Məndən de



             Məndən de

Aşıq Ulduz Sönməzə hərbə-zorba

Aşıq Ulduz, çox güvənmə özünə,
Bir özündən desən, beş də məndən de.
Yazda, yayda başın işə qarışır,
Payızda məndən de, qışda məndən de.

Sazın-sözün sərrafıyam axı mən,
Bu peşənin azı sənsən çoxu mən.
Düz hədəfə tuşlamışam oxu mən,
Bir cüt şamama var döşdə məndən de.

Güllər açar bahar ilə, yaz ilə,
Göllər dolar ördək ilə, qaz ilə.
Evdə danış o sədəfli saz ilə,
Təvəqqə edirəm, işdə məndən de.

Eşqin əl çatmayan hasarı məndə,
Gövhər mücrüsünün açarı məndə.
Fərhadın külüngü, düsəri məndə,
Durmaz qabağımda daş da, məndən de.

Bəzi sənətkarlar həddi aşıbdı,
Səbir kasam silələnib daşıbdı.
Yaddaşım azalıb, ağlım çaşıbdı,
Qalmayıb zənnimdə huş da, məndən de.

Mən qocayam, sən cavansan, ay Ulduz,
Heyran-heyran sənə baxır Ay, Ulduz.
Canıma od saldın, ay can alan qız,
Məclisdə oturum başda, məndən de.

Saçlarına həna qoydun qaraldı,
Sənə baxdım, xanım gözüm qaraldı.
Mənim daz başımı tamam qar aldı,
Çal lövbər salıbdı qaşda məndən de.

Əvəz Lələdağa dəyibdi zərbə,
Başım nələr çəkib ay yazıq körpə.
Sən bilən, yeməzmi qoca at arpa,
Götür sazı, qoca yaşda məndən de!


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri