Bir cəngi çal, Azay qağa, bir cəngi!
Bir cəngi çal, Azay qağa, bir cəngi!
Dostum
Azay Kərimova əziz xatirəsinə
Heyif cavanlığı verdim küləyə,
Hanı nənəm, toy ununu ələyə.
Qara zurna “Mirzeyi”ni mələyə,
Sındıram, a dağlar, süzəm, a dağlar!
Onu hər dəfə görəndə Muradtəpəsi, Sarıyer, Pəriçınqılı,
Leyliqaçan, Dəmirtəpə yaylaqlarında təşkil olunan toy məclislərində qara
zurnanın mələyib dağa-daşa səs salması, ahıl nənələrin, müdrik babaların, nərbud
oğlanların, mayabud qız-gəlinin toyda sındırıb yıxmaları yadıma düşür. Xeyli
vaxt olar ki, onunla həmsöhbət olmaq fikrinə düşmüşdüm, indi imkan tapdım.
Taleyinə didərginlik yazılmış Azay Kərimov dədə-baba torpağımız Dərələyəz
mahalında axarlı-baxarlı buz bulaqlı, güllü yaylaqlı Kotanlı kəndində dünyaya gəlib.
Gözünü açanda qulağı el havalarını eşidib. O da başqa soydaşlarımız kimi doğma
yurdundan, ata ocağından didərgin düşüb, Sumqayıta pənah gətirib...
-Sarıyer yaylağı yaylaqların başıdır. Mən orada çox
toyları yola vermişəm. Oraya Təhlə camaatı gələrdi. Tatallar, Aşıqlı, Alınəzərli,
Allahyarlı, İmanverdilər, Murtulu Alıpənahlı, Buludlu və Muğanlı gələrdi.
Bu yaylaqlar Telli Həsənlə, Qara Hüseynlə, Yetim
İsmayılla, Talıbla və başqaları ilə sayılırdı. Soltan-heydər dərəsinə,
Əyrisuya, Qırmızıtəpəyə Avşar tayfası-Xəlfəli, Haçalımuradlı, Qulubəyli, Şükürbəyli,
Qaraənikli, Boccalı, Korabazlı gəlirdilər. Alagöllər (Alaöllər), Qızılboğaz,
Xanlartaxtası tərəkəmələrin yaylaqları idi. Bazarçay yaylaqlarında-Qotur isti
suyuna, Ağdabana, Dəvəgözünə, Mahmudlu dərəsinə
Aratlı, Mərcanlı, Solatanlı, Cəbrayıl, Fizuli rayonları gələrdi.
Salvartı yaylaqlarına- Təndirqaya, Yalayurd, Qanqallıyurd, Qırxlara,
Tarovluyurda, Qubadlı, Zəngilan gələrdi.
-Sənə bir maraqlı əhvalat danışacağam, bilirəm belə
şeyləri yazırsan. Bir dəfə el yaylağa gələndə, Qalada (o zaman Şuşaya Qala
deyirdilər)bir çobanla bir erməni dəllalı savaşır, çoban eləməyib tənbəllik
çomağı çəkib ermənini gəbərdir. Maraqlı burasıdır ki, çobanı yox, ağasını həbs
edirlər. Hacı Şuşanın həbsxanasında üç ay yatır. Ona yaylaqdan bağlama gətirirlər.
Hacı əti dilinə vuran kimi deyir:
-Oba hələ Sarıyer yaylağındanır, Çuxuryurda enməyib.
Həbsxana rəisini maraq götürür.
-Sən bunu nədən bildin, axı sən heç kimi görməmisən?
Hacı bir az narazı:
-Ətin tamından bilirəm, ət Sarıyer yaylağının
otunun ətidir.
Eh! Elə kişilər vardı...
Azayın sinəsi dolu, dərdi, yurd həsrəti, torpaq
sevgisi böyük olduğu üçün mənə macal vermədən xatirələri çözələyə-çözələyə
danışırdı:
-1951-ci ildə Muradtəpəsindı aşıq Fərəcin yanında
balabançılıq edirdim. Məclisə Göyçə mahalından bir aşıq gəlmişdi. O zaman
aşıqlar deyişərdilər. Aşıq Fərəc obada tanınmış adam idi. O, Göyçədən gələn
aşığa xoş gəldin elədikdən sonra dedi:
-Aşıq Qədir , mən sənə iki qıfılbənd deyəcəyəm. əgər
aça bilsən meydan sənindir, mən sazımı da burada qoyub gedəcəyəm, yox aça bilmədin
sazını əlindən alacağam.
Meydan qızışdı.
Aşıq Fərəc üzünü mənə tərəf çevirdi:
-Ə, qarabala, bir “Keşiş oğlu” ilə -deyib sazı
basdı sinəsinə.
O nədir ki, qıy bağlar,
Qıy bağçalar, qıy bağlar.
Nərgizdən köynək tikər,
Bənövşədən qıy bağlar.
Aşıq Qədir bağlamanı aça bilmyəndə aşıq Fərəc bir
az da coşdu.:
-Gözünə döndüm, ay qısır əmən, bir “Orta Cəlili”.-deyə mənə işarə etdi.
Ay quzuçu, düz bəndə,
Quzuları gətir kəndə.
Neçə səhəng su gərəkdi,
Bir dağar dən üyünəndə?
Aşıq Qədir bağlamanı aça bilmədi. Fərəc ona dedi
ki, indi nobat (növbə) sənindir. Sən də bağlama de, biz eşıidək. Qədir xəcalət
çəkə-çəkə:
-Yox, ustad, mən sənin qarşında söz deyə bilmərəm.
Ancaq bir təvəqqəm var:
-Yeddi baş külfət bu saza baxır, onu mənim əlimdən
alma, bir də bu həndəvərdə görünmərəm.
Aşıq Fərəc mərd adam idi, onu bağışladı, lakin
iradını da bildirdi:
-A bala, öyrən də, goruma aparmayacağam ki!
-Azay, bu maraq səndə haradan yaranıb?
-Allah keçənlərə rəhmət eləsin, atam Məhəmməd,
babam Xudakərim məşhur zurnaçalan olublar. Mən onlardan öyrənmişəm bu sənəti.
Bir dəfə Leyliqaçan yaylağında Qara Hüseynin oğlunun toyunda çalırdım. Molla
Mirzalı oğlu İbrahim məndən soruşdu:
-Cavan oğlan,
bu qara zurnanı belə həvəslə çalırsan. Deyə bilərsənmi, qara zurnanı ilk
dəfə kim icad edib?
Mən gözümü döyə-döyə qaldım.
Molla İbrahim gülə-gülə dedi:
Gərək biləsən də. Çünki oldun dəyirmançı, çağır gəlsin
dən, Koroğlu. Bala, Qurani-Kərimdə yazılıbdı ki, qara zurnanın siftəsi Iranın
Abdalgülablı kəndində zurnaçı Hacı (adı yadımdan çıxıb) tərəfindən icad olub.
Zurnanı qoz ağacından, dilini qamışdan düzəldiblər.
Azay qara zurnanı mənə göstərdi. Sonra sazlayıb
çalmağa başladı. Iki zurnanı həm ağzında, həm burnunda elə çaldı ki, valeh
oldum. Ilahi! Belə qabiliyyətli sənətkar niyə heç kimin diqqətini cəlb eləməyib.
-Azay, sən niyə
bu sənətin qüdrətini aləmə car etmirsən? Qara zurnadan neçə hava çala bilirsən?
-Mən öz bildiyim, 350 hava çala bilirəm. Amma heç
vaxt kimdənsə nəsə ummamışam. Ad-san məni düşündürməyib. Sənətkar sənəti
qoruyub saxlamalıdır. 1969-cu ildə Püstəxanım Əzizbəyova bizim mahala gəlmişdi.
Rayonumuz Əzizbəyov rayonu olmuşdu. Onu qarşılamağa mən də getmişdim. Qara
zurnada çaldığım havalar xoşuna gəldi. Adımı yazıb götürdü. Püstəxanım Ba`
kıya qayıtdıqdan sonra məni Azərbaycan Respublikası
Dövlət Radio Verilişləri və Televiziya Komitəsinə çağırdılar. Nüsrət Hüseynova
tapşırdılar ki, məni yoxlasın. Mən bir neçə hava çaldım. Üç rəqs havasını: “Köçəri”,
“Koroğlu cəngisi” və “Qonaqlar”ı lentə yazıb efirə veridilər.
-Azay, daha hansı musiqi alətində çala bilirsən?
-Yastı balabanda, tütəkdə, yantütəkdə, tulumda. Onu
da deyim ki, tulum çox az tapılan çalğı alətidir. Onu axtarsan birini
Naxçıvanda, birini məndə, birini də yaşayırsa kürd Cəboda görmüşəm. Bir dəfə Dəmirtəpə
yaylağında toyda idim. Kürd Cəbo da gəlmişdi. Mən tulumu birinci onda gördüm. Mən
Qara zurnada “Çobanbayatı” çaldım. Çalğım onun xoşuna gəldi. Tulumu mənə uzadıb
dedi:
-Al həmin havanı tulumda çal görüm.
Mən imtina etdim. O, şaqqanaq çəkdi güldü.
-Ədə, burda çətin nə var ki, bax belə tutursan
başlayırsan çalmağa.
Bundan sonra ürəkləndim. Tulumu doldurub çaldım. Elə
o çalan, bu çalan çalıram. Sonra kürd Cəbo onun düzəltmə qaydasını mənə izah
etdi.
-Dağarcağını keçi dərisindən, dili erkək qamışdan,
borusu mal buynuzundan düzəlir.
Azay öz tulumunu mənə göstərib dedi:
-Görürsən, mən bunu keçi dərisindən yox, xəstəxanada
olan oksigen yastığından düzəltmişəm. Tulumun zurnasında dal barmaq rol
oynamır. Tulumda ən yaxşı səslənən havalar “Məni danasan”, “Çalpapaq”, “Camış
bağa girdi, gəl” və başqalarıdır.
“Məni danasan” belədir:
Qapını döyər qənd ilə,
Məni çağırar fənd ilə.
Qapını döyər daş ilə,
Məni çağırar qaş ilə.
Yandım, yanasan, ay qız,
Bircə dənəsən, ay qız,
Aparırlar bəy yanına,
Xan yanına,
Məni danasan, ay qız.
Bəs “Çalpapaq” necədir, onu çal görək.
Azay əvvəl sözləri dedi, sonra tulumu vurdu
qoltuğuna.
Çalpapağı göndərmişəm qalıya,
Ətir vura tellərini darıya.
Nə salmısan bu lotunu arıya,
Hey, hey çalpapaq.
Tez ol, görüm, dur qaçaq.
“Gəlmişəm” havası belədir:
Mən gəlmişən sarı geyəm, sallanam,
Gəlməmişəm hər yetənə allanam,
Mən gəlmişəm aş bişirəm, aş çəkəm,
Gəlməmişəm qor-qoduğa baş çəkəm.
Mən indiyə qədər 12 min toyu yola vermişəm. Sizin
rayonda Şəki, Ağdü, Qızılcıq, Vağədi, Urud, Sofulu, Murxuz, İşıqlar kəndlərində
dönə-dönə olmuşam. Eşitmişəm qohum olmusan. Adaşım Azay Cəfərovun öz toyunu da,
sonra qızının toyunu da mən çalmışam. Inşallah nəvəsinin toyunu da çalacağam. Mənə
qəribə gələn odur ki, qədim el havaları itib-batır. Bunları sonra eksponat kimi
muzeye qoymayacaqlar ki! Indi imkan var, video var. Yazıb saxlamaq lazımdır.
El havaları çoxdur. Onların arasında “Ağırlama”, “Alma
dərən”, “Ağır şahsevəni”, “Dağıstanı”, “Bəxtəvəri”, “Ənzəli”, “Yüzbiri”, “Bənövşə”,
“Mirvari”, “Bağdaduru”, “Reyhanı”, “Mərcanı”, “Qoşa çomağı” kimi gözəl havalar
indi çalınmır, yaddan çıxır. “Hicranı”, “Arzumanı” bunlar qədim havalardır.
Onlardan sonra gələn havalar-“Ələnələn”, “Bülbülü”, “Şirvanbulağı”, “Darən”,
“Ələsgəri”, “Arazı”, “Mirvari”, “Köçəri” və s. Havalardı. Bu havaları çalanda
dağ-daş lərzəyə gələrdi.
“Saz havalarının yastı balabanda, qara zurnada çox çalmışam”, deyib
balabanı götürdü. “Divanı”, “Təcnis”, “Qaraçı”, “Qəhrəmanı”,”Sarıtel”,”Baş
sarıtel”, “Cəlili”, “Ruhani”, “Misiri”, “Keşiş oğlu”, “Yanıq Kərəmi”, “Şərili”,
“Kürdü”, “Gilanarı”, “Göyçəgülü” kimi döşə yatan havaları elə çaldı ki, mənə ləzzət
verdi. O, balabanı yerə qoyub əlavə etdi:
-Bunlardan başqa Şirvan aşıqlarının çaldığı “Qız
Qalası”, “Tovuz kimi”, “Kolxozçu”, “Nərgizim”, və bir çox havaları da çala
bilirəm.
Mən muğamların çalınmasında da özümü sınamışam.
“Qarabağ şikəstəsi”, “Kəsmə Şikəstə”, “Bayatı qacar”, “Zabul segah” və xanəndələrimizin
uzun müddət oxuduqları “Camış bağa girdi gəl” havasını:
Camış bağa girdi gəl, ay qırmızı nimtənə,
Tənəkləri qırdı gəl, ay qırmızı nimtənə,
Gəl məni çaydan keçirt, ay qırmızı nimtənə.
-Azay, bir az əvvəl dedin ki, çox toyları yola vermisən, ən yadda qalan bir toy
olubmu?
-Bəli ən yadda qalan toy Şah İsmayıl
Karvansarasında apardığım toy idi. O karvansara Dərələyəzlə Göyçə mahalının
yarı yolunda tikilib. Dağın lap üstündədir. Oradan baxanda hər yan qalır
ayağının altında. O, toy Təhlə elindən olan Qarakişinin oğlunun toyu idi. Bir
yalağa 50 öyəc kəsildi. Nağıllarda olduğu kimi 7 gün 7 gecə toy çalındı. Həmin
toyda “Toygüləşi” havasını mən çalanda qoluzorlu cavanlar meydan
“sulayırdılar”. Toyda iştirak edə bilməyənlərə “şiş” payladılar. At çapmaq, dəvə
güləşdirmək, küştü tutmaq da oldu o toyda. Bəli, elə günlər vardı, qardaş!
Sonralar toylar da qıvraqlaşdı. Qara zurna, saz, balaban, tar, kamança
başqaları ilə əvəz edildi. Musiqi dünyamıza yad ünsürlər əl uzatdı.
-Düz deyirsən, Azay, -dedim,- mən 1986-cı ildə
10-cu sinifdə anket sorğusu apardım, bir nəfər milli musiqi alətinin adını
yazmadı. Saz, tar, kamança, qara zurna az qala yaddan çıxırdı. Nə isə...
O karvansara indiyə kimi niyə bizim tarixçilərin
diqqətini cəlb etməyib? Uzunluğu 40, eni 14, qəlbiliyi (hündürlüyü) 7 arşın
olan bu karvansarada at axuru, dəvə yeri, başçı üçün daş taxt, nökər-naib üçün
ayrıca yer, çıraqban, şamdan və s. Öz qaydasındadır. Qapının üstündə Aypara
daşda Quran hərfləri ilə yazılar muncuq kimi düzülmüşdü. Karvansaranın içərisindəki
bulaqdanbir qurtum içəndə adamın dişi göynəyirdi. Amma sonralar erməni daşnak
tör-töküntüləri o yazıları çəkiclə pozmağa cəhd göstərdilər. Ilahi! Biz nə üçün
öz tariximizə belə biganə olmuşuq. Niyə tarixçilərimizi bu tarixi abidə
maraqlandırmayıb? Niyə onun şəklini belə çəkib saxlamamışıq? O karvansara Şah
İsmayıl Xətai tərəfindən tikilibsə, o yaxın tarix deyil axı. Axı onlar bizim
ulu tariximizdən xəbər verməklə bərabər, o torpaqların da bizim olduğunu təsdiq
edir. O karvansara təsdiq edir ki, Muradtəpəsi, Sarıyer, Gəngərli dərəsi, Dəmirtəpə,
Pəriçınqılı, Arxaşan, Leyliqaçan tarixən bizim Təhlə camaatının, tərəkəmələrin
olub. Axı erməni daşnakı Z.Balayan xaraba görəndə iməkləyir, sürünür, onları
erməniləşdirir. Amma biz dost-doğma abidələrimizi yaşada bilmirik.
Məni xəyaldan yenə Azay ayırdı.
-1988-ci ildə biz öz dədə-baba yurdlarımızdan zorla
qovulanda mənim can dəftərim yadımdan çıxıb evin zirzəmisində qaldı. Bütün
havaların siyahısı vardı onda. Amma bir təsəllim var ki, övladlarım, nəvələrim
müsiqiyə həvəskardırlar. Oğlum Aydın qara zurna, balaban, tütək, tulum da
çalır. Elə qızlarım da yaxşı çalırdılar. Indi hərəsi bir yerdə yuva qurub,
ev-eşik, oğul-uşaq sahibidirlər. Lakin nəvəm Arif mənə oxşayıb.
-Arif, ay Arif, a bala, gəl görüm, bir kefimizi
açaq.
Arif bala o biri otaqdan gəldi. Baba qara zurna ilə, nəvə nağara ilə bir neçə
hava çaldılar. Sonra Arif tütəkdə totuq barmaqlarını oynada-oynada “Tərəkəmə”
havasını çox gözəl ifa etdi, mənim də könlüm açıldı. Bütün bunlardan sonra təəssüfləndim
ki, belə bir sənət sahibi diqqətdən, qayğıdan kənarda qalıb. Mən Azay Kərimovdan
ayrılanda xahiş etdim ki, qara zurnanı bir də dilləndirsin, bir “Cəngi” çalsın.
Qoy o “Cəngi”nin səsi igidlərimizi, ərənlərimizi ruhlandırsın, düşmənə ağır zərbələr
vursunlar, torpaqlarımızı yağı tapdağından təmizləsinlər!
Комментарии
Отправить комментарий