Hərənin öz arşını
Hərənin öz
arşını
(yumorlu hekayə)
Çoban Qaraxanın çobançılıq fəaliyyətinə başladığı
vaxtdan nə az, nə çox, düz 60 il ötürdü. O kim demişkən saçını-saqqalını bu
yolda ağartmışdı, yay yaylaqda, qış qışlaqda ömür yormuşdu Çoban Qaraxan.
Allı-güllü yaylaqlarda, buz bulaqların başında, çənli-dumanlı,
zirvəsi qarlı dağların təmiz havasından udub, diş göynədən qar suyundan
ovuc-ovuc, qurtum-qurtum içib, sütül kabablardan dişinə çəkib, istidə-soyuqda,
qarda-boranda, çəndə-dumanda bərkiyib buz baltası kimi can bəsləmişdi Çoban
Qaraxan. O, bir dəfə də olsun paltarını soyunub yerə girməmişdi. Elə
çarıqlı-patavalı uzanardı otların üstünə, girərdi cürcənisinin altına, başını
söykəyərdi bir yumru daşa. Itlər hürüşəndə, uzaqda qurdlar ulaşanda çimir eləməzdi,
ara sakitləşəndə mürgüləyərdi, davamlı yatmazdı Çoban Qaraxan. Çobançılıqda
püxtələşmişdi, möhkəm bişmişdi, o necə deyərlər dağları hər üzünə görmüşdü. Hələ
bu çağacan ağrımaz başına buz bağlamamışdı, belin küpə saldırmamışdı. Vaxtı-vədəni
beş barmağı kimi bilirdi. Həmişə deyirdi:
-“Hər şey vaxta baxsa da, vədə heç nəyə baxmır”.
O bilirdi ki, bulaması nə vaxt buğlanır, qoruqları
nə vaxt yağlanır, azmanları nə vaxt satılır, üzlü motalı nə vaxt tutulur bu
dağların. Quyur doğandan (donandan)
sonra qoçu qoyuna qatardı vaxtında sağlam döl götürərdi. (İndi hamısı
birlikdə dövran sürürlər). Quyruq doğan kimi dəvələr ağzı arana yatardılar,
elat camaatı buzxanalarını bağlayardılar. Çoban Qaraxan onu da dəqiq
bilirdi yapağı, güzən yunu nə vaxt qırxılır. Dan ulduzu doğanda sürünü yaylıma aparardı. Buynuza qız saçı tək hörülən
boz erkəc qabağa düşərdi.
Atlını atdan salan,
qurdbasan Dələş qabaqda, Bozdan
arxada, Alabaş sağda, Qarabaş solda sürünü örüşə qədər müşayiət edərdilər.
Çoban Qaraxan sürünü həmişə nəzarətdə saxlayardı. Qoyun otun alıb yavaşıyanda
oturub vərəvurd edərdi. Hansı qoyun yaxşı otlamır, hansı acıqabıq otu yeyib
köpüb, hansı məzməzək tutub. Köpən qoyundan qan alardı, məzməzək tutan qoyunun
boynunun dalında bir yumruq ilişdirərdi ağlı gələrdi başına. Axsıyan qoyunun
axsama səbəbini öyrənərdi Çoban Qaraxan. Gün çeşdə qalxana qədər otun alardı.
Gün qızmamış qoyun kürnəc bağlamamış sürünü yatağa tərəf haylayardı Çoban
Qaraxan. Sürü yatağa çatan kimi Boz erkəc Keçi qayasının üstünə çıxardı, yerini
rahatlayardı, uzun saqqalı tərpənə-tərpənə gövşək çalardı. Qoyunlar çul kimi
düşər gövşəyə-gövşəyə bir növ istirahət edərdilər. Onların istirahətini
sağıcılar pozardılar. Bulqeyiş və Hürü qoyunların əmcəyini ovşarlayar, od kimi
sağardılar. Sağın qurtaran kimi “əmiş” başlayardı. Quzuları buraxardılar
sürünün içinə. O qarma-qarışıqda hər qoyun öz balasını axtarıb tapardı. Quzular
dizlərini qatlayıb analarının döşünü dümsükləyə-dümsükləyə ləzzətlə əmərdilər.
Yetim quzuları oğursaq qoyunları əmizdirərdilər. Əmiş qurtaran kimi Çoban Qaraxan “qoyun çıx” əmrini
verərdi. Ana qoyunlar balalarından ayrılardılar. Quzular məsum-məsum analarının
arxasınca baxır, sanki ana tez gələrsən deyirdilər. Sərin düşəndə sürünü növbəli örüşlərdə otarardı Çoban
Qaraxan. Onu gah Buzovyalda, gah Yalyurdda, gah da Mozalan təpəsində görmək
olardı. Onu a deyim ki, Çoban Qaraxan istiyə, soyuğa çox davamlı adam idi.
Qızıl payız qapımızı döyəndə elat
cammatı, tərkəmələr köçüb qışlağa (arana) gedirdilər. Yaylaqda Quzukahasında təkcə
Çoban Qaraxan qalardı. Ondan soruşardılar:
-Ayə, a Qaraxan, oba köçüb, yurdu qalıb, bəs sən
niyə köçmürsən?
O gülümsəyərək deyərdi:-Hələ mənim dizlərim
üşümür...
Günlərin bir günündə kənardan bir qaraltının sürüyə tərəf gəldiyini gördü Çoban
Qaraxan.
-Sən öl, yaxşı oldu, ƏRƏMİK qoyunu, oğursaq şişəyi
sataram ona olaram arxayın.
Itlər gələn adama cumdular.
Çoban Qaraxan “ay it, başa” “ay it geri”
komandasını verən kimi itlər geri dönüb öz yerlərinə getdilər. Gələn adam sürüyə
yaxınlaşdı.
-Bərəkətli olsun, ay çoban! Atalar deyib azdın
karvana, acdın çobana yaxınlaş.
-Belə xoş gəlmisən bizim ovaya. Bax o bozkələ
qoyunu görürsən, ərəmikdi, düz üç ildi qısırdı, piy-palandı, mən ölüm.
-Yox, çoban, yox!
-Hə bildim, odey o oğursaq qoyuna gözün düşüf,
olsun. Onun kavabı ələ düşməz, bu Əliyolu haqqı. Bax bu erkəkdi, bu öyəcdi, bu
gardişdi, bu azmandı, bu da dizmanı hansını istiyirsən, qurbandı.
-Çoban qardaş, Allah damazdığma bərəkət versin. Mən
çodar deyiləm, qoyun alıb, satmıram.
-Bəs onda buralarda nə əzirsən, hey!
-Çoban qardaş mənə bələdçilik elə, yol göstər.
-Ayə, a qıvlasız, bəlkə Qarakişinin ovasına getmək
istəyirsən?
-Yox, Çoban qardaş, mənim dərdim başqadır.
-Ayə, a yunansız, bir axılı de görüm hardan gəlif,
hara edirsən?
-Çoban qardaş, mən aliməm.
-Alim nədi ə, a görməmiş! Neçə ildi bu dağlardayam
belə sözü birinci dəfədir ki eşidirəm. Alim nə mənədi?
-Alim- yeri-göyü, ərşi-kürsü bilən, hər şeydən məlumatı
olan, baş bilən, ziyalı adama deyirdilər.
-Hə qandım, belə de... baş bilən qardaş, de görüm
qoyun arxacdan çıxıb örüşə çatanda ota qoyunun nəyi birinci dəyir?
-Ağzı
-Yox sən öl, Allahın quran haqqı korazehinsən,
birinci nəfəsi dəyir ota. De görüm
qoyunun iynə sümüyü harasında olur?
-Bilmirəm
-Ə, heç kəllə-paça yeməmisən, burnunun ucunda olur.
-Bəs abbası boyda xalı harda olur?
-Bilmirəm
-Ə, qoyun kəsəndə böyrəyin çıxart yar, abbasını qoy
xalın üstünə, xal görünməz.
-Çoban qardaş, mən gedirəm loğmana imtahan verəm,
yüksək dərəcə alam.
-Bu biliyinnənmi, ayə? Sən heç çobanın suvalına
cavab verə bilmirsən, loğmana nə deyəssən?
-Loğman çox zəhmlidi, onu görən kimi zəhmi məni
basır, özümü itirirəm, qorxuram məni kəsə.
-Qıvlıyamı, ay?
-Yox , baş kəsmək demirəm, qiymətimi kəsə!
-Ayə sən elə danışırsan elə bil o ayıdan,
canavardan qorxuludur. Ə paltarını çıxart bəri elə, gedim görüm o nə karadı səni
belə ağ övkə eləyib. Al bu çolaq bu çanta bu da sürü. Burda otar, orda sula. Mən
getdim.
Çoban Qaraxan elə yoluna düşüb bir qədər getmişdi
gördü gedən köçdən yola bir baş soğan düşüb. Əyilib soğanı götürdü tozlu-mozlu basdı cibinə və öz-özünə:
-Elə yaxşı oldu qayıdanda arxacda dabannama edərəm. Çoban mənzil başına çatanda
artıq imtahan başlamaq üzrə idi.
O yaxınlaşıb loğmana:
-Təvəqqə edirəm məni yubatma, tez yola sal, nə
verirsən ver alım çıxım gedim.
Loğman onun sözünü sındırmadı, dedi:
-Əyləş!
Çoban əyləşdi.
Loğmanın
verdiyi birinci sual yumurta oldu. Çoban yumurtanı görən kimi cibindəki baş soğanı
cavab üçün göstərdi. Loğman ikinci sualı verdi bir barmağını göstədir.
Çoban iki barmağını göstərdi. Loğman
ona çox sağol dedi “əla” yazdı.
Yerdəki tələbələr xəbər aldılar.
Loğman o nə etdiki “əla” aldı?
Loğman üzünü tələbələrə tutdu:
-Əzizlərim, o hər suala düzgün cavab verdi. Mən ona
yumurtanı göstərib dedim:
Allahtəala bir xanədə iki mayınə elə yaradıb ki
bir-birinə qarışmır. O da mənə soğanı göstərib dedi:
-Ay yazıq, Allah 40 köynəyi elə yaradıb ki, bir birinə
yapışmır.
Mən ona bir barmaq göstərib dedimki: -Allah birdi,
o iki barmaq görsədib cavab verdi- 2 deyənə lənət!
O hər şeyi bildiyi üçün ona “əla” yazdım. (çıxdı
getdi işinin dalına)
Çoban Qaraxan gün günortadan əyiləndə özünü
çatdırdı arxaca, cürdəkdən suyu qaldırdı başına özünə gəldi, çıxarıb
“zarotniki” alimə verdi. Alim kitabçanı açdı “əla” nı görən kimi gözləri çıxdı
kəlləsinə dedi:
-Qardaş, sən nə elədin ki, loğman əla yazdı. Bu
görünməmiş işdi, bir danış görüm!
Çoban başladı gedəndən-gələnə qədər gördüklərini
danışmağa:
-Nolasıdı, loğman maa bir yumurta göstərdi dedi
vurram qaşqalığın dağılar!
Mən də ona
bir baş soğan göstərdim dedim vurram beynin partlayar.
Sora loğman dedi saa bir şapalaq vurram. Mən də
dedim mənim əlimi pişik yeyib, sənə iki şapalaq ilişdirərəm ağlın başından
çıxar. O da qorxusundan götürdü o əladı, məladı yazdı mən də bərkitdim çarığın
dabanın düşdüm yolun ağına.
Gənc alim gülməkdən uğundu özündən getdi.
-Sənə qurban olum ay Allah ona görə deyiblər e, hərənin
öz arşını.
Комментарии
Отправить комментарий