ƏVƏZ MAHMUD LƏLƏDAĞ - 80
ƏVƏZ MAHMUD LƏLƏDAĞ - 80
NIYƏ SAZ ÇALMADIN, LƏLƏDAĞ ƏVƏZ?!
Quş qanadlı illər ömürdən gəlib keçdikcə bir də gözünü açıb görürsən ki,
çox şeylər arxada qalıb, irəlidə isə səni ömrün qürub çağı gözləyir. Və bir də
düşünürsən: bu ötən illərdə nəyi qazandım, nəyi itirdim? İtirdiklərim
qazandıqlarımdan qat-qat çox olsa da, dostlarımı ən qiymətli qazanclarımdan saymışam.
İnsanın həyatda dostları çox olur, vəfalı dost isə müdriklərin dediyi kimi,
tək-tək olur. Əvəz Mahmud Lələdağı da həmişə müdrik və ağsaqqal dost mövqeyində
görüb tanımışam.
Yaxşı yadımdadır: 1989-cu qanlı-qadalı günlərində Qərbi Azərbaycandan
zorla deportasiya olunan soydaşlarımıza mənəvi və maddi dayaq duran, onların
ümid-güvənc yerinə çevrilən insanlardan biri də Əvəz müəllim idi. Mən də həmin günlərdə
Ə.Lələdağla tanış oldum və bizim tanışlığımız dostluğa çevrildi. Ötən otuz ilə
yaxın bir müddət ərzində onun gözəl və mehriban ailə başçısı, bacarıqlı
pedaqoq, istedadlı şair və xalq
etnoqrafiyasını dərindən bilən bir insan kimi görüb tanıdım.
Əvəz Lələdağın ömür-gün salnaməsi olduqca zəngindir. Cəmi bir neçə həftə əvvəl ulu Tanrının ona verdiyi ömrün
səksəninci ili tamam oldu. Bu səksən ilin yarım əsrdən bir az da çoxunu Əvəz
Lələdağ bədii yaradıcılığa həsr etmişdir.
Xalq ədəbiyyatına, milli-etnik yaddaşa qırılmaz tellərlə bağlı olan
Ə.Lələdağın poeziyası öz şəhdi-şirəsi ilə insanı bir anda özünə çəkir. Onun
istər lirik, istər epik, istərsə də publisistik
və dramaturji yaradıcılığında ulu Zəngəzurun poetik obrazı başlıca yer
tutur. Şairin poeziyasında özünün poetik və qan yaddaşında ədəbi aləmə
gətirdiyi Zəngəzurun təbiəti dağlar, dərələr, bulaqlar, qayalar, gədiklər bədii
təsvir obyekti səviyyəsində ümumiləşdirilir. Eyni zamanda bu ümumiləşdirmədə
oxucu doğma Azərbaycanın əsrarəngiz təbiətinin tükənməz sevgi ilə tərənnümünü
müşahidə edir, sevir və ona vurulur:
Bulaqları gözəllərin gözləri,
Dərələri igidlərin diz yeri,
Qayaları Koroğlunun şeşpəri
Qartalların yuvası var bu dağda.
Əvəz Lələdağın şeirlərində Əriməz Sandıqqaya, Leyliqaçan, Üçtəpə, Qanlıca
və sair kimi toponimlər obrazlı deyimlərin axarında poetik səciyyə daşıyır. Zəngəzur
ellərinin milli məişəti, etnoqrafik
mərasimləri, özünəməxsus yaşam tərzi onun peyzaj lirikasının başlıca
xüsusiyyətləridir. Əvəz Lələdağ kökündən köməcinə, iliyindən tutmuş sümüyünədək
kənd ruhunda köklənib, torpağa bağlı bir şair kimi torpaq ətirli, torpaq
bərəkətli şeirlər yaradıb... Şairin poetik yaddaşı həssas oxuculara
Qılıncyalın, Əriməzin, Göbəkdaşın keçmişini danışır, onun əlindən tutub
qarış-qarış Zəngəzuru, Ağbabanı, Dərələyəzi gəzdirir.
Yığcam lirik təsvirlər, xalqımızın şifahi yaddaşından süzülüb gələn
canlı deyimlər dağların poetik tablosunun tamlığını yeni çalarlarla
zənginləşdirir, milli koloriti daha da gücləndirir:
Qış qulun saldımı, payız çıxmamış,
Alalı görünür başı dağların.
Babam tayasını hələ yığmamış,
Kəsdi gədikləri qışı dağların.
Məlumdur ki, qış dağlara daha tez düşür. Örnək gətirdiyimiz bənddə
müəllifin diqqətcil müşahidəsi, xalq danışıq dilindən gələn söz və ifadələr bu
təbiət hadisəsinin bədii-estetik mənasını inandırıcı şəkildə əks etdirir.
Yaylaq həyatı qədimdən bəri xalqımızın məişətinin, ictimai-iqtisadi
münasibətlətinin mühüm tərkib hissəsini təşkil edir. “Yaylaq mövsümünə hazırlıq
və köç elat əhalisinin həyatında mühüm bir hadisə sayılırdı. Demək olar ki, yaz
köçünə bütün qış müddətində hazırlıq görülürdü... Yaylaq köçünə birgə qalxmaq
barədə razılıq əldə edən kəllədarlar (iri davar sürüsü sahibləri) öz aralarında
ən varlı sahibkarlardan birini odabaşı seçirdilər. Obanın köçə hazırlanması
işinə bilavasitə o, məsuliyyət daşıyırdı.
Yaylaq köçünün başlanması el-obada bayram şənliyini xatırladırdı.
Hamı təmiz və səliqəli geyinirdi. Onlar nəinki özlərini bəzəyir, hətta
yüklənmiş öküz, kəl, at, dəvə və arabaları da bəzəyirdilər”.
Ə.Lələdağ “Mən dağların hər üzünü görmüşəm” qoşmasında yaylaq
mövsümünü, elat camaatının məişətini etnoqrafik detallardan yerli-yerində
istifadə etməklə təfərrüatı ilə əks etdirir:
Vaxt olub ki, güneyləri yağlanıb,
Vaxt olub ki, bulaması buğlanıb.
Vaxt olub ki, barxanası bağlanıb,
Vaxt olub yüklənib kəli
dağların.
Vaxt olub ki, üzlü motal tutulub,
Vaxt olub ki, qoç qoyuna qatılıb,
Vaxt olub ki, azmanları satılıb,
Vaxt olub dəyişib halı dağların.
Vaxt olub ki, qaş-qabağı tökülüb,
Vaxt olub ki, alacığı sökülüb,
Vaxt olub ki, el yaylaqdan çəkilib,
Boşalıb sinəsi dolu dağların.
Erməni təcavüzkarları tərəfindən Azərbaycan torpaqlarının işğalı, bir
milyondan artıq qaçqın və məcburi köçkünün problemi, Qarabağ müharibəsi, milli
müstəqillik uğrunda mübarizə, 20 yanvar faciəsi, Xocalı soyqırımı, milli
soykökə qayıdış, özünüdərkə çağırış və sair ideyalar Ə.Lələdağın lirik-epik
poeziyasının əsas istiqamətlərini təşkil edir. Onun “Qələbə biizmlədir”,
“Laçınlılar, tez qayıdın Laçına”, “Şəhid”, “Haray, dünya, haray”, “Yurd
yanğısı”, “Xocalı harayı”, “Qisas qiyamətə qalmasın gərək”, “Qana bulaşan üzük”
və digər şeir və poemalarında erməni təcavüzkarlarının vəhşilikləri,
torpağqlarımızı onların qanlı caynaqlarından azad etməyə çağırış, vətən uğrunda
qurban gedən şəhidlərin əziz xatirəsi, müharibə ağrıları lirik-psixologi
üslubda təsvir və tərənnüm olunur. “Bağışla, a kəndim” qoşmasında doğma
dədə-baba ocaqlarının həsrəti, yurd sevgisi elə incəliklə və həssaslıqla qələmə
alınmışdır ki, istər-istəməz oxucu da bu nisgilin göynərtisi ilə alışıb yanır,
müəllifin səmimi, duyğularının axarına düşür:
Söz verdim, gəlmədim, vəfasızam mən,
Bağışla, a kəndim, bağışla məni.
Məndən inciyibdir, bilirəm çəmən,
Bağışla, a kəndim, bağışla məni.
Babamın ocağı, nənəmin sacı,
Pendirin, lavaşın acıyam, acı,
Oy! Yenə göynədi burnumun ucu,
Bağışla, a kəndim, bağışla məni.
Lirik şeirlərində olduğu kimi, Əvəz Lələdağın poemalarında da qisas
və intiqama çağırış, qəsbkarları
darmadağın etmək ideyası yüksək vətəndaşlıq yanğısı və bədii pafosla ifadə
olunur. Bu cur əsərlərində müəllif xalqımızın tarixi keçmişinə üz tutur, Babək
, Koroğlu, Cavad xan kimi milli qəhrəmanlardan bədii vasitə kimi istifadə
edərək öz fikirlərini əks etdirməyə çalışır. Keçən əsrin 80-90-cu illərinin
xaosunda sanki çıxılmaz vəziyyətdə qalan
müəllif Koroğlunu və onu dəlilərini
xatırlamaqla çıxış yolunu onları səsləməklə görür. Qeyd edək ki, həmin illərdə
bu tip çağırış-müraciətlər Azərbaycan
poezyasının səciyyəvi cəhətlərindən idi. Ə.Lələdağ bu mövqedən çıxış
edərək öz hisslərini poetikləşdirir, Vətən oğullarını qisasa, erməni
vəhşilərini özlərinin yaratdıqları qan dənizində boğmağa səsləyir:
Ağlamaqdan bir şey çıxmaz,
Gəl ağlama nacar, oğul.
Özgələrdən kömək umma!
Öz gücün, qeyrətinə
arxalan sən!
Şəhidlərin qisasını
Qoyma yerdə.
Elimizin bu yasını
Qoyma yerdə!
Ayağa qalx!
Tay-tuşunu yığ başına,
Get düşmənin yolunu kəs!
Tətik kəçən barmağını,
Əlini kəs!
Gözünü tök!
Çarmıxa çək
Ovuc-ovuc qanını iç!
Torpaq üçün canından keç!
Bu misralar Koroğlu harayını, “bağırsaq cəmdəyə dolaşsın gərək”
nidasını yada salır. Həsrət və nisgil, kin və qəzəb, nifrət və intiqam hissləri
çulğaşaraq Vətən övladlarını birliyə, amansız və qaniçən ermənilərə qarşı
səfərbərliyə çağırır.
Ümumiyyətlə, Əvəz Lələdağın yaradıcılığını cəsarətlə Zəngəzurun bədii
xəritəsi adlandırmaq olar. Onun poeziyasında milli-regional coğrafiya və
etnoqrafiya, , poetik toponomiya Qarabağ müharibəsinin və deportasiyasının acı
nəticələrini əks etdirir. Bu aludəçilik məndə belə bir təsəvvür oyatmışdı ki, uzun müddət bu
söhbətlərin təsiirndən çıxa bilmirdim.
Ə. Lələdağ dəfələrlə döyüş bölgələrində olmuşdur və indi də əsgərlər
qarşısında çıxış edərək onları qələbəyə, milli müstəqilliyinizi qorumağa,
dövlətçilik ənənələrinə sədaqətli olmağa səsləyir. Onun “Yaddan çıxmaz
günlərim” kitabında yer alan “Əsgərlər and içirlər”, “Taborda görüş”, “Komandir
Ənvər İlyasov” və digər məqalələrdə müəllif öz təəssüratlarnı qələmə almışdır.
Əvvəldə qeyd etdiyim kimi, Əvəz Lələdağ xalqımızın milli məişətinə, onun etnoqrafiyasına,
adət-ənənəsinə dərindən bələd olan bir insandır. İlk tanışlığımızda o, aşıq poeziyasından, xalqımızın
deyimlərindən və duyumlarından, nağıl, dastanlardan o qədər ehtiras və tükəmməz
məhəbbətlə danışırdı ki, Əvəz Lələdağ həm də gözəl saz çalır. Bir dəfə “saz
çalırsanmı?”- sualını ona verəndə “yox” cavabını eşitdim. Sözün düzünü desəm,
istər-istəməz ürəyimdən bir təəssüf hissi keçdi: axı necə ola bilər ki,
sinədəftər olan bu müdrik saz çala bilmir? Bu hisslərin təsiri altında mən ona
“Niyə saz çalmadın, Lələdağ Əvəz” adlı bir şeir həsr etdim. Təqribən iyirmi il
əvvəl yazdığım bu şeiri indiyədək nədənsə heç yerdə dərc etdirməmişəm. Görünür,
bu da taleyin bir qisməti imiş ki, mən bu şeiri Əvəz Lələdağın 80 illik
yubileyində çap etdirim. Qoy ürəyimdən gələn bu sətirlər onun möhkəm can
sağlığına, ailə xöşbəxtliyinə və yaradıcılıq uğurlarına ulu Tanrı qarşısında
aciz bir bəndənin xeyir-duası, böyük ehtiramla dost ərməğanı olsun!
Niyə saz çalmadın,
Lələdağ Əvəz
Qaldı
Əriməzin qarı dağlarda,
Varı,
bərəkəti, barı dağlarda.
Yarı canım
burda, yarı dağlarda,
Ürək bu
dərdlərə necə dözdü bəs,
Niyə saz
çalmadın, Lələdağ Əvəz?!
Sən zirvədən,
zirvə səndən gen düşdü,
Saçlarına qar
ələndi, dən düşdü.
Zəngəzurdan
Sumqayıta ün düşdü.
Dağları
lərzəyə gətirdi bu səs:
Niyə saz
çalmadın, Lələdağ Əvəz?!
Sazın
sinəsindən qopan dərdləri,
Sümükdən
iliyə hopan dərdləri,
Əvəz Lələdağı
tapan dərdləri.
Fillərə
yükləsən fil çəkə bilməz,
Niyə saz
çalmadın, Lələdağ Əvəz?!
Oğuz
ellərində birdi bu kişi,
Təpədən
dırnağa sirdi bu kişi.
Necə çəkir
görən dərdi bu kişi?
Ürək o
ürəkdi, nəfəs o nəfəs,
Niyə saz
çalmadın, Lələdağ Əvəz?!
Əridir
ömrünü, əridir şam tək,
Doğan günəş
kimi, düşən axşam tək.
Birinə
sevincdi, birinə kömək,
Kimdisə
dardadı, çağırır, tələs,
Niyə saz
çalmadın, Lələdağ Əvəz?!
Avtandil Ağbaba
Əməkdar jurnalist
Комментарии
Отправить комментарий