SEVDALI GÜNLƏRİN HƏSRƏTİ kitabindan şeirlər


                                            Dönəsiyəm mən


Ay nigarım, evdən çölə çıxsana,
Axı görüşünə gələsiyəm mən.
Eşqin odu alovlanır içimdə,
Kərəm tək yolunda yanasıyam mən.

Heç bilmirəm boylanırsan hara, sən,
Qəsd eyləyib məni saldın dara sən.
Gəl qarşımda saçlarını dara, sən
O siyah tellərin dəlisiyəm mən.

Tər gülümü əğyar gəlib dərdimi?
Dar günümdə, təzələmə dərdimi.
Ürəyimdə zindan olan dərdimi,
Oturub səninlə böləsiyəm mən.

Gəzdiyim çəmənə bax, çölə bax,
Ay insafsız, bir az dönüb belə bax
Gümüş kəmər sarılıbdı belə, bax
Ölsəm də qoynunda öləsiyəm mən.

Taledən verilən qismətim olsa,
Elimin yanında hörmətim olsa,
Əcəldən bir azca möhlətim olsa,
Görüş yerimizə dönəsiyəm mən.

Hələlik yatıbdı baxtı Əvəzin,
Dərdinin dərmanı yoxdu Əvəzin,
Bir gözəl evini yıxdı Əvəzin,
Ondan qisasımı alasıyam mən.

                                                 07.07.2004
                       

 
           İtirdim

Çərxin dönsün fələk, koman dağılsın,
Səfasın görməmiş yarı itirdim.
Gəzdiyim dağlardan əlim üzüldü,
Yanğımı söndürən qarı itirdim.

Allah, dodağımda gülüşüm sındı,
Görüşə gedəndə görüşüm sındı.
Vüqarım əyildi, duruşum sındı,
Namusu, qeyrəti, arı itirdim.

Getdim əhval tutam, görə bilmədim,
Ona öz könlümü verə bilmədim.
Bağ saldım barını dərə bilmədim,
Zəhmətim zay oldu, barı itirdim.

Çiçəklər sayrışır ulduzlar kimi,
Güllər xumarlanır quzular kimi
Başıma fırlanan o qızlar kimi,
Neçə pətək dolu arı itirdim.

Taleyin yazısı pozulmaz, dədə,
Xəyallar doğru tək yozulmaz, dədə.
Əvəzin dərd yükü azalmaz, dədə,
Yetkin şamamanı, narı itiridm.

                                                                  20.10.2004


                                                          Oldu


Bir nurdan yaratdı yaradan məni,
Bir damla böyüdü pürkamal oldu.
Daraqlar batmayan, şəvə saçlarım,
Dönüb bəyaz oldu, dönüb çal oldu.

Həyat çeşməsindən nur aldı gözüm,
Baldan şiurin oldu söhbətim, sözüm,
Bəlkə də olmazdı məndə bu dözüm,
Şükür ki, dostlarım əhli-hal oldu.

Altmış doqquzumu yola salmışam,
Könlümün quşunu tora salmışam.
Özümü görünməz hala salmışam,
Mənim düşündüyüm xam xəyal oldu.

Bir müddət sevdaya qarışdı başım,
Hər yerdə tapıldı könül sirdaşım.
Əvəz, bəla oldu bu yetmiş yaşın,
Bir qıza söz atdın, qalmaqal oldu.

                                          2005

           Sənəm                                    


Hara getdin, harda qaldın,
Qayıtmadın niyə, sənəm.
Axşam, sabah ah çəkirəm,
Naləm çatır göyə, sənəm.
                                         
Qara gəldi qara bəxtim,
Yollarına bir də baxdım.
Tarac oldu tacım, taxtım.
Qalmadı bir dəyə, sənəm.

Nəzərdən saldın Əvəzi,
Gözündə qaldı həvəsi.
Arzum budur, yad nəfəsi,
Camalına dəyə, sənəm.

                    01.11.2004

                                        Gəldi, nə gəldi


Bəxtimin düyünü birdən açıldı,
Amanım,zamanım gəldi, nə gəldi.
Həsrətin əlindən təngə gəlirdim,
O dinim-imanım gəldi, nə gəldi.

Dünyamı oyadan xoş səsi oldu,
Boynuma sarılan həvəsi oldu.
Qəlbimi isidən nəfəsi oldu,
Halıma yananım gəldi, nə gəldi.

Bədənim səksəndi,cahan oyandı,
Könlümün yanğısı bircə o yandı.
Alışdım,oduma yandı, oyandı,
Atəşim, inamım gəldi, nə gəldi.

Alnıma yazılıb taledən qismət,
Həmdəmim eylədi mənimlə söhbət,
Gözəl keyfiyyətdi, gözəldə ismət,
İsmətli cananım gəldi, nə gəldi.

Qərarım, qəsəmim yox idi,Allah,
Kədərim sevincdən çox idi, Allah.
Yarama məlhəmdi, yaxıdı, Allah,
Dərdimi qananım gəldi, nə gəldi.

Yenidən canlandı o dərə, o dağ
O görüş yerimiz, o baxça, o bağ.
Gözün aydın olsun, Əvəz Lələdağ,
Qayğısız dövranım gəldi, nə gəldi.

                                   

            Görmüşəm


Bir zaman yaylaqda, bulaq başında,
Tülfə gözəlləri mən də görmüşəm.
Məhəbbət yolunda, sevgi yolunda,
Duman da görmüşəm, çən də görmüşəm.

Görmüşəm canalan şux gözəlləri,
Şümşad barmaqları, gözəl əlləri.
Gəl qoyum sinəmə,gözəl, əlləri,
Dərimin çarəsin səndə görmüşəm.

Düzdərdə xəyala daldığım zaman,
Məhəbbət sazını çaldığım zaman.
Eşqin divanəsi olduğum zaman,
Səni ərşdə, kürşdə gendə görmüşəm.

Adımız çıxmışdı eldə, mahalda,
Səni axtarırdım yamacda, yalda.
Gözlərim qalırdı gəldiyin yolda,
Lələdağ Əvəzi onda görmüşəm.

                                      2005              

                           Gələ


                               Könlümün bax belə kövrək çağında

                               Allahım,nə ola cananım gələ.
                               Dərdindən xəstəyəm, hicran xəstəsi,
                               Dərdə çarə qılan loğmanım gələ.

                               Oturaq üz-üzə,qabaq-qabağa

                               Dodağım toxuna o gül dodağa

                               Tuta biləyimdən çəkə yatağa
                               Naz ilə canımı alanım gələ

                               O cənnət bağında yatır var, yatır

                               Mərmər sinəsində bir cüt nar yatır

                               Əvəz Lələdağ da intizar yatır,
                               Dərdimi,sərimi qananım gələ.

                                                             2005
                  
        
                          Ürəyim

                 Bu gərdişin dürlü-dürlü dərdinə,

                 Tab gətirə gərək, dözə ürəyim.
                 Yön çevirə insanların mərdinə,
                 Namərdlərdən əlin üzə ürəyim.

        Zalım fələk durub mənim qəsdimə,
        Gecə-gündüz kədər yağır üstümə.
        Bu çağımda məni qoydu pis günə,
        Bəd övlad tək baxmır sözə ürəyim.

        Beynim yatmır, yuxum əə çəkilir,
        Ömür xalım ilmə-ilmə sökülür
        Yazıq Əvəz yumaq kimi bükülür.
        Qorxuram ki, məndən bezə ürəyim
                            
                                                           2005                                         

     Gəl qayıdaq 

        

                Gəl qayıdaq o dağlara
           Gülüm, ilin bu çağında.
           İkimiz də həmdəm olaq,
           Yataq gülün qucağında.
            
        Üstümüzdə ulduz yansın,
        Laylamızı sular çalsın.
        Eşq odumuz alovlansın
        Məhəbbətin ocağında.
      
        Kədər olsun bizə yasaq,
        Saza,sözə qulaq asaq.
        Bir gün biz də yüyrük asaq,
        Lələdağın otağında.

                                       2005


               Qalıb

Nə müddətdir səndən ayrı düşmüşəm,
Donmuşam, açılmır donum, ay mələk.
Qəm sacında qovrulmuşam,bişmişəm,
Məşhərəcən yanar canım, ay mələk.

Heç yerdə bir qərar tuta bilmirəm,
Səni axtarıram xeyirdə, şərdə,
Gecələr sübhədək yata bilmirəm,
Arzum tora düşüb, ürəyim dərdə.

Əhdim şikəst olub, istəyim zəlil,
Həyatda doyunca kam almadım mən.
Kədər üstələyir məni ilbə il,
Çəkilmir yolumdan nə duman, nə çən.

Sənsizəm gecələr yuxum qarışır,
Hicran yaman yerdə yəkləyir məni
Gündəlik qayğılar başımdan aşır,
Tale qəm-qüssəylə yükləyir məni.

Ta həyat eşqiylə döyünmür ürək,
Həsrətin qıvrılıb sinəmdə yatıb.
Sənin varlığınla öyünmür ürək,
Xeyirxah əməlin çəməndə yatıb.

Yolum bitdi, ağzım daşa dirəndi,
Ömrün bu çağında itirdim səni.
Bəxtimin gülşəni solub, örəndi,
Gözümün içində bitirdim səni

Sən köçdün, mən qaldım yurda gözətçi,
Könlüm ev-eşiyə sığışa bilmir.
Kasıb komamızdan perik düşüblər,
Uşaqlar bir yerə yığışa bilmir.

İlk görüş yerimiz yadıma düşür,
O vaxtdan, əzizim, əlli il keçir.
Xəbərim olmadan illər ötüşür,
Dünyadan qəhrəman oğullar köçür.

Yamanca sarsıdır yoxluğun məni,
Boynumu bükürəm yetim uşaq tək.
Sənsiz gəzəmmirəm çölü, çəməni,
Əlimi, qolumu bağlayıb fələk.

Əkdiyin ağaclar gözləyir səni,
Güllər sığalına tamarzı qalıb.
Gecələr tənhalıq dəng edir məni,
Canımda sənsizlik azarı qalıb.

                             01.11.2004



          Zavallı qızın

Səhər-səhər bir qız çıxdı qarşıma,
Ayağı olmadı sayalı qızın.
Gözümün önündə sərildi yerə,
Sinəmi dağladı o halı qızın.

Sandım ki, ürəyim çıxdı yerindən,
Qıyğacı baxışla baxdı yerindən,
Yorğun maral kimi qalxdı yerindən,
Huşumu apardı camalı qızın.

Dedim ki,qəsdinə durmamışam mən,
Taleyin hökmüdür, ay gümüş bədən.
Dedi:-Heç xəcalət çəkirsənmi sən?
İçimi göynətid sualı qızın.

Dedim gəl könlümü bahar, yaz eylə,
Mənimlə aranı bacar saz eylə.
Bu yazıq bəndəyə az qisas eylə,
Gördüm ki, dolandı xəyalı qızın.

Əndamı çürümüş nə xəyal etdi?
Gedib əhvalatı ərzi-hal etdi.
Ağbirçək anası qalmaqal etdi,
Həyası yox oldu, həyalı qızın.

Qızmış pələng kimi üstümə cumdu,
Məndən töhfə umdu,məndən pay umdu.
İki göy kağızla ağzını yumdu,
Məni düşündürdü amalı qızın.

İl oldu Əvəzin bir günü, Allah,
Yazıldı tarixə «pir»günü, Allah.
Sevinclə ərisin hər günü, Allah
   Canı ağrımasın zavallı qızın.
                             
                            Nəyimə gərəksən

Vayımda ağlama, toyumda gülmə,
Şad gündə yendirib yanıma gəlmə.
Sevincimi bölmə, dərdimi bilmə,
Nəyimə gərəksən, nəyimə gərək.

İçimi göynədir əzəli yurdun,
Qoymurlar əyrisi düzələ yurdun.
Gəlmədin, qocaldı gözəli yurdun
Nəyimə gərəksən, nəyimə gərək.

Vətən əldən getdi, haya gəlmədin,
Bir günə getmişdin, aya gəlmədin.
Bir vaxtlar çimdiyin çaya gəlmədin,
Nəyimə gərəksən, nəyimə gərək.

Gəlmədin, incidi bulaqlar səndən,
Barı əsirgədi bulaqlar səndən.
Küsdü, üz döndərdi bulaqlar səndən.
Nəyimə gərəksən, nəyimə gərək.

Hərdən bu gərdişdən bezdi Lələdağ,
Söhbətli Lələdağ, sözlü Lələdağ.
Hicrinə bir təhər dözdü Lələdağ,
Nəyimə gərəksən, nəyimə gərək.

                                                  20.12.2005
                

         Sinəsinə


Yağış yağır, yel qurudur
Bu çöllərin güllərini.
Çiçək dərən gözəllərin,
Görmək olmur əllərini.

Bəzi güllər qönçədədi,
Bəziləri ətir saçır.
Sar nə bilir qönçə nədi,
Gülü sevən gülə qaçır.

Hər arşında min çiçək var,
Boylanırlar sinə-sinə
Bir yanda da sarı bülbül,
Qonub gülün sinəsinə.

                           2005


                                           Bir şirin paysan


Sən gəldin dərdimin bağrı yarıldı.
Açıldı könlümün qaşı, qabağı,
Sən gəldin təbəssüm mənə yar oldu,
Küskün sevincimin qaçdı dayağı.

Qəlbimdən keçəni yaman bilmisən,
Qəm-qüssə üstümü almışdı, gülüm.
Gəl otur yanımda sən xoş gəlmisən,
Gözüm astanada qalmışdı, gülüm.

Meylimi salmaram dövlətə, vara,
Halal zəhmətimlə ərsəyə çatdım.
Hərdənbir düşəndə borana,qara,
Sazağı şerimin gözünə qatdım.

Hər səni görəndə dünyam sevinir,
Qönçə arzularım gül açır mənim.
Sevincim,fərəhim səmadan enir,
Məhəbbət aləmim dil açır mənim.

Bu gün sən necə də gözəl olmusan,
Elə bil dənizdən boylanan aysan.
Hurisən, mələksən, göydən enmisən,
Bəxtimə yazılan bir şirin paysan.

Sənin gülşənində gül, çiçək solmaz,
Sevgi güllərini göndərən sənsən.
Səni heç nə ilə dəyişmək olmaz,
Eşqimin odunu söndürən sənsən.

                                          2005

         

               On bir ildir

      On bir ildir, Vətən, sənin
Dərd-qəmini, həsrətini
Çəkəəkə boy atmışam.
Ürəyimin yanğısını
Göz yaşımla soyutmuşam.
On bir ildir əlim çıxıb,
Yaşıl donlu yaylaqlardan.
On bir ildir xəbərsizəm,
Əriməzdən, Əyriqardan.
On bir ildir gül dərmirəm,
Üçtəpədən,ay Yaradan!
On bir ildir gedəmmirəm,
Nur babamın görüşünə.
Vallah,billah mat qalmışam,
Bu gərdişin hər işinə.
On bir ildir,Vətən, sənin,
Hicranını, həsrətini
Çəkəəkə boy atmışam.
Ürəyimin yanğısını,
Göz yaşımla soyutmuşam.

                                    2005

                                             Vətən


Əlim üzülsə də tər çiçəyindən
Dağında, dərəndə ünüm var,Vətən.
Yadımdan çıxmırsan bircə an belə,
Səndə keçən ayım,günüm var,Vətənə.

Səni qarış-qarış bölənlər oldu,
Səni lağa qoyub gülənlər oldu.
Bir quru çöp üstə ölənlər oldu.
Hər çopur daşında qanım var,Vətən.

Mən sənin qarşında qulam,nökərəm,
Mən sənin dərdini təkcə çəkərəm.
Düşmənin başına alov tökərəm,
Nə qədər canımda,canım var,Vətən.

                                                                                         2005
         

                         Gəlməz

Bülbül atəşə gəlməz, pərvanə gülə gəlməz,
İntizar qalma, könül, gözəl yar hələ gəlməz.

Qəm yükü zindan olar, aşiqin qəddini əyər,
Ürəkdən sevən aşiq,can verər dilə gəlməz.

Qocalıq döysə qapım, canıma od düşər ah,
Yanaram Kərəm kimi külüm də ələ gəlməz.

Müstəqil yurdumuzun Əvəz tək övladı var,
Onun da məclisinə qəm-kədər elə, gəlməz.                                 

                          Olmasa

Neylərəm dünyamalını, əgər sağ canım olmasa,
Sağ can nəyə lazım, canla cananım olmasa.

Gecələr mirvari şeh tər güllərin didəsidir,
Gecənin nə ləzzəti, dildar mehmanım olmasa.

Şam əridikcə süzülər, pərvanə yanar oda,
Bu aləm zülmət ola, yar çıraqbanım olmasa.

Əvəzi dərdə salar vəfasız olsa yarı,
Yanaram məşhərəcən dərdi qananım olmasa.


                       Səndədir


Düşmüşəm dərdə gülüm, dərmanım səndədir axı,
Hökm elə çəkdir dara,fərmanım səndədir axı.

Kimsəyə söyləmirəm dərdimi, pünhan çəkirəm,
Dünyamın kef-damağı, dövranım səndədir axı.

Baxışın cəllad olur, öldürür hər gündə məni,
Ay sənə qurban olum, qurbanım səndədir axı.

Tək qanad quş kimiyəm, uça bilmirəm daha mən,
Uçmağın nə faydası, bir yanım səndədir axı.

İnsafın yoxdur sənin, Lələdağ etdin Əvəzi,
Bir kərə döy qapımı, ünvanım səndədir axı.

                                 Gəlmədi


Gedənlər hamı gəldi, gəl ki o yarım gəlmədi,
İntizar qoydu məni, nazlı nigarım gəlmədi.

Keçdi fəsli-zimistan,açıldı qönçədə güllər,
Gülmədi dərdli könlüm,güllü baharım gəlmədi.

Qalmışam tənha, ya rəbb,qəfəsdəki quş kimiyəm,
Dözmürəm hiçrə daha, səbri-qərarım gəlmədi.

Ovlayan ovçu kimi kəsmişəm bəndi-bərəni,
Yoruldum gozləməkdən körpə şikarım gəlmədi

Müddətdir bəxti yatıb niyə oyanmır Əvəzin,
Dərd bilən, söz anlayan çeşmi-xumarım gəlmədi.

           

                       Düşən


Bəxtəvər olarmı heç, dərd əlindən eşqə düşən,
Biçarə pərvanədir eşq oduyla bağrı bişən.

Mənimlə bəhsə girmə bülbülü-şeyda hələ sən,
Mənə canan yaraşır, gülə qönçə, sənə gülşən.

Bu qədər naz ilə sən könlümü al-qan eyləmə,
Cananın can evini taxırsan hər gün şişə sən.

Əvəzə arxa olar göydə allah, yerdə də sən,
Könlümün qönçəsini kirpiyi oxlardı deşən.



















Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri