-Əlifbanın banisi, filosof, ədəbiyyatşünas, dramaturq, ictimai xadim, ümumiyyətlə Axundova desək yaraşar. Əhməd müəllim mənalı-mənalı üzümə baxdı, isteza ilə dedi:
-Mən Axundova bir əclaf deyirəm, yaraşırmı, ayə? Yaxşı, danış, danış!
Mən fikrimi yekunlaşdırdım, aləvə suallara cavab verdim.
sənə bir «otl» (otliçno) yazıram, ayə, yaxşı cavab verdin.
Allah sənə rəhmət eləsin, əziz müəllimim!
O vaxtdan Damcılıbulağı görmək arzusunda olmuşam.
Fürsəti fota vermədən Damcılıbulağa getmək istəyimi bildirəndə dostların razılaşdı. 4 nəfər üz tutduq Damcılıbulağa sarı. Bir xeyli yol qət etdik.
Bu da Damcılıbulaq, çatdıq. Sürücü Elxan maşını əylədi. Yusif həkim, Zülfüqar, Asif mən maşından düşdük. Bu yer qüdrətdən yaranan möcüzədir. Qayaların sinəsindən damcı-damcı süzülüb gələn su vannanın içərisində rəqs edir elə bil. Diş göynədən, saf sudan doyunca içdik, əl-üzümüzü yuyub Oxay! Dedik, dərindən nəfəs aldıq.
Mənə elə gəldi ki, 1990-da Bakıda, 1991- Qarakənd yaxınlığında, 1992-ci ildə Xocalı qırğınında övladlarını itirmiş anaların göz yaşlarıdır bu damcılar

Mənə demişdilər əlli il qabaq,
Yurdu Daşsalahdı, ünvanı Qazax.
Gələn qonaqları heyran eyləyir,
Həyat çeşməsidir Damcılı bulaq.

Yalçın qayaları yarıb gəlibdi,
Hünər köhlənini yorub gəlibdi.
Taleyin hökmüylə çıxıbdı üzə,
qədər sifətlər görüb gəlibdi.

Bilmirəm mən bura vaxt gəlmişəm,
Niyə gözəllikdən uzaq gəzmişəm.
Yaradan bəxş edib bu suyu bizə,
Bu gün istəyimlə qonaq gəlmişəm.

Gəlmişəm yerlə göy birləşən yerə,
Baş əydim bulağa azı yüz kərə.
Şərdən, şəbətədən uzaqdır, uzaq,
Müqəddəs torpaqdır bu dağ, bu dərə.

Dahilər yetirib bu torpaq, bu su,
Azadlıq olubdu elin arzusu.
Çoxları cəhd edib, amma fayda,
Hələ tapılmır evin oğrusu.

Vurğunun ilhamı burda coşubdu,
Nişanlı qızlara nəğmə qoşubdu.
Zümrüd yamaclardan gül dərə-dərə,
Osman bu yerləri hey dolaşıbdı.

Mehdinin həniri duyulur burda,
Ürəkdən bağlıydı Dilbazi yurda.
Günəşin nuruyla nurlanan bulaq,
Sənə səcdə edir yaxın da, yar da.

Çalış sən özünü sazaqdan qoru,
Yaradan, xoradan sızaqdan qoru.
Göz dikən çoxalıb sərvətimizə,
Sərvəti yaxından, uzaqdan qoru.

O vüqarlı qartal, o ana ceyran,
Çəkir keşiyini hər zaman, hər an.
Bülbüllər salınmır bağlı qəfəsə,
Qəm yemə, dəyişib gördüyün dövran.

O günlər geriyə qayıtmaz daha,
Bəsdir həmdəm olduq qüssəyə, aha.
Günahı olanlar ortada gəzdi,
Günahsız insanlar batdı günaha.

O vaxt verəmmədik burda əl-ələ
Əydi qəddimizi o ağır şələ.
Bu hicran yanğısı yandırır bizi,
Bizsə yerimizdə sayırıq hələ.

Zəhərli küləklər, o qara yellər,
Əsdi gülşənimə məhv oldu güllər.
Quldurlar apardı elin varını
Düşdü bölük-bölük çöllərə ellər.

Bir yer axtarıram dərdimi böləm,
Elə bil mey içib sərxoşdu aləm.
Alçalmaq olarmı alçaq düşmənə,
Ya gərək yaşayam, ya gərək öləm.

Dağılmış, talanmış kəndlər görürəm,
Sahibsiz bərələr, bəndlər görürəm.
Allahım, dərd göndər düşmənimizə,
Keçilməz sərhədlər, sədlər görürəm.

Ah-naləm əridir torpağı, daşı,
Damcılar nənəmin axan göz yaşı.
Ya Rəbim, vüsət ver haqq işimizə,
Yandı közə döndü bağrımın başı

Əzəldən olmuşam gəzmək əsiri,
Unuda bilmirəm o gözəl yeri
Eşq ana südüylə hopub canıma,
Göz açıb dünyaya gələndən bəri.

Doğma yurdlarımız, yurd yerlərimiz,
Olublar sağalmaz dərd yerlərimiz.
İlahi, ola qayıda geri,
Gözəl yerlərimiz, sərt yerlərimiz.

Çatmır harayımız dosta, sirdaşa,
Düşmən baharımı döndərib qışa.
Mən nəyə gərəyəm, bilmirəm nəyə
Yararsız cürdəyəm çırp məni daşa

Səməndər quşu tək düşmüşəm tora,
qədər tab edim bu intizara
Çaqqallar qudurub baxmırlar sözə,
Didərginlik salıb məni azara.

Göyləri dəng edib qəlbimin ahı,
çoxdur Allahın axşam-sabahı.
Körpə sinəsinə sancılıb nizə,
O məsum körpənin nədir günahı? 

Eloğlu, gedən gün ömürdən gedir,
Bu qədər yatmağın mənası nədir.
Niyə oxşamırıq Mübarizə biz,
Hikkəm öz içimdə özümü didir.

Vətənə məhəbbət bildirsin hərə,
Düşmən boylanmasın bu həndəvərə.
Güldü üzümüzə xain nalbəndlər,
Bir vaxt «kirvə» dedik kirvəsizlərə.

Göylərə baş çəkir burda çinarlar,
Burda sığal çəkib hər gülə bahar.
Baxdıqca laləyə, zərif nərgizə,
Dolur ürəyimə sevinc, iftixar.

Bura mələklərin ibadət yeri,
Bura şirin edir şirin dilləri
Gətirib çilədi su üstümüzə
Növcavan, can alan bir gözəl pəri.

Gözəllik ağlımı başımdan alır,
Damcılar ilişib gözümdə qalır.
Baxıram əl çatmaz, ün yetməz dağa,
Təbiət sazında min hava çalır.

Qayada parlayan parlaq incilər,
Gələnin üstünə səpir inci, zər.
Qoyunlar, quzular haylanır düzə,
Burda sütül-sütül kabab çəkilir.

Oturub dostlarla nahar eylədik,
Pislikdən savayı var, eylədik.
Başımız qarışdı ocağa, közə,
Qüssəni, kədəri kənar eylədik.


Durub seyr edirəm bayaqdan bəri,
Asifi, Yusifi bir zərgəri.
Yenidən süzüldü mey qədəhlərə,
Kababın öz yeri, meyin öz yeri.

Mənə sadiq olub sevdiyim pəri,
Könlüm istəməyib özgə dilbəri.
Evimə bərəkət gətirib, inan,
Əlimin qabarı, alnımın təri.


Həyatın mənası, nəşəsi, dadı,
Harda zəhmət varsa, bil ki ordadı.
Yadlar haram qatdı qismətimizə,
Damcılı, yaxına buraxma yadı.

Namərdə nəğmələr qoşmaz ürəyim,
Şəhvətdən kükrəyib daşmaz ürəyim.
Şorgözlük ləkədir ülfətimizə,
Özgənin eşqiylə coşmaz ürəyim.

Burda sözlə məni doyurmaq çətin,
Burda uşaqları buyurmaq çətin.
Ya Rəbbim, gəlməsin sel üstümüzə,
Dodağı bulaqdan ayırmaq çətin.

Əgər ki, unutsam mən bu bulağı,
Tökülsün üstümə göylərin tağı.
Kefimi qaldırdı doxsana, yüzə,
Mənə hünər verdi yaqut dodağı.

Ayrılıb gedirəm, bir ya qismət,
Bizi görüşdürə ana təbiət.
Tikanlı ayaqdan tikan çıxarmaq,
Həm hünər istəyir, həm cəsarət.

Dilbər təbiətin sərin sərbəti,
Ayrıla bilmirəm buz dodağından.
Səndədir eşqimin gucu, qüdrəti,
Dodağın şirindi qız qoqağından.

Gəl kənar eyləmə məni özündən,
Gözlərim nur alır dünya gözündən.
Əyilib öpəndə ayna üzündən,
Süzülür qəlbimə söz dodağından.

Əzəldən vurğundu Əvəz hüsnünə,
Tapılmaz dünyada əvəz hüsnünə.
Öpüm dodağından qoy dönə-dönə,
Qalsın dodağımda iz dodağından. 

Burada istirahət etmək üçün hər cürə şərait var. Oturmaq üçün skameykalar, yağışdan-yağmurdan qorunmaq üçün daldalanacaqlar, kabab bişirmək üçün manqallar s. Var olsunlar bu şəraiti yardanlar.
            Qazax camaatı çox səmimi camaatdı. Bir-biri ilə Qazax ləhcəsində danışıqları adama ləzzət verir. Məzəli əhvalatlar, lətifələr söyləyirlər. Maraqlı odur ki, həvəslə işləyən cavanlardan kimi dindirsən deyir-Cəfərin oğluyam. Bu münvala Cəfərin 15 oğlu oldu. Cəfər kişi ilə qabaq-qənşər oturmuşdum. Yerli camaat ona Bal Cəfər deyirdilər. Çoxdandı arıçılıqla məşğuldur. Bal Cəfərdən çox əhvalat danışdılar, lakin mənim xoşuma gələn əhvalatı yazıram.
            Bal Cəfər bazarda bal satırmış. Onun dostlarından biri Cəfərin tanımadığı adama pul verir göstərir ki, get o bal satan kişidən mənə yarım kilo bal al, gətir. Mən onunla danışmıram, küsülüyəm. Yad adam gedir, balı alır, gətirir verir Həsənə. Həsən bazarın o başından fırlanır gəlir Cəfərin yanına:
-Ayə, a Cəfər, bazarın o başında bir nəfər bal çatır. Mən ondan yarım banka bal almışam, sən bal tanıyırsan, bax gör bu necə baldı? Cəfər barmağını bala batırıb süzdürür.
Həsənin üzünə baxıb deyir:
-Arının bu baldan xabarı varsa, atama lənət!
Mənlə qabaq-qənşər oturanlardan biri Məmməd kişi idi. El arasında ona Fırıldaq Məmməd deyirlər.
-Fırıldaq Məmməd bir gün bazarda fırlanır, ora-bura vurnuxur, əlinə bir şey keçmir. Görür möhkəm acıb, cib boş.
Üzünə üz bağlayır, gəlir kababxanaya, bir şiş kabab sifariş edir. Kabab gəlir, Məmməd iştahla  yeyir durub əkilmək istəyəndə kababçı onun qabağını kəsir:
-Kababın pulunu verməmiş harıya edirsən, ayə?
Məmməd qımışa-qımışa:
-Ayə, a bala, axı pulum yoxdu!
Kababçı əlini boş qoyur, Məmmədə bir tərs sillə tutuzdurur.
Məmməd gedir. Ertəsi gün nahar vaxtı həmin kababxanaya gəlir Fırıldaq Məmməd. O, sifətini göstərir:
Savalan, a bala dünənki qiymətə  bir şiş kabab verirsənmi maa?
Ay sənin məzən ölsün, Məhəmməd
Qazaxda xoşuma gələn cəhətlərdən biri adamların xeyirdə, şərdə bir-birinə ürəkdən kömək etmələridi. Heç kəs heç kəsi buyurmaz. Hərə öz işin bilir.
İştirak etdiyim toy məclisində adamaların yeyib-içmələrinə heyran oldum. Çox səmimi, mehriban, deyən-gülən, zarafatçıldılar. Xoş rəftar elə bil adamların boyuna biçilib.
Mən şəhər toyları ilə kənd toyları arasında az fərq gördüm. Fərq ondan ibarət idi ki, şəhər toylarında israfçılıq həddən ziyadədir. Gül kimi yeməkər zibilxanaya atılır, yaxud köhnəlmiş yeməklər təzə kimi adamlara verilir. Bir fərq odur ki, kənddə kim hanısı havanı oynayırsa o hava çalınır.
Bir neçə dağ kəndlərində oldum, erməni quldurları tərəfindən işğal olumuş, dağılmış kəndləri gördüm. 7 kəndin əhalisi hələ qaçqın, köçkün vəziyyətində yaşayırlar. «Göylərə baş çəkən Göyəzən dağına yaxından tamaşa etdim». Allahın möcüzəsidir. Qayaların sinəsində bitən əncir, zeytun, dağdağan ağacları adamı heyrətə gətirir. 
Damcılı bulaqdan götürdüyüm buz kimi suyu içə-içə Sumqayıta qayıtdım.

    Əvəz Mahmud Lələdağ



Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri