Zəngəzurun el qəhrəmanı
Zəngəzurun el qəhrəmanı
Şirin əfsanələr
diyarı, başı bəlalar çəkən, məşəqqətlərə düçar olan qədimlərdən qədim, ağsaçlı
ulu Zəngəzurum! Qaçaq Nəbi, qaçaq Qardaşxan, qaçaq Nuruş, qaçaq Süleyman, qaçaq
Musa Cağazurlu, Ağəmməd, kişi Tavat, çal Aslan, ovçu Qaraş, Şamil Kürdoğlu, Alı
Safoğlu, Soltan bəy kimi el qəhrəmanları, neçə-neçə sayseçmə igidləri ərsəyə
çatdıran məkan! Keçən əsrin 60-cı illərində yaşlı adamlardan, dünya görüşü
geniş, mənəviyyatı zəngin ziyalılardan, əsl kişilərdən adları çəkilən el qəhrəmanları
barədə çox eşitmişəm. Şükarlı Şamil Kürdoğlunun igidliyindən, qoçaqlığından,
qorxu bilməzliyindən, geri dönməzliyindən, Vətənə, torpağa, millətə olan hədsiz
məhəbbətindən, dostluğa sədaqətindən , mərdliyindən, mətanətindən, səxavətindən,
ağızdolusu danışırdılar. Onu da deyirdilər ki, Şamil Kürdoğlunun oğlu Abbas didərginlik
həyatını Noraşın rayonunda yaşayır. Onu tez-tez Bazarçayda görürlər. Abbas kişi Noraşın Kolxozlarının birində ferma
müdiri vəzifəsində çalışır.
Bir dəfə
yolum Bazarçay yaylaqlarına düşmüşdü. Abbas dayını sorağlayıb tapmaq, atası
Şamil Kürdoğlu haqda məlumatlanmaq, deyilənləri gerçəkləndirmək qərarına gəldim.
Axtardım obanı tapdım, lakin Abbas dayını tapmadım. Alacıqdan dünya yormuş bir
qadın çıxdı sevincək halda Noraşınlı ləhcəsində:
-Buyurun içəri,
eşikdə durmayın də bə! Abbas yoxdu evi ki burdadı.
Mən razılıq
elədim, başqa vaxt gələrəm. Geri dönmək istəyəndə Səməngül nənə azərbaycanlı
qadına xas olan həya ilə soruşdu:
-Bağışlayın,
hardan gəlmisiniz?
-Zəngəzurdan
–deyə cavab verdim.
Zəngəzur
sözünü eşidən kimi arvadın çöhrəsi dəyişdi, sevincək oldu.
-Bizim də əslimiz
oralıdı. Şükar kəndini eşitmiş olarsınız. Erməni-müsəlman davasında Əndirənik
(onun ciyəri yansın) bizim kəndi yandırdı, adamları qırıb çatdı, qaçaq saldı.
Bu Abbasın atası Şamil kişi iki doğma qızını... -o bir az kövrəldi, qəhərləndi,
yaylığının ucu ilə gözlərinin nəmini sildi, özünü ələ aldı, sözünə davam elədi:
-Kişi
görürki, ermənilər kəndi mühasirəyə alıblar, qızlar ələ keçməsin deyə elə bir
iş görür...Kişinin öldüsündən, qaldısından xəbərimiz olmadı. Həmin vaxt iki gəlin
ləyaqətləri tapdanmasın deyə özlərini qayadan atırlar. Indi bizimkilər ora “Gəlinqaya”
deyirlər...
Bir müddət
sonra Abbas dayını “Leyliqaçan”
yaylağında tapdım. Atası Şamil
haqqında, bacıları barədə bildiklərini söyləməsini xahiş etdim. O, dərindən
köksünü ötürdü, cibindən dəsmal çıxardıb
gözünün nəmini sildi.
-Nə deyim, ay
oğul? Erməni quldurları mənə elə yaralar vurub ki, o nəsil-nəsil qövr edəcəkdir.
Mənim tüfəng atan vaxtım idi. Kəndimiz daşnaklar tərəfindən mühasirəyə
alınmışdı. Erməni cəlladları əllərinə düşən müsəlmanlara divan tutur, ağıla
sığmayan işgəncə verir, var-dövlətini talan edir, bakirə qızlarımızın, ismətli
gəlinlərimizin ismətinə toxunur, ləyaqətlərini vəhşicəsinə tapdalayırdılar.
Hər dəfə
xaraba kəndimizi görəndə xəyalım dolanır, başımdan papaq qalxır, tüklərim
biz-biz olur. Atam daşnaklara qarşı mübarizə aparmaq üçün kəndin sayseçmə
adamlarını başına yığıb dağlara çəkilmişdi. Atam qorxu-hürkü bilməyən,
vuran-tutan adam idi. O, vəziyyətin çətinləşdiyini görür, bacılarıım düşmən əlinə
keçməsin deyə qəti qərar qəbul edir. O, gecə ikən xəlvətcə kəndə gəlir və
bacılarımı...
Abbas dayı
yaman kədərləndi, qəzəbindən gözləri az qala hədəqəsindən çıxacaqdı. Dodaqları əsdi,
qəhər onu boğdu, söz ağzında dondu. Gözlərindən axan yaş damcıları sifətinin
çallaşmış tükləri arası ilə aşağı çənəsinə doğru axdı. O əlinin arxası ilə
gözünün yaşını sildi, bir az toxtadı.
-Sən Allah
bağışla, sənin qarşında...Hə, kişi nə qədər
fikirləşir çıxış yolu tapa bilmir. Kəndin günahsız, sadə adamları qaçıb
kahalarda, mağaralarda, dəlmələrdə daldalanırdılar. Atam əvvəl-əvvəl hikkəsini
cilovlaya bilir. Lakin daşnaq gülləsinin səsi kəndin qənşərindəki “Qartal
qaya”da əks-səda verəndə, qərarını qətiləşdirir.
Onun ata qəlbi daşa dönür. Namusu heç nəyə qurban vermək olmaz,-deyir.
Azğınlaşmış, quduzlaşmış cəlladların yırtıcı caynağı onun qızlarına toxunmasın
deyə, bir az da cəsarətlənir, bacılarımı yanına çağırır və deyir:
- Kövhər,
Nigar mənim ciyarparalarım! Vəziyyət gərginləşib, yol-riz tutulub, ümid
qapıları bağlanıb. Siz evdən çıxıb “Qanlıgədi”yə tərəf qaçın. Mən gavurların
qabağını kəsəcəyəm. Vaxt itirmək olmaz, tez olun.
Kövhər atamın
boynuna sarılır. O, qonşumuzun oğlu Eldənizə nişanlı idi. Orucluq qurtaran kimi
toyları olmalı idi. Tay-tuşları arasında Eldənizin qolunu qanıran, kürəyini yerə
sərən olmamışdı. Eldənizgil “Daşlıkaha”da qalırdılar. O, gecə gəlir kəndə
yanacaq aparsın. Quldurlar onu
qamarlayıb tuturlar. Azğın dığalar onun qənşərinə şərt qoyurlar ki, get nişanlını
gətir bir gecəlik ver bizə, səni buraxaq. Eldəniz qabağından yeyən deyildi, ha!
O, üzünü erməni dığalarına tutur:
-Ana-bacısını,
qız-gəlinini hərraca qoyan, namus-qeyrəti olmayan bir millət var, o da sizin
millətdir. Bərkə düşəndə ilan kimi dil çıxardan, məqam çatanda zəhərini
insanların qanına yeridən vəhşi sizsiniz. Mən sizin kimi yırtıcılardan rəhm
gözləmirəm, çörək itirən namərdlər!
Abbas dayı elə
yanırdı ki, onun baxışından yağan alov, qəzəb, kin açıq-aydın hiss olunurdu.
Cəllad
dığalar Eldənizi aparıb “Qoyunbasılan” dərədə doğramışdılar, deyə sözünə davam
etdi Abbas dayı. Hə, onu deyirdim axı, Nigar atamın əllərindən öpür və evdən çıxırlar. Ata qəlbi doğram- doğram
doğransa da, ilan kimi qıvrılıb açılsa da fikrini dəyişmir. O, gözünü həyət-bacaya,
daşa-divara, çölə-bayıra zilləyir. Ona elə gəlir ki, daş-divar, ağaclar, yarpaqlar, axan sular
hamısı matəm libası geyiniblər, qan ağlayırlar. Elə bil hər yan, yer-göy ağı
deyib, bayatı çağırır:
Bala dağı,
Bürüyüb lala dağı.
Hər yaralar sağalar,
Sağalmaz bala dağı.
Qızlar küçə
qapısına çatanda atam sonuncu iki gülləsini “Beşaçılan”ın xəzinəsinə qoyur,
barmağı tətiyə toxunan kimi güllə açılır. Sərv boylu, qəddi-qamətli dağ gözəlləri
yaralı maral balası kimi yerdə
çabalaya-çabalaya tərlan gözlərini əbədi olaraq yumurlar. Onların al
qanları bir-birinə qarışıb axıb çuxurda laxtalanır. Al qanına bulaşan qızlarını
görəndə, atam nalə çəkir, fəryad qoparır. Onun qəlbində daşnaq zülmünə, erməni
cəlladlarına qarşı intiqam hissi daha da güclənir. Iki növcavanın arzuları gözlərində
qaldı, nakam ömür yaşadılar. Atam nə qədər sarsılsa da, artıq gec idi, olan
olmuşdu. Bütün bəndi-bərəni ermənilər tutmuşdular. Atam mühasirədən çıxmaq üçün
yollar axtarır. Düşdüyü təhlükədən xilas olmaq üçün heç bir imkanı olmayan
insan Yaradana yalvarır. O, “Allah, Məhəmməd, ya Əli” deyib üz tutur
“Çürükqaya” tərəfə. Sən demə ermənilər gəlib
orda güdükdə durublar. O, “Qanqallıyurd”a yaxınlaşanda hənirti duyur. Görür ki,
ermənilər mısıda-mısıda ona tərəf gəlirlər. Atam tüfəngi onlara sarı tuşlayır.
Birdən:
-Ara Şamilcan
bizıx, Arakelam, sən astvas, bizi qırma.
Atam da
Arakeli tanıyır. Onlar uzun müddət “dost” olublar, duz-çörək kəsiblər. Arakel
hiyləyə əl atır, şirin dilini işə salır. Atamın gülləsi olmadığını bilən kimi:
-Ara,
Şamilcan hardan gəlib, hara gedirsən? Ara, ay dəli musurman, keçinin əcəli
çatanda buynuzunu çobanın çomağına sürtər. Ara, gecənin bu vaxtı hər yan qaçaq,
quldur, ara, qurd ürəyi yemisən?
Arakelin dost
kimi danışmasına atam onsuz da əhəmiyyət vermir. Lakin bilir ki, iş işdən
keçib. “Beşaçılan”ı nərildədən, quldurları yerə sərən gülləsi qurtarmışdı.
Beş-alti quldura silahsız necə cavab verərdi?
Quldurlardan
biri soruşur?
-Arakel
gerri,(dayı) bu kimdir belə naziyla oynayırsan?
Arakel zibil
yemiş qarğa kimi özünü dartır:
-Bu ermənilərin
qatı düşməni Şamil Kürdoğludur, eli.
O, atamın tüfəngini
dığalara göstərib deyir:
-Bu
“Beşaçılan”la Şamil nə qədər erməni qırıb astvas (Allah) bilir.
-Çox tələlərdən
qaçıb qurtarmısan, Kürdoğlu. Indi sən düşdüyün tələdən çıxa bilməyəcəksən,
Şamilcan. Ara, tez qaçaqların yerini de, yoxsa səni bu“Çürükqaya”nın kahasında
çürüdəcəyəm. Ara, ay dəli müsürman, eşitməmisən, erməni ilə dost ol, ancaq
çomağını yerə qoyma,- deyiblər.
-Ara, sənin
başına ayrılan pulu alıb kep edacağam, eli. Ara, Ardem, onun qollarını,
qıçlarını bağla sal kahaya. Bizim Andronik paşaya bundan layiqli hədiyyəmiz
olmayacaq. Ara, başına pul ayrılan Şamil itoğlu budu eli.
Onlar atamı
üç gün qaranlıq, rütubətli kahada saxlayırlar. Kahada üç gün cəhənnəm əzabı çəkən
atmı gecə aparıb Qarakilsənin həbsxanasına,
bir adamlıq qazamata atırlar.
Artıq Zəngəzur
daşnakların lideri Andronik Uzunyanın əlində idi.
Qısa məlumat:
Andronik Uzunyan1865-ci ildə Sasun vilayətinin Qarahisar şəhərində nacins erməni
ailəsində doğulub. Hələ gənc yaşlarından tufeyli yaşamağı, asan yolla pul
qazanmağı, varlanmağı qarşısına məqsəd qoyur. Elə bu arzu ilə də özü xasiyyətli
erməniləri başına toplayıb silahlı dəstə düzəldir. Türklər yaşayan kəndlərə, qəsəbələrə,
obalara basqınlar edir, külli miqdarda mal-qara aparır, qənimət əldə
edirlər. 1894-cü ildə Türkiyədə qiyam qaldıran erməni hərəkatına qoşulur. Bu hərəkatda
uduzduğunu görüb terrorçu dəstə təşkil edir, təxribatlar aparır. Türklərin
say-seçmə adamlarını, tanınmiş ağsaqqallarını öldürür, qızlarını, uşaqlarını
oğurlayır, qətlə yetirir və meyidlərini ayrı-ayrı türk kəndlərinə atırdılar.
Onun ətrafında toplanan ermənilər türklərə
qarşı amansız olmaq, bir erməni ölsə, on müsəlman öldürmək, başını kəsmək,
qolunu sındırmaq, bıçaqla oyub gözünün bəbəyini çıxarmaq, baldırının dərisini soyub duz səpib keçiyə yalatdırmaq, ətlə
dırnağın arasına iynə yeritmək tapşırığını verirdi. 1914-1915-ci illərdə
başlanan iğtişaşın dalğası 1918-ci ildə Zəngəzura gəlib çatır.
Daşnaq lideri Andronik Uzunyan özü
xasiyyətli erməniləri başına toplayıb keçir Naxçıvana. Həmin vaxt saxta sənədlərlə
mərkəzə müraciət edən Şuamyan V.İ.Leninə belə bir teleqram vurur.
“Andronik
Uzunyan Naxçıvanda Şura hökumətini qurdu, ona əlavə kömək lazımdır. Stepan
Şuamyan”.
Lakin
Naxçıvanın ürəyi olan nehrəmlilər Andronikə aman vermirlər. Digər tərəfdən
Osmanlı ordusunun Naxçıvana yaxınlaşdığını bilən daşnak dəstəsini götürüb
Culfa-
Ordubad istiqamətində Mehriyə, ordan Qacaran-Qafan istiqamətində irəliləyib keçir Gorusa.
Ordubad istiqamətində Mehriyə, ordan Qacaran-Qafan istiqamətində irəliləyib keçir Gorusa.
O, özü ilə
Türkiyədən gətirdiyi erməniləri “Qaxtaqan” (qaçqın) adlandırırdı. O, üzünü
onlara tutub deyirdi:
-Qaxtaqanlar,
elindən, obasından ayrı düşmüş yazıq, məzlum ermənilər. Mən sizin dərdinizi
bilirəm. Yaşamağa eviniz, yeməyə çörəyiniz, əkməyə torpağınız yoxdur. Siz
onları Ərdəhanda, Kasrda, Sarıqamışda qoydunuz. Mən sizi bu hala salan türklərdən
Türkiyədə intiqam ala bilmədim. Ancaq intiqamı bu Zəngəzurda türklərin bir
qismi olan müsəlmanlardan alacağam. Budur, müsəlmanların qəhrəmanlarından
biri erməniləri qırıb-çatan Şamil
Kürdoğlu bizim əlimizdədir. Lakin başı da bədəninin üstündə gətirilib.
Qarakilsə
qazamatında atama yaman işgəncə veriblər. Abbas dayı yanıqlı-yanıqlı danışmağa
başladı:
-Arsen adlı
daşnak insanlıq keyfiyyətini itirmiş qaniçən, başkəsən cəllad atama ağır işgəncə
verir. Andranik Uzunyanın tapşırdığı kimi barmağını qapının arasında saxlayıb,
dırnağının mayasına iynə yeridir, suda
saxlanan kərməşov çubuqla gündə üç dəfə döyürdülər. Lakin atam vüqarını əymir,
məğrur dayanır, yoldaşlarının yerini demir. O, üzünü Arsenə tutub deyir:
-Alçaq, güllələ
məni.
Arsen rişxəndlə:
-Ara, ay dəli
müsürman, ara eşitməmisən ki, kirpi ilanı birdən yemir. əvvəlcə onu öz
tikanlarına çırpır, heydən salır, sonra da yeyir. Sənin tez ölməyin mənə sərpəli
deyil. Istəyirsən ölməyəsən, qaçaqların yerini de. Mən də səni öldürməyim,
buraxım çıx get evinə, eli.
-Mən
qaçaqların yerini bilmirəm vəhşilər, cəlladlar. Sizdən imdad da istəmirəm.
Atamın bu
sözləri Arsenin xoşuna gəlmir. Onun əmri ilə atamın sağ baldırının dərisini
soyurlar duz səpirlər, əldə öyrədilmiş keçilərə yalatdırırlar. Bütün işgəncələrə
tab gətirən atamı aparıb “Göyuçuğun” qayasından atırlar. 1918-1920-cı illərdə Zəngəzurda
ağla sığmayan vəhşiliklər törədib ermənilər. Dərələyəz mahalında, İrəvan qəzasında
yaşayan azərbaycanlılara da divan tutublar. Lakin elin-obanın sayseçmə
vuran-tutan oğulları da az olmayıblar. Bir
məsələ var ki, qoçaq adamlar bir-biri ilə ittifaq bağlayıb, əlaqə
saxlamayıblar. Tutalım ki, Zəngəzurda görkəmli adamlar məhv ediləndən sonra Dərələyəzin
igidləri xəbər tutublar. Dərələyəzdə baş
verən faciələri başqa bölgələrdə xəbər tutana kimi iş işdən keçir. Birləşməmək, bir-birinə dayaq durmamaq ucbatından başımıza belə müsibətlər gəlib.
Daşnaklara
qarşı vuruşanlardan biri də qaçaq Qardaşxan olub. Zəngəzurda qaçaq Nuruş, qaçaq
Qardaşxan, Şamil Kürdoğlu, Dərələyəzdə Alı Səfoğlu, Əhmədalılarda qaçaq
Süleyman daşnaklara qarşı vuruşublar. Ancaq onlar təkbaşına vuruşublar, qüvvələrini
birləşdirməyiblər. Ona görə də ermənilər Qərbi Azərbaycanı bölgə-bölgə işğal edə biliblər. Şamil Kürdoğlunun ələ keçməsi qaçaq
Qardaşxanı hədsiz dərəcədə sarsıdır.
-Şamil
Kürdoğlu bizim belimizi sındırdı,-deyir.
Onunla
keçirdiyi günlər kino lenti kimi gəlib gözlərinin özündən keçir. Qoçaq
adamlardan biri də Cəfərli Səməd idi. Daşnaklarla vuruşanda... “Səməd ölən dərə”
deyirik ora. Səməd başına dəstə toplayıb kəndin ətrafında bəndərgahlar düzəltmişdi.
Stepanı öldürəndən sonra ermınilər onun qorxusundan evlərində yata bilmirdilər.
Vəlməmmədli Musa da qorxu bilməz, atdığı yayınmayan, millətini, torpağını,
namusunu ürəkdən sevən bir adam idi. Bizim kənd arxasını söykədiyi “Qızılqaya” çoxlarını yağı gülləsindın xilas
edib. Musa vuruşa-vuruşa gəlib qayada bələd olduğu “Keçi kahası”na girir. O
kaha elə kahadır ki, yüz adam gələ ora girə
bilməz. Üç döngədən sonra kahanın içərisinə çatmaq olur, bərk kahadı.
Xülasə, Musa beş gün mühasirədə qalır. O, gecənin birində canını dişinə tutub,
inamına, haqqa güvənib kahadan çıxır. Onu görmürlər. Görənlər də üzlərini yana
çevirib özlərini görməməzliyə vururlar.
Musa Məmmədli orta cadaya çatanda bir güllə atır. Onun dostları Asvar
kahasında güdükdə dururmuşlar. Musanın gülləsinin səsini elə bir tanıyırlar,
cavab atəşi açırlar və dəstə Musanı
tapır. Elə həmin gecə Musanın dəstəsi İnfil, Ədil, İslam, Cəfərxan daşnaklara bələdçilik
edən satqın ermənilərdən beş nəfəri ələ keçirirlər. Şamil Kürdoğlunun qisasını
alırlar.
Ərikli,
Şükar, Şükarlı, Məliklər, Saybalılar yerlə yeksan edilir. Şükar kəndinin sakinlərindən
qaçıb canını qurtaralar da olub, düşmən pəncəsinə ilişənlər də. Kəndin əlsiz-ayaqsızlarını,
uşaqları, qadınları, qocaları, xəstələri sıraya düzüb gətiriblər “Gəlin atılan qaya”nın üstünə. Bir əmrlə
hamısını qayadan töküblər, qırıblar. Elə ailə olub ki, nəsli kəsilib, kəndi
insan nəfəsindən tamam təmizlənib, dığalar evlərə od vurub yandırıblar.
Mal-qaranı, qoyun-quzunu yığıb aparıblar. Əclaflar itləri, uzunqulaqları da
güllələyiblər. Başı zəncirli itlər, ayağı hörüklü atlar, əzab-əziyyətlə
acından, susuzluqdan ölüblər. Təxmini hesablamalara görə həmin kənddən 2000
qoyun, 750 baş qara mal, sayı-hesabı bilinməyən dana-buzov
aparıblar. 377 insanı qətlə yetiriblər. Şükar, Ərikli kəndlərinin sağ qalanları
Şahbuz rayonuna sığınıblar. Vətən məhəbbəti ürəklərdən çıxmayıb, məsgunlaşdıqları yeri Ərikli,
Şükar, Pulkənd, Ağdü adlandırıblar. Bu gün də onların adları belədir.
Bakı-Sumqayıt
yolunun kənarına diqqətlə baxsanız işğal
olunmuş kəndlərimizin, rayonlarımızın, qəsəbələrimizin adları yazılmış lövhələr
görərsiz. Xalq elinə-obasına, torpağına məhəbbətini, sevgisini həmişə qəlbində
yaşadır. Bu yaxınlardaTərtər rayonuna getmişdim. 1948-ci ildə köçürülənlər məsgunlaşdıqları
bölgəyə “İrəvan” adını qoyublar. Indi hamı onlara irəvanlılar deyirlər. Aqillərimiz
nə deyirsə, həyatda o öz əksini tapır. Abbas Səhhət necə gözəl yazıb:
Vətəni sevməyən insan olmaz,
Olsa, o şəxsdə vicdan olmaz.
Zəngəzurda
yaşayan müsəlman kəndlərində daş-daş üstə qalmamışdı. Kəndlərə od vurub
yandırırdılar. Min bir əzabla qurulan binalar xarabaya çevrilirdi. Bizim kəndin
adı Şükardı. Eşitmiş olarsan, general Akim Abbasov da bizim kənddəndir. O vaxt
Ərikli, Şükar camaatı Naxçıvan torpağına-Şərura keçirlər. Orada qalıb
yaşayanlar kəndlərinin adını da yaşadırlar.
Bəli,
1918-ildə Zəngəzurda azəri türkləri yaşayan 27 kəndi viran qoydu Andrenikin
quldur dəstəsi. Hortuyuz, Zabazadır, Dulus, Ərəfsə, Qarakilsə, Şam, Darabas,
İrmis, Bəhluli Kürdlər, Qalacıq, Dərəkənd, Ağdü, Vağadi, Urud, Qızılcıx, Şəki,
Dəstəqert, Sofulu, Murxuz, İşıqlar, Comardlı və s. Azəri türklərinin qanını içən
cəllad qəddar daşnak generalı Andronik
Uzunyan çox quduz sərkərdə idi. Onun azğın dəstəsi insan düşüncəsinə
sığmayan, dünya təcrübəsində bəlli olan
bütün işgəncə növlərini bizim millətin üzərində tətbiq edirdilər. Adamların lüt
kürəyinə qaynar samavar bağladıb onların əzabından həzz alır, əsirləri kahalara
doldurub kərmə, təzək, küləş yandırıb tüstü ilə qırırdılar. O vaxt bizim qızlar
uzun hörük saxlayırdılar. Mahnılarımıza da hopmuşdu o hörüklər.
Qulac-qulac hörüklərin ilandı,
Incimərəm sal boynuma dolandır.
Qızlarımızın elə uzun saçları vardı ki, onların ucu
topuqlarına çatırdı. Bulaqdan səhəngi öz hörükləri ilə aparırdılar. Erməni
quldurları uzun hörüklü qızların saçlarını dibindən kəsir, özlərinə çatı
toxutdurur, sonra da boğazlarına siyirtmə taxıb ərik ağaclarından asarmışlar.
Murdar erməni həkimləri sağlam oğlan və qızların başlarını kəsib qanlarını
xüsusi qablara yığıb aparırmışlar.
Hamilə
qadınlarımızın qarnına nizə soxur, körpə uşaqları singiyə taxıb yolun kənarına
düzürmüşlər. Çağaları ölmüş anaların döşündə qoyurmuşlar əclaflar.
1918-ci ildə
daşnak lideri Andronik Uzunyanın quldur dəstəsi Zəngəzurun azərbaycanlılar
yaşayan 115 kəndini yerlə-yeksan eləyib 7729 nəfər soydaşımızı qətlə yetiriblər.
Onların 3257-si kişi, 2276-sı qadın, 2196-sı kiçik yaşlı uşa qlar olub.
Mən Abbas
dayı ilə görüşüb ayrılanda elə bil bu söhbətimizdən yaylaqlar da eşitdikləri
haqsızlıqdan qatı dumanla üzlərini örtmüşdülər.
Комментарии
Отправить комментарий