Ağdü lətifələri 7


Mükafat

Bir dəfə komandir bəyan edir ki, əsgərlər gətirdiyi hər bir əsir üçün 50 manat mükafat alacaq. Həsən gedir vuruşur, iki əsir tutur gətirir təhvil verir yüz manat mükafat alır, Hüseyn belə, Əli belə, Vəli belə. Kötük fikirləşir ki, bu «qazancı əldən vermək olmaz»…
Bir vaxt görürlər düşmən tərəfdən 200-ə yaxın əsgər gəlir, qabaqlarında da Kötük. Kötük gətirdiyi əsirləri sıraya düzür və deyir:
--Mənim mükafat pulumu hesablayın verin. Komandir deyir ki, ay Kötük bu qədər əsirə 50 manatdan pul çatmaz, gəl 25 manatdan hesablayaq.
Kötük komandirə yaxınlaşıb deyir:
--Cənab komandir, axı mən bunların hər birini 49 manata almışam heç olmasa mayanı verin.
Dovşan bığlara baxmaq üçün

Bir dəfə Kötük əzgil növbəsinə dayanmışdı. Növbə iki cərgə düzəlmişdi: Kişilər, qadınlar. Bir kişi, bir qadın tərəziyə yaxınlaşırdı. Növbə Kötüyə çatanda bir qara arvad da onunla durur. Kötük qadına söz atır:
--Bu qaralar niyə növbəyə durur e?
Qadın baxır ki, Kötük elə bığ qoyub dovşanın bığına oxşayır:- deyir:
--Dovşan bığına baxmaq üçün.

Ölü xortlayıb

Bir nəfər dünyasını dəyişir. Rayondan zəng vurub xəbər verirlər ki, gələndə tabut düzəltdirib gətirsinlər, kənddə taxta tapılmır. Bəli, vəfat edənin şəhərli qardaşı bir tabut düzəltdirir, qoyur yük maşınına, düşürlər yola. Kabinədə iki nəfər sərnişinin oturması qadağan olduğu üçün bir nəfər çıxır maşının banına, durur tabutun yanında. Bu heyndə güclü yağış başlayır. Maşının banında olan adam yağışdan daldalanmaq üçün tabutun qapağını qaldırır, girir tabutun içinə. Bu tərəfdən də Kötük arxadan qaçıb minir maşına. Görür ki, maşında tabut var, elə bilir ölü aparırlar. Xeyli yol gedəndən sonra tabutdakı yağışın kəsdiyini bilmək üçün əlini tabutdan çıxarır. Kötük bunu görüb dəli olur. Elə bilir ölü xortlayıb, özünü maşından atıb qaçır.

Sonlu öldü, sonsuz öldü

Bir dəfə Kötük bir evə qonaq gedir. Evin xanımı qonağa layiq süfrə açmaq üçün əldən-ayaqdan çıxır. Söhbət əsnasında ev sahibi qonağa deyir ki, 7 ildir ailə qurmuşuq, lakin züryətimiz olmur. Kötük də etika qaydalarını gözləmədən:
--Boşa, rədd elə ənə! Südün sağmayassan, yununu qırxmayassan! Neyləyirsən sonsuz arvadı? Kötüyün dediklərini qadın eşidir, süfrəyə heç nə qoymur. Kötük qalır əsnəyə-əsnəyə. Başına vurur deyir:
--Deyən yoxdur ay ləvənd oğlu, ləvənd sənin nəyinə gərək filankəs sonlu öldü, ya sonsuz öldü.
Deyib tərpənmə

Bir gün 10 nəfər kişini çağırıb düzürlər sıraya. Sonra elan edirlər:
--Kim arvaddan qorxur, bir addım qabağa çıxsın. Doqquz nəfər bir addım qabağa atır, bir nəfər yerindən tərpənmir. Onu alırlar araya, tuturlar sorğu-suala.
--Necə olub ki,siz qorxmursunuz?
Kişi heç bir şey olmamış kimi cavab verir:
--Arvad mənə tapşırıb ki, durduğun yerdən tərpənmə!

Böyük «Naruşenie»

Bir dəfə Kötük sükan arxasında gedirdi. Onun gözünə bir xaşxana dəydi. Öz-özünə dedi:
--Maşını saxlayım, bir qab isti xaş yeyim, sonra yoluma davam edim. Müştəri qaçmır ha!
        Yol polisi aralıdan Kötüyü görürmüş. Kötük iki kasa xaş ötürür, amma içmir.O, xaşxanadan çıxıb sükanın arxasına keçən kimi yol polisi ona yaxınlaşıb özünü təqdim edir:
--Cənab sürücü, xaşxanaya getdin?
--Bəli
--100 qram gillətdin
--Xeyr!
--Necə, xaşla 100 qram vurmadın? Böyük «Naruşenie»! Bax elə buna görə sənin talonunu deşəcəyəm.

Özü bilər

Bir dəfə toyda həmyaşıdlardan biri boşqabında olan yağlı sümüyü Kötüyə tərəf uzadıb deyir:
--Kötük bunu gəmirərsən? Yanında oturan Ağlıkəm ona bir dürtmə ilişdirib deyir:
--Ə, ləvənd, ə ləğviyyət danışma, e! At qabağına gəmirər özü bilər, gəmirməz özü bilər.

Cəhənnəm talonu

Bir gün Kötük görür ki, xeyli adam nöbəyə dayanıb. O, yaxınlaşıb bir nəfərdən soruşur:
--Ürəyin qadama burada nə paylayırlar belə?
--Cəhənnəm talonu
--Nə talonu?
--Cəhənnəm talonu. Odey qapının üstündə yazılıb zəhmət çək oxu!
--Başa düşdüm, yəni deyirəm görüm o nə mənə şeydir?
--Talondu də, istəyirsən al get sosialist cəhənnəminə, istəyirsən də al üz tut kapitalist cəhənnəminə.
Kötük kapitalist cəhənnəmini üstün bilib talon alır. Dostlarından biri Kötüyü görüb danlayır. Ə, apar talonu qaytar, ora çatan kimi səni salıb qır qazanında yandıracaqlar.
        Mən beş ildir düşmüşəm sosialist cəhənnəminə «qır qazanının qırını əritməyə, nə odun tapırlar, nədə qaz. Get sosialist cəhənnəminə talonu al, sərfəlidir. Tata nə gəlir, türkə də ondan. Amma Kötük hələ də fikirləşirdi.

Bir xörək vardı

Bir gün Kötük adət-ənənələrdən, milli xörəklərdən yazı yazmaq istəyir. Düşür kəndbəkənd gəzir söhbətlər edir. Gündüşməz kəndində yolun kənarında dayanmış iki nəfər orta yaşlı adamı görür və yaxınlaşıb salam verir, məqsədini deyir:
--Qardaş, sən hansı xörəyi çox sevirsən?
Adamlardan biri:
--Can qardaş, bir baş soğan ola, özü də ola, dabannama edib qoyasan təzə pendir lavaşının arasına bükələyib ləzzətlə yeyəsən.
        Kötük üzünü o bir adama tutur və deyir:-Qardaş bəs sən hansı xörəyi çox istəyirsən.
--Mən nə deyim, ta bir ləzzətli, dadlı xörək var onu da bu dedi.

Bu huş ki, səndədir

Kötüyün dost doğma əmisi Törəqulu xəstələnib düşmüşdü yorğan döşəyə. Kötük onu yoxlamağa gəlir.
--Əmi, necəsən əmi?
--Yaxşıyam.
--Məni tanıdın əmi?
--Tanıdım elə tanıdım. Kömürçü Xoçonun oğlu Qulqen deyilsən?
--Hə, əmi. Bu huş ki, səndədir tez sağalarsan inşallah.

Əvvəlcə tas quranı tutun

Bir dəfə Kötüyün danası, qoyunu və keçisi yağlı əppək olub yoxa çıxır. Kötük işi belə görür tez molla Yetimquluya bir karrı «Qurdağzı» bağladır. Səmti itirən heyvancığazlar üz qoyurlar sel dərəsi aşağı. Yoldan çırttaquş koluna ilişib qalan bir kağız görürlər. Keçi kağızı taxır buynuzuna vəsaxla samanı gələr zamanı deyib aqillərimiz. Vaxt olar bu kağız bizi təhlükədən xilas edər. Bəli, onlar yola rəva olurlar. Birdən yolun kənarında quruyub qaxaca dönmüş qurd dərisi görürlər. Keçi eləməyib tənbəllik, dərini də taxır buynuzuna. Onlar gəlib bir xarabalığa çatırlar. Həmin gün qurdlar da burada «qurultay» keçirirlərmiş. Qurdlar çim yağ heyvanları görən kimi ağızları sulanır, gözləri çıraq kimi yanmağa başlayır.
        İşi belə görən keçi öz-özünə fikirləşir: -İndi hiylədən və ağıllı düşünməkdən başqa çarəmiz yoxdur. Ona görə də qabağa yeriyib deyir:
--Başçınız kimdir?
Qurdlardan biri lağ ilə:
--Başçımızı neyliyirsən, ay keçi lələ?
Keçi buynuzundakı dərini və kağızı göstərib deyir:
Fərmandarın fərmanı var. Biz qırx qurd dərisi toplayıb təhvil verməliyik. Birini tapmışıq, qalıb otuz doqquzu. Buyurun fərmanı oxuyun və dərilirinəzi çıxardın. Qurdların içinə vəlvələ düşür. Qurdun biri qabağa çıxır:
--Keçi lələ, icazə verin mən gedim başçımızı çağırım. Beləliklə, qurdların hamısı aradan çıxır. Keçi fürsəti əldən vermədən dostlarını götürüb özünü verir meşəyə. Onlar bir ağaca çıxırlar. Bu tərəfdən qurdlar əhvalatı tülküyə danışırlar. Tülkü onların abırların ətəklərinə bükür və deyir: -Keçi sizi aldadıb. Ardımca! Onlar heyvanların cəhlimnə düşüb düz gəlirlər ağacın dibinə. Burada izi itirirlər. Tülkü üzünü qurdlara tutur:-Əyləşin, indi mən tas quracağam. Bu heyində dana tappıltı ilə ağacdan düşür. Qoyun da dananı düşən görüb özünü dananın ardınca atır. Keçi ucadan qışqırır: Əvvəlcə tas quranı tutun, qardaşlar!
        Qurdlar qorxub qaçırlar heyvanlarda sağ-salamat evlərinə çatırlar.  

And içmə

Uşaqlıqda Kötük dostu Halalla parkda oynayırmış. Burada qoğal satan kişi zəruriyyət üzündən alverini buraxıb harasa getməli olur. Kötük fürsəti föftə vermir, qoğallardan oğurlayıb dostu Halalla yeyir. Kişi qayıdanda qoğalın azaldığını bilib Kötükgili yaxalayır. Kötük başlayır and içməyə: «Vallah-billah xəbərimiz yoxdur». Bunu görən Halal ağlamsınmış halda:
--And içmə, Kötük and içmə. İsti qoğallar gözümüzü tutar axı,- deyir.

Nigaran getmərəm

Bir gün Kötük bərk xəstələnir. Arvadı surayə xanım onun belinə yaxşıca küpə salır. Ovub tərlədir. Kötük babatlaşır. Hava soyuq olduğuna görə Surayə xanım Kötüyün isti yun köynəyini əyninə geyinibmiş. Kötük bunu görüb və Surayə xanımı yanına çağırıb deyir:
--Ay Suray, bundan sonra ölsəm də dərdim olmaz. Suray elə başa düşür ki, onu küpələdiyi, ovub tərlətdiyi üçün Kötük belə dil-ağız edir. Surayın mətləbi dürüst başa düşmədiyini hiss edən Kötük məsələni acıqlayır:
--Daha bildim ki, mən öləndən sonra soyxamı geyən var. Çox şükür, ta nigaran getmərəm.

Ayıq olun
                                 (rəfiqələrimə açıq məktub)
Ay mənim unudulmaz rəfiqələrim! Bilirsiniz ki, Kötüyün xətrini dünyalar qədər istəyirəm. Son vaxtlar can-ciyərimin işi başından aşır. Evə gec gəlir, evdən tez gedir. Danmıram, bunun üstündə bir-iki dəfə gileylənmişəm də. Axı onu çox qısqanıram. Nə isə.
Söz vaxtına çəkər. Bir gün elə bu vaxtlar olardı, qapının zəngi səsləndi. Gözlükdən baxdım ki, bir bazburudlu qadındır. Dedim bəs alverçidir. Qapını taybatay açdım «qonağın» üzünə. İçəri keçən kimi soruşdu:
--Bura Kötüyün evidir?
Dedim:
--Hə.
--Çox yaxşı!-deyib qonaq motunu çırpdı yerə. Və xüsusi əda ilə doğrayıb-tökdü:-Bəsdir məni aldatdığı. Bu gün, sabah deyə-deyə düz dörd ildir məni ovundurur. El içində biabır olmuşam. Mən də özümə görə bir adamam, gəlmişəm,daha getmərəm, vəssalam
Bunu eşidən kimi:-Deyirdi imam övladıyam, ətəyimdə namaz qılmaq olar! Yaxşı, kişi, sənə göstərərəm
Bizdən bir mərtəbə yuxarıdakı qonşuda telefon var. Qaranəfəs çıxdım ora, zəng vurdum. Nə qədər çalışdım, bir murad hasil olmadı. Qayıtdım evə. Gördüm qonaq evin ortasında böyük bir bağlamanın üstündə oturub. Anışdıra bilmədim ki, bağlamanı o gətirib, yoxsa
Qonaq məni görən kimi havalandı:
--Eybi yoxdur, axşam gələrəm. Canını əlimdən qurtara bilməyəcək. Mənə də…-deyib cəld qalxdı, bağlamanı çiyninə alıb hirslə qapıdan çıxdı.
O, gedəndən sonra keçdim yataq otağına ki, geyinib gedəm Kötüyün başını yolmağa. Gördüm əli qurumuş evə süpürgə çəkib. Necə deyərlər, lələ köçüb, yurdu qalıb. Harayım daha hara çatardı?

Əjdaha qoynunda yatmaq yaxşıdır

Bir ağanın qızı nökəri, nökər də qızı sevir. Lakin atasının zülmü, məhəbbətə sədd çəkməsi qızı bezdirir. Onlar qoşulub qaçmağı qərara alırlar. Hərəsi bir qaçağan at minir, gecə ikən sərhəddən keçirlər. Aşiq-məşuqə səhərə yaxın bir meşəyə çatırlar. Qızın dərin elmi olur. O, nişanlısına deyir: İndi biz başqa məmləkətə keçmişik. Bizim arxamızca gələ bilməzlər. İndi burada bir qədər dincələk, sonra durub yola rəvan olaq. Orasını da bildirir ki, buralarda çoxlu əcdaha olur, gərək sayıq olaq. İndi sən yat, mən gözləyim, sonra da  mən yataram sən keşik çəkərsən. Xülasə, qızın yatmaq vaxtı çatır o, yuxuya gedən kimi oğlan bir xışıltı eşidir, qızı oyatmır, qaçır çıxır ağaca. Qız ayılanda görür dizinə qədər əcdahanın kamındadır, oğlan isə yoxdur. Birdən oğlan gözünə sataşır, nə qədər yalvarır o, düşmür. Səni kimi tülkülərin qoynunda yatmaqdansa, əcdaha qoynunda yatmaq yaxşıdır.

Cərimə

Qırçın xala həyətə çatan kimi ulağın alığını alır, buraxır. Uzunqulaq da başını bulaya-bulaya gedir düşür kolxozun xamına. Qoruqçu onu aparır salır «qəzəmətə».
Bir azdan Qırçın arvadı çağırırlar idarəyə:
Kolxozun sədri Mirsəqulu Fərzəliyev əsəbi halda:
--Eşşəyi niyə kolxozun xamına buraxmısan?
        Qırçın arvad yazıqlıq görkəmi alır:
--Mirsəqulu qağa, vallah-billah biçindən  yenicə gəlmişəm, alığını almışam. Çər dəymiş gözümdən yayınıb gedib ağzın yerə əyib bir ot da qırmayıb.
--Anam-bacım, başın aşağı əyib, ot qırıb-qırmayıb mənə dəxli yoxdur. Sənin eşşəyin xamın ortasında anqırıb. Təkcə bu kifayətdir ki, səni cərimə edək!

Ne v koem sluçae

        Cənab Kötüyü köhnə məsciddə təzə axund təyin etmişdilər. Bir nəfər qeyri-müsəlman yaxınlaşır və soruşur:
--Cənab axund, bu məsciddə rusca danışmaq olar?
Axund cənabları əbasını düzəldərək şəhadət barmağını qeyri müsəlmana tərəf silkələyərək:
--«Ne v koem sluçaedeyir.

Şöhvətdi də eləyirəm

Kötük ciyərparası Mırtığı evləndirmək həvəsinə düşmüşdü. O qonşusu Halanın «dilişirin» qızı Naznaz xanıma elçiliyə getmişdi. Hamı yerbəyer olub əyləşmişdi. Bir nəfər söz açıb mətləbi anlatmırdı. Hamı sakitcə oturmuşdu.
        Sükutu pozmaq üçün Naznaz xanım qaynatası Kötükdən soruşur:
--Şizdə şarımsaq olur?
Kötük yerində qurcalanır və deyir:
--Bala, sarımsağı neyləyirsən?
--Heç, şöhvətdi də, eyləyirəm.

Dədəmə deyərəm

Kötük həddi-buluğa çatmışdı və evlənmək eşqinə düşmüşdü. Ailədə hansı problemli məsələ olsaydı döşünə döyüb deyərdi:
--Mən!!!
Dədəsi Yetimqulu əl-ayaq eyləyib Kötüyü iki baş, dörd ayaq eylədi, yəni evləndirdi. Toydan bir həftə sonra o, həyətdə uzanıb özünü günə verirdi. At milçəkləri onun aman-imanını kəsirdilər. Gah ağzına, gah burnuna, gah da qulağına dolurdular. Kötük onlara tərəf xumar-xumar baxıb dedi:
--Çox at oynatmayın, meydan sulamayın. Sən öl dədəmə deyərəm sizi də evləndirər, düşərsiniz quş həddinə.

 Canı verən mərd olar,
Verməyən namərd olar

Kötük əzrayıldan eşidir ki, onu suda boğub canını alacaq. Kötük özünə söz verir ki, bir də su olan yerə getməyəcək. O necə deyərlər, sudan qaçaq olur. Günlərin bir günü o, vacib bir üçün gəmiyə minib dəryanın o tayına keçməli olur. Gəmidə 300 adam olur. Dəryanın ortasında dərya təlatümə gəlir və gəminin batmaq təhlükəsi yaranır. Əzrayıl özünü çatdırır Kötüyə:
--Gəlmişəm canını almağa.
Kötük yalvarır ki, mənə görə 299 adamı suda boğdurma, ey Allahın mələyi.
Əzrayıl deyir:
--Onların hamısı sənin kimi sudan qaçan qırışmalardı.
Canı verən mərd olar,
Verməyən namərd olar-deyib gəmidəkiləri gəmi qarışıq o dünyaya göndərir.

Bu sənin kişiliyin

Kötük özəlləşmədən payına düşən qoyunlarını qatıb qabağına yaylağa çıxanda yolu «Pirin» yanından düşür. O, üzünü Pirə tutub deyir:
--Ya Pir, qoyunlarım sağ-salamat olsun, geri qayıdan baş qara qoçu burada qurban kəsəcəyəm. Yaylaq dövrü qurtarır. Kötüyün də köçü geri qayıdır. O, pirə yaxınlaşanda tufan qopur, leysan yağır, sel-su aləmi apırır. Kötüyün qoyun-quzusunu sel aparır. Meydanda ancaq qara qoç qalır. Kötük əhdinə xilaf çıxmır. Qoçu gətirib pirdə qurban kəsir və üzünü pirə tutub deyir:
--O sənin kişiliyin, bu da mənim kişiliyim.

Sərt olub neyləyəcəkdi?

Bir dəfə Mırtıq hövlnak əri keçir və deyir:
--Dədə, ay dədə! Hürnisənin qızı oldu, adını qoydular «Mülayim». Kötük ona tərəf tərs-tərs baxıb deyir:
--Sərt olub kimə neyniyəcəkdi ə?

Sən qalstuk taxma

Bir gün Kötük oğlu Mırtığı çağırıb dedi:
--Oğlum, gəl sən daşı ətəyindən tök evlən. Qonşumuz Hülbaxanın qızı Bədqədəmi al, mən də arxeyin gedim gora. Düzdür, o səndən üç yaş böyükdür, onun eybi yoxdur.
        Mırtıq hirslə:
--Necə eybi yoxdur, ay dədə, necə eybi yoxdu? Odey Ağlıkəm, özündən iki yaş yekə ilə evlənib, gündə qalstukundan tutub sürüyür. Yox, mən hələ evlənməyi planlaşdırmamışam.
--Ay bala, burda müşkül olan nədir ki, sən də qalstuk taxma.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri