Ağdü lətifələri 6


Mən tələsirəm

        Bizim kəndlə qonşu kəndin arası yarım günlük yoldur. Kötük kişi hərdənbir yaxın qohumlarına baş çəkmək üçün o kəndə payi-piyada gedərmiş. Maşın çıxandan sonra uzaq yolların yaxınlaşmasına baxmayaraq kötük kişi elə əvvəlki kimi piyada getməyi sevirdi. Bir dəfə o yenə yol ilə gedərkən bir maşın onun bərabərində əylənir. Sürücü başını çıxarıb deyir:
--Kötük kişi, gəl otur, gedək.
Kötük kişi:
--Qadan ürəyimə, mən tələsirəm, sən sür get.

Tanımırsan

Günlərin bir günü Kötük kişi iki səbət üzüm yığıb şəhərdə satmağa gətirir. Şəhərli dostu kişinin üzümünü qonşu uşaqlarına talan elətdirir. Kötük pərt olsada, üstünü vurmur.
        Axşam söhbət ovdan, ovçuluqdan gedir. Kötük ağzından qaçırır ki, onlar tərəfdə yaxşı qaban olur. Aradan bir az keçir, Kötüyün dostu öz qatırı ilə kəndə qaban ovuna gəlir.
Kötük qonağın qatırını aparıb zəmilərin arasında hörükləyir.
        Xoruzun birinci banında şəhərli qoşalülə tüfəngini götürüb çıxır ova. Alatoran olduğu üçün zəminin arasında hörüklənmiş qatırla qabanı seçə bilmir. Elə bilir tərpənən qabandı.Nişan alır,güllə açılır.Gəlib görür ki, vurduğu «ov» öz qatırıdı. O, Kötüyə tərəf təəssüflə baxır.
        Kötük ona deyir:
--Şəhərdə qonağını tanımırsan, kənddə də qatırını

Nə oldu, söyüş çatdı

Kötük məclisdə Mollaya sataşmaq üçün deyir:
--Molla əmi, mənim atam dünyanın o başında dünyasını dəyişib. Sən də dünyanın bu başında oturub ona «Yasın» oxuyursan.Mənə elə gəlir ki, oxuduğun «Yasin» gedib mənim atama çatmır, sən məni aldadırsan.
Molla təmkinini pozmadan deyir:
--Yalançının atasına lənət!
Kötük bərk hirslənir:
--Atam yaşında kişisən, üzümə qarşı atama niyə söyürsən?
Molla asta avazla:
--Hirslənmə, bala, hirslənmə, nə oldu, söyüş dünyanın o başında  atana çatır, «Yasin» çatmır.
Nə təhər olur

        Kötük halal zəhmətlə, alın təriylə gözəl bir bağ hasilə yetirir. «Əli isti» bir adam qazı ilə məsələni yoluna qoyandan sonra gəlib bağ sahibinə deyir:
--Yuxuda görmüşəm ki, bu bağın yeri mənim ulu babamın olub. İndi bu bağ qanunla mənim olmalıdır.
        Kötük nə qədər dad-aman edirsə, bir murad hasil olmur. Bağı zorla alıb « əli isti» adama verirlər. Bir gün Kötük sübhdən qalxır, bel, külüng götürüb gəlir «əli isti» adamın evinin altını qazır. Soruşurlar ki, məqsədin nədir?
Kötük qəddini düzəldib deyir:
--Yuxuda gördüm ki, mənim ulu babam burada yeddi küp qızıl basdırıb. Mən də onları çıxartmaq istəyirəm.
Deyirlər:
--Canım nə yuxu, nə qızıl! Yuxu həmişə çin olmaz.
Kötük «əli isti» adama çımxırır:
--Ə, nə təhər olur ki, sən gördüyün yuxu çin olur, ulu babanın torpaq sahəsini tapırsan, mən babamın gizlətdiyi qızılı tapa bilmirəm? Kənara dur, qızılı tapana kimi qazacağam….

Düşə bilmirəm

        Polis yol hərəkəti qaydalarını pozduğu üçün Kötüyün maşınını saxlayır Kötük də lül-qənbər imiş. Yol polisi onun maşından düşməsini tələb edir. Kötük gözlərini xumarlandıra-xumarlandıra:
---Düşə bilmirəm, --deyir.
        Yol polisi maşının qapısını açan kimi Kötük tir-tap uzanır yerə.
---Görürsən, deyəndə düşə bilmirəm, inanmırsan. Məni düşürdün, indi mindir maşina,çıxım gedim.
Nə vaxt at demişəm

Kötük alimlik dərəcəsini təzəcə almışdı. Bir nəfər ağıldan seyrək adam Kötüyə sataşmaq üçün deyir:
        Sənin necə alim olmağına mat qalmışam. Sən necə alimsən ki, at ilə uzunqulağı bir-birindən seçə bilmirsən?
        Kötük üzünü adamlara tutub deyir:
---Ay camaat, mən nə vaxt bu adama at demişəm?


Sözün gücü

Günlərin bir günü sürətlə gedən «Zaporecets» bir yekə uzunqulağı vurub uzadır yolun ortasına. DAM işçiləri gələnə qədər sürücü hadisə yerindən qaçır. Amma camaat qarışqa kimi qaynaşır. Adamlar imkan vermirlər ki, qəza yeri ölçülüb-biçilsin. DAM işçiləri hey qışqırıb deyirlər:
--Ay camaat, Allaha baxın, çıxın gedin, qoyun işimizi görək.
Kimə deyirsən? Birdən Allah yox yerdən Lütvəlini yetirir. DAM işçiləri ondan xahiş edirlər ki, camaat onu tanıyır, hörmət edir:
--Lütvəli  lələ, bu camaata deyin çıxıb getsinlər.
Lütvəli səs gücləndirəni götürüb bir qəər yerdə durub deyir:
--Diqqət, diqqət! Xahiş olunur mərhumun qohumları qalsın, qalanları getsin!
Bu sözdən sonra hamı bir-bir aradan çıxır. Meydan tamam boşalır.

Axı belə olmaz

Gündüşməz kəndinin əhalisini uşaqdan-böyüyə «Kölgəli bağa» yığmışdılar. Şəhərdən gəlmiş alim din əleyhinə nə az, nə də çox düz iki saat mühazirə oxudu. O, söhbətini qurtaran kimi iclası aparan ayağa qalxıb məclis əhlinə müraciətlə dedi:
--Hörmətli alimə kimin sualı var?
Ön cərgədə əyləşmiş Kötük kişi:
--Mənə bir barmaq ver,-deyə alimdən soruşdu. –başına dönüm, qoyun görmüsən?
Alim gülümsəyib cavab verdi:
--Əlbəttə, görmüşəm.
--Qadan alım, bəs inək necə?
--İnək də görmüşəm, Kötük kişi. Bunları nə mənada soruşursan?
--Belə sözümün canı var ey, dərdin alım. Onlar nə yeyirlər?
--Hər ikisi ot-ələf.
--Ürəyin qadama, bəs necə olur ki, biri qığlayır, biri isə
Alim gördü daş-qayaya rast gəlib, susdu.
--Bax, görürsən, iki peyini bir-birindən ayıra bilmirsən, amma Allahın işinə qarışırsan. Axı belə olmaz, -deyə Kötük kişi başını buladı

Mən də uduzdum

Bir dəfə Kötük Bakıya gəlir. Dostu onu qarşılamaq üçün qabağına çıxır. Görüşüb hal-əhval tutandan sonra dostu Kötüyə deyir:
--Gəlsənə bir oyun oynayaq. Gəl şahmat oynayaq.
Kötük deyir:
--Bacarmaram.
        Hansı oyunu deyirsə Kötük bilmədiyini söyləyir və əlavə edir ki, mən kəndli babayam, elə oyunları hardan bilim? Yenə tapmaca, lətifə olsa, bəlkə mən də iştirak edərdim.
        Şəhərli razılaşır. Kötük deyir:
--Onda birinci tapmacanı mən deməliyəm.
Şəhərli bildirir ki, kim uduzsa 25 manat verəcək. Kötük razı olmur. Beş manatı olduğunu bildirir. Şəhərli razı olur. Kötük tapmacanı deyir: «O nədir ki, göydə olur üç ayaqlı, yerdə olur iki ayaqlı».
Şəhərli nə qədər fikirləşir, cavabını tapa bilmir və Kötükdən soruşur:
--Sən uddun, məni intizar qoyma, de görüm o nə heyvandır?
Kötük deyir:
--Açığını deyim, heç mən də bilmirəm nədir, mən də uduzdum, al beş manatı.

Birini də o tutardı

Bir kişi uzunmüddətli səfərə çıxdığı üçün özünün on baş qoyununu qapıbir qonşusu Kötüyə tapşırır və muğayat olmağını xahiş edir.
        Kötük qonşusu gedən kimi qoyunlardan birini kəsir. Vaxt tamama yetişir. Kişi səfərdən qayıdır. O, gəlib qoyunlarını aparmaq istəyəndə görür qoyun doqquzdur. O, qonşusunu çağırıb soruşur:
--A Kötük, axı, burda doqquz qoyun var.
Kötük cavab verir:
--Bəli, doqquzdur
--Axı mən sənə on qoyun vermişəm
--Ondur də.
--Axı burda doqquz qoyun var.
--Doqquzdur də.
Kötük görür ki, qonşu elə dediyini deyir:
--Qonşu mən gedim on adam gətirim hərə bir qoyun tutsun. Əgər hər adama bir qoyun çatsa, sən deyəndi, yox çatmasa mən deyəndi.
Qonşu gedib on adam gətirir, hərəsi bir qoyun tutur. Birinə çatmır. Qoyun yiyəsi qabağa yeriyib deyir:
--Gördün Kötük, birinə çatmadı.
Kötük coşmuş halda deyir:
--Cərə çatsın, cəhənnəmə çatsın, fərasəti vardı, birini də o tutardı.

Dostluq təmənnasız olmalıdır

Gündüşməz kəndində qonaqlı-qaralı bir adam yaşayırmış. Taleyin hökmü ilə o, tərəqqidən-tənəzzülə düşür. Günlərin birində adlı-sanlı dostlarından biri onun həyətinə at sürür. Onun qabağına çıxan, atının cilovunu tutan olmur.
        Ev sahibi yaxın dostunun gəldiyini görüb həyəcan keçrir.
Onu necə yola salacağı barədə fikirləşir.
Ona «xoşgəldin» deyir, süfrə salır. Bir arpa cadanı süfrəyə qoyur, sonra da ələyatan bir çomağı süfrənin qırağına qoyur. Qonaq da xəncərini çıxarıb qoyur süfrəyə. Onlar arpa cadanı şirin-şirin yeyirlər. Axırda qonaq soruşur ki, bu çomağı nədən ötrü gətirdin. Ev sahibi cavab verir:
--Əgər mənim arpa cadımı qırmızı kababım kimi yeməsəydin durub başını bu çomaqla əzəcəydim.
--Bəs sən xəncəri niyə qoydun?
Qonaq cavab verir ki, dil-ağız eləsəydin səni öldürəcəydim. Dostluq təmənnasız olar.

Bunların yerinə

Deyirlər daş-qaş yığmağa hərislik göstərən bir adam varmış. O, hamıdan xəlvət zirzəmidə bir xəzinə düzəldir, tilsimli qapı saldırır. O qapını əri tərəfdən ancaq açmaq mümkün imiş. Bir gün yenə onun əlinə xeyli qənimət düşür. Sevincək qəniməti xəzinəyə aparır. Çaşıb açarı qoyur bayırda. Qapı bağlanır. Haray-hara çatar? Görür ki, ömrünün sonudur. Barmağını kəsib qanı ilə zirzəminin divarına belə yazır: «Burulğanında qaldığım bu qədər daş-qaşın yerinə bir parça çörək, bir qurtum su olsaydı, bir həftə artıq yaşaya bilərdim…»

Ərəbi ölmüş dəvə

Bir dəfə Kötük güclü təzyiqə məruz qalır, ona yaxınlaşanlara eyni sözləri təkrar edir:
--Mənə nə var, ərəbi ölmüş dəvəyəm.
Deyirlər, Kötük, belə deyərlər: Dəvəsi ölmüş ərəbəm.
O, cavab verir:
--Buradakı mənanı siz başa düşmürsünüz. Yiyəsiz qalmaq böyük faciyədir. İndi biz ərəbi ölmüş dəvənin günündəyik.

Fil həkimi

Deyirlər ədalətli və səxavətli şah bir gün belə bir fərman verir:
--Bütün həkimləri-can həkimi, mal həkimi fərqi yoxdur, siyahıya alın və ayda hərəsinə 50 dirhəm əlavə maaş verin!
Kötük kişi fərmandan xəbər tutan kimi arvadla məsləhətləşir:
--Arvad!
--Bəli, a kişi!
--Deyirəm gedim özümü fil həkimi yazdırım, bizim məmləkətdə fil yoxdu ha.
Arvad çox deyir, kişi az eşidir. Kötük inadından dönmür, gedib özünü fil həkimi yazdırır, ayda 50 dirhəm alıb kirmişcə həzm- rabedən keçirir.
Günlərin birində hind ölkəsindən şahın qonağı gəlir. Qonağı gətirən fil şəhərin 3 ağaclığında xəstələnir. Şahın adamları axtarıb fil «həkimi» Kötük kişini tapırlar. O, əyninə xalat geyinir, başlayır fili «müayinə» etməyə.
        Aradan bir həftə keçir. Qonaq öz işini qurtarır, qayıtmaq məqamı çatır. Şahın adamları gəlirlər ki, fili aparsınlar. Onlar nə görsələr yaxşıdır. Görürlər fil həkimi filin başına fırlanır. Gələnlər soruşurlar:
---Həkim, filin xəstəliyi nədən imiş?
Kötük cavab verir:
--- Ay başınıza dönüm, düz bir həftədir ki, mən bu filin irəlisi ilə gerisini tapa bilməmişəm. Onu əyyən edən kimi filin xəstəliyini deyəcəyəm.

Borc

Kötük kişi ondan-bundan borc alıb siyahı tuturmuş. Bir gün borc verənlərdən biri gəlib borcunu geri istəyir. Kötük kişi siyahıya baxıb deyir:
--Atam, sən siyahı üzrə dördüncü adamsan, istəyirsən beş manat ver, səni salım qabağa.

Gör məni kimlər döyür?

Bir dəfə Kötük mağazadan qadın alt paltarı oğurladığı üçün onu tutub qatırlar bir otağa, qolu zorlu oğlanlar başlayırlar onu döyməyə.
Kötük də matdım-matdım baxır və deyir:
--Bircə ona yanıram ki, gör məni kimlər döyür?

Sən də ol 25

Bir dəfə Kötük körpünün üstündə durub sayırmış 1, 2, 5, 15, 20, 24…Xaço baxır ki, körpünün üstündə heç kim yoxdu, amma Kötük sayır «bu da 24».
Xaco soruşur, ara Kötük, nə sayırsan?
Kötük Xaçonu danaboyun edir atır çaya «sən də ol 25» deyir.

Fokus

Bir ziyafətdə boşqabın içində iki qızıl qaşıq olur. Qaşıqlara Kötüyün gözü düşür. Lakin Xaço ondan qabaq qaşığın birini əkir. Kötük görür ki, Xaço qaşığı sol cibinə qoydu. Kötük də qaşığı götürür və deyir:
--Mən indi sizə fokus göstərəcəyəm. Mən bu qızıl qaşığı bu cibimə qoyuram, qaşıq Xaçonun cibindən çıxacaq.
O, qaşığı cibinə qoyur, sonra gedib Xaçonun cibindən çıxarır. Beləliklə Kötük qaşığın birini «fokus» vasitəsilə qazanır.

Mən bu ə mat qalmışam.

Bir gün Kötük cüt əkirmiş. Vacib üçün əyyən müddət cütdən ayrılır. Bu zaman oğrular kişinin öküzlərini oğurlayırlar. Oğrulardan biri öküzləri aşırır yalın dalına, o biri qalır cütün yanında. O, Kötüyü görən kimi başlayır deyinməyə.
--Mən bu ə mat qalmışam, vallah mat qalmalı işdi.
Kötük soruşur.
--Nəyə mat qalmısan?
Oğru deyir:
--Mat qalmışam ki, sən bu cütü öküzsüz necə əkirsən?
Kötük baxır ki, öküzlər yoxdu və deyir:
--Mən də elə mat qalmışam ki, sən burdasan öküzlər hanı?

12 desəydim başımı kəsərdi

Bir dəfə Kötük məşədi-kərbəlayı Hacı Yetimqulunun qoyunlarını otarırmış. Yetimqulunu tanıyanlardan biri atın üstündə buradan keçirdi. O, Kötükdən soruşur:
--Ağan kimdir?
Kötük cavab verir:
--Məşədi-kərbəlayı Hacı Yetimqulu
Kərbəlayı soruşur:
---Kimə inanırsan?
---Ağam kimə inanır, mən də ona!
---Neçə imam var?
---120.
Belə deyəndə atın üstündəki əlindəki qırmacla nə təhər çəkirsə Kötüyün dodağı çatlayır. Ağası axşam soruşur:
----Səni kim bu hala salıb?
Kötük əhvalatı danışır. Ağası deyir:
---Çorək səni tutsun, deyərdin 12 imamın var da.
---Ay ağa, başına dönüm, heç 120 dedim razılaşmadı, 12 desəydim başımı kəsərdi.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri