Bir diləyim var


Bir diləyim var

Dostlar, ürəyimdə bir diləyim var,
Eşqin göylərində uçaydım yenə.
Coşqun gəncliyimi qaytaraydılar,
O qızı götürüb qaçaydım yenə.

Yenidən qalxaydım köhlən belinə,
Gövhər mücrüsünə açar salaydım.
Yenidən baş vurub eşqin gölünə,
Sevdiyim gözəldən ilham alaydım.

Gülə şeh damcısı düşəydi yenə
Dodağım səkəydi lalə üzündə.
Yenə qabaraydı o mərmər sinə,
Əksimi görəydim ala gözündə.

Yenə məst olaydı gülüzlü canan,
Gözəl açılaydı vüsal səhəri.
Məhəbbət xəncəri çıxaydı qından,
Yenə çidarlardım səkil kəhəri.

Alma yanaqları şəfəq saçardı,
ləl-gövhər yağardı gül dodağından.
Külək yaylığını alıb qaçardı
Mən də gül dərərdim könül bağından.

Əlim buraxmazdı nazik əlini
Yenidən qucaydım incə belini.
O ulu göylərin nazlı gəlini,
Səpəydi üstümə qızıl telini.

             


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri