Əzizim VƏTƏN Yaxşı kitabı 3cü hissə şeirlər


Bir diləyim var

Sübhün dan yerində al şəfəqə bax,
Lalənin yanağı üfüqdə yanır.
Yağı əlindədir o doğma torpaq,
Mənim içimdən həsrət boylanır.

Yolumun düyünü hələ açılmır,
O gözəl yerlərə gedə bilmirəm.
Bəxtimə qurulan tələ açılmır,
Bu dərdin sirrini, dədə, bilmirəm.

Güllərin ləçəyi ətirsiz qalıb,
Günəş sığallanıb dənizə baxır.
Baxıram, çöllərdə quşlar azalıb,
Bənövşə lal-dinməz nərgizə baxır.

Bülbülün gülünə əl atıb qarğa,
Gülün göz yaşını yasəmən silir.
Ürək tab gətirmir sağalmaz dağa,
Dərdin dərd yükünü çəkənlər bilir.
Qanqallar gülşəni ağzına alıb,
Çiçəklər yer tapmır özünə burda.
Qönçələr elə bil nakam qocalıb,
Tikanlar dürtülüb gözünə burda.

Varlığım çatlayıb öz təməlindən,
Güclə dayanıram kökümün üstə.
Sinəm cadarlanıb dərdin əlindən,
Qəm yükü yüklənir yükümün üstə.

Həyat başdan-başa qəmdi, kədərdi,
Telimə sığaldır səhərin mehi.
İnsan bu dünyaya gəldi-gedərdi,
Gözümün nurudu otların şehi.

Yağının nəfəsi bir xəzan yeli,
Xəzan yarpaqları xəzəl eyləyir.
Dağların düzlərə yayılan seli
Çölləri, düzləri gözəl eyləyir.

Əssin yurdumuza bahar yelləri,
Nicat qapısına tapılsın açar.
Ya Rəbbim, sevindir gənc nəsilləri,
Bir yandan bağlayan, bir yandan açar.

Qara yel əsməsin könül bağıma,
Meyvələr tökülüb zay olmasınlar.
Ceyranlı, cüyürlü Murovdağıma,
Cuman düşmənlərim bay olmasınlar.

Bu qəmli könlümdə bir diləyim var,
Gözümdə qalmasın arzum, həvəsim.
Vətən torpağında olum bəxtiyar,
Quşların səsinə qarışsın səsim.
22.01.2009
Qardaşım
                (Nadir Qəhrəmanovun «Məni bir səs çağırır»
                                  kitabını oxuyub duyğulandım)

O səs əzizlənən elin səsidir,

O səs pərvazlanıb ürəkdən gəlir.
O səs Urudumun qəm nəğməsidir,
Bizə gəlirsə fələkdən gəlir.

Səni haraylayır Babək qalası,
O yurddan-yuvadan soraq gəlməyir.
Gəncəli nəslinin əziz balası,
Niyə İstisuya qonaq gəlməyir.
                                               
Orda intizardı tanış Bozqaya,
Gəncəli adası axtarır səni.
Boynunu bükübdü orda yüz qaya,
Yad nəfəs soldurub çölü, çəməni.

O səs yol gözləyən bağın səsidir,
Pürüldən aşağı millənir o səs.
Səni haraylayan Seldərəsidir,
Uzanıb çay boyu yellənir o səs.

Vaxt-vədə keçsə də susmayacaqdır,
Səni səsləyəcək o səs, o haray.
Yaman zəifləyib Zorzorun suyu,
Quzuya dönübdü dəli Bazarçay.

Çobandan yayınıb örüşdə qalan,
Saqqallı təkənin səsidir o səs.
Sənə can yandıran, laylanı çalan,
Qayğını çəkənin səsidir o səs.

Vurnuxan toyuğun, Qurdbasan itin,
O Məstan pişiyin səsidir o səs.
Onları yad etmək çətindən çətin,
Yatdığın beşiyin səsidir o səs

Bir zaman göylərdən nur yağan günəş,
Nura qərq edərdi o doğma kəndi.
Səhərlər hamıdan tez duran günəş,
Yuxuya qalıbdı oyanmır indi.

Haçalı yaylağı yanıb yaxılır,
ocaq daşı var, yurd yeri.
Selavdan aşağı inək sağılır,
O da sitəm yeri, o da dərd yeri.

Pipiyi qan xoruz banlamır orda,
Mələşən quzular mələşmir, lələ
Doğma Vətənimiz qalıbdı darda,
Dərdi heç kəs mənlə bölüşmür, lələ.

Kətanköynək cəviz, alagöz gilas,
Çəpərdən boylanan gilanar hanı?
Nehrə baldırğanı çatmanızdan as,
Qəzibağındakı o xiyar hanı?

Mürsəlin səsidir o yanıqlı səs,
Çaxçaq yoxa çıxıb, sovacaq itib.
Köhnə dəyirmanın suyu sovulub,
Könbələr bişirən od-ocaq itib.

Bir vaxt tüstülənən, közərən ocaq,
Neçə illərdi ki alışmır, atam
Bir kənd uşağının xumar baxışı
Gedib ulduzlara qarışmır, atam.

Anan da unudub şıltaqlığını,
«Ay Nadir, evə gəl»! –huylamır daha.
Bir vaxt yemədiyin nehrə yağını,
Qaytarıb nəmiyə qoymayır daha.
Əzəldən bilmədim vaxtın qədrini
Qaldı o çağlarda gəncliyin dadı.
Bilmədim o gözəl baxtın qədrini,
Tez yandı, tez söndü eşqimin odu.

Gözlərim yol çəkir illərdən bəri,
Kölgədən savayı yoldaşım yoxdur.
Qızdıra bilmirəm yatdığım yeri,
Yeri qızdırmağa sirdaşım yoxdur.

İndi yoxa çıxıb gözümə dəymir,
Yaxşı kişilərin yaxşı atları.
Kişilər atları çapıb getdilər,
Onların adını yaşadaq barı.

Aqillər hər sözü mənalandırıb,
Xoşluqla darıdan çıxarmı qaban
Bir zaman Urudda çıraq yandırıb.
Əbdülmənaf baban, Qəhrəman baban.

Hansını söyləyim, hansını deyim,
Gələn yola düşür, gedən qayıtmır.
Bilmirəm qədər alışım yanım,
Yatmış ümidimi kimsə oyatmır.

Ağlayıb sızlaram daim burada,
Qəmin yurd-yuvası ürəyimdədir.
Mən çata bilmədim, fələk, murada,
Mənim suçum nədir, günahım nədir?

Könlüm yaralıdır, könlümə dəymə,
İnamdır insanın canı, qardaşım.
Bir gün daşdanarıq Vətənə sarı,
Yetişər həsrətin sonu, qardaşım.

Olub

Yollara göz dikdim illərdən bəri,
Gözüm həsrət qalıb indi nura da.
Bu gedən karvanlar qayıtmır geri,
Hələ qaysaqlamır dərin yara da.

Özümü çox vurdum alova, oda,
Dünyada qalırmış dünyanın malı.
Ötüb keçənləri salanda yada,
Yamanca qarışır könlümün halı.

Mən vurğun olmuşam bir təmiz ada,
Yaxşı insanlardan aldım yaxşı dərs.
Bir insaf görmədim fani dünyada,
Var-dövlət yığmaq da əbəsdir, əbəs.

Vətən qarşısında, xalq qarşısında,
Alnım açıq olub, üzüm olub.
Gecəli-gündüzlü fikir, xəyalım,
Elim-obam olub, Qarabağ olub.

İgidlik ən gözəl addır insana,
Varlılar varını sovurmaz göyə.
Paxıllıq eləmək ziyandır cana,
Onun səbəbini soruşma, niyə?

Mənasız işlərdən uzaq olmuşam,
Özündən deyənlər pürkamal deyil.
Elin keşiyində mərd dayanmşam,
Biclik, dələduzluq yaxşı hal deyil.

Artıq haqlayıbdı məni qocalıq,
Ağsaqqal olmuşam hələ gənc ikən.
Amalım, iqbalım olub ucalıq,
Qaçmışam minnətli olan süfrədən.

Çörəyin halalı, duzun halalı,
Halal zəhmətimin qazancı olub.
Zəhmətlə toplayar arılar balı,
Zəhmət həyatımın şah tacı olub.

Vətən qarşısında, xalq qarşısında,
Alnım açıq olub, üzüm olub.
Gecəli-gündüzlü fikir, xəyalım,
Elim-obam olub, Qarabağ olub.
2008
Yadıma illər düşür

Xəyallar aləminə
Dalmışam yenə bu gün,
Fikir burulğanında
Qalmışam yenə bu gün
tez ötüşdü aylar,
tez ötüşdü illər,
Sən göz açıb yumunca,
Keçdi sevimli günlər.
Keçdi uşaqlıq çağı
Keçdi gənclik dövranı,
Yol üstündə dayanıb
Qocalığın karvanı.
Sən göz açıb yumunca,
Duyğunun kövrəkləşən,
Dizin taqətdən düşən.
Məhəbbət qılıncının
Koralıb qında qallan,  
Dövrü qapını kəsir.
Üz qırışır, əl əsir.
Qara saçlar olur,
Quş kimi bildiyin yük
Sənə ağır dağ olur.
Yadıma nələr düşür.
Bağçadakı güllərin
Nazlanaraq əsməsi,
Köksü sarı bülbülün
Ürək açan nəğməsi.
yalmanlı at kimi hayqıran
Dağ çayının laylası, zümzüməsi
Sinələri düyünlü, zər qanad arıların
Çiçək piyalələrdən
Şirin şərbət içməsi,
Qatar-qatar durnanın
Başım üstən keçməsi.
Oğlanların bulaqda
Gözaltı qız seçməsi,
İlk sevdiyim gözəlin
Bədirlənmiş ay kimi
Qənşərdə görünməsi.
Başı göylərə çatan,
Vüqarı əyilməyən
Tarix yaşlı dağların
Dumana bürünməsi,
Yaz nəfəsli çiskinin
Çəməndə sürünməsi
tez ötüşdü aylar,
tez ötüşdü illər.
Sən göz açıb yumunca,
Keçdi sevimli günlər.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Dayaq olsa