Sinəsi dolu nənəm!
Sinəsi dolu nənəm!
Allah sənə rəhmət eləsin, ay nənə! sən nələr bilirmişsən. insanın
sağlam yaşaması üçün təbiətin verdiyi nemətlətrdən necə məharətlə istifadə
edirdin. Təəssüflər olsun ki, imperiya nökərləri sənin təbiətlə belə yaxın
təmasda olmağını köhnəliyin qalığı kimi qiymətləndirdilər, səni sorğu-suala
tutdular, divanxanalara aparıb-gətirdilər. Lakin sən xeyirxah əməlindən əl
çəkmədin, ən çətin anlarda camaatın harayına çatdın. Sənin danışdırlarını bəzən
nağıl kimi qəbul edirdim, lakin mən yanılmışam. Sənin dediklərin yadımdan
çıxmır və çıxmayacaq da!
- İlanın zəhləsi gedən yarpız
çox faydalı dərman bitkisidir. O hələ folklorumuza, xalq mahnılarımıza
da nüfuz edib.
Yaz ola,
dovğa ola yarpız ilə,
Qış ola,
isti otaq bir qız ilə...
Bu yaxınlarda çox hörmətli bir adamın söhbətindən:
- Xeyli vaxt idi ki, “Prostat” vəzindən əziyyət çəkirdim. Moskvaya
əməliyyat olunmağa getdim. Lakin tez qayıtdım. Səbəbi də o oldu ki, həkim məni
əməliyyata hazırlamışdı. Başqa bir professor mənə yaxımlaşdı, hansı bölgədən
olmağımı xəbər aldı. O, mənalı-mənalı üzümə baxdı, gülümsədi və dedi:
- Sən o dağların yarpızını qoyub bura niyə gəlmisən? Elə bugün qayıt
Vətənə, dağ yarpızından çay dəmlə, on gün fasiləsiz iç, ol anadan gəlmə. Çox
təəssüflər olsun ki, dostum yarpız tanımırdı. Nənəm qurudub saxladığı yarpızdan
ona verdi və dedi:
- Hər səhər bir çay stəkanı acqarına, günorta yeməkdən əvvəl, axşam
acqarına içərsən, olarsan anadangəlmə.
Kəvər.
Bir vaxt bel ağrısından əziyyət çəkirdim. Kəndə getmişdim. Nənəm əyri
yeridiyimi görüb əl-ayağa düşdü, bir dəstə kəvər gətirdi, məni üzüquylu uzatdı,
belimə bir parça ağ sərdi, onun üstündən kəvər döşədi və belimi sarıdə. Bir
neçə dəqiqədən sonra belim başladı qızışmağa, az qalırdı kəvər belimi
yandırsın, dözürdüm.
Nənəm məni ovutmaq üçün söhbətə başladı:
- Bir gün Suarasında ot biçirdim. Bir də gördüm bir kirpi ilanı
öldürüb yeyir, sonra iki arşın aralıda olan kəvərdən yeyir, yenidən qayıdır
ilanı yeyir. Kirpinin başı ilana qarışanda mən kəvəri kökündən çıxartdım atdım.
Kirpi qayıdıb kəvəri tapmadı, enib arxdan su içdi, partlamaya düşdü, öldü.
Həmin vaxtdan mən kəvəri ağriyan yerə bağlayıram, ağri yox olur. İndi sənin də
bel ağrın keçər, inşallah! Qada-bala Sizdən uzaq olsun, mən də sağaldım, oldum
normal adam.
Süddüyan
südü barədə çox maraqlı hekayəni danışırdı
ağbirçək nənəm:
- Kəndimizdə Şamxal adlı bir kişi var idi. Onun sinni 80-i
haqlamışdı. Onun bədən quruluşunda qəribə vəziyyət yaranmışdı. Adətən insan
qocalanda kaman kimi qabağa əyilir, lakin Şamxal kişi geriyə əyilirdi. Bunu
görən kən d camaatı ona “Madar Şamxal” adı qoymuşdular. Mən bir dəfə həmsöhbət
oldum “madarla”, geriyə əyilmə səbəbi ilə maraqlandım. “Madar Şamxal” başına
gələnləri belə xatırladı:
- Cavan vaxtımda kəhər atın belində Bazarçay yaylağından gəlirdim.
Qaya düzündə xeyli erməni harsını (qadını) gördüm. Onlar süddüyan otunun südünü
xüsusi qablara yığırdılar. Tanıdığım bir harsından Hasmıkdan soruşdum:
- Axçi, Hasmik, Süddüyanın südünü nədən ötrü yığırsınız? O ki zəhər
kimidir? Hasmik belə cavab verdi:
- Süddayanın südü çox qiymətli dərmandır. O, insanın bağırsaqlarında
olan bütün qurdları məhv edir, bədəni ziyanvericilərdən təmizləyir. Ancaq
acqarına içmək lazımdır. Mən də Hasmikdən bir stəkan aldım, yarısına qədər südü
yığdım. Səhər tezdən yataqdan qalxdım, stəkanı götürüb gördüm üzü qaymaq
bağlayıb. Qaymağı qarışdırdım südə, canımı dişimə tutub çəkdim başıma. Süd öz
işini layiqincə gördü, bağırsaqlarımı təmizlədi. Lakin 50 ildən sonra gördüyün
hala düşdüm, geriyə əyildim. Bir gün eşitdim ki, rayona Qarasaqqal adlı həkim
gəlib. Onun qəbuluna getdim. O, məni müayinə etdi, sonra dedi:
-Ağzını dirə ağzıma, var gücünlə üfür. Mən onun tələbini yerinə
yetirdim.
Qarasaqqal həkim üzümə baxdı, gülümsədi:
- Qoca, sən nə vaxtsa acı bir şey yemisən. yadına sal, gör nə
yemisən?
- Mən dərhal süddayanın südümü xatırladım, əhvalatı olduğu kimi
həkimə danışdım. O, aydındır, dedi.
- Sənin onurğa sütununu geriyə dartan həmin südün qaymağıdır. Istəsən
əməliyyat edib səni normal hala gətirərəm. Mən razı olmadım, çünki yaşın o
vaxtı deyildi. Bax belə.
Qızıl
söyüdüm qabığı.
Nənəm bir az nəfəs dərdi, bir fincan buz kimi su içdi və dedi:
-
İndi sizə olmuş bir əhvalat
danışacağam, qulağınız məndə olsun.
Sovet
ordusu Cənubi Azərbaycanda olanda bir nəfər əsgər bərk baş ağrısına mübtəla
olur. Əsgər başına gələnləri belə danışırdı:
- Yolun kənarında oturub dırdimə çarə fikirləşirdim. Bir də gördüm
bir nurani kişi durub başımın üstündə. O dedi:
- Ağa, niyə belə qəm dəryasına qərq olmusan, nədir mərəzin?
Mən güclə başımı qaldırıb onun üzünə baxdım. – Başım bərk ağrıyır, -
dedim.
Nurani kişi qolumdan yapışdı, dedi:
- Ağa, qalx ayağa, gedək evə, dərdinə bir əlac edərik. Mən həmin
kişinin yanına düşdüm, onun evinə getdim. O, mənim başımı ülgüclə qırxdı, sonra
qızıl söyüdün qabığını yandırdı, külü ələkdən keçirtdi, narın külü su ilə
qarışdırıb məlhəm düzəltdi, yaxdı ağın üstünə. Sonra mənə baxdı.
- Ağa, dur indi səni dirəyə sarımalıyam, bu həngaməyə 10 dəqiqə
dözməlisən.
Mən güldüm, - O palçıq nədir ki, mənim başımı sağaltsın, -dedim.
- Ağa, sağalmaq istəyirsənsə mənə qilaq as! Mən aciz idim. O, məni
dirəyə sarıdı, məlhəm yaxılmış ağı qoydu başıma və bağladı. Bir az keşmişdi,
gördüm başımın dərisi yanır. Yanğı getdikcə artırdı. Mən qışqırdım:
- Tez ol, aç qollarımı, aç başımı, aç, aç...
Səhər vaxtı yuxudan ayıldım, gördüm təmiz yorğan-döşəkdə, qan-tərin
içindəyəm. Başımda ağrı hiss etmədim. Qapı ehmalca açıldı, həkimim otağa daxil
oldu:
- Sabahın xeyir, ağa, oyanmısan? Düz üç gündür yatırsan e!
Mən yataqdan qalxdım,elə bir anadan təzə olmuşam, heç bir ağrı, acı
hiss etmədim, qada-bala sizdən də uzaq olsun. İlahi, bu söyüdün qabığında nə
hikmət var? Qonşumuz Zəhra xala 6 il idi ki, baş ağrısına mübtəla olmuşdu. Yer
qalmırdı ki, aparmasınlar, lakin dərdinə çarə tapılmırdı. Mən həmin əsgərin
dediklərini Zəhranın üstündə təbiq elədim. Sağaldı oldu anadangəlmə!
Bir də yadınızda saxlayın. Başınız ağrıyanda malın zinginin
içərisində olan iliyi yeyin,
başağrısı keçsin. Həmin iliyi dəırisə olan şişlərə sürtsən çəkilər. A bala,
nənə qurban, mən bu çağacan bir kinə də atmamışam. Bu dərmanlar olmayanda necə
müalicə olurduq? Odey, malın yaz təzəyini qığıb-qurudurduq, yandırıb külünü
ələyərdik, yığardıq torbalara. Oğlan uşaqları müsəlman olanda, onların yarasına
səpərdik. Əlimizi oraq, dəryaz kəsəndə, həmin küldən kəsilmiş yerə basardıq,
qanaxması da əlbəəl dayanardı. Malın peyinini isti-isti yığıb oynaq ağrılarına
təpitmə edərdik, ağrı yox olardı. Təzəyin külünü, göy əskinin külünü, bir də
malın qaraciyərinin döyülüsünü qarışdırıb dalağın üstünə qoy, şişi çəkilsin,
sağal.
Yeradamı
otu baş ağrısı xəstəliyinin qənimidir. Onun kökünü
qurut, əz, ələkdən keçir, yağda qovur ver xəstəyə, içsin sağalsın.
Qadının döşü şişəndə, inəyin yelini gələndə qurd ayağı sürt, gülün dibindən xam torpaq gətir, palçıq
elə, yax döşə şişi çəkilsin.
Qatırın dırnağını təzə gəlinin üzünə sürtsən onun uşağı olmaz.
Qoz yağı yeyən dostların arası sərin olar.
Qoz ağacının altında yatan adamın ağlı itər, dəli olar.
Arıotu.
Arılar beçə verəndə bir dəstə yığ, əlində tut, yuxarı qaldır. Arılar gəlib onun
üstünə qonacaqlar, uzağa uçmayacaqlar.
Taxıla bit düşəndə dəni sərib yan-yörəsinə qoyun gərməsi düz, bitlər çəkilsin getsin.
Sətəlcəm
otu soyuqdəymənin qənimidir, çay kimi dəmlə, iç! Qoyun
qızıdıranda göy alçanı qaynat, suyunu içirt, qoyun sağalsın.
Yel xəstəliyinə, sətəlcəm olana əncam çəkərdi nənəm. Təzə kəsilmiş qoyunun dərisini keçirərdi
xəstənin lüt bədəninə, tərləyərdi. Qoyunun dərisi bədəndə olan duzu, soyuqluğu
çəkərdi özünə, xəstə sağalıb gedərdi işinə.
Xam paltar
sabunu, ağ soğanı, toyuq peyinini yağda dağ edib həmin məlhəmlə qara yaranı,
yaman yaranı, dolamanı, qusquyruğunu sağaldardı.
Təkənin
laxtalanmış qanını kölgə yerdə çətənin üstünə at,
qurusun. Buna “Yədullah deyirik. Onu yesən, böyrəkdə, sidik kanalında, sidik
kisəsində olan daşı ərisir.
Torpağı qazanda yerdən çıxan soxulcanı
yığ, yu, dolsur, bankaya, ağzını bağla. 3-4 gün qaranlıq yerdə saxla,
onlar qaranlıq yerdə suya dönəcək. Kəskin iyi gəlir. Hasil olmuş məhlulu
ağrıyan yerə sürt, ağrı keçəcək, bel ağrısına yetincədir.
Qazan
qarasını qurudla qarışdırıb sarı yaraya vuranda
(sürtəndə) tez sağalır.
Qulağın ağrısa isti ocaq
daşına söykə, ağrı keçsin.
Kələmi
pörtlədib qara ciyərin üstünə döşə, soyuqlamanı yox etsin.
İlan vuran adamı ölümdən xilas etmək asandır. Ilan vuran yerdən bir
qarış yuxarı möhkəm boğ, duzlu qatıqla yu,
kəvəri qaynat, suyu ilə yaranı yu, sağalsın.
Amma, allah göstərməsin, koramal çalsa, huri-mələklər də yığılıb
gəlsə, xeyri yoxdur. O, yaranı sağaltmaq üçün qız südü, qısraq südü, dəvə
buynuzu, yumurta tükü, dovşan mayası, oğlan xayası lazımdır, onları da tapmaq
mümkün deyil.
Kimyəvi karandaşın ucunu neştər kimi edib ziyili qan çıxana kimi deşərdi, pişik yalayardı, ziyil
çəkilib gedərdi. Ölü aparılanda “O getdi, sən də get” deyərdi nənəm.
Boranı
dənəsini qurdu olan adam acqarına yesə, qurdu tökülər.
ən yaxşı kəsəri əzib bala qatanda olur. Boranılı yarma, boranılı aş, bornılı
umac sinə məlhəmidir, ye, sağal.
Şirin
narın qabığını qurut, əz, ələkdən keçir, çay
dəmlə, əvvəl, ye, yat! Ağzında olan acılıq, dadsızlıq yox olacaq.
Ərik ağacının
qabığını soy, qurut, papiros kim eş, yandı çək,
boğazında şiş varsa çəkiləcək.
Acıqovuq
otunun kökünü çıxarıb qaynadın, həlimi için, iştahı
açır, həzmə kömək edir. uşaqlar qəbiz olanda işlətmə dərmanı kimi istifadə
edilir. O, həm də ödqovucudur. Qaraciyər xəstəliyində faydalıdır.
Qaragilə
meşələrdə olur. Dəmlə, çay içini iç, sidikqovucudur, həm də
dezinfeksiyaedicidir.
Mırcılıq
otunun südü dişlərin dibini möhkəmlədir, dişlər saflaşır.
Qanatma
otunun südündən yatı düzəldib sınıq yerə qoyub sarıyırlar, uşağı olmayan
qadınların belinə bağlayırlar.
Ögeyana
otunun həlimi sinə məlhəmidir, bəlğəmgətiricidir.
Üçyarpaq
otunun həlimi dəri xəstəliyi zamanı istifadə edilir. Öd yollarını açır,
sidikqovucudur.
Qoyunqıran
otunun hazırlanmış həlimindən mədə xəstəlikləri və kolit zamanı istifadə
edilir.
Bağayarpağı
otunun çayını dəmləyib içsən tənəffüs yollarının xəstəliyi zamanı faydasını
görərsən, bəlğəmgətiricidir.
Qatırquyruğu
otu xarici qanaxma, böyrəklərin iltihabı zamanı
işlətmək olar. Ürək fəaliyyətinin zərifliyi zamanı dəmlə, çayını iç.
Sidikqovucudur. Yarpaqlarını əzib qoyunun yarasına qoysan milçək mici salmaz.
Dəmirtikan
otunun kökünü çıxart, yu, xırda-xırda doğra, çay
kimi dəmlə, iç. Mədə-bağırsaqda olan ləti-məti götürəcək. Yel qovucudur, həzmə
kömək edir.
At təsini qurudardı, ovub un kimi edərdi. Baş
yarılanda, əl kəsiləndə yaranın üstünə səpərdi,q anaxma dayanardı. Sərxoşluğa
çox meyl edən çay dəmləyib versən içkini tərgidər-deyərdi nənəm.
Комментарии
Отправить комментарий