Allah, məni yük eləmə
Allah, məni
yük eləmə
Allah, məni yük eləmə,
Nə qohuma, nə qardaşa.
Allah, məni tək eləmə,
Yamaq elə Qoşundaşa.
Heyim gedib, vayım qalıb,
Bir cüt, bir tək tayım qalıb.
Ox tükənib, yayım qalıb,
Ömür çatıb qarlı qışa.
Bel bükülür, diş tökülür,
Dincliyim dara çəkilir.
Təzə bir yuva tikilir,
Perik düşən qaranquşa.
Öz yuvası tapdaq altda,
Igidlərim torpaq altda.
Bir dağ üstdə, bir dağ altda,
Dünya hələ gedib huşa.
Ömür keçir, yaş qarıyır,
Gülşənimə qış yeriyir,
Əvəz buz kimi əriyir
Ahı düşür dağa-daşa.
Комментарии
Отправить комментарий