Nakam məhəbbətin ağrı acısı kitabından şeirlər 2ci hissə


Vətən torpağı

Görən kim göndərdi qəfil bəlanı,
Bu qəfil qasırğa komamı yıxdı.
Gözü yaşlı qoyub altı balanı,
Evimin xanımı səfərə çıxdı.

İlahi, bu səfər uzaq səfərdi,
Bu yoldan qayıdıb gələn olmayıb.
İlahi, verdiyin dağ boyda dərdi,
Oturub yarıya bölən olmayıb.

Özüm çəkməliyəm bu dərd yükünü,
Axşamım, sabahım qara olubdu.
Ya Rəbbim, fələyin bu sərt yükünü,
Çəkməkdən cınağım yara olubdu.

Yumdu gözlərini, əbədi yumdu,
Axdı ürəyimə qanlı göz yaşı.
İstəyim, həvəsim gözümdə dondu,
Boynubükük qaldı bir üzük qaşı.

Vətən dağlarına tutdum üzümü.
Baxdım, zirvədəki o qara baxdım,
Qərəmət yuxusu yumdu gözümü,
Yatıb oyanmadı o qara bəxtım.

Yatıb oyanmadı o qara bəxtım.
Sinəmi dağladı bu hicran dağı,
Gözünə tökməyə tapa bilmədim
Bir ovuc müqəddəs Vətən torpağı.

Eşqimi göylərdən endirmə, gülüm,
Getmə, çırağımız qaralır axı,
Bu sınıq könlümü sındırma, gülüm,
Məhəbbət bağımı qar alır axı.

Ya Rəbbim, Ya rəbbim, bu tufandı,
Tifağım dağıldı, ocağım söndü.
Şirin arzularım içimdə yandı,
Gəlimli, gedimli o çağım söndü,

Yatıb oyanmadı o qara bəxtım,
Sinəmi dağladı bu hicran dağı.
Gözünə tökməyə tapa bilmədim,
Bir ovuc müqəddəs Vətən torpağı.
1995
Qalıb

Nə müddətdir səndən ayrı düşmüşəm,
Donmuşam, açılmır donum, ay mələk.
Qəm sacında qovrulmuşam, bişmişəm,
Məşhərəcən yanar canım, ay mələk.

Heç yerdə bir qərar tuta bilmirəm,
Səni axtarıram xeyirdə, şərdə.
Gecələr sübhədək yata bilmirəm,
Arzum tora düşüb, ürəyim dərdə.

Əhdim şikəst olub, istəyim zəlil,
Həyatdan doyunca kam almadım mən.
Kədər üstələyir məni ilbəil,
Çəkilmir yolumdan nə duman, nə çən.

Sənsizəm gecələr yuxum qarışır,
Hicran yaman yerdə təkləyir məni.
Gündəlik qayğılar başımdan aşır,
Tale qəm-qüssəylə yükləyir məni.

Ta həyat eşqiylə döyünmür ürək,
Həsrətin qıvrılıb sinəmdə yatıb.
Sənin varlığınla öyünmür ürək,
Xeyirxah əməlin çəməndə yatıb.

Yolum bitdi, ağzım daşa dirəndi,
Ömrün bu çağında itirdim səni.
Bəxtimin gülşəni solub, örəndi,
Gözümün içində bitirdim səni

Sən köçdün, mən qaldım yurda gözətçi,
Könlüm ev-eşiyə sığışa bilmir.
Kasıb komamızdan perik düşüblər,
Uşaqlar bir yerə yığışa bilmir.

İlk görüş yerimiz yadıma düşür,
O vaxtdan, əzizim, əlli il keçir.
Xəbərim olmadan illər ötüşür,
Dünyadan qəhrəman oğullar köçür.

Yamanca sarsıdır yoxluğun məni,
Boynumu bükürəm yetim uşaq tək.
Sənsiz gəzəmmirəm çölü, çəməni,
Əlimi, qolumu bağlayıb fələk.
Əkdiyin ağaclar gözləyir səni,
Güllər sığalına tamarzı qalıb.
Gecələr tənhalıq sarsıdır məni,
Canımda sənsizlik azarı qalıb.
01.11.2004
Bir şirin paysan

Sən gəldin dərdimin bağrı yarıldı.
Açıldı könlümün qaşı, qabağı.
Sən gəldin təbəssüm mənə yar oldu,
Küskün sevincimin qaçdı dodağı.

Qəlbimdən keçəni yaman bilmisən,
Qəm-qüssə üstümü almışdı, gülüm.
Gəl otur yanımda sən xoş gəlmisən,
Gözüm astanada qalmışdı, gülüm.

Meylimi salmaram dövlətə, vara,
Halal zəhmətimlə ərsəyə çatdım.
Hərdənbir düşəndə borana, qara,
Sazağı şerimin gözünə qatdım.

Hər səni görəndə dünyam sevinir,
Qönçə arzularım gül açır mənim.
Sevincim, fərəhim səmadan enir,
Məhəbbət aləmim dil açır mənim.

Bu gün sən necə də gözəl olmusan,
Elə bil dənizdən boylanan aysan.
Hurisən, mələksən, göydən enmisən,
Bəxtimə yazılan bir şirin paysan.

Sənin gülşənində gül, çiçək solmaz,
Sevgi güllərini göndərən sənsən.
Səni heç nə ilə dəyişmək olmaz,
Eşqimin odunu söndürən sənsən.
2005
Pənah Allaha

Əzizim, gəl daşı tök ətəyindən,
Körpəcə deyilsən, uşaq deyilsən,
Dərdini çəkməkdən çürümüşəm mən.
Axı yaxınımsan, uzaq deyilsən.

Mənim son gümanım sənə qalıbdı,
Dözdüm əzabına, əziyyətinə.
Baxışım ilhamı səndən alıbdı,
Niyə inanmırsan sədaqətimə?

Oturub hər gecə məni danlama,
Eşqin atəşini söndürmə, gülüm.
Dinin nə günahı, dini danlama,
Arzum göylərdədi, endirmə, gülüm.

Eşqinlə köksümdə çırpınır ürək,
Hicran yanğısına nə qədər yanım?
Gözümün qurdunu öldürüb fələk,
İndi daha coşmur damarda qanım.

Bu dərdli qəlbimi yaxma odlara,
İşimi düyünə salıbdı həyat.
Xanım, gəl eyləmə günümü qara,
Acı loxmamı da şirin kimi dad.

Sinəm körükdürsə, ürəyim kürə,
Sən mənim gözümdə sevgili cansan.
Gəl, cavan ömrü vermə hədərə,
Bağrımı elə yar, ağrımasın can.

Nəyimə gərəkdir sənsiz bu canım,
Həsrətin əlində qalıbdı yaxam.
Sənin tək gözələ halaldı qanım,
Allah göz verib ki, gözələ baxım.

Sevgi olan yerdə nədir ibadət,
Vüsal aman verməz həddimi aşım.
Könül sındırmağa etmədim adət,
Yol göstər, səninlə necə dalaşım.

Sanma  , gücsüzəm, zəifəm daha,
Tanrıdan gəlibdi cəza, neyləyim,
Hələ ümidliyəm, pənah Allaha,
Meylimi salmışam saza, neyləyim?
27.01.2009
Çatmayır

Buludlar olubdu qasidim, Allah,
Gözümün yolunu kəsib duman, çən.
Yurddan perik düşüb qəsidəm, Allah,
Yadların əlində inləyir Vətən.

Gecələr gözümə gəlməyir yuxu,
Xiffət eyləməkdən canım üzüldü.
Daşlara çırpıldı eşqimin oxu,
Yardan ayrıldığım sanki yüz ildi.

İndi od içində yanır varlığım,
Nadanlar satdılar namusu, arı.
Məndən uzaqlaşıb bəxtiyarlığım,
Kimin ucbatından itirdim yarı.

Pozuldu növrağım, söndü çırağım,
Kefimin nəşəsi getdi əlimdən!
Bir daha qayıtmaz o xoşbəxt çağım.
Xəbərsiz olmuşam  qönçə gülümdən.

Taleyin ürəyi, qəlbi daş imiş,
Əcəl can almağa niyə tələsdi.
Soldu şamamalar tağda, dəyməmiş,
Gülşənin üstünə qara yel əsdi.

Elimə, obama tamarzı qaldım,
Amma ümidimi üzmürəm yenə.
Gərdişdən həmişə narazı qaldım,
əzab qaldı ki, verməsin mənə.

Aylarla, illərlə düşmürəm yada,
Elə bil həyatda yaşamıram mən.
Etibar görmədim fani dünyada,
Sabah torpağındı bu günkü bədən.

Nələr itirmişəm, sayı bilinməz,
Qara yer yaxşını, yamanı udub.
Əcəl dinə gəlməz, insafa gəlməz,
qədər dəyərli insanı udub.

Qəmdən baş götürüb hara qaçım mən,
Qartallı dağlara ünüm çatmayır.
Vallah qabar olub dilimdə Vətən,
Bu dərdi çəkməyə gücüm çatmayır.

Fil çəkə bilməz mən çəkən dərdi,
Yamaclar dağılıb kollar kökdə.
Hara üz tuturam yolum çəpərdi,
Dağlar kökdədi, yollar kökdə.

Bir çarə tapılmır müşkül dərdimə,
Bayquşlar ulayır şəhərdə, kənddə.
Namərd hücum çəkir indi mərdimə,
Dağılıb bərə , sökülüb bənd .

Hər gecə tənhalıq qəlbimi üzür,
Vüsalın əlinə əlim çatmayır,
Taqətdən düşübdü, dizlərim əsir,
Dərib qoxlamağa gülüm çatmayır.
23.03.2009
Bilmirəm

Uzaqdan görürəm, gözüm qamaşır,
Günəşsən bilmirəm, Aysan bilmirəm.
Hüsnünə baxanda xəyalım çaşır,
Çeşməsən, bulaqsan, çaysan, bilmirəm.

Barışa bilmirəm haqsız sitəmlə,
Gecəm ahla keçir, gündüzüm qəmlə.
Dərdimi bölürəm qoca qələmlə,
Bəlkə də Leyliyə taysan, bilmirəm.

Demirəm hər yerdə düz iş görürəm,
Gəncliyi canımdan təzmiş görürəm.
Eşqi, ehtirası bezmiş görürəm,
Gərilmiş kamansan, yaysan, bilmirəm.
Çəkilmir yolumdan hələ duman, çən,
Yaxam qurtarmayır divanəlikdən,
Günahkar olsam da, olmasam da mən,
Sevincsən, fərəhsən, toysan, bilmirəm.

Bülbül gül telinə mirvari düzür,
Məhəbbət yolunda canını üzür,
Pərvanə atəşə, alova dözür,
Gecikən həftəsən, aysan bilmirəm.

Bilməzdim sən mənə əzab verərsən,
Sinəmi xəncərlə yarsan əgər sən,
Eşqinlə çırpınan ürək görərsən,
Haqdan gələn qismət, paysan bilmirəm.
2009
O Əvəz deyil.

Sevdiyim qız deyil, mələkdir, mələk

Bir ürkək ahudur,  ovsuna gəlməz.
Eşqiylə alışan ürəkdir, ürək,
Onu sevən aşiq can verər, ölməz.

Bir gün mehman ola, qala yanımda,
Cavanlıq alovu coşa qanımda.
Həyat cövlan edə damarlarımda,
Vüsalın dadını hər yetən bilməz.

Hökmü ürək verir, eşq həvəs deyil,
Çəkdiyin əzablar bil, əbəs deyil.
Sən görən Əvəz o, Əvəz deyil,
İçində dərd çəkən sevinib, gülməz.
26.08.2008
Dağlar

Sizdən ayrı düşən gündən,

Könlüm olub yara, dağlar
Gecə-gündüz cəhd edirəm,
Çatammıram yara, dağlar.

Yoxa çıxıb təbib-loğman,
Tapılmayır dərdə dərman.
Gəlib çıxa nazlı ceyran,
Bu köksümü yara dağlar.

Həsrət qaldım gülüşünə,
Baxammıram yerişinə.
Lələdağın bir işinə,
Bircə  dəfə yara, dağlar.
27.08.2008
Bəs niyə gəlmirsən

Gözlərim olubdu yollar dustağı
Bəs niyə gəlmirsən, başına dönüm?!
Gəl öpüm ayağın dəyən torpağı,
Yoxsa sənə çatmır sorağım, ünüm,
Bəs niyə gəlmirsən, başına dönüm?!

Əzəldən olmusan qəlbimə həmdəm,
Gəl könül mülkümü nurlandır hər dəm.
İlıq nəfəsinlə ərisin dərd-qəm,
Sevinclər qoynunda keçsin hər günüm,
Bəs niyə gəlmirsən, başına dönüm?!

A nazəndə gülüm, a boyu bəstə,
Həmişə yerin var gözlərim üstə,
Hicrinə dözməyib olmuşam xəstə,
Qıyma qəm içində sozalım, sönüm,
Bəs niyə gəlmirsən, başına dönüm?!

Bir ürək vermişəm, əmanət sənə,
Əvəzəm, etmərəm xəyanət sənə.
Təbiət bəxş edir dəyanət sənə,
Gəl olaq həsrətə, hicrana qənim,
Bəs niyə gəlmirsən, başına dönüm?!
1983
Mən səni sevdim

Könülsüz yaşamaq yaşayış deyil,
Ağızda böyüyər könülsüz tikə.
Ömrün bahar çağı hələ qış deyil,
Ömrün qış çağına çatmadıq bəlkə.

Bahardan qışadək yay var, payız var,
Neçə yoxuş çıxıb, yal aşmalıyıq.
Bəlkə bəxtimizə belə yazılıb,
Bəlkə ömür boyu dalaşmalıyıq.

Getdiyin bulağa yüz dəfə getdim,
Əlin dəyən daşı öpdüm yüz kərə.
Tər çiçək toplayıb könül bağından,
Gəldiyin yollara səpdim yüz kərə.

Sənin nə taqsırın mənəm günahkar,
Gəzib dolandığın çəməni sevdim.
Allah qarşısında bir günahım var,
Sən məni sevmədin, mən səni sevdim.
1992
Sən də mənə vermə qəm

Sevgilim, insafa gəl,
Hər sözə qoyma məhəl.
Özün yaxşı bilirsən
Mən sevdalı bülbüləm,
Sən də mənə vermə qəm.

Sən ey bahar nəfəslim,
Qəlbi gənclik həvəslim.
Səni qəmli görəndə,
Düşür əlimdən qələm,
Sən də mənə vermə qəm.

Qəlbim sənin əlində,
Şirin nəğməm dilində,
Məndən kənar gəzmə sən,
Gəl olaq qoşa həmdəm
Sən də mənə vermə qəm.

Ömürdən düşür varaq,
Gedir əldən təmtəraq.
Bu hikməti unutma
Bir də tapılmaz bu dəm,
Sən də mənə vermə qəm.

Sən qönçə gül, mən bülbül,
Qönçə kimi açıl, gül.
Qaş-qabaq açıq gərək,
Gözəldir indi aləm,
Sən də mənə vermə qəm.

Unutmusan

İstiqanlı bir insandın,
Mehribandın,
Nurlu idin al şəfəq tək,
Dodaqların təbəssümlü,
Yanaqların çiçək-çiçək,
Hərarətin günəş qədər.
Birdən-birə buza dönüb,
Soyuqlaşdın.
Şirin idin, şirin, şəkər,
Nədən belə acılaşdın.
Vicdanı pak,
Eşqi təmiz ola-ola,
Niyə düşdün əyri yola.
Sən mərd ikən namərdləşdin,
Sərt deyildin, sən sərtləşdin,
Dünəninə oldun düşmən.
Bu hikməti görəndə mən,
Ağlım çaşdı,
Sənə olan duyğularım
Sönükləşdi, cılızlaşdı,
Həqiqəti tapdaladın,
Dilə-dişə düşdü adın.
Qayıt geri,
Tamah səni tora salar,
Adətimə xor baxanlar,
El içinə çıxa bilməz,
Məğlub olar.
Bu haldı, bu yoldu,
Sən tutmusan.
Gərək deyəm, incimə, dost,
Sən özündən xəbərsizsən,
Özünü unutmusan.
1984  
Ürəyim

Bir qulaq as ürəyimin səsinə,
Haray salır tüğyan edir ürəyim.
Bu dünyanın yoxuşu var, düzü var,
Bilməm nədən gileylidir ürəyim,
Haray salıb tüğyan edir ürəyim.

Süzgün baxdın dəli könlüm alışdı,
Ulduzumuz həmdəm oldu barışdı.
Gülüşlərin gülüşümə qarışdı,
Bilməm nədən gileylidir ürəyim,
Haray salıb tüğyan edir ürəyim.

Eşqin məni gülüstana səslədi,
Məhəbbətin gülşənimi bəslədi.
Vüsal çağı bu dönüklük bəs nədi,
Dönüklükdən gileylidir ürəyim,
Haray salıb tüğyan edir ürəyim.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal